Edebiyyat.az » Proza » Somerset Moem - Luiza

Somerset Moem - Luiza

Somerset Moem - Luiza
Proza
Necef Esgerzade
Müəllif:
18:13, 14 iyun 2019
1 779
0
İngilis ədəbiyyatının klassiki Somerset Moem (1874-1965) dünyada olduğu kimi Azərbaycanda da populyar yazıçılardan biridir. "Sədaqətli arvad”, "Teatr”, "İti ülgüclər” əsərlərinin müəllifidir. Bəzi ədəbi tənqidçilər Moemin populyarlığının səbəbini dilinin aydın olmasında və maraqlı süjet seçimində axtarır. Amma cəsarətlə demək olar ki, səbəb heç də yalnız bu deyil. Somerset Moemin demək olar ki, bütün əsərlərində, peşəkarlığın gücü hər kəlmədə, hər cümlədə hiss edilir. Odur ki, onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar, bu qədər inandırıcı, bu qədər realdır.

Hekayə

L U İ Z A 

Luizanın nədən mənimlə dostluq etməsini heç zaman anlamırdım. O, məni sevmədiyindən, arxamca həlim səslə cürəbəcürə mənfi fikirlər söyləyirdi. Luiza həddən artıq nəzakətli davrandığından, danışdığı sözləri də bəzək-düzəksiz demirdi, etdiyi eyhamlar, köks ötürmələr, zərif əllərinin yüngül hərəkəti sözləri əvəz edirdi. Tikanlı dili, zəhərli atmacaları vardı.
İyirmi beş il olardı bir-birimizi yaxından tanıyırdıq. Amma köhnə tanışlığın onun üçün nəsə bir əhəmiyyət daşıdığına heç zaman inanmadım. Luiza məni kobud, sərt, və ədəbsiz birisi sayırdı. Mən dolambadolaşıq sualların içində itib-batmışdım, anlamırdım, axı niyə məndən əl çəkmək istəmir? Luiza məni rahat buraxmırdı, gah səhər yeməyinə, gah da nahara dəvət edirdi. Bir-iki dəfə isə şənbə-bazar günlərini onun şəhərətrafı bağında birgə keçirməkçün çağırmışdı məni.
Sonralar bunun nə məsələ olduğunu başa düşdüm. Luiza elə bilirdi ona inanmıram, bu şübhələr ona əzab verirdi, çünki məni heç sevmirdi, bununla belə, mənimlə söhbət etmək fürsətini fövtə vermirdi, mən onu ciddi qəbul etmirdim, bu da onu qəzəbləndirirdi, gümanımda yanıldığımı sübut etməyənədək sakitləşmirdi. 
Görünür, Luiza onun iç üzünü tanımağa başladığımı dumanlı da olsa duymuşdu. Öz həqiqətlərinə məni inandırmaqçün dəridən-qabıqdan çıxırdı, lakin mən inadımdan əl çəkmirdim. Luizanın qatı yalançı olmasına sona qədər əmin deyildim. Ola bilsin, özünü başqalarına nisbətən daha az aldadırdı, bəlkə də qəlbində hamıya gülürdü. Əgər beləydisə, onda məni ona bağlayan, bəlkə də hər ikimizin fırıldaqçı olması fikrinə qapılmasıydı, axı fırıldaqçıları bir-birinə bağlayan ümumi sirləri var, bu sirlərin açmasını özlərindən başqa bir kimsə də bilmir.
Luizanı ərə getməzdən əvvəl tanıyırdım. Çəlimsiz, arıq bir qız idi, iri qəmli gözləri vardı. Valideynləri onu çox sevirdi, hansısa yoluxucu xəstəlikdən sonra onun ürəyində problemlər yarandı, buna görə də səhhətini daha da qorumağa başladı.
Tom Meytlənd Luizaya evlənməyi təklif edərkən, valideynləri dəhşətə gəldi, axı qızlarının nə canı-cüssəsi vardı ki ərə getsin. Luizanın valideynləri güclə dolanırdı, Tom Meytlənd isə varlı adamıydı. Tom and içdi ki, Luiza üçün hər şey etməyə hazırdır, təki ona ərə gəlsin. Luizanın valideynləri Tomun vədinə inandılar. Tom Meytlənd boy-buxunlu, sağlam bədənli, qəşəng oğlan, gözəl idmançıydı. Tom onu canı qədər istəyirdi, başa düşürdü ki, Luizanın xəstə ürəyi var və bu ürəklə çox yaşaya bilməz. Luiza bu qısa ömür yolunda nə qədər yaşasaydı, Tom da bir o qədər onun qulluğunda dayanacaqdı. Tom sevimli idmanından əl çəkdi, ona görə yox ki, bunu Luiza tələb edirdi, yox, Luiza onun uğurlarına sevinirdi, qəribə təsadüfdəndirmi, ya nədəndirsə, Tom idmana, qolf oynamağa, yaxud ova getməyə hazırlaşarkən, bir də görürdün, Luizanın ürəyi getdi.
Lakin hər hansı bir məsələylə bağlı sözləri çəp gələndə, Luiza dərhal güzəştə gedirdi, bu qadın yer üzündə yaşayan bütün qadınlardan bəlkə də ən üzüyolası idi. Lakin Luizanın ürəyi sözünə baxmırdı. Bəzən bir həftə çarpayıda, yorğan-döşəkdə qalırdı. Belə vaxtlarında dinməz-söyləməz olurdu, şikayət-filan eləmirdi. Əlbəttə, Tom onun istəklərinin əleyhinə getsəydi, bu, qəddarlıq olardı. Tom arvadının yorğan-döşəyə düşməsinə baiskar olduğunu boynuna alır, çoxlu səhvlər buraxdığını Luizaya uzun müddət izah etməyə çalışırdı. Luiza isə yalnız uzun çək-çevirdən sonra öz bildiyi kimi hərəkət etməyə razılaşırdı. Bir dəfə Luizanın səkkiz mil addımlayıb, bizdən aralandığını görərkən, mən Toma eyham etdim ki, Luiza ilk baxışdan zəif görünsə də, səndən daha iradəlidir. Tom başını buladı və az qala uçunub dedi:
- Yox, yox, nə danışırsan? Sağlamlığı yaxşı deyil. Ona dünyanın ən yaxşı həkimləri baxıb, həkimlər deyir ki, Luizanın həyatı tükdən asılıdır. Sadəcə onun qeyri-adi iradəsi var, vəssalam.
Luizanın iradəsi barədə dediklərimi Tom arvadına çatdıranda, əzabkeş qadın belə dedi:
- Günü sabah mənə göz dəyəcək, görərsiniz, mən ölümün bir addımlığında olacam...
Mən etiraz etdim:
- Sizin kifayət qədər gücünüz var, istək də olsaydı, pis olmazdı.
Mən çoxdan müşahidə etmişdim ki, şən məclislərdə, arzu olunan tay-tuşlar arasında bu qadın hətta bütün gecəni yorulmadan rəqs edə bilir. Əgər burada ona sərf etməyən darıxdırıcı bir şey, yaxud kimsə olardısa, Tom mütləq onu evə aparardı. 
Deyəsən mənim cavabım onun xoşuna gəlməmişdi, Luiza mənə nəzakətlə gülümsədisə də, onun iri, mavi gözlərində ciddilik vardı. Luiza dedi: 
- Yoxsa gözləyirdiniz mən öləm, siz də baxıb həzz alasınız?! – o, dedi.
Luiza ərindən çox yaşadı. Onlar yaxtada dəniz səyahətinə çıxmışdılar. Luiza donmamaq üçün yun şala bürünmüşdü. Tom isə möhkəm soyuqladı və öldü. Tomdan Luizaya yaxşı miras və bir qız övladı qaldı. Luiza ümidsiz idi və onun belə bir zərbəyə dözməsi təəccüblüydü. Dostları Tomun ardıyca Luizanın da o dünyaya gedəcəyini gözləyirdi. Hamı Luizanın qızına acıyırdı. Yazıq qızcığaz tənha qala bilərdi. Buna görə də dostlar Luizaya diqqəti ikiqat artırdılar. Əlini ağdan qaraya vurmağa qoymurdular. Luizanın qayğısız və rahat yaşaması üçün əllərindən gələni əsirgəmirdilər. Başqa necə ola bilərdi?! Axı Luiza üçün hər hansı bir yorucu, yaxud maraqsız bir şey baş versəydi, dərhal ürəyini tutur, bayılırdı. Belə vaxtlarda o, ölümün bir addımlığında olurdu. Luiza deyirdi ki, onun qayğısını çəkə bilən adamın sadəcə olmaması onu məhv edə bilər, bəs o, sevimli Ayrisini bu zəif bədəni ilə necə böyüdəcək?! Hərdən, dostları deyirdi ki, yenidən ərə getsin. O isə ah-vay edib, cavab verirdi ki, bu xəstə ürəklə necə ərə getsin?! Əlbəttə, sevimli Tom onun ərə getməsini istərdi, yəqin Ayris üçün də belə daha yaxşı olardı. Eh, axı kim bu bədbəxt şikəstlə ailə qurar, onunla gün keçirmək istəyər?!
Qəribə də olsa, belə bir məsuliyyəti öz üzərinə götürmək istəyən "ovçular” kifayət qədər tapıldı. Tomun ölümündən bir il keçmiş Corc Hobhaus adlı bir nəfərə Luiza ərə getdi. Corc yaraşıqlı, ümidverici cavan bir oğlan idi, kasıb deyildi. O da Luizanın qulluğunda durmaqdan, bu çəlimsiz varlığa qayğı göstərməkdən əsir-yesir olur, bunu özünə şərəf hesab edirdi. Luiza isə ona deyirdi:
- Darıxıb-eləmə, mənim ömrümə onsuz da az qalıb...
Corc şöhrətpərəst adam idi, hərbiçiydi, ehtiyata buraxılmışdı. Luizanın səhhəti tələb edirdi ki, o, qışı Monte Karloda keçirsin, yayı isə Dovillada. Corc öz karyerasından dərhal əl çəkmək istəmədi, Luiza isə bu barədə əvvəlcə heç eşitmək belə istəmirdi. Amma Luiza həmişə olduğu kimi güzəştə getdi. Beləliklə, Corc özünü bütünlüklə ona həsr etdi ki, heç olmasa arvadı qalan qısa ömrünü mümkün qədər xoşbəxt yaşasın. Luiza isə deyirdi:
- İndi artıq ömrümə lap az qalıb. Sənə yük olmaq istəmirəm.
Xəstə ürəyinə baxmayaraq, növbəti iki-üç ildə Luiza demək olar ki, gözəl qiyafədə bütün gecə məclislərində, ziyafətlərdə kart oynayır, şənlənir, hətta gənc, yaraşıqlı və hündürboylu cavan oğlanları bicliklə ələ almağa çalışırdı. Lakin Corc Hophaus Luizanın birinci əri kimi o qədər də dözümlü deyildi. O, Luizanın gündəlik qayğıları ilə yaşaya bilmirdi. Bu səbəbdən spirtli içkiyə qurşanmışdı. Görünür, Corc buna adət etmişdi və bu da Luizanın heç xoşuna gəlmirdi. Lakin xoşbəxtlikdən (Luiza üçün), müharibə başladı. Corc hərbi hissəyə qayıtdı və üç ay sonra həlak oldu. Luizaya yenə ağır zərbə dəydi, lakin o qadın başa düşürdü ki, belə vaxtlarda kədərə qapılıb qalmaq olmaz. Onun ürəyi tutsa da, bu barədə heç kəs xəbər tutmurdu. Fikrini dağıtmaq üçün Luiza Monte Karloda öz villasını sanatoriya elədi. Bura sağalmaqda olan zabitlər üçün istirahət mərkəzinə döndü. Dostları Luizaya deyirdilər ki, o, bu cür gərginliyə dözə bilməz. Luiza razılaşıb, deyirdi:
- Əlbəttə, bu, məni öldürəcək. Bilirəm. Lakin elə ya belə mən öz borcumu yerinə yetirirəm.
Lakin bu iş də onu öldürmədi. Luiza həyatdan heç vaxt bu qədər ləzzət almamışdı. Onun sanatoriyası bütün Fransada ad çıxarmışdı. 
Mən Luizanı təsadüfən Parisdə gördüm. O, "Rits” restoranında çox yaraşıqlı, hündürboy bir fransız gənci ilə səhər yeməyi yeyirdi. Luiza mənə dedi ki, bura sanatoriyanın işindən ötrü gəlib. Zabitlər ona qarşı son dərəcə nəzakətlidirlər. Onlar bilirlər ki, o, çəlimsiz, zəif qadındır, buna görə də onu əziyyətə salmırlar. Zabitlər ona lap arvadını sevən ər kimi diqqət və qayğı göstərirlər. Sonra Luiza ah çəkdi və dedi:
- Yazıq Corc, kim bilərdi, bu ürəklə ondan çox yaşayacam?
- ...yazıq Tom! - mən də əlavə etdim. 
Bilmirəm nə üçünsə, mənim bu sonuncu sözlərim, yəni, Luizanın birinci ərinin adını çəkməyim, onun xoşuna gəlmədi. Luizanın üzünə adəti üzrə əzabkeş bir təbəssüm qondu, gözəl gözlərindən yaş süzüldü.
- Siz həmişə elə danışırsız, guya günah məndədir. Mənə elə gəlir, siz məni qınayırsınız. Mənim ömrümə onsuz da az qalıb və məncə, siz buna görə də məni günahkar hesab edirsiniz.
- Yeri gəlmişkən, sizin ürəyiniz artıq sağalıb, - dedim.
- Mənim ürəyim heç zaman sağalmayacaq. Bu gün özümü bir mütəxəssisə göstərdim. Dedi, gərək hər an ölümə hazır olam.
- Boş şeydi, siz artıq iyirmi ildi ölümə hazırlaşırsınız.
Müharibədən sonra Luiza Londona köçdü. O, hələ də arıq, çəlimsiz idi, gözləri iri, lakin solğun olmuşdu. Luizanın qırxa yaxın yaşı olsa da, heç kim ona iyirmi beşdən artıq yaş verməzdi. Ayris pansiondan çıxmış, artıq yekə qız idi. Köçüb gəlmişdi anasının yanına, birgə yaşayırdılar.
- Qızım mənim qayğıma qalacaq, - Luiza deyirdi. - Əlbəttə, qızımın mənim kimi şikəstlə yaşaması müşküldür. Lakin Ayris şikayətcil qız deyil. Axı mən günlərimi sayıram, az qalıb ömrümə.
Ayris gözəl qız idi. Ona ömrü boyu demişdilər ki, anan ciddi xəstəlikdən əziyyət çəkir. Hətta uşaqlıqda səs-küy salmağa belə icazə vermirdilər. Qız həmişə başa düşürdü ki, anasına həyəcanlanmaq olmaz, hər cür narahatlıq anasına ziyan verə bilər. Buna baxmayaraq, indi Luiza əminliklə deyirdi ki, heç vaxt razı olmaz, qızı ömrünü-gününü yaşlı, əldən düşmüş bədbəxt bir qadına qurban versin. Ayris bunu eşitmək belə istəmirdi. Məgər anaya qulluq etmək, özünü qurban verməkdir?! Yox, bu, xoşbəxtlikdir! Yazıq anaya nədəsə kömək göstərə bilirsənsə, bundan böyük səadətmi olar?! Luiza isə dərindən ah çəkib, onun xidmətini qəbul edirdi.
- Mənə yardımçı olmaq, Ayrisin ürəyincədir, - Luiza dedi.
- Bəlkə Ayris vaxtının daha çox hissəsini adamlar arasında keçirməlidir? - deyə soruşdum.
- Mən hər gün ona deyirəm. Amma onu əylənməyə məcbur edə bilmirəm. Allah görür, mən istəmirəm, kimsə məndən ötrü əziyyət çəksin. 
Mən Ayrislə bu barədə söhbət edəndə, görün o mənə nə dedi:
- Yazıq anam! Dostlarıma qonaq getməyimi, onlarla məclislərdə olmağımı istəyir, lakin mən harasa getmək üçün hazırlaşanda, o saat anam ürəktutmasından yıxılır. Yaxşısı budur, elə evdə oturum.
Çox keçmədi ki, Ayris bir oğlana vuruldu. Mənim bir tanışım vardı, çox yaraşıqlı bir gənc idi. O, Ayrisə könlünü açdı, qız da ona könül verdi. Ayris mənim xoşuma gəlirdi, buna görə də onun bu sevdasına sevindim. Sevinirdim ki, nəhayət, bu qızın da öz ailəsi olacaq. Görünür, Ayris əvvəllər heç ağlına da gətirməzdi ki, nə zamansa ailə qurar. Günlərin bir günü Ayrisin nişanlısı məyus-məyus mənə dedi ki, toy qeyri-müəyyən müddətə təxirə salınıb. Ayris anasını tək qoymaq istəmir. Əlbəttə, bunun mənə dəxli yox idi, lakin buna baxmayaraq, Luiza ilə görüşməyi qərara aldım. Luiza adətən dostlarını çay süfrəsinə dəvət edirdi. İndi bir qədər yaşlaşmış, ətrafına rəssamları və yazıçıları yığmağa başlamışdı.
- Eşitmişəm Ayris ərə gedir, - deyə hal-əhval tutub soruşdum.
- Hələ məlum deyil. Hələ yox! Amma çox istərdim, ərə getsin. Mən onun ayaqlarına döşənib yalvardım ki, ərə getsin, o isə məni tərk etmək istəmədiyini bildirdi.
- Sizə elə gəlmirmi, onun üçün çətindir?
- Dəhşət çətindir. Düzdü, mənim ömrümə bir neçə ay qalıb. Lakin düşünəndə ki, kimsə özünü məndən ötrü qurban verir, az qalır bağrım çatlaya.
- Əzizim Luiza, siz artıq iki ərinizi o dünyaya yola salmısınız, düzü, başa düşmürəm, nə üçün daha iki nəfəri də o dünyalıq etməyəsiniz?
- Burda gülməli heç nə görmürəm, - qadın soyuqqanlıqla dilləndi.
- Arzuladığınız niyyətlərə çatmağa sizin kifayət qədər gücünüz çatır. Çox qəribədir, nəsə istədiyiniz kimi getmirsə, o dəqiqə xəstə ürəyiniz sizə mane olur. Qəribədir, deyilmi?
- Ah! Mən yaxşı bilirəm siz mənim barəmdə nə düşünürsüz. Siz heç zaman mənim ciddi xəstə olduğuma inanmamısınız. Elə deyilmi?
Mən gözlərimi onun gözlərinə zilləyib, dedim:
- Heç vaxt! Hesab edirəm ki, bu iyirmi beş ildəki davranış və hərəkətləriniz başdan-ayağa saxtadır. Mən həyatımda sizin kimi özündənmüştəbeh və qəddar qadına rast gəlməmişəm. Sizinlə ailə quran iki bədbəxt adamın həyatını məhv etdiniz. İndi də doğma qızınızın həyatını cəhənnəmə döndərirsiniz.
Əgər Luizanın ürəyi tutsaydı, buna təəccüblənməzdim. Əmin idim ki, o, qəzəblənəcək, lakin Luiza sadəcə gülümsədi, sonra astaca dedi:
- Mənim bədbəxt dostum, az qalıb o günə! Bax, bu sözləriniz üçün çox peşiman olacaqsınız...
- Deyin görüm, Ayrisin ərə getməməsi barədə qərarınız qətidi?
- Mən ona yalvarıram ki, oğlana ərə getsin. Əlbəttə, bilirəm ki, bu, mənim axırıma çıxacaq. Nolsun axı? Mən kiməm? Sadəcə yükəm yük... hamı üçün...
- Siz də ona beləcə dediniz ki, ərə getsə, öləcəksiniz?
- Ayris özü məni məcbur etdi.
- Guya sizi, niyyətinizə əks bir işi görməyə məcbur etmək olar?
- Ayris istəyirsə, lap günü sabah evlənsinlər! Əgər bu, məni öldürəcəksə, qoy öldürsün, eybi yox!
- Bəlkə cəhd edək?
- Mənə bir damcı da yazığınız gəlmir?
- Mənə gülünc görünürsünüz, nə yazığı gəlmək?
Luizanın solğun bənizində azca ənlik göründü, hələ də gülümsəyirdi amma, soyuq və kinli baxışlarını sezmək mümkün idi. Nəhayət, qadın hökmlə dilləndi:
- Toy bir aydan tez olmayacaq! Və bir də... Əgər mənə bir şey olsa, ümidvaram ki, nə siz, nə də Ayris vicdan əzabı çəkməyəcəksiniz.
Luiza sözünün üstündə durdu. Toy günü təyin olundu, təmtəraqlı yer sifariş verildi, dəvətnamələr göndərildi. Ayris və gənc nişanlısı sevincdən işıq saçırdılar. Toy günü səhər saat on radələrində şeytan gəlincik Luizanın ürəyi tutdu və o, dünyasını dəyişdi. Öldü və onu öldürən Ayrisi ürəkdən bağışladı.
Tərcümə: Ramil Rahiboğlu
ANN.Az 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)