Edebiyyat.az » Film » Nəzrin Mahu - İblisin vəkili

Nəzrin Mahu - İblisin vəkili

Nəzrin Mahu - İblisin vəkili
Film
admin
Müəllif:
19:08, 20 sentyabr 2024
547
0
Nəzrin Mahu - İblisin vəkili




Cəhənnəm ol, İblis!

İnsanların iştahı o dərəcədə artıb ki, şəhvəti ilə atomları parçalaya bilir. Onların eqoları kafedral ölçüsünə çatıb. Hətta miskin arzuları dollar kimi yaşıl, qızıl kimi sarı fantaziyalarla ləkələməklə, hər bir insan iddialı imperatora çevriləcək və özünü ilahiləşdirəcək.

İblisin öz dilindən



Kainatın ilk hüceyrələri yaradılanda, orada nə kimi dəhşətlərin baş verəcəyi heç bir varlığın ağlının ucundan belə keçməzdi. Ondan savayı. O, öz yaratdığı varlıqlarına, bəndələrinə mövcud olan andan Сənnəti bağışlayıb, ta ki, bir mələk Onun qanadı altından çıxmayınca. Və hər istədiyi məqamda insanların qəlbinin, ruhunun, beyninin ən dar dərələrinə daxil olaraq, bütünlüklə onları özünə təslim edir və ən kiçik xəbislikdən tutmuş ən böyük iyrənc əməllərə kimi edir.

1997-ci ildə rejissor Teylor Hekford amerikalı yazıçı və ssenarist Endryu Naydermanın “İblisin vəkili” adlı kitabını ekranlaşdırır.  Bu kitab hər halda rejissorların və ssenaristlərin əllərinə düşəcəkdir, sadəcə Nayderman bu işi tezləşdirmək üçün özü “Warner Bros. Pictures” kinostudiyasına müraciət edir.

“İblisin vəkili” İblisin gənc təkəbbürlü vəkil Kevin Lomaksı seçib onu Cəhənnəmdə hakimlik etməyə dəvət etdiyi haqda hekayədir.

Filmin ekspozisiyasını məhkəmə səhnəsi təşkil edir. Bu məhkəmədə Kevin Lomaks şagirdinə təcavüz edən müəllimin müdafiəsində durur. İlk kardrlardan vəkilin simasında inamsızlıq duyulur. Lomaks Qetisin şəhvətini soyutduğunu görəndə, səhv qərar verdiyini anlayır. Lakin son anda “peşəkarlığını” sübut etmək istəyi vəkili yoldan çıxarır. Əslində, Lomaks cinayətkarın müdafiəsində duranda o, artıq İblislə müqavilə bağlamışdır. Müqaviləni ləğv etmək Kevinin öz əlində idi, ta ki şöhrətpərəstliyə, çətinliklə nail olunan “peşəkarlığa”, fasiləsiz gurultulu alqışlara olan ehtiras dolu meyl özünü büruzə verməyincə. Qetisin məhkəmə işi bir növ, Kevini Cəhənnəmə aparan körpüdür. Nəticədə İblisin təsiri altında Kevin məhkəmədə qalib gəlir və beləliklə, Cəhənnəmin qapılarından keçir. Və bu, Kevinin başına gələn bəlaların sadəcə başlanğıcıdır.



İblisin duyma qabiliyyəti olduğundan daha güclü imiş. O, öz nümayəndəsini Kevinin dalınca göndərir. İblisin Kevinə “inanılmaz” təklifi olur və Kevin ona veriləcək məbləğin nə qədər olduğunu eşidəndə razılıq verir.

Nyu-Yorkda Lomaks iki cinayətkarın müdafiəsində durur: Moyez və üç nəfərin ölümündə günahlandırılan Edvard Kallenin.


Vəkil və İblis

Kevinin psixoloji portretini diqqətlə təhlil etsək, onun nə dərəcədə asan idarə olunan insan olduğunu anlaya bilərik. Pula və şöhrətpərəstliyə olan meyl onu bu kimi və bundan da dəhşətli təkliflərə razılıq verməyə vadar edir. O, manipulyasiyaların təsirinə çox asan düşür.


-Mən işimi bəyənirəm, lakin razılaşmalara nifrət edirəm.

Lomaksın İblislə dialoqundan

İstehza dolu sözlərdir, elə deyil mi? Axı, artıq məhkəmədə Qetisin tərəfini tutaraq, o, şeytanla müqavilə bağladı. Onun haram hər şeyə olan həvəsi onu tamaşaçının gözü qarşısında məhv edir. Bəs, Kevini yeyib bitirən bu qüvvə nədir? Nə üçün hər dəfə onun ruhu getdikcə daşa çevrilir? Cavab sadə və aydındır. Bütün günahlar böyük hüquqi konsernin rəhbəri Con Miltonun simasında şeytan tərəfindən Kevinin ruhuna ötürülüb. Lomaks şəhərə gəldiyi andan Milton daim onun yanında olur. O, Kevinin kölgəsinə çevrilir və onu hər yerdə və həmişə təqib edir. Şeytan qurbanını öz "dəbdəbəli həyat" adlı tələsinə necə cəlb edəcəyini bilir, bu da çirkli pullar, sonsuz içki aludəliyi və əyləncələrdir. Şeytanın daimi hiyləgər manipulyasiyaları və inandırması Lomaksın tədricən deqradasiyasına səbəb olur. Onların filmdəki münasibətləri çox ehtiyatla və asta-asta inkişaf edir. Şeytan planlarını tədricən həyata keçirir, bəzən ilkin xəbərdarlıqlar verməklə “anlayış” göstərir. Bu, bir növ qurbanı "böyük nailiyyətlərə" hazırlamaq və sərtləşdirmək üçün üsuldur.

-Amma məni hələ də bir şey narahat edir.

-Məhz nə?

-Yüklənmə. O, insanları taqətdən salır. Birinə təzyiq göstərirsən, o, daha da çətinləşir. Özünü toparlamağı, uğur qazanmağı və yuxunu itirməməyi bacar.

Lomaksın İblislə dialoqundan



Filmin qəhrəmanı zirvəyə çatana və “dinclik” tapana qədər şövqünü sakitləşdirməməyi öyrənir.

Zənnimcə, filmə baxarkən əksər tamaşaçılarda “Məhkəmə zamanı Lomaksa qəfil nə oldu? Axı, bir anlıq sanki Kevində ötəri dərk etmə baş verdi? Onu azdıran İblis haradan peydə oldu? Bu hansı qüvvədir ki, insanlarda mərhəməti, şəfqəti öldürür?” Bu sualların cavablarını daha dərindən araşdırsaq, Adəm və Həvvaya gəlib çatacayıq. Elədir ki, var. Qadağan olunmuş meyvəni yeməklə onlar günah etmişdirlər. Qəhrəmanı dəhşətli əməllərə sürükləyən də məhz bu qadağan olunmuş haram olanlar – şöhrətpərəstlik və pul idi.

Yer üzündə heç bir məxluq günahsız deyil. Əslində insanın özünün doğulması ehtiraslı hisslərin, sevginin bəhrəsidir. Lakin Uca Tanrı



 bundan dünyanı tutan, onu daha da gözəl edən qeyri-adi və isti bir şey toxudu - ailə ocağını. Bu ocaqda dünyaya gələn məsum övlad böyüyür, məhəbbət hissini duyur, xeyir və şəri tanımağa başlayır, ta ki ətraf aləmi aydın və qəti dərk edincə. Artıq şüurlu, yetkin bir insanın həyat yolu ilə mülayim addımlarla getməyi, ədalətli və vicdanlı həyat sürməyi və ya ehtiraslarına uyaraq başqa bir yol seçməsi çox incə və həlledici bir məqamdır. Kevin Lomaksın vəziyyətində bu, böyük pullara olan həvəs idi. Yaşıl dollara olan həvəs onu vicdanından məhrum etdi, o, xarici real dünyadan təcrid olundu, şöhrətpərəstliyin və pulun sonsuz odunda yanmaq istədi. Lakin tale onu sona qədər sındırmadı. Tanrı yaratdığı hər insana inandığı kimi, ona da iman gətirdi. 

Kevin Lomaks, təəssüf ki, onun üçün çox faciəli bir anda, həyat yoldaşı Meri Eni itirdiyi anda katarsis yaşadı. Bu, həyatın aksiomudur: hər bir təmiz başlanğıc üçün həyat həmişə qurban tələb edir. Beləliklə, həyat bir insanı sındıraraq, ona hər şeyi ölçmək, anlamaq və doğru yolu tutmaq şansı verir. Kevinlə də belə oldu. Hansı qüvvə ilə əlaqəyə girdiyini dərk edərək, şeytana duel elan edir. Kevinin özü ilə yaşadığı mənəvi qarşıdurmanı müşahidə edirik, çünki onun ruhu artıq İblisə satılıb, digər tərəfdən isə o, bu yoldan çıxmağa çalışır. Tanrı isə minnətdarlıq əlaməti olaraq Kevini dirildir. Filmin əvvəlinə qayıdaraq dünyada həmişə yaxşılığın, ədalətin və dürüstlüyün hökm sürəcəyinə əmin oluruq.İnsanları yaradan zaman Uca Tanrı onları sonsuz sevgi və harmoniya ilə yaratmışdır. Və iki mələyin - ata və ananın simasında himayəni və sevgini təqdim etdi. Müəyyən bir nöqtəyə qədər onlar düzgün yaşamağı, səhv etməməyi öyrədirlər, səhv olanda anlayıb düzəltməyi öyrədirlər, kömək edirlər. Bir müddətdən sonra elə bir məqam gəlib çatır ki, sanki ruh və düşüncələr yenidən təmizlənir, dünya qavrayışı dəyişir. Və məhz bu kövrək anda insan layiqli həyat sürərək zirvəyə çatmaq və ya təslim olmaq qərarını verir. İnsanın ən kiçik xəbislikdən tutmuş ən böyük iyrənc əməllərə kimi etdiyi hər şey İblisin işidir. Amma insanın ruhu onun qarşısında aciz deyil. Heç bir şər insanın iradəsinə qarşı dura bilməz. Ən böyük qələbə insanın öz üzərində qələbəsidir, bu, Allaha və özünə inamdır. Və yalnız bu yolla İblisi özündən uzaqlaşdıra bilərsən. Hər bir insan bunun öhdəsindən gələ bilər. Sadəcə bunu istəməli və özünə inanmalıdır.

Simvolika

Filmin əsas cəhətlərindən biri onun bədii həllidir. Hekfordun filmdə istifadə etdiyi bədii fəndlər personajların şəxsi keyfiyyətlərini, niyyətlərini və baxışlarını haşiyələyir. Məsələn, film boyu hər dəfə vəkilin rəngini dəyişən geyimi onun obrazının deqradasiyasını vurğulayır. Niyyətləri nə qədər çirkin olursa, kostyumu da bir o qədər tünd olur. Bundan əlavə, bir neçə dəfə operator Lomaks və Miltonun ayaqqabılarına diqqət yetirir. Bu da şeytanın görünüşü ideyasının bir hissəsidir. Kiçikdaban ayaqqabılar şeytanın dırnaqları kimidir. Bu, gizli dini məna da kəsb edə bilər. Daha dərinə getsək, Əhdi-Ətiq qurban sistemində keçilər tez-tez günah qurbanları kimi xatırlanır, kəffarəni və günahdan təmizlənməni təmsil edir. Levililər (16:7-10) kitabında iki keçi ilə mərasim təsvir edilir. Keçilərdən biri insanların günahlarına görə qurban gətirilir, digəri isə günahları üzərinə götürərək səhraya buraxılır. Bu kitabda keçilərin günah və mühakimə anlayışında əhəmiyyəti vurğulanır. Bibliya keçilərin şər, məhkumluq və günahla simvolik əlaqəsini göstərir. Kevini bir tərəfdən özü günah işlədən, digər tərəfdən isə şeytanın müttəfiqindəki bütün alçaq insanların günahlarını ödəyən keçinin təcəssümü adlandırmaq olar. Qəhrəmanların ayaqqabıları isə insanların günahlarını üzərinə götürən keçinin dırnaqlarını simvolizə edir.


Rejissorun növbəti bədii fəndi Lomaksın Miltonun komandası ilə tanış olduğu səhnədir. Komanda üzvləri müxtəlif ölkələrin, dinlərin və kastaların nümayəndələridir. Beləliklə, tamaşaçı əmin olur ki, İblis heç bir sərhəd tanımır və özünü istənilən insan cildində göstərə bilər. “Aristokrat görünüşü” İblis üçün sadəcə bir qılafdır. Bu adamların hər biri çirkli pullardan, “orgiyalardan” və bitib-tükənməyən içkidən başqa heç nə ilə maraqlanmayan palçıqdan yoğrulmuş fiqurlardır.


Kir hər şeyə nüfuz edən bir ünsürdür: evlərin divarlarına, şüşə pəncərələrə, insanların paltarlarına, bədən məsamələrinə, beyinlərinə, istəklərinə, düşüncələrinə.

Bu küçələrdə qapıların qaranlıq boşluqları daş divarlardakı çürük yaralar kimidir. Onlara baxanda pilləkənlərin zibillə örtülmüş çirkli pillələrini görəndə adama elə gəlir ki, içəridə hər şey meyitin qarnında olduğu kimi çürümüş, irinlidir. İnsanlar isə qurd kimi görünürlər.

M.Qorki “Sarı İblis şəhəri”

Qorkinin Nyu-York şəhərini oxşar adla vəftiz etməsi əbəs yerə deyildir. Filmə baxandan sonra yazıçının sözlərindən bir daha əmin olursan. Filmdə göstərildiyi kimi, şəhər əbədi olaraq pul və şöhrətpərəstliyin dalınca gedən rəzil insanların tullantıları yuvasına çevrilib. Qaranlıq küçələr, künc-bucaqlar, bu küçələrdə tapılan hər cür banditlər vəziyyətin bütün şeytani atmosferini tamamlayır.

Filmin qəhrəmanı Kevin Lomaksın həyat yoldaşı Meri Enə xüsusi diqqət yetirmək istərdim. Meri, sözün əsl mənasında şeytanlar arasında mələkdir. O, çox həssasdır və bundan istifadə etməmək şeytanlar üçün günah olardı. Caki və Dayana Merinin ayaqları altında dolaşan ilanlara bənzəyirlər, onu daim manipulyasiya edirlər. Ona nəyin yaxşı, nəyin pis, nəyin gözəl, nəyin çirkin olduğunu, “dəbdəbəli həyat”ın nə olduğunu aşılamaqla psixi pozğunluğa sürükləyirlər. Milton Merinin şərəfini və ruhunu ləkələməyi bacarır. Səhnələrin birində Lomaks Merinin dalınca kilsəyə gəlir. Təcavüzə məruz qalan Meri En etdiyi əməldən peşman olur və əvvəllcə Miltonun ona bunu etməsini istədiyini deyir. Bu onu deməyə əsas verir ki, Meri şəhərə gələndən bəri ailə həyatının ləzzətindən məhrum olub. Və bu ona gətirib çıxardı ki, sevgi və diqqətə qarşı hədsiz ehtiras onu İblisin əlinə təslim olmağa məcbur etdi. O, öz ehtirasını sındıra bilmədi. Meri En çox əziyyət çəkdi, çünki onun ruhu uzun müddət bütün dəhşətlərə qarşı durmağa çalışdı. Onun ruhu ölüm-dirim astanasında idi. Bu, çox uzun və ağrılı bir mübarizə idi. 


Adlar

Con Milton

Con Milton adına 17-ci əsr ədəbiyyatında rast gəlirik. Yazıçı “İtirilmiş Cənnət” əsəri ilə məşhur idi. Xeyir-şər, işıq-qaranlıq, Ata-Lüsifer – əsər bu ideyalar əsasında qurulmuşdur.

Əsərdə şeytanın müsbət cəhətləri onunla izah olunur ki, o, hər şeydən əvvəl Allahın yaratdığı məxluqdur, mələkdir.

Poema şeytanın üsyanı irəlilədikcə müsbət xüsusiyyətlərinin necə azaldığını gözəl təsvir edir. Belə bir erdi çəkək. Şeytan özünü Yaradandan “azad edərək” özünü yaratdığını elan edir. Bununla belə, fikirləşərkən belə qənaətə gəlir ki, o, yerdən otun bitdiyi kimi təsadüfən peyda olub.

Beləliklə, hansı nəticəyə gələ bilərik? Nayderman (“İblisin vəkili” kitabının müəllifi) iblisi Con Milton adı ilə çağıraraq, paradoksal bir xüsusiyyəti vurğulayır. Yəni İblis, guya ki, 17-ci əsr yazıçısı Miltondur. O, öz əsərində günah etməyi Allahın insanlara verdiyi seçim azadlığının reallaşması kimi göstərir. İnsan pak həyat tərzini seçməklə yenidən Cənnəti qazana və ilkin günahını kəffarə edə bilər. Lakin şeytanın özü günahın lehinə seçim edir, insanları da buna çağırır. Gəlin bunu müəllifin ironiyası adlandıraq.

Kevin

Kevin adının kökləri qədim irland Caoimhghin adından gəlir, bu da “gözəl doğulmuş” deməkdir.

Epizoddan Miltonun sözlərini xatırlayaq:

-Çox özünü böyütmə, oğlum. Buna dəyməz. Sən ucuzsan, inan mənə. Sadəcə daha təvazökar, daha gözə çarpmayan ol.

- Bu, yeganə zəif yerindir.

-Hansı?

-Görünüşün.

Meri En

Xristianlıqda Meri En adı İsa Məsihin anası Məryəmlə əlaqələndirilir. Məryəm xristian ənənəsində ən hörmətli qadınlardan biri və ana sevgisi və sədaqətinin simvolu hesab olunur. İbranicə Miriam adından götürülmüş onun adı dərin mənəvi məna daşıyır və saflığı və müqəddəsliyi təmsil edir.

Filmdə qəhrəman obrazı adın mənasından heç də geri qalmır. Meri həqiqətən sevgidən yaranan qadın idi. Sevdiyi insanı bataqlıqdan çıxarıb ailə ocağını xilas edib möhkəmləndirmək üçün övlad arzusunda idi. Analıq hissini bilmədən bu dünyanı tərk etdi. Ona edilən hər şeyə baxmayaraq, Meri En sonda Allah qarşısında tövbə edərək dünyanı tərk edə bildi. O, yalnız Kevinin lütfdən düşməsinin qurbanı idi və onun ölümü Kevinin katarsisi idi.

Tanrı kompleksi

Miltonun bütün yoldaşlarının, o cümlədən Kevin və həyat yoldaşının toplaşdığı qüllə şeytanın yuvasıdır. Ən yuxarı mərtəbədə Con Milton illüziyalarında “yaşayır və hökmranlıq edir”. Özünün bu dünyanın hökmdarı olduğunu sübut etmək üçün edilən ucuz cəhd, sonda bütün dəyərsiz xəyalların və boş ümidlərin tabutuna çevrilən elə həmin kabinetlə məhdudlaşır.

Cəhənnəm ol, İblis!

Son səhnədə şeytanın növbəti fəlsəfi cəfəngiyyatının şahidi oluruq:

-Cənnətdə xidmət etməkdənsə, Cəhənnəmdə hökmranlıq etmək daha yaxşıdır?

-Niyə də yox? Dünya yaranandan bəri mən onun qayğılarına qərq olmuşam, bir insanın əldə etmək arzusunda olduğu hər yeni şeyi alqışlayırdım, ona hər şeydə kömək edirdim və heç vaxt onu qınamamışam. Üstəlik, bütün çatışmazlıqlarına baxmayaraq, onu heç vaxt rədd etməmişəm; Mən bir erdi erdim aşiqəm; Mən humanistəm, bəlkə də yer üzündə sonuncuyam. İyirminci əsrin yalnız mənim əsrim olduğunu kim inkar edər ki! Axı bu əsr, alfadan omeqaya qədər mənimdir, Kevin. Mən gücün zirvəsinə çatmışam; indi mənim ən gözəl saatımdır, bizim ən gözəl saatımızdır…

Göylərə qalxmaq, həyatın bütün ləzzətlərini dadmaq, dünyaya və insanlara hakim olmaq ehtirası…

Milton Kevindən nə istəyirdi? Kevin bacardığı qədər çox insanın həyatını məhv etdi. Bəs İblisin gözündə Lomaksda nə əskik idi? Mənə elə gəlir ki, İblis Kevində heç olmasa erdimla insanlığın qaldığını hiss etdi və qurbanını itirməkdən qorxdu. Və buna görə də o, Kevini ögey bacısı Kristabella Andreoli ilə orgiya edərək nəhayət müqaviləyə möhür vurmağa məcbur etdi. Ancaq Allaha olan sevgi və iman, iradə gücü Kevini xilas etdi. Özünü öldürüb Tanrıya qurban verməklə o, nəinki ruhunu azad edib paklandı, həm də İblisi öz illüziyalarının Cəhənnəmində yanmağa məcbur etdi, onu uzaqlara, Cəhənnəmə göndərdi.


Son səhnədə, Kevin Qetisin məhkəməsi anına qayıdanda, Larinin (müxbir) üzündə yenidən İblisi və onun çılğın təbəssümünü görürük. İblis, şeytan həmişə insanların ruhunu təqib edəcək. Amma nə qədər ki, insanlarda Allaha məhəbbət və iman hissi hakimdir, o, istədiyinə nail ola bilməyəcək. Hər şeyin bir gün sonu gələcək. Yalnız ümid, iman və sevgi həmişə sonsuz olacaq.

Filmin yaradılmasında aktyor heyəti ayrı bir səhifədir. Aktyor heyəti haqqında bir-iki faktı qeyd etmək istərdim. Əslində filmin rejissoru Coyel Şumaxer olmalı idi və o, vəkil rolunu Bred Pittin canlandıracağını düşünürdü. Lakin müəyyən səbəblərə görə rejissorluğu öz üzərinə Teylor Hekford götürdü. Və Lomaksın rolu üçün bir neçə aktyor nəzərdə tutulurdu: Edvard Norton, Con Kyusak. Nəhayət, rejissor seçimini Kianu Rivzin üzərində saxladı. Və bu, şübhəsiz ki, rejissorun düzgün qərarı idi. Filmin müəllifi iblis obrazı ilə bir az əziyyət çəkdi, çünki Al Paçino əvvəlcə birmənalı olmayan cavab erdi. Amma qonorarının kifayət qədər çox hissəsindən imtina edib Paçinoya verməklə Rivz inanılmaz bir addım atdı və rejissoru, sözün əsl mənasında çətin vəziyyətdən çıxartdı.


Al Paçino ekranda şeytan enerjisini o qədər dərindən və peşəkarcasına nümayiş etdirib ki, bir anda tamaşaçını özünə və şeytan fakturasına aşiq edir.

-Mənə bax. Mənim kim olduğumu bilməsəydin, aktyor (insan) olduğumu deyərdin?

Kianu Rivz sirli, kifayət qədər gözəl və dayanıqlı obrazın təcəssümüdür. Aktyorun gözlərində müəyyən bir mistisizm gizlənir ki, bu da onun peşəsinə (hüquqşünas/vəkil) xüsusi ədviyyat qatır.

Şarliz Teron iyirmi iki yaşında Meri En rolunu oynayaraq mütləq uğur qazanıb. Aktrisanın ekranda nümayiş etdirdiyi depressiya, qorxu və ümidsizlik uzun və dərin araşdırmaların bəhrəsidir. Kianu Rivz həmçinin hüquqşünas peşəsini, bu sahənin bütün incəliklərini və təfərrüatlarını aydın şəkildə araşdırmışdır.

Filmin taleyi başqa cür ola bilərdi. Ancaq bir şeyi dəqiq qeyd etmək lazımdır: o, etibarlı rejissorun əllərinə düşdü. Teylor Hekford çox şey haqqında düşünməyə vadar edən və aktuallığını heç vaxt itirməyən layiqli bir film yaratdı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)