Edebiyyat.az » Palitra » Bu məqalə deyil: Niyə Rene Maqrit əbədi dahidir?

Bu məqalə deyil: Niyə Rene Maqrit əbədi dahidir?

Bu məqalə deyil: Niyə Rene Maqrit əbədi dahidir?
Palitra
Necef Esgerzade
Müəllif:
14:08, 05 may 2019
1 844
0

Maqritin sürrealist təsvirləri klassik boyakarlıqla birləşdirən alma və qəlyanları bütün dünyada buzdolabı maqnitlərində görünməkdədir. Ancaq bütün bunların əsasında nə isə tükürpərdici və ekzistensial narahatlıq doğuran bir şey var.Biz heç bir zaman Rene Maqrit sənətinə təəccüblənməyə bilməyəcəyik. 1967-ci ildə vəfat edən bu belçikalı sürrealist əbədiyyən müasirdir; onun əsərləri heç bir zaman köhnəlməmişdir və əsla köhnəlməyəcəkdir. Onlar heç vaxt həll edilə bilməyəcək hiyləgər bilməcələrdir və XXI əsr, onlar üzərində baş sındırmaqdan, sadəcə, özünü saxlaya bilmir.

Bu onillikdə Maqrit əsərlərindən ibarət, Teyt Liverpul bir yana, Nyu-York və Çikaqodakı böyük sərgilərin ardınca "Şəkillərin xainliyi" adı verilmiş Maqrit retrospektivi Parisin Pompidu Mərkəzində açılmaq üzrədir. Niyə muzeylər böyük Maqrit sərgilərini göstərməyə davam edir və niyə insanlar bu sərgilərə gəlməkdədir?  

Çünki o, gerçəkliyin təbiəti ilə bağlı bizim fəlsəfi fərziyyələrimizi bir yük maşını konseptual sənətkarların hamısından daha əsaslı şəkildə sarsıdır. 1960-cı illərin sonlarında Con Lennon konseptual sənətkar Yoko Onoya aşiq olaraq onun məsləkdaşı oldu, amma Pol Makkartni ona üstün gəldi: o, Maqritin üzərində «Au Revoir» («sağ olun») sözləri yazılmış alma rəsminə sahib idi (və indi də sahibdir). Bu əsrarəngiz şəkil «Bitlz» qrupunu Apple Corps-u (Apple korporasiyası) yaratmağa ilhamlandırdı (Maqriti məmnun edəcək bir cinasla, o «apple core» («alma özəyi») şəklində tələffüz edilir) və Stiv Cobsun «Bitlz»ı təqlid etməsiylə dolayı olaraq Apple kompüterlərinə indiki adını verdi.

Ononun sənəti — ya da Martin Krid və ya Ay Veyveyin sənəti — provokativ və əyləncəli olsa da, incəsənətin bu növü (gəlin onu qısaca olaraq konseptual adlandıraq) çox vaxt incəsənətin özüylə bağlı suallar üzərində dayanıb durur. «Bu incəsənətdirmi?» — bu elə də dərin bir sual deyil — ancaq təkcə Kridin işıqları yanan və sönən otağı bizi bu sualı verməyə məcbur edir. Maqrit heç kəsi belə bir sual verməyə məcbur etmir. Biz qəbul edirik ki, onun rəsmləri incəsənətdir. Onlar rəsmlərdir, elə deyilmi? Onların hətta, qəşəng çərçivələri var. Bəli, bu incəsənətə bənzəyir.

Onlar həm də gözəl boyanmışdır, demək olar ki, pedantik bir şəkildə. Birinci Dünya müharibəsindən əvvəl, ilk olaraq kubizmin yol açdığı görünüşdən kənar radikal qiymətləndirmə və ya onun sürrealist yoldaşı Maks Ernstin incəsənətin şüuraltı köklərinə daxil olmağa çalışdığı qəribə texnikalar onun üçün deyil. Maqrit, əsərlərini səmimi bir həvəskar pedantizmi və ən mühafizəkar ustanı belə məmnun edəcək perspektiv ənənəsinə inamla yaradır.

Bunların xaricində, hər şey necəsə tərs gedir. Onun 1928-ci ildə çəkdiyi və Teyt Moderndə saxlanan «Qəzet oxuyan kişi» əsəri, eynilə başlığında deyilənləri təsvir edir. Nişastalanmış yaxalıqlı və işgüzar geyimli bir kişi, pəncərəsi yaşıl çəmən üzərində mavi göyə baxan səliqəli bir otaqda, dəmir sobanın yanında oturaraq qəzetini oxuyur. Bütün bunlar hamısı çox normaldır — hətta banaldır. Ancaq bu səhnə dörd yerə bölünmüş şəklin yalnız yuxarı sol hissəsini tutur. Digər üç paneldə hər şey eynidir — yalnız bir şey çatışmır: kişi orada deyildir. Onun stulu eynilə həmin olduğu yerdədir. Soba eynidir, masa, divardakı şəkil, pəncərədən görünən mənzərə — hamısı büsbütün eynidir. Ancaq kişi yoxdur.
 
Bu nə deməkdir? Maqrit sürrealist hərəkatına aid idi, ancaq bu hərəkatın intellektual qəhrəmanı Ziqmund Freydin bu əsəri anlamaqda çox da köməyi dəymir (axı burada söhbət seksdən getmir). Bizim tez-tez istənilən incəsənət əsərinə gətirdiyimiz sentimental dəyərlər də burada yardımçı olmur. Kiminsə yoxa çıxdığı müasir bir installasiya, tamamilə bir «matəm» əsəri, itki və ölüm təsviri kimi şərh edilə bilər: ancaq biz instinktiv olaraq bilirik ki, bu rəsm hüznlü və kədərli deyil. Bu ona görədir ki, kişi azca da olsun, empatiya olmadan təsvir olunmuşdur. O, bir heçlik kimi görünür. Onun yoxa çıxması elə də böyük bir şey deyil.



Yəqin ki, bu Maqritin nöqteyi-nəzərinin bir hissəsidir. Biz varıq, sonra da yoxuq. Biz getdikdə, dünya orada olacaq. Maddi əşyaların küt gerçəkliyi bu faktiki mövcudluğu davam etdirmək üçün insan qavrayışına ehtiyac duymur. Bu barədə Maqritin baxışı ilə düşünmək qorxuducu olur: belə ki, evinizi tərk edərkən və qapını kilidlədiyiniz zaman içəridəki bütün əşyalar hələ də mövcuddur, şüursuz halda, olduqları kimi, şüurlu insan tərəfindən bilinməyə, görülməyə heç bir ehtiyac olmadan.

Bu ona baxmağın qorxunc yoludur, ancaq Maqrit rəsmini «deşifrə etmə»yin asan bir yolu yoxdur. Onun sənəti rahatca və sakitcə bizim öz-özlüyündə anlaşılan hesab etdiyimiz əsaslı şeylər haqqında dəhşətli suallar verir.

«Siz heç bir şey bilmirsiniz»- deyə, yumru şlyapalı sehrbaz gülümsəyir və ayaqlarınızın altından xalçanı çəkib götürməklə göstərir ki, döşəmə belə yoxdur. Və hətta əlinizdə tutduğunuz da, heç qəlyan deyil.



Mənbə: Jonathan Jones, «This is not an article: why Reny Magritte is a timeless genius»
Guardian, September 22, 2016.
İngilis dilindən tərcümə edən: Günay Rzalı

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)