Edebiyyat.az » Film » Nəcəf Əsgərzadə- Rasim niyə Felliniyə çevrilə bilmədi?

Nəcəf Əsgərzadə- Rasim niyə Felliniyə çevrilə bilmədi?

Nəcəf Əsgərzadə- Rasim niyə Felliniyə çevrilə bilmədi?
Film
Necef Esgerzade
Müəllif:
13:21, 05 dekabr 2019
2 110
0


Kinoya baxmağı sevirəm. Uşaq vaxtı daha çox döyüş filmlərini izləyirdim. Bu filmlər həmişə mənə yaşamaq üçün böyük stimul verib. Universitetə daxil olduqdan sonra düşdüyüm mühit mənim kino zövqümü dəyişməyimə səbəb oldu. Yüksək imdb balına malik Avropa və Amerika filmlərini izləməyə başladım. Hər izlədiyim film mənim üçün yeni bir pəncərə açırdı. Daha sonra bu filmləri çəkən rejissorlar haqda araşdırmağa başladım. Get-gedə film zövqüm də dəyişikliyə uğradı. Əvvəllər izlədiyim filmlər artıq gözündə öz sirli dəyərini itirib adiləşdi. Mən isə filmlərə o qədər ac idim ki,  vaxtaşırı olaraq film izləməyə çalışırdım. Son dönəmlər isə artıq film izləmə strukturumda dəyişiklik etmişəm. 

Tanımadığım bir rejissor seçib onun filmlərini ardıcıl şəkildə izləyirəm. Düşünürəm ki, bu yolla rejissorun üslubunu, çəkim tərzini daha kamilcəsinə tuta bilərəm. Həmçinin bu ərəfələrdə artıq bizim milli kinolarımızda yer verməyə çalışıram. Deməzdim hər çəkilən filmi izləyirəm, amma seçib izlədiyim milli kinolarımızın içində keyfiyyətli, normal filmlər də az deyil. Elə dünən izlədiyim “Əzizim Fellini” filmi bu qəbildəndir.                                                                                                                                                     

Kiçik haşiyə: Cavid Təvəkkül 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfindən tərəqqi medalı ilə təltif olunmuşdu. “Mən və Şəhər” (2003), “Ağlayan Əsgər” (2003) filmlərinin, kliplərin müəllifidir. Cavid Təvəkkül “Cavad Xan” filmi haqqında hazırlanmış “Cavad Xan – Filmin Filmi” silsilə televiziya filmlərinin, Azarkeş (2008 ), 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV),  Sovqat (film, 2009), Əzizim Fellini (film, 2010) , Səhərə inan... (film, 2011) , Döngələr (teleserial, 2012) rejissorudur.                                                                                          

 Rejissor tərəfindən “Əzizim Fellini” filmi İctimai Televiziyasının nəzrində Çarçı filmin dəstəyi ilə çəkilib. Filmin ssnerisi də rejissorun özünə məxsusdur. Rasim Cəfərov, Tunay Əliyeva, Abbas Qəhrəmanov, Elnur Kərimov filmin əsas obrazlarını təşkil edirlər. Rasim Cəfərov ilk öncə Camal obrazını oynamaq istəsə də, Cavid Təvəkkül ilə qısa danışığın nəticəsinə uyğun olaraq ssneridə onunla adaş olan Rasim obrazını oynamağa razı olur.                                                                                                          

 Rasim filologiya fakültəsini bitirib kəndinə dönmüşdü. Rejissor bu səhnələri tamaşaçıya göstərmir. Biz filmin gedişinə uyğun olaraq dialoqlar vasitəsiylə bəzi məsələlərdən xəbərdar oluruq. Filmin başlanğıc səhnəsi maraqdoğurucudur. Hələ adını bilmədiyimiz Rasimi səhnədə görürük. O, sakit və özünə inanmayan addımlarla səhnədə qoyulan oturacağa gəlib oturur. Müxtəlif səslər eşidilir, amma üzlər bizə göstərilmir. Rasimdən imtahan götürən müəllimlər suallar verməyə başlayır. Və bizə aydın olur ki, bu cavan oğlan qabiliyyət imtahanından keçməyə gəlib. Şeir oxuya bilirsən?-müəllimlərdən biri soruşur. Rasim həyəcanlı olsa da Razim Rövşənin “İlan balası” şeirini oxumağa başlayır. Müəllimlər onun bu halını görüb Rasimlə məzələnməyə başlayır. İmtahan gedə-gedə müəllimlərin birinin telefonuna zəng gəlir. Telefonu açaraq danışan müəllim Rasimə qarşı ilk hörmətsizliyini nümayiş etdirir. Rasim şeir deməyini dayandırır. Müəllim isə davam etməsini təkid edir. Bununla səhnə yarıda kəsilir. Orada işləyən bir çox müəllimlərin işlərinə necə yanaşdığını, imtahana gələn gənclərə necə münasibət göstərdiklərini rejissor bizə açıq-aydın göstərir. Bu səhnənin kəsilməsindən sonra izləyicinin qarşına artıq yaşlanmış halda bir şəxs çıxır. Onun ətrafında balaca ekranlar görünür. Üzünü izləyiciyə çevirəndə biz onu tanıyırıq. Bu imtahan verən həmin oğlandır. Və düşünürük artıq Rasim öz məqsədinə çata bilib. Telefonla danışan Rasim kimisə gözləyir. Bu səhnə də yarıda kəsilir. Ekranda küləkdən o yan bu yana yığalanan samanlıqları izləyirik. İzlədikcə Abbas Kiarostaminin filmlərini yada salırıq. Elə onun haqqında düşündüyümüz zaman yolda motosiklet görünür. Yavaş sürətlə hərəkət edən motosikletdə Rasimi görüb tanıyırıq. Samanlığın üzərinə uzanan iki nəfər arasında dialoqdan sonra anlaşılır ki, Rasim kəndini tərk edib rejissor olmaq üçün şəhərə getmək istəyir. Dostu niyə bu qərara gəldiyi soruşanda isə o belə cavab verir: “Buralar məni sıxır, nəsə yeni bir şey axtarıram”. Rasim öz qərarında qəti fikrə gələrək Bakıya üz tutur. Köhnə tələbə yoldaşının köməyi ilə qalmağa ev tapır və ikinci təhsilini almaq üçün imtahana hazırlaşır.                               

Filmin quruluşu alışdığım köhnə milli filmlərimizdən fərqlənir. Bu fərqlənmə ondan ibarətdir ki, rejissor Rasim obrazını üç müxtəlif zaman kəsiklərində izləyiciyə təqdim edir və izləyici də əsas obraz kimi Rasimin üzərinə fokuslanır. Əlavə olaraq hadisələrin axını üç baxış bucağından nümayiş olunur. Birinci baxış bucağı rejissora aiddir. O başlanğıcdan bizimlə birgə Rasimin başına hansı hadisələrin gələcəyini səbirsizliklə gözləyir. Qabiliyyət imtahanında məsxərə hədəfinə çevrilmiş Rasimi qeyri-şərtsiz şəkildə bizə təqdim edir. Və ya artıq illərin yaşlandırdığı Rasimi televiziyanın kiçik kameralarıyla əhatə olunmuş otaqda keçirdiyi təbədüllatları onun üzünə tuşladığı kamerası vasitəsiylə çatdırmağa çalışır. İkinci baxış bucağı hadisələrin Rasimin gözündən bizə göstərilməsidir. Rasim Bakıda aldığı beş illik filologiya təhsilinin ardından kəndinə qayıdır. Amma o özünə yer tapa bilmir. Həyatda istədiyi şeyin oxuduğu sahə olmadığını sadəcə təhsilini başa vurduqdan sonra anlayır. Rasimin vəziyyəti izləyici üçün o qədər başa düşülməyən, müşgül deyildi. Müasir dövrdə az sayda insan tapılar ki, sırf öz istəyinə uyğun təhsil alsın və həmin istədiyi sahədə həvəslə işləsin. Hal-hazır ki dövrün tələbləri indiki gənclərin tələblərinə zidd bir şəkildə təşəkkül tapmaqdadır. İnsanların maddi sıxıntılarının çoxaldığı zəmanəmizdə özünü inkişaf etdirmək bir qırağa qalsın, özünü kəşf etmək belə məşəqqətli vəziyyətə dönüşüb. İstəmədiyimiz ixtisaslarda oxuyub, istəmədiyimiz işlərdə çalışaraq ömrümünüz hər dəqiqəsini kapitala satmaqla məşğuluq. Nə yazıq ki, belə hal indiki dövrdə də davam edir. Ona görə Rasimi şəxsən mən başa düşürəm. O, özündə güc tapım etiraz səsini qaldırır. Kimə etiraz edir? İlk növbədə özünə, sonra isə onu anlamaq istəməyən cəmiyyətə qarşı.                                   

Əvvəldə yazdığım kimi kəndindən üz döndərib, şəhərə üz tutur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, izləyici üçün Rasimin keçmişi haqqında heç bir məlumatın filmdə verilməməsidir. Rasimin nə atası, nə anası, nə qardaşı, nə bacısı haqqında biz heç bir şey öyrənə bilmirik. Rejissor bizdən bunu film boyu gizli sağlayır. Rasimin keçmişi yoxdur, bəs gələcəyi varmı? Maraqlı sualdır.  

        Rasim obrazı tamaşaçı üçün yad bir obraz deyil. O sadəlövh, adi, sıradan insanlar biridir. İnsanları tanımaqda o qədər mahir deyil. Onu aldatmaq asandır. Özünə güvəni az, utancaq, xəyalpərəst, iradəsiz bir şəxsdir. Maraqlıdır beş il Bakıda yaşayıb təhsil alan Rasim niyə sadəlöhvlük libasından çıxa bilməyib? Niyə görə o, cəmiyyətin qazandığı utanmamazlıq, tutduğunu buraxmamazlıq xəstəliyinə yoluxmayıb? Özünü onlardan kənarda tutan bu oğlan ikinci dəfə şəhərə qayıdan da sadəlövhlüyü ucbatından həmin cəmiyyətdə özünə yer etmiş bir qadının caynaqları arasına keçir. Özü də ağır bir xəstəliyə tutulmuş şəkildə.                                                                                

     Leyla. Rasimin ömründə dəlicəsinə sevdiyi bəlkəm də ilk qadın. Onlar təsadüfən görüşürlər. Çaxmaq onların görüşündə əsas səbəbiyyət yaradan əşya olur. Rasim Leylanı görəndən sonra onu ilk filmində oynadacağını fikirləşir. Amma bu fikir onun beyində fikir olaraq ömürlük yaşayır. Hər şeyi, hətta rejissorluğu belə unudan Rasim Leyla ilə mütəmadi şəkildə görüşməyə başlayır. Get- getə onlar bir-birinə daha da sıx bağlanır. Amma düşünürəm rejissor burada Leyla ilə Rasimin görüşmə səhnəsinin üzərində biraz da işləsə idi daha yaxşı olardı. Bu səhnədə iki obraz arasında dialoqların zəifliyi diqqətçəkicidir. Bundan əlavə Leyla izləyiciyə təmiz, sevgiyə qəlbən inanan bir qız kimi təqdim olunur. Hətta Leyla Çingiz Aytmovun “Cəmilə” əsərini oxuyub və o cümlədən İtalyan rejissor Federiko Fellini (Rasimi də buna uyğun olaraq “Əzizim Fellini” adlandırır) belə tanıyır. Sadəcə həyatın ağır şərtlərinə uyğun olaraq, talesizlikdən gəlib fahişəlik girdabına ilişib. Rasim isə Leylanı bu girdabdan çıxarmağa hazır vəziyyətdədir. Hətta həyatda hər şeydən çox arzuladığı rejissor olmaqdan imtina etmək naminə belə olsa. Burada belə nəticə ortaya çıxır. Rasimin bir arzusu var, amma bu arzusu uğrunda mübarizə aparmağa onun yetəri qədər gücü, iradəsi yoxdur. Qadınlar qarşısında bu gücsüzlüyü daha qabarıq şəkildə təzahür edir. Leyla filmin müxtəlif səhnələrində özü də bilməyərək Rasimi dediyi sözlər ilə mənən alçalsa da,  buna baxmayaraq Rasim qızdan ayrılmır. Daima onun ilə olmağa can atır. Leylanı itirdiyi dəqiqələrdə isə həyatdan qopur, özünə yer tapa bilmir. Artıq sənəti belə onun umrunda olmur. Sadəcə sevdiyi qadına qovuşmağa can atır.                                         

     

     Camal obrazıyla kəşisən hadisələrin üçüncü bucağı da tamamlanır. Leylanın el dilində desək “sağlayanı” olan Camalın əlində pul və güc var. İstənilən adamı ortadan qaldırmaq gücündə olan Camal eynən Rasim kimi Leylaya xəstəlikli bir şəkilə bağlıdır. Hətta onun siqaret çəkməsinə belə mane olmağa çalışır. Leylanı bütün istəklərini yerinə yetirmək gücündə olan Camal görünüşüylə izləyicinin gözündə qabalığın, kobudluğun mücəssiməsini kimi təsir bağışlayır. Leyla bu gücü geri itələyib, zəif xarakterə malik Rasimi seçir. Rasimin yanında özünü bir qadın kimi hiss edən Leyla Camalın yanında boyuna halqa keçirilmiş itdən fərqlənmir. Qadın bu iki kişi arasında öz ilahiliyi ilə ən yüksək zirvədə dayanır. Rasim ilə Leylanın görüşlərini biz ilk dəfə rejissorun baxış bucağından izləmişdim. Filmin davamında isə bu üç obrazın birinci dəfə bir araya gəldiyi məqamda görüş səhnələrini izləyici Camalın baxış bucağından izləyir. Hətta zarafatyana bir şəkildə Rasimə yazdığı ssnerisini danışan Camal ssnerinin sonunda nələrin olacağını çətin ki, təxmin edərdi. Bu səhnədə baş verənlər onu göstərir ki, artıq Rasimin rejissorluq sevdası get-gedə paslanıb, yoxa çıxıb, onun istəyinin çirkin forması məcazi bir mənada Camalın əlində oyuncağa çevrilir.                                                               

  Sonda Rasim niyə Felliniyə çevrilə bilmədi sualına cavab vermək istərdim. Məqalənin müxtəlif hissələrində bu suala qismən olsa da cavab vermişəm. Rasim Felliniyə çevrilə bilməməsinin əsas səbəbi ideyasının olmamağı, seçdiyi sənətin ağırlığını tam dərk etməməsi və həyatdakı kiçik ehtirasları yaratmaq istədiyi sənətə qurban verməsi, mübarizəni elə ilk başda dayandırıb geri çəkilməsiylə sıx bağlıdır. Hər şeyə rəğmən insan öz arzularından vaz keçməməli, sonacan onun uğrunda mübarizə aparmalıdır.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)