Fransisko de Kevedodan şeirlər (İspaniya)
Fransisko Qomes de Kevedo 1580-ci ildə Madriddə, kübar kastiliyalı ailəsində doğulub. Uşaqlıq illəri valideynlərinin xidmət etdiyi Kral sarayında keçib. Əvvəlcə yezuit İmperiya məktəbinin müdavimi olub, sonra Valyadoliddə universitet təhsili alıb. Tələbə ikən müstəqil şəkildə fəlsəfənin əsaslarını, ərəb, ivrit, fransız və italyan dillərini öyrənib. Lope de Veqa və Servanteslə dostluq edib.
1611-ci ildə dueldə iştirakı ucbatından doğma vətəni tərk etmək məcburiyyətində qalan Kevedo Saraya yalnız 1621-ci ildə qayıda bilib və kral IV Filipin katibi olub. Lakin Krala və onun sevimli əyanlarına yazdığı kəskin satirik şeirlərinə, pamfletlərinə görə həbs olunub və dörd il ağır məhbəs həyatı yaşayıb. Həbsxanadan çıxandan az sonra, 1645-ci ilin sentyabrında vəfat edib.
SEVGİ VƏ ÖLÜM SONETLƏRİ
QOY BİTSİN
BU SEVGİNİN MƏNƏ AÇDIĞI SAVAŞ
Alov saçan, qan tökən qorxunc silahlarınla
Gör haçandan amansız savaş açmısan mənə.
Tapdağa döndüm artıq ayaqlarının altda,
Heyim yox, taqətim yox bir an nəfəs dərməyə.
Lap tutaq ki yenildim, uduzdum bu savaşda,
Nə vəd edir bəs sənə görən o zəfər tacı?
Onsuz da ac əsirtək mən əyilmiş bu başla
Özgəsindən umduğum sədəqəyə möhtacam.
Sən ey zalım cəlladım! Ey daşürək mələyim!
Bir az boşalt boynuma keçirtdiyin kəndiri –
Nəfəs dərim qoy bir az... boğuldum, yetər artıq!
Sonra zülmünü artır, yenə daralt ilgəyi –
Axırda var gücünlə son zərbəni endirib
Mənimlə bu savaşı biryolluq bitir artıq.
QOY GÖRSÜNLƏR
SEVGİYƏ SONSUZ SƏDAQƏTİMİ
Bu susqun iztiraba imkan verin, danışsın –
Gör nə qədər lal qalıb ürəyimdə bu bədbaxt!
Qoy lap dəli olum mən, ağlım çıxsın başımdan:
Bir qazanda qaynamaz ağılla sevgi heç vaxt.
Gəmirdim daş qəfəsin dəmir barmaqlığını –
Zindan da azlıq edir, dar gəlir bu zillətə.
Gözümə tor çəkəndə məhbəsin qaranlığı
Sinə gərdim bu yolda yenə hər əziyyətə.
Mən heç zaman heç nədə sevinc duymadım, haşa:
Mükafatsız yaşadım bir ömrü başdan-başa,
Ölüm də qəbulumdur sorğu-sualsız, nə qəm!
Amma bu sön sözümü çatdırın o zalıma,
Qoy bilsin o daşürək, yanmasa da halıma:
Onu sevib yaşadım, sevərək də ölürəm.
LAL MƏHƏBBƏT
Gözlər! Heç vaxt sevginin sirrini faş etməyin!
Susqun dildir qoruyan onu hər cür bəladan.
Nə qədər kamildisə məhəbbəti ürəyin –
Bir o qədər dərindir ürəkdəki yara da.
Qadağaya baxmayıb göz yaşı axsa hərdən
Dərhal qurudar onu əzab çəkən lal ürək.
Əzabkeşlik yanğısı imkan verməz ki bir dəm
Gözlər pozsun bu əhdi acı yaşlar tökərək.
Çəkdiyiniz əzabın önündə baş əyərək
Qoruyun qəlbinizdə onu göz bəbəyitək –
Təsadüfən kiməsə açmayın bu sirri siz.
Onsuz da əlçatmazdır vüsal sevgidən ötrü,
Qoy qorusun bu sirri sevən qəlbin xətrinə
Lal diliniz, bir də ki qupquru kipriyiniz.
ƏTRAFDA HƏR ŞEYİN
ÖLÜMÜ XATIRLATDIĞINDAN SÖZ AÇAN SONET
Baxdım doğma vətənin miskin divarlarına:
Bir zamanlar necə də möhkəm dayanmışdılar!
Keçib-getmiş günlərin ağır tapdağı altda
Çoxdan uçub-dağılmış, xaraba qalmışdılar.
Çölə baxıb nə gördüm: günəş içir bayaqdan
qışın qar-sazağından xilas etdiyi çayı;
Dağlar arasındakı dar keçiddə nahaqdan
gözləyirdi sürülər günəşdən şəfəq payı.
Evə girib nə gördüm: ötüb-keçən günlərin
Miskin kölgəsi qalıb hər küncdə, hər bucaqda;
Keçmişlə cəngə çıxan qılıncım da yenilib,
Çomağım da əyilib, təslim olmuşdu çoxdan.
Gözümə dəyən hər şey sanki mənə haçandı
Burda meydan sulayan ölümdən söz açırdı.
Çevirəni Mahir N. Qarayev