Ələsgər Əhməd - İlk səhv addımımı hərbi salam verəndə atdım
Poeziya
1 illik prangalar
Gecə saat 3-ə işləyirdi
Ürəyimizin təmizliyini unudub,
üzümüzün təmizliyini yoxlayırdıq
Ədəbiyyat sevər əsgər yoldaşım
pıçıldadı:
Səhər tezdən yorulub, yatmamaq da,
şeirdi
Ən yaxşı fikirlərimizi sayırdıq
Dedim;
hansısa arzun üçün,
kapitandan icazə alıb,
çatmamaq da xeyirdi
Gələn gizirin ayaq səsindən,
Kazarmanın pəncərəsindən
qaçanda barmağımı dişlədim
"Həyacan siqnallı" tin var
Qorxumdan ovuclarımda itdim
və əsgərliyin ən gözəl sualı
"qaqa siqaretin var? "
Bir igidin ömrü qədər dondum
Üstümdəki
azadlığı soyundum
Ulduzlar belə olacağını demişdi
Ay vəzifəsini dəyişdi
Göy gecələyinin ipini açanda,
əllərimi qaldırıb yalvardım
Qoyun sürüsündən dən götürməyin
"ay uçan quşlar"
getməyin.
Sizi aldatmasın çoban aldadan yağışlar
Həm də elə edin ki,
meydlər tabutlarını səhv salmasınlar
"Tom dayının daxmasından qeydlər;
Uşaq özünü baha satdırmaq istəyirdi,
anasını almasınlar
Sizdən sülh sevəri varsa,
silahı qanadınızdan tez çırparam
atəş deyiləndə
gözlərimi qırparam
O ki, güllənin istisi ilə
əsgər hərarəti qalandı,
yanırsan
Söndürmək istəmə
Ki, hər istədiyimiz olmur
Məsələn:
Çernobildə bitki yoxdu
Xidmətə gələndə inanırsan
TV xəbərlərinin çoxu yalandı
Şəhidliyimdən qorxub,
xəbərin səsini artırar anam
Düşmən cavab atəşi ilə susduruldu,
itki yoxdu
Bağışla ata,
mən də, o itki yoxlardanam
Əsgər Əhmədov
Bakıdan havayla 1 saatlıq yol
Yerdən kilometrlərlə addım
Ölkədən xaric xidmət
İlk səhv addımımı
hərbi salam verəndə atdım
Diqqət!
Salam sərhədçilər
Sizi göydən endirib,
yerdə süründürürük ki,
"DS" buludla torpağı ayıran,
şaquli xətdi
Hərbi hissənin siqnalları
"bölük qalx" dan ibarətdi.
~~~~~~~~~~~~~~~~~~
Farağat
-Azad
Hədəf-
əshabı kəf
Cənab əsgərlər,
dinlərə atəş açın
Ölümcül xəstəlikləri,
ayrılıq gətirən küləkləri
digər şeyləri
Sərhəddən buraxmayın
Ya da qaçın,
arxanıza da baxmayın.
Bunlar hamısı zarafatdı
"Əsgər blət" süpürgəni götür cəld ol
Siqareti bir yerində itir, cəld ol
Nə silah, nə sərhəd, nə də ki qəhrəmanlıq
Buranın ən yaxşı əsgəri,
özünü qovdurandı
ən pis zabiti qovandı
Buralara xidmət keçmir bura Naxçıvandı.
Ulu öndərin büstünü,
müxalif şairə sildirəndə bilməliydilər;
"Ulu dönər" deyib, əsgərləri yeməyə tələsdirəcək
Arı çiçəkdən belə acıq çıxar,
ləçək- ləçək
Əvvəlcə çox çətin idi
30 illik kravatlardan
"qalx ayağa" damırdı
Çəkməcə oğruları,
vaxt da oğurlamırdı
Bir gün bunu öyrəndim ki,
ananın sığalı üçün,
şilləyə də dözürsən
Burdakı səhərlərin günəşi özünsən
Bir sözlə,
hərədən bir sağol
bir "oldu"
Bir ordu
Seçilmiş sərhədçilər- dünya karması
Çin işgəncəsinin yatdığı yer:
Gənc əsgər kazarması
Bilirsən?
Deməzlər ki, kim, harda güllələnib
Nə?
bütün sağlam rəqabətlər xəstələnib?
Əsgərlikdə düşmənin belə gəlməsini gözləyərsən
Tərslikdən telefonun olmaz
"Hardasan" yazasan,
"çatıram" yaza
İstər-istəməz durarsan namaza
Atanın əllərini,
ayaqlarını təmizləyərsən
əlin göydə,
gözlərin qapıda qalar
10 nəfərə hesablanmış siqaret də
Huşsuzluqdan,
yanılı vəziyyətdə külqabıda qalar
Burdan hamıya səslənirəm:
Azadlıq istəyənin
Ayağı zəncirlənər,
əli qalxar
Qonaqlıqlarınıza satılmadım
Spritli içkiləriniz,
burnunuzdan gəlmədimi, oliqarxlar?
Adımı unudanda,
yadıma salmışdım duruşmu
Kimdən gələr, kimə gedər
Axı güllə ad soruşmur
ölmüşdüm.
Səngərdən məktub tapmayanda
başa düşdüm
Sevgi dediyiniz idealogiya,
hərəkətlərin dilmanclığı da,
özünə güvənməyənin qısqanclığı da deyil
Qapıda içib, açarını itirdinsə,
açardı
Kim deyir, uzaqlıqdı?
Seçim haqqıdı,
azadlıqdı
Kaş Leyli, məcnuna qoşulub qaçardı
2+2=5
Bugünüm də
qolunda freedom tattoo'suyla
90 dəqiqə dərsdə oturan qıza bənzəsə də
Ölüm və yaşamaq
isti suyla, buza bənzəsə də
Günü gündən artan zəif nöqtələrimi
görməyənlər kor,
görənlər lal olub
Bəxtim də rütbəyə tabedi
Uşaqlıqdan yaşamaq istədiyim,
bütün vətənlər işğal olub
Güya gəncliyim fərlidi
ürək döyüntülərim də icbaridi
Qocalanda geyinəcəyim köynəklər,
indidən tərlidi
Mən axı uşaqlığımı
Basatın təpəgözü öldürməsində böyütmüşdüm
Həyat məni sındıranda, 12 yaşım var idi
Balaca qardaşımın
gözü önündə döyülmüşdüm
gözümün altındakı qaraltıları
dəyişdim
demişdim-
Qara neftdən göz altlarına çəkib,
ağ şəhərdə mübarizəyə başla
Göyə qalxan biləklərin,
Qandallara işarə versin
Ayağından dartanıda bağışla
İcazə ver , yerisin
Tələbəsən
Əsgər də olmaq fikrin var,
qəribəsən
Hərdən telefonuna bax
Sevdiyim qadınla neçə şəkilin var
Hamısını say
10-dan sonra son iki
Olsa,12
Hər ay birini göndərib deyəcəm
Arxadakı peşmançılıq
Sonuna bax !
İçindəki səs ,
Qulağına bağırsın ki,
Qardaşım gedib, gəlib xeyir tapdı?
Əsgərliyinin 7-ci ayında
Nəzərimə 2 şey çarpdı
Hər təhlükə qaçılmaz deyil
Təhlükə var qaçılmır-
Səni sevən birinin gözündən düşürsən e.
Ele bil
Təyyarədən tullanırsan, paraşüt açılmır
Onun göstərdiyi meyvə
Biləsən ki, dərilmir
Dünyaya gələsən ki,
göy və
yer xalçasızdı, sərilmir
Adam o qədər dəli ola
Qızıl balıqla danışa
Dost tanışa deyə
Pul əl çirkidi, su da pulsuz verilmir
Damarlarımda, rənglərin
mübarizəsinə start verilib
Ağ qan qırmızı qana asılqan
Tanrı əllərimi qarlıqda isitsin
Yaşıl qan
qara dadır
Siyasət qumardı
mənə iki kart verilib
26-kommisarlıq da eşitsin
Mənim baş əydiyim məzar,
Ankaradadır
Əllərimin soyuğunu,
Ayaqlarımı işıqlandıracaq gecədə,
nümayiş edirəm
görənlər deyir
Yenə çiynimdən asıb,
dəli çantasın
Sizdən - 4 dərəcədə Xahiş edirəm
Terrorizmi dünyanın ən hündür
yerinə qoyun
uşaqların əli çatmasın
Uşağın dərdlərini Dinləyər
özünkiləri danışmaz
kimki böyükdü
Əgər
içində 2 mərtəbəli villayla Sevindirsən
Əmlaklar daşınmaz
Dərd penisə bənzəyir
Cinsi kişi olan kimi dindirsən
deyər,
mənimki böyükdü
Heç bilirsən?
Qarabağ satıb
Qarabağ kafesində, Qarabağ şikəstəsiylə
Ağlamağa başlayanlar
Xalqın fəryadını eşitməyib,
filmin fəryadını alqışlayanlar
Qarabağ futbol klubunun,
oyunundan razı qalmaz
Təqaüdlər kəsilə
Bu ölkədə bir nəfər də,
qazi qalmaz
Elə oturmuşduq,
quşdan söhbət edirdik
Bütün quşlar,
üzü gedər -gəlməzə tərəf uçdular
Axı , onlar quşdular
Ölümləri nə olar ki?
Heç gör doğulmuşdular?
Tüstünün effektindən
Marsda kart sıxırdıq
Uçan boşqab fırlanırdı
Əlimizin qəbəri olmurdu
Adəm özünə bağladığı
Yarpaq ilə Fırlanırdı
Uşaqlarından xəbəri olmurdu
Yenə kobudlaşmışam
Mesagım incə deyil
Qaranlıq
hər şeyi sən deyincə deyir
sən ölənlərinin goru
Qoru , xatirələri qoru
Riyaziyyatçı
Günəşin hərarətinə bölə bilərsənmi?
qalan qarı
Deyirdim e,
poeziya iki yerə bölünür
Ələsgər Əhməd və qalanları
Elə adamın əlindən tut ki ,
barmağını qarmasın
O vaxtki , günlərə gələ bilərsənmi
Gəlişini, gedişinə düzgün böl,
qalıq qalmasın
290 "yat- qalx"
Dostumun doğum gününün səhəri idi
bir az sərxoş,
bir az qorxulu,
bir az qoxulu
Baş dolu, cibi boş
Məsuliyyətsiz dostumun,
yükünü daşıyan belimi əyib
"Göyərçin"i dənləyib
Sumqayıtdan, azadlığa manatlıq taksi axtarırdım
Düşünürdüm yenə içim
Ki, zəncirlərimi azad buraxan vaxtlarımdı
Təəssüf!
telefon yandı
və o vahiməli mesaj
"Əhmədov Əliəsgər Tərlan oğlu"
Sərhəd qoşunlarına qoşulub,
1 il ərzində
bütün sərhədləri keçməlisən
1 şüşə içməlisən!
İçib, qaytardım-
ana borcunu
Nizami küçəsinin hər tinində bağırdım
Təcili yardım, təcili yardım
Şəkil çəkdirilən daş xanım
Yağışın sonuncu damlasına çatmaq üçün
çətiri atmaq üçün
açdı ovucunu
Bu mənə görə 1 illik
İstirahətə buraxdığım Bakı şəhəri idi
Gəldik,
hərbi formanı üstümüzə it kimi atdılar
pulumuzu itirdilər
İstədim deyim ki,
Vallah 20 yanvardan keçirdim
qolumdan tutub gətirdilər
Günlər keçdi
Öyrətdilər
Unutduğun şeyləri xatırlamaq heçdi
And içirdik
ay-ulduzun tən ortasından sifəti bilinməyən səs gəldi
"Hüquqşünas dostunuz da, hüququndan keçən əsgərdi
İndi Xomeyninin bir addımlığındayam
Hərdən fikirləşirəm
Ərdoğana bir güllə göndərim
Güllə keçirtməyən qollarla qucaqlansın Fələstin
1 dəqiqə vaxtın var,
tələsdin- tələsdin yaxındayam
Di gəl,
sadəcə dağın üstündəki mənzərəni izləyirəm
Göz elektriklərin kəsilib, izləmirsən
Bax, o dağın arxasında uzun incə bir yol durur
Görünən hədəfləri,
atəşlə təmizləmirsən
Hal-hazırda süpürgəni şeytan doldurur
Gənc əsgər vaxtlarıydı
gözün açılmasa da oyan
yumulmasa da yat
yeməklər dadsız
xəbər uçuran quşlar qanadsız
Bir də
üzünün qırışlarını ütülə
göz qapağındakıları gülə - gülə yığ
sırada düz dayanmalıydıq
Göydən Tanrı,
rəfdən nizamnamə baxırdı
Yoxlanışlarda adımız da,
canımız da çıxırdı
Sonrakı 5 ayımda anladım
Xidmət duyğusuzluqdu
cinsi yuxusuzluqdu
Hormonlarım ayılmır
Nə qədər acı olsa da,
prezervativi olan seks, sevgi sayılmır
Zəhərli budaqların ağacı olsa da, ətrafa yayılmır
Çünki vətən,
bizə təbiətən oğlum demirdi
Buludlar
dağın döşündən süd əmirdi
Xəbərim olmadı,
uzunboy nəsillər qısaldı
Sürünənlər ayağa qalxdı
Fəsillər paradoksaldı
Özün hiss etmədən
dillənəcək bədən
Tərlədim-
şirin yalanları səssizə alın, şəkərəm
O ki,
şaxta əllərinin aldı halalın
deyəcəksən;
Ey yerləri, göyləri işğal edən
Təki,
şəhadət barmağımı tərpədim
Tətik də çəkərəm
Sən bilməzsən
böyüklükdən istifadə etmək necə də yükdü
əlimdəki silah,
özümdən 30 yaş böyükdü
O belə atəş açırsa,
ayaqlar "botinkavari" xərçəng xəstəliyindən qaçırsa,
366 gün səni düşünmək ilk
2-ci kursda tələbi kartını itirən xoşbəxtlik
Bir zamanlar,
abituriyent həyəcanından gələrdi
Bəs tək idin?
Ən çox eşitdiyim cütlük, "Lalələr"di
Gələcəyəm,
telefon qışqıracaq qalx
Gəl sənə bir sirr verim
D-S-X
döyülən,
söyülən,
xalq
Mövzuya uyğun linklər: