Edebiyyat.az » Poeziya » Rahid Ulusel - Poeziya

Rahid Ulusel - Poeziya

Rahid Ulusel - Poeziya
Poeziya
admin
Müəllif:
22:13, 30 mart 2021
1 533
0
Rahid Ulusel - Poeziya




 

 Elm və fəlsəfə ilə poeziyanın çox dərin bağlılığı var. Onların özünəməxsus sərhədini alim, filosof və şairlərin bəzən adlayıb keçməsi elə bu “qan qardaşlığının” təsdiqidir. Mənim də elmi, fəlsəfi yaradıcılığım poeziya ilə nəfəs almadan yaşaya bilmir...

 

 

 

                           Əbədiyyət

 

 

Doğsun deyə batır günəş

Yansın deyə sönür atəş

Çiçəklər açmağa boylu

Yenidən torpaq olan daş

Kainat bitdiyi andan

Cücərər son toxumundan

Körpə-dünya doğulanda

Görəcək – südlə dolu döş

Sıyrılıb min bir telindən

Bir tül şəfəq – təkcə səni

Qoşacaq sonsuza sirdaş!

                        

 

                    Sınıq körpüdən keçirəm 

 

Canım cahan dolu bir cam

Sınıq körpüdən keçirəm

Qorxum yox, sınam, ya batam

Sınıq körpüdən keçirəm

 

Yarpağım payız adlamaz

Torpağım qışı bəmbəyaz

Yolumun hər döngəsi yaz

Sınıq körpüdən keçirəm

 

Çatdığımı tutmaz olub

Ötdüyümü udmaz olub

İtdiyimdə bitməz olub

Sınıq körpüdən keçirəm

 

Yüküm – qanadlarım təki

Məni yerdən göyə çəkir

Çağ körpülər tikə-tikə

Sınıq körpüdən keçirəm

 

 

 

                     Dan yerinin qızartısı

 

 

Mənim içimdə bir Eşq var, 

onu kim çıxardar üzə?!

Mənim içimdə bir Sübh var,

onu kim açar gündüzə?!

 

Mənim içimdə bir Vəhy var, 

onu kim nizama düzər?!

Mənim içimdə bir Nar var,

onu kim budağından üzər?!

 

Mənim içimdə bir Sirr var, 

onu kim tülündən sezər?!

Mənim içimdə bir Şir var,

kim onnan baxar göz-gözə?!

 

Mənim içimdə bir Dağ var, 

onu kim endirər düzə?!

Mənim içimdə bir Çağ var, 

onu kim döndərər sözə?!

 

Mənim içimdə bir Yaş var,

onu kim doldurar gözə?!

Mənim içimdə bir Daş var,

onun kim ağrısın əzər?!

 

Mənim içimdə bir Mey var,

onu kim badəyə süzər?!

Mənim içimdə bir Ney var,

onu kim çalar ünsüzə?! 

 

Mənim içimdə bir Sel var,

kim onu bağlar dənizə?!

Mənim içimdə bir Gil var,

kimin kürəsində kuzə?! 

 

Mənim içimdə bir Qu var,

Qanadlarında kim üzər?!  

Mənim içimdə bir Qıy var,

kim ondan qoparar nizə?!

 

Mənim içimdə bir Nur var,

kim onnan qalar üz-üzə?!  

Mənim içimdə bir Yer var,

Göy qarşısında diz-dizə!

 

Mənim içimdə bir Tel var, 

onu kim dinlədər saza?!

Mənim içimdə bir Saz var, 

onu kim dindirər sizə?!

 

Mənim içimdə bir Od var, 

onu kim yaxar sönməzə?!

Mənim içimdə bir Yad var, 

onu kim yar edər bizə?!

 

Mənim içimdə bir Şam var,

kim ondan damladar közə?!  

Mənim içimdə bir Tək var,

kim onnan qol-boyun gəzər?!  

 

Ömür dirənər anlara,

Yol uzanar irfanlara,

Gücüm çatarmı bunlara?!

Kim bu yük altında dözər?! 

 

 

 

                                 Gəl yanıma

 

 

Ey Təkim! Gün təki təksən, dur elə tək gəl yanıma! 

Amma unutma, çiçəyim, əldə çiçək gəl yanıma!

 

Titrədim titrək kirpiyin “Hə” dediyi çağda mənə,

İllərdir gözlər bu anı canda ürək, gəl yanıma!

 

Təklərindən tikilən Kainatın bir bax təkinə,

Ulduzları da yolun üstündə ləçək, gəl yanıma!

 

Varlığın bütün gözəllikləri sayrışmada səndə,

Yaranışdan – təpədən dırnağa göyçək, gəl yanıma!

 

Bələnib yer dumduru sevincə daşından quşuna,

Hamının bildiyin heç kim bilməyəcək, gəl yanıma!

 

İşıqlandırsın hücrəmi çöhrəndəki ilahi nur,

Tanrıdan pay aldığımsan sən, ey mələk, gəl yanıma!

 

Qovuşub dünyanın sevişən rənglərində min çalar,

Allansın yanağında həyadan çiyələk, gəl yanıma!

 

Uçuşurlar, qonuşurlar arılar çiçəkdən çiçəyə,

Salxım-salxım balını daşdandırdı pətək, gəl yanıma!

 

Gizlində bircə Bulaq var, tək o bilir yanğımızı,

Dəymədən bədən bədənə, ondan içək, gəl yanıma!

 

Bu Kainatdır yurdumuz, şah bağçasında evimiz,

Axtarsınlar yerdə bizi, göydə itək, gəl yanıma!

 

Ocağım yandıranımsan, qəmimi söndürənimsən,

Şehlənsin ayağın altında biçənək, gəl yanıma!

 

Ağaclarında bağların hər dadda meyvənin ətri,

Eşqimizin torpağında bir sərv əkək, gəl yanıma!

 

Tək sən al Uluseldən daşan sellərin qarşısını,

Bircəciyim! Nə işin varsa da əl çək, gəl yanıma!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)