Fərid Muradzadə - Hər qadın ayrıca fəsil kimidir
Hər qadın ayrıca fəsil kimidir
Biri bahar kimi al-əlvan qadın,
Biri payız kimi saralan qadın,
Biri də buz kimi qış olan qadın
Ömrün hər anında nur saçan qadın.
Hər qadın ayrıca fəsil kimidir
Kimi xəyal qurur, kimi ev qurur.
Şəninə ən gözəl nəğmə qoşulur,
Dünyaya sığışan zərif qadının,
Qadın dünyasına bu dünya sığmır.
Hər qadın ayrıca fəsil kimidir,
Tilsimi, əfsunu, sirri, sehri var
Tufanı, boranı, sərin mehi var,
O çiçək qadındır, ləçəyi üstə
Mirvari jalələr, səhər şehi var.
Hər qadın ayrıca fəsil kimidir,
İçində kin də var, məhəbbət də var,
Qadın ən dəyərli cəvahiratdır,
Qadınlar atılmaz, qadın qorunar
Qadın xoş ətirli bir gül kimidir,
Hər qadın ayrıca fəsil kimidir.
***
İki sevgilimiz var
Birin cisim, birin ruhla sevirik.
İki cür dərdimiz var
Birin iplə, birin hislə çəkirik.
İki cür görə bilirik
Biri adi göz, biri bəsirət ilə.
İki cür yaşayırıq
Biri dünya, biri axirət ilə.
İki cür inanırıq
Biri gerçək, o biri nağıl ilə.
İki cür anlayırıq
Biri qəlb ilə, biri də ağıl ilə.
İki cür cildimiz var
Birində insanıq, birində şeytan.
İki cür vədimiz var
Birində doğruyuq, birində yalan.
İki cür yaşayırıq
Birində kişiyik, birində rizvan.
İki cür yük daşıyırıq
Gerçəkdə sakin, fanidə mehman.