Edebiyyat.az » Film » Günel Rəcəb - Saylent Hil və ya qızlarımızı udan qaranlıq

Günel Rəcəb - Saylent Hil və ya qızlarımızı udan qaranlıq

Günel Rəcəb - Saylent Hil və ya qızlarımızı udan qaranlıq
Film
Necef Esgerzade
Müəllif:
21:00, 24 yanvar 2020
1 883
0
Adı fantastika və fentezi ilə birgə çəkilən qorxu filmləri – horrorları qorxularımıza rəğmən böyük maraqla izləyirik. “Fantastika yuxarı – göylərə baxır, horror isə aşağı – insan bədəninin içinə” (Barri Kit Qrant). Bəs nədir insanın qorxuya olan marağı? Robin Vudun fikrincə, bu cür filmlərdəki bədheybət, manyak-qatil, bir sözlə, mənfi personaj cəmiyyət tərəfindən təklənən fiquru simvolizə edir. Əslində, cəmiyyət qorxu filmlərindəki mənfi personajın seksuallığından qorxur. R.Vud Frankenşteynin proletariatın simvolu olduğunu göstərir. Belə ki, filmdə qadının iştirakı olmadan kişi tərəfindən bir məxluq yaradılır. Bu da cəmiyyətin konservativ təbəqəsini qorxudur. Çünki horrorlardakı hər bir mənfi personaj əks olunmadır. Normadan kənar qeyri-ənənəvi seksuallığın əks olunması. Professor Harri Benşof  horrorun açıq və ya gizli şəkildə homoseksuallığı təqdim etdiyini qeyd edir.

Janrın mahiyyəti yalnız zirzəmidəki bədheybəti, ruhları, homoseksuallığı göstərməkdən ibarət deyil. Onun əsl mahiyyəti kollektiv qorxunun metaforasıdır. Müxtəlif dövrlərdə horrorların mövzusu fərqli olmuşdur. Horrorlar əsasında həmin dövrdə cəmiyyətin qorxularının nədən ibarət olduğunu asanlıqla müəyyən etmək olar. Hətta ən çox çeynənmiş horror motivləri belə ən dərin qorxularımızın əks olunmasıdır. Digər tərəfdən, qayğısız uşaqlıqdan amansız reallığa – yeniyetməliyə keçid insan psixikasında müəyyən qorxularla müşayiət olunub. Yeniyetmənin bədənində baş verən cismani dəyişikliklər seksuallıq yaratmış, eyni zamanda, böyüklərin təəccübünə səbəb olmuşdu. Yeniyetmə öyrəşdiyi doğma mühitdə özünü yad kimi hiss edir. Bu psixoloji qat ekranlara transformasiya olunur.

“Amerika qorxu filmləri antologiyası”nın müəllifi Rayan Morji reallığın fantaziyalardan daha qorxulu olduğunu qeyd edir. Məhz bu fikrə istinad edərək bir film və Azərbaycanda baş vermiş iki qətl arasında paralellər aparmaq istədim. Elinanın bullinqə məruz qalması, intihar etməsi, Nərminin itgin düşüb, cəsədinin yandırılması alternativi olmayan reallıqdır. Bu hadisələr yadıma iki filmi saldı. “Silent Hill” (“Silent Hill” – “Səssiz təpə”) – macəra tipli horror oyunundan götürülən film lunatizmdən əziyyət çəkən balaca Şeronun yuxuda tez-tez bir şəhər adını çəkməsi ilə başlayır. Lunatizm simvolik məna daşıyır. Keçmişdə Avropada yuxuda gəzənləri şeytan övladı, ifritə adlandırır, odda yandırırdılar. Onu övladlığa götürən Rouz qızı həmin şəhərə – Saylent Hilə aparmaq qərarına gəlir. Yolda onlar qəzaya düşür, huşunu itirən Rouz özünə gələndə hər tərəfi duman bürüdüyünü, Şeronun isə yoxa çıxdığını görür.

Oyun əsasında çəkilmiş filmdəki dörd alternativ reallıqdan, xüsusi effektlərdən yox, şəhərdəki qaranlığın, yeraltı yanğınların, göydən yağan külün səbəbindən yazmaq istərdim. Son vaxtlar qızlarımızla bağlı baş verənlərlə müqayisədə siz qərar verin: Bizim alternativsiz reallığımızda, yoxsa horrora dəhşət payı daha çoxdur? 1974-cü ilin noyabrından etibarən bu şəhərdə zaman dayanıb. Qaranlıq Saylent Hilin dörd reallığından biridir. Bu qaranlıq insan qəzəbindən yaranıb. Yavaş-yavaş bütün şəhəri insanlarla birgə udub. Fleşbeklə 30 il əvvələ qayıdan Rouz öyrənir ki, qızına dəhşətli dərəcədə oxşayan Alessa ilk öncə atası bilinmədiyi üçün bullinqə məruz qalır, onu “cadugər” adlandıran sinif yoldaşlarından ayaqyolunda gizlənmək istəyərkən xidmətçi tərəfindən zorlanır. Anasını aldadıb qızını əlindən alan fanatik dini orden üzvləri onu diri-diri yandırır. Bu zaman qəza baş verir. Yanğın ətrafa yayılmağa başlayır. Polis tərəfindən xilas edilən Alessanın bədəni xəstəxana çarpayısına məhkum olur. Alessanın ruhu isə intiqam hissi ilə alışıb-yanaraq hər gecə qaranlığın düşməsi ilə şəhərdən intiqam alır. Məlum olur ki, Rouzun övladlığa götürdüyü Şeron Alessanın qızıdır. Onu Saylent Hilə gətirən anasının xatirələridir. O, özü də bu qaranlığa məhkumdur. Çünki qaranlığın bətnində doğulub. Filmdə əsas ideya inamın qələbəsidir. Qəhrəman sanki oyun mərhələlərindən keçir, hər mərhələdə yeni bədheybətlərlə qarşılaşır. Amma yolundan dönmür. Fərqi yoxdur, nəyə inanırsan. Əsas inamın gücüdür. Əslində həqiqət yoxdur, inam isə hərədə bir cürdür. Analıq hissi sayəsində Rouz sona kimi gedə bilir və qızını xilas edir. Alessa da öz keçmişindən qisas alarkən bircə anasına toxunmur. Rouzun dediyi kimi, “Övladların gözündə analar Tanrıdır”.
Elina və Nərminlə bağlı hadisələrin ətrafındakı qatı duman bir gün qaranlığa çevrilərək bizi udacaq. Susqunluğumuza görə bizdən intiqam alacaq...
 Filmə qaranlıqda baxmayın!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)