Edebiyyat.az » Proza » Ülviyyə Zülfüqar - ALQIŞLAR, QANADSIZ MƏLƏKLƏR(hekayə)

Ülviyyə Zülfüqar - ALQIŞLAR, QANADSIZ MƏLƏKLƏR(hekayə)

Ülviyyə Zülfüqar - ALQIŞLAR, QANADSIZ MƏLƏKLƏR(hekayə)
Proza
admin
Müəllif:
08:34, 05 dekabr 2020
2 167
0
Ülviyyə Zülfüqar - ALQ IŞLAR, QANADSIZ MƏLƏKLƏR(hekayə)





  • Ata, hər şey yaxşı olacaq. Sən sadəcə evdə qal. Zəng vuracam, qeydiyyata düşəcəm,  nazirlikdən sənə baş çəkməyə gələcəklər.
  • Qızım mənə görə narahat olma. Öz işin başından aşır. Sənin xilas etməli olduğun həyatlar var. Mən yaxşıyam.
  • Ata bölgələrə gediş- gəliş kəsilməzdən əvvəl sənə gəl dedim. Kaş ki, gələydin.
  • Qızım mən evimi, ananın xatirələrini buraxıb heç yana getmərəm. Özün bilirsən. Hələ karantin nə qədər davam edəcək bilinmir. Sən məni düşünmə, get, xəstələrin səni gözləyir.
  • Yaxşı. Özündən muğayat ol. Zəng vuracam yenə də.

Ülkər. Həkimdir. Ölkədə ilk koronavirusa yoluxma qeydə alındığı gündən bu virusu daşıyan xəstələrə yardım göstərmək üçün çalışır. Digər həkimlər kimi, o da peşəsini çox sevir. Virusun insanlığa hücum çəkməsindən sonra içində yaranan mübarizə ruhu, onu işinə daha da bağlayıb. Bu gecə həyat yoldaşı, televiziya jurnalisti olan İbrahim evdə idi. Yəqin ki, səhərə yaxın   Ülkər evə gələndə  yoldaşının onun üçün hazırladığı yeməyi yeyib, yorğun–arğın yatacaqdı. Təki bu gecə ölüm – itim olmasın.

  • İşimi əvvəlkindən də çox sevirəm. 
  • İnan ki, mən də
  • Bilirəm Sizin də işiniz çətindir əzizim. Siz işıqlandırmasaz, həyatınızı təhlükəyə atıb xəstəxanalardan süjetlər çəkməsəz bəlkə də insanları qaydalara riayət etməyə inandırmaq daha çətin olardı. 
  • Qızımız üçün darıxıram. Bir həftədir uşağı görmürük.
  • Yad yerdə deyil ki, əzizim. Ananın yanındadır. Biz işə gedib – gəlirik, uşağı evdə saxlamaq təhlükəli idi. 
  • Bilirəm, amma şeytan üçün darıxmamaq mümkün deyil. Hələ ki, təzə- təzə “ata” deməyə başlayır. Axşam mütləq skype ilə danışaq.
  • Sən mənim də əvəzimə danışarsan. Mən işdə olacam. Növbədəyəm bu gecə.

İş başında. Onlarla xəstənin ona ümidlə dikildiyi baxışlarının altında çalışırdı Ülkər. Xəstəxanada isə bu gün vəziyyət çox gərgin idi. Bir günün içində 40-a yaxın xəstə gətirilmişdi. Aralarında vəziyyəti çox ağır olan, Ülkərin atası ilə eyni yaşda bir nəfər də var idi. Şüuru qapalı idi. Başının üstündə çoxlu həkimlər toplaşmışdı. 

  • Xəstənin təzyiqi sürətlə düşür.
  • Nəfəs almır.
  • Oksigen maskasını verin. Tez olun.
  • Xəstəni itiririk həkim.

Ülkər düşünmədən həmin xəstənin çarpayısına yaxınlaşdı. Sanki onun əvəzinə kimsə sürətli qərarlar verirdi.

  • Ventilyatoru qoşun. Cəld olun. 
  • Həkim...
  • Nə deyirəm onu edin. 

Bundan sonra baş verənləri Ülkər özü də sonradan təəccüblə xatırlayacaqdı. Bir anın içində necə cəsarətli qərarlar verdiyini, xəstəni az qala o biri dünyadan necə geri gətirdiyini özü də güc bəla ilə yadına salacaqdı. Və budur. Aparatdan həyat səsi eşidilməyə başladı. Zumerlər ritmik olaraq bir – birini əvəzlədi. Xəstə həyata qayıtdı. Gözlərini açmasa, şüuru hələ qapalı olsa da ürəyi döyünməyə başladı. Bir neçə saniyəlik şok sükutu çökdü. Həmkarları təəccüb və heyranlıqla Ülkərə baxırdı. Nəhayət dilləri söz tutdu.

  • Sən onu ölümün pəncəsindən qopardın. 
  • Vallah elə oldu. 

Ülkərin bədəninə sanki birdən birə qan gəldi. Onsuz da ağır və hava keçirməyən geyimin içində onu birdən – birə tər basdı. Üzünə kip yapışan eynəyi tərlədi. Gözlərindən sevinc damlaları düşdü. Amma bu sevinc damlaları belə onu incidirdi. Göz yaşı damlaları eynəklə dərisinin arasına keçdiyi zaman üzündə açılmış yaralara dolur, duzlu su zədələnmiş dərisini yandırırdı. Amma Ülkər göz yaşlarını silə bilmirdi. Ən adi bir hərəkətdən – göz yaşlarını silməkdən belə məhrum idi. Xəstə həyata qayıtsa da sağlamlığına olan ciddi təhlükə davam edirdi. Xəstəxanada olanların arasında ən ağır vəziyyət onda idi. Daha 5 nəfərin də vəziyyəti orta ağır olaraq qalmaqdaydı. Ülkər, indi xilas etdiyi yaşlı dayı da başda olmaqla vəziyyəti ağır olanlara, eləcə də digər xəstələrə yeri gəlsə gücündən də o tərəfə, bütün sərhədlərini keçməklə yardım etməyə özünə söz verdi.

   Səhər saat 6 idi. Ülkər növbəsini təhvil verməli idi. Evdə yəqin ki, yoldaşı onun üçün ləzzətli yemək hazırlayıb masanın üzərinə qoymuş, özü isə yatmışdı. Artıq saatlardır Ülkərin kürəyindən axan qaynar tər, vücudunda sürüklədiyi, zərrə belə keçirməyən geyim onu yormuşdu. Üzündə yaralar açan eynək və filtrli maska əzalarına toxunduqca dərisi daha da inciyir, sürtünmədən zədələnib göynəyirdi. Ülkər növbəsini təhvil vermək üçün otaqdan çıxmaq istəyərkən yenidən səslər eşitməyə başladı. Vəziyyəti ağır olanlardan birinin durumu kritikləşmiş, ölümlə arasında tükdən nazik bir məsafə qalmışdı. Ülkər düşünmədən ora yönəldi. Bu bir qadın idi, qırx-qırx beş yaşlarında. Ürəyi dayanırdı. 

  • Qızı ürəyində problemləri olduğunu demişdi. 
  • Xırıldayır artıq. Gecdir. 

Ülkər bu dəfə gec qaldı. Göstərilən bütün səylərə baxmayaraq ürəyində işemik xəstəlik olan qadın dünyasını dəyişdi. Otağa ölüm sükutu çökdü. Əzrail burda idi. Həkimlərin əlindən qadını alaraq göylərə aparırdı. Aparatdan gələn uzun zumer səsi hər kəsin qulağında ən üzücü rekviem kimi səslənirdi. Bir həyat, bir ocaq söndü. Bir ana övladlarını tərk etdi. Ailəsi son anında  yanında ola bilmədi. Nədənsə Ülkər bu zaman son nəfəsində anasının yanında ola bildiyi üçün özündən asılı olmadan şükr etdi. Qeyri- ixtiyari ağlına gələn bu düşüncə üçün həmin an da özünü qınadı. Nəhayət üzücü sükutdan sonra Ülkərin dilindən bu sözlər qopdu.

  • Qərargaha xəbər vermək lazımdır. 

Bu gün yoldaşı efirə hazırladığı xəbərlərdə ölkədə bir nəfərin koronavirusdan dünyasını dəyişdiyini, onun virusla yanaşı paralel xəstəliklərinin də olduğunu deyəcəkdi. Ülkər isə bu anları yaşamışdı. Həmin o, dünyasını dəyişən bir nəfər xəbərini, o cümləni gözləri ilə görüb, qəlbi ilə hiss etmişdi.

   Növbəsini təhvil vermək istəmirdi. İnsanlar həyatı uğrunda mübarizə apararkən, ölüm bu qədər yaxın ikən əynindəki ağır geyimin, üzündəki sərt əşyaların onu incitməsi Ülkərə çox cılız görünürdü. Günortaya qədər, baş həkimin onu az qala evinə qovduğu anadək ac – susuz işləməyə davam etdi. Daha bir neçə ağır xəstəyə yardım etmiş oldu. Nəhayət evin yolunu tutmaq qərarına gəldi.

   Qapını yoldaşı açdı. Ülkər təəccüblə ona baxdı. Axı niyə işə getməmişdi? Kefi yox idi deyəsən. Masanın üzərindəki yemək də tələsik hazırlanmışdı. Ülkər həyəcan keçirməyə başladı. İbrahim onun qoluna girərək divana əyləşdirdi. Ülkər hələ də təşvişlə yoldaşına baxırdı.

  • İbrahim nə olub? Nəsə birtəhərsən.
  • Əzizim, əyləş, deyəcəm.
  • Bismillah, yüz faiz nəsə olub. Dəfnə yaxşıdır? Sən Allah düzünü de. 
  • Qızımız yaxşıdır, narahat olma. Nənəsinin yanında, bağdadırlar. 
  • O zaman kim? Nə olub, Sən Allah ürəyimi üzmə de. 
  • Ülkər...
  • Hə, de əzizim.
  • Qorxma, amma atanı bu gün xəstəxanaya aparıblar. Təcili yardım gəlib, kişidə nəfəs darlığı yaranıb qəfildən, yaxşı ki, qonşu çəpərdən görüb. Həkimlər gəlib test ediblər. Atanda koronavirus aşkarlanıb. 

Artıq Ülkər heç nə eşitmirdi. İbrahim sadəcə ağzını açıb yumurdu. Ülkər donmuşdu sanki, əlləri ilə divanın kənarlarını sıxırdı. Gücü sadəcə buna yetirdi. Hələ bu gün səhər şükr etmişdi valideyninin son anını görməsinə, birdən atasına nəsə olarsa?... Yox Allah eləməsin. Amma indi atasının canı ağrıyır və o valideyninin yanında ola bilmir. İndi Ülkər özünü 2 yaşında, valideyninə möhtac, onun ağuşunu arzulayan körpə kimi hiss edirdi. Sanki 30 yaşında, peşə sahibi bir qadın deyil də atasını axtaran körpə uşaq idi. 

 Bir anda yerindən atıldı. 

  • Mən atamın yanına gedirəm. Atamı görməliyəm.

İbrahim qapıya doğru çırpınan Ülkəri güc bəla ilə tutub saxladı. 

  • Əzizim, hara gedirsən, yollar bağlıdır. Gedə bilməzsən.
  • Burax, burax deyirəm.

Təbii ki, İbrahim onu buraxmadı. Ülkər çarəsizcəsinə göz yaşları içində yerə çökdü. İbrahim onun göz yaşlarından islanmış üzünü ovucları arasına aldı. Ülkər hıçqırırdı.

  • Ülkər bax mənə! Mənə bax! Üzümə bax! Atan yaxşı olacaq. O sənin həmkarlarının yanındadır. Sənin kimi onlar da atana var gücləri ilə kömək edəcəklər. Səni burda atanla eyni yaşda olan ahıl, gənc, uşaq, neçə nəfər xəstə gözləyir. Sən onlara yardım etdikcə atan da orada yaxşı olacaq. İnan mənə.

İbrahim haqlı idi. Ülkər bir anlıq emosional davranışına görə utanmağa başladı. Söhbət onun atasından, valideynindən gedirdi. Amma o indi hər zamankından daha güclü olmalı, həmkarlarına güvənməli idi. Güvənmədiyi tək şey atasının yaşlı, insult keçirmiş olması idi. Daha bu sabahkı səhnə gözünün önündən getməmişdi.  

  Atasının telefonuna zəng vurarkən heç kəsin cavab verməməsi ayrı bir hüzn idi. Anasının vəfatından sonra dünyası yıxılan atası hər dəfə nə qədər üzgün olsa da telefona cavab verərkən pozitiv səs tonu seçir, qızını üzməmək üçün çox yaxşı olduğunu deyirdi. İkisi də bilirdi ki,  bu belə deyil. Bir-birini üzməmək üçün müsbət notlarda da davam edirdilər. İndi isə telefona heç kəs cavab vermir...

  Ülkər özündə güc tapıb işə getməli, orda yolunu gözləyən insanlara yardım etməli idi. Elə də etdi. Bu lap teatrı ifadə edən – gülən və ağlayan maska kimi idi. Bir üzü ağlayarkən, digəri ilə xəstələrinə ruh vermək üçün gülümsəməli, güclü olmalı idi. 

  • Həkim, Sizin dünən xilas etdiyiniz yaşlı kişinin halı yaxşı deyil. 
  • Nə olub ki?
  • Şüuru hələ də qapalıdır, arada ürək ritmində dəyişmələr olur.

Birdən onun atasında da belə hallar baş verərsə? Axı insult keçirib. Vəziyyəti çox təhlükəlidir... Ülkər yaşlı xəstəyə yaxınlaşdı. 

  • Təvəllüdü neçədir?
  • 1947.

Eynilə atası yaşdadır. Bu bir təsadüfdür, yoxsa işarədir? Ülkər atasının da öz işlədiyi xəstəxanada olmasını arzuladı. Ən azından görə bilərdi. Amma atası rayon mərkəzi xəstəxanasındakı həmkarlarının yanında idi. Ülkər gözləri qapalı olan xəstəyə yaxınlaşdı. Sanki içində ona güc verə biləcək əlavə can hiss edirdi. Qeyri-ixtiyari əllərini uzadıb xəstənin əlini tutdu. Yavaş – yavaş sıxmağa başladı. İçindən sanki ona doğru bir enerji selinin axdığını hiss edirdi. Ürəyində onunla danışmağa başladı.  “Xahiş edirəm səndən. Oyan. Özün üçün, həmyaşıdların üçün... Atam üçün oyan ki, bizə də bir ümid olsun. Yaşlı, xəstəliyi olan insanların qurtula biləcəyinə dair işıq yansın ruhumuzda. Sən bəlkə də nələrlə çarpışmısan bu yaşına qədər. Bir virusamı yeniləcəksən? Övladların, nəvələrin səni gözləyir. Bəlkə xaricdə yaşayan bir qızın var. Ölkəyə gələ bilmir, amma ürəyi, ağlı sənin yanında qalıb. Bəlkə yoldaşın həyatdadır və ahıl yaşında onu buraxmamağın üçün hər gün dua edir. Qayıt. Səni geri çağırıram. Gedə bilməzsən. Bax ruhunun ətəklərindən yapışmışam. Buraxmayacam. Qayıt. Lütfən”.

  Rezin əlcəyin üstündən bir tərpəniş hiss etdi. Xəstə barmağını tərpətmişdi. Ülkər həyəcanla əvvəlcə xəstənin tərpənən barmağına sonra üzünə baxdı. Xəstənin göz qapaqları titrəyirdi. Ürək döyüntüsündə stabilləşmə var idi.

  • Həkim mən inana bilmirəm, siz həqiqətən də bu adamın qoruyucu mələyisiz. Əvvəlcə onu həyatda saxladız, indi isə həyatına geri qaytarırsız. Baxın, gözlərini açır. 

Ülkər göz yaşlarından  dumanlanmış eynəyinin arxasından xəstənin yavaş – yavaş gözlərini açmasını görürdü. Yaşlı, zəif əl ovuclarında hərəkətini sürətləndirmişdi. Yüngülvari inilti səsi eşidilirdi. Kişi gözlərini açar-açmaz digər həkim sevinclə dilləndi.

  • Dayı səni bax bu xanım xilas etdi. Ölümün pəncəsindən aldı, həm də iki dəfə.

Ülkər səslə, hayqıraraq ağlamaq istəyirdi. Amma sadəcə içində çəkə - çəkə göz yaşlarını bayıra – daha doğrusu eynəkdən zədələnmiş üzünə axıda bilirdi. Xəstələri qorxutmaq olmazdı.  İndi sadəcə bu adamın xilas olmasına sevinirdi. Həm də çox sevinirdi. Demək ki, ümid var. İnsanlar üçün, insanlıq üçün, atası üçün. 

   Ülkər özündə əvvəlkindən də böyük güc hiss edərək işləyirdi. Yaşlı xəstənin oyanması ona stimul vermişdi. Yaşından asılı olmayaraq bütün xəstələrə xüsusi diqqət və nəvaziş göstərirdi. Yaşlılara daha böyük qayğıyla yanaşırdı. Rafiq dayının – həyatını iki dəfə xilas etdiyi xəstənin adı belə idi – çarpayısından isə bir an gözünü ayırmır, nəzəri hər zaman üzərində olurdu. Artıq Rafiq dayı başı ilə ona deyilənlərə reaksiya verirdi. Qollarını hərəkət etdirirdi. Onu əzrailin əlindən dartıb almışdılar. Yenmişdilər ölümü. Şüuru üzərində olan hər xəstənin çöhrəsindəki təşəkkürü görmək Ülkərə qəribə hisslər yaşadırdı. Bir dəfə özü ilə yaşıd olan bir gənc qadının çarpayısına yaxınlaşdı. Onu təzə gətirmişdilər. Vəziyyəti stabil idi. Amma test nəticəsi müsbət çıxmışdı. Qadın Ülkərə alçaq səslə nəsə deyirdi. Normal danışdığı zaman tənginəfəs olduğu üçün yalnız bu tonda danışa bilirdi. Ülkər onu dinləmək üçün aşağı əyildi. Qadın zəif səslə dilləndi.

  • Heç ağlıma gəlməzdi ki, özüm bu xəstəlikdən bu çarpayıda uzanmış olacam. O eynəyin arxasında deyil, önündə olacam. 
  • Narahat olmayın yaxşı olacaqsız. 
  • Mən də həkiməm bacım. Koronavirusa yoluxan xəstələrlə işləyirdim. Etdiyim ən kiçik ehtiyatsızlıqda yoluxdum. Paltarlarımı qaydaya uyğun çıxartmadım. Ona görə sizin etdiyiniz bütün addımları bilirəm. Bizim işimiz həqiqətən də risklidir. Ön cəbhədə vuruşan əsgərlərik biz bu an. Həm də birbaşa əzrailin özü ilə.

Ülkər bu sözlərdən qorxmadı, əksinə qürurlandı. Xəstəxanada bu günlərdə nə qədər duyğulu anlar yaşanırdı. Ülkərin günlərdir görmədiyi övladı, virusa yoluxmuş atası sanki bu duyğu selinin içində ümumiləşir, bəşəriyyətin bir parçası olaraq qarşısına çıxırdı. Çarpayıda uzanan həmkarı sanki onun qəlbini oxudu.

  • Mən də günlərdir oğluma həsrətəm. Sən demə ən böyük nemətlərimizin dəyərini bilmirikmiş. Övladımıza bir dəfə sarılmaq, Günəşin altında gəzə bilmək, doğmalarımıza toxuna bilmək, sonuna qədər nəfəs ala bilmək, nə böyük nemətlərmiş.

Qadın sözünün ardını gətirə bilmədən öskürməyə başladı. Ülkər oksigen maskasını onun üzünə yerləşdirərək sakitləşdirdi. Saçlarını sığallayaraq digər xəstələrin yanına keçdi.

   Aradan 4 gün keçmişdi. İbrahim Ülkərin atasının durumunu yaxından izləyir, tez – tez məlumat alırdı. Ülkərdən xahiş etmişdi ki, bu missiyanı ona həvalə etsin. Ülkər sanki nəsə eşidəcəyindən qorxurmuş kimi razılaşmışdı. İki gündür ki, İbrahimə Ülkərin atasının durumunun yaxşı olmadığını, çökmüş ciyərlərinin işləməsi üçün ventilyatora bağlandığını demişdilər. Amma İbrahim bunu yoldaşına deyə bilmirdi. Ülkər hər dəfə soruşanda – narahat olma durumu stabildir deyirdi. Ülkər də ya ona inanır, ya da inanmaq istəyirdi. 

   Xəbər otağında iş həddindən artıq çox idi. Bütün komanda COVİD-19 la bağlı ölkədə baş verənlərə, qərargahdan gələn xəbərlərə, karantin qaydaları ilə bağlı yeniliklərə köklənmişdi. Demək olar ki, 10 dəqiqədən bir yeni bir xəbər gəlirdi. Dövlət başçısı əhalini qorumaq üçün tapşırıqlar verirdi.  Lakin hələ qərargahdan yoluxma ilə bağlı statistik xəbər gəlməmişdi. İbrahim  6 efirinə hazırlaşırdı.  

  • Kaş ki, bu gün ölüm itim olmaya, yoluxan sayı da az ola.
  • “Metro bağlanır, məlumat gəldi”... “Tamamilə fəaliyyəti dayandırılır”...

Xəbər otağından bu kimi cümlələr yüksəlirdi. Efirə son dəqiqələr qalırdı. Efir başladı, İbrahim birinci xəbəri oxudu. Süjetə keçid oldu. Bu zaman rejissor assistenti efirə daxil olaraq İbrahimə kağız uzatdı

  • Yoluxma statistikasıdır, Qərargahdan gəlib. Əldən oxu.

Və budur yenidən studiya və İbrahim xəbərləri oxuyur. – Bu gün Azərbaycanda daha 44 nəfərdə yeni növ koronavirusa yoluxma faktı aşkarlanıb. 56 nəfər sağalaraq evə buraxılıb. 1 nəfər 1947 –ci il təvəllüdlü, əvvəlcədən insult keçirmiş vətəndaş dünyasını dəyişib... İbrahim geridə qalan cümlələri mexaniki olaraq oxudu. Təvəllüd, xəstəlik eyni... Kağız əlində titrədi, lakin mətanətini qoruyub saxladı. Efir bitər-bitməz telefona sarıldı. Tək istəyi ən azından – durumu ağır olaraq qalır sözünü eşitmək idi. Heç olmasa bu sözü eşitsə idi şükür edəcəkdi. 

  • Təəsüf edirik İbrahim bəy. Xəstə bu gün günorta saatlarında dünyasını dəyişdi...

Dünyasını niyə dəyişir insan? Bu dünyadan yorulduğu üçünmü? Dünyamız bir dənədir, onu niyə dəyişirik axı? Həm də sevdiklərimzin dünyasını başına yıxaraq.  İbrahim hələ də telefon qulağında donub qalmışdı. Eşitdiklərinə heç cür inanmaq istəmirdi. Sanki yığdığı video süjetlər kimi burada da anı geriyə çəkib, yenidən eşitmək istəyirdi. Bəlkə səsləndirmədə problem var? Lakin, təəssüf. Artıq bitmişdi. Həm də adi ölüm kimi deyil. Başqa cür bitmişdi.

  Rafiq dayı artıq danışa bilirdi. Vəziyyəti günü- gündən yaxşıya doğru gedirdi. Bir neçə günə evə buraxılacağı deyilirdi. Ülkər digər xəsətələrdən sonra Rafiq dayıya yaxınlaşdı. Gülümsədi, ancaq təbəssümü belə üzündəki filtrli maskanın arxasında gizlənmişdi.

  • Rafiq dayı necəsiz?
  • ... Sağ ol həkim. 
  • Bir narahatlığınız, ağrıyan yeriniz yoxdu ki?
  • Yox, yox, şükür yaxşıyam.
  • Hər zaman yaxşı olun. Bir neçə günə təkrar test edib sizi yola salacağıq. Övladlarınıza qovuşacaqsınız.
  • İnşallah.

Ülkər çevrilib geri qayıtmaq istəyəndə Rafiq dayı arxadan onu səslədi.

  • Qızım!

Səsi bu an atasının səsinə o qədər bənzədi ki, Ülkərə elə gəldi atası onu çağırır. Bir anlıq duruxduqdan sonra geri çevrildi. 

  • Bəli Rafiq dayı.
  • Məni iki dəfə həyata qaytarmısan qızım. Çox sağ ol. Sağ ol ki,  yanımda oldun. 

Son cümlə şimşək kimi səsləndi Ülkərin beynində. Xəstəyə güc bəla ilə başını tərpədib sağ ol deyərək otaqdan çıxdı. Göz yaşları sel olaraq dərisi yaralı üzü ilə dayanmadan axırdı. Xəstələrinin yanında idi. Təbii bu belə də olmalı idi. Lakin xəstəliklə çarpışan atasının yanında deyildi. Ülkər ayaqları yorulana qədər dəhliz boyu sürətlə yürüyərək bütün gücünü, emosiyalarını yorğunluğundan çıxdı. Nəhayət ayaqları yoruldu və xəstəxana stuluna əyləşdi. İndi isə gülümsəyirdi. Təbəssüm qarışıq ağlayırdı. Sağaltdığı, can verdiyi xəstələrin sayı günü – gündən artırdı. Bu təşəkkür onun zərif qəlbini daha da kövrəltmişdi. 

   Axşam evdə sevinc dolu kəlmələrlə olanları İbrahimə danışmaqdan qürur duyurdu. O qədər fərəh dolu idi ki, heç İbrahimin üzgün baxışlarla onu seyr etməsinin fərqinə belə varmırdı. İbrahim atasının xəbərini Ülkərə necə və hansı formada çatdıracağını bilmirdi. Ələlxüsus belə sevincli anlarında. 

  • İbrahim o mənə təşəkkür etdi. Rafiq dayı orada ən ağır vəziyyətdə olan xəstəm idi. Onu həyata qaytardıq. Son məqamda həm də. Bu təşəkkür sözləri həyatımda eşitdiyim ən gözəl cümlələrdən idi. Bütün dərdimi, tasamı unutdum. 

İbrahim kədər qarışıq gülümsədi. Yox bu gecə deməyəcəkdi. Bu sevinci poza bilməzdi. Bir gün tez, bir gün gec faydası yox idi onsuz da. Ülkərin atasını artıq dəfn etmişdilər. Yollar bağlı idi, gedə də bilməzdi. İbrahim bir günlük susmağı qərara aldı. 

   İbrahimin efirə hazırladığı xəbərlərin arasında bu gecə saat 21 radələrində ölkədə bütün həkimlərin alqışlanacağı, prezidentin tapşırığı ilə Alov qüllələrinin üzərində onlara təşəkkür ediləcəyi də var idi. Efirə çıxıb qürurla bu xəbərləri təqdim etdi. Sonra isə evə yollandı. Ülkər bu gün evdə idi. Gecə növbəsində işləmək üçün saat 10-da evdən çıxacaqdı. Artıq atası ilə bağlı xəbəri bilməsi lazım idi. Sonra gecikdirdiyi üçün İbrahimdən inciyə bilərdi. Bu ağır xəbəri, ağır şərtlər altında vermək üçün İbrahim haradan başlayacağını bilmirdi. Efirdə onlarla xəbəri bütün  ölkəyə  verə bildiyi halda, bir xəbəri bir insana vermək ona çox çətin gəlirdi. 

  Axşam saat iyirmi radələri idi. Evə çatdı. Ülkər qapını açdı. Və ilk sualı da sanki ürəyinə dammış kimi belə oldu.

  • İbrahim atamdan bir xəbər almamısan?
  • ...
  • Günorta yatmışdım, yuxuma girmişdi. 
  • Nə deyirdi?
  • Üzünü görə bilmədim, bulanıq idi. Səsini eşitdim. Çağırdı bir iki dəfə məni. Dalınca getdim tapa bilmədim. Boş, qaranlıq bir düzənliyə çıxdım.

İbrahim ağır-ağır gözlərini yumdu. Yumruqlarını sıxdı. İndi. Məqam idi. 

  • Əzizim, əyləş.
  • Bismillah. Nəsə olub? Nə olar de ki, yaxşıdır.
  • Otur deyəcəm. 

Yoldaşının çiyinlərindən tutdu. 

  • Ülkər sən gözəl insansan, anasan. Güclü həkimsən. Rafiq dayı kimi neçə - neçə xəstələrə can oldun, yenidən həyata qaytardın. Ön cəbhədə döyüşən güclü bir əsgər, əzmli bir qadınsan. Həyat bizi sınaqları ilə güclü edir. Bu da bir imtahandır. Bu imtahandan da digərləri kimi üzü ağ çıxacaqsan. Bu xəstəlik yaşlıya cavana, zənginə yoxsula, həkimə  baxmır. Xaincəsinə davranır. Səndən bir can alsa da sən onun inadına onlarla cana yenidən həyat verirsən.

Son cümlədən sonra Ülkərin sinəsinin üzərinə ağırlıq çökməyə, nəfəsi ağır-ağır almağa başladı. İbrahimin qollarından tutub ixtiyarsızcasına sıxdı. 

  • İbrahim?
  • Ülkər, atan səndən hər zaman razı olub. İndi də razıdır. Əmin ol. Sən onun yanında ola bilməsən də ona bu zülmü rəva görən xəstəlikdən bunun əvəzini çıxdın, əlindən neçə can aldın. Əmin ol atan bu dəqiqə göylərdən sənə baxır, səninlə qürur duyur. 
  • Atam? ....
  • Atan dünyasını dəyişib Ülkər...

Ülkər yüksək səslə içini çəkdi. Zaman dayandı sanki. Dünya bomboş boşaldı. Səhraya döndü. Bu səhrada balaca bir qızcığaz atasını səsləyə - səsləyə mənzilini bilmədən qaçmağa başladı. Boşluğun özü bir canavara dönüb qızcığaza hücum çəkdi. Bütün ışıqlar söndü. Ülkərin burnuna atasının qoxusu gəlməyə başladı. 6-7 yaşlarında olanda atası işdən gec gəldiyi zaman həmişə onun köynəyini qoxulayar və sakitləşərdi. Həmin qoxunu duydu. Anası dünyasını dəyişdikdən sonra anidən böyümüş, müdafiəsiz qaldığını hiss etmişdi. İndi isə bu gen dünyada özünü kiçik bir sərçə kimi gücsüz, bapbalaca hiss etdi.

  • Aaaaaaaahhhhhh...

Sinəsindən yanğı dolu bu hayqırtı qopdu. Yerə çökdü. İbrahim ona sarılıb ovutmağa çalışırdı. Ülkər içi yana – yana ağlayırdı. Atası, yanında heç kəs olmadan, övladını sonuncu dəfə belə görə bilmədən getdi. Yas mərasimi belə verə bilmədi. Ehsanı belə olmadı. Yanında ola bilmədi. Lənətə gəlmiş pandemiya ondan atasını aldı. 

  • Ülkər güclü ol əzizim. Xahiş edirəm. Sən güclü insansan, güclü həkimsən. Dayan əzizim.

  1 saata yaxın vaxt keçmişdi. Ülkər bir qədər sakitləşib divanda əyləşmişdi. Donmuş halda bir nöqtəyə baxırdı. Çox qəribədir heç bir şey düşünmürdü. Sadəcə baxırdı. İbrahim ona su gətirdi. Sudan belə bir qurtumdan o tərəfə içə bilmədi. Dodaqları hərəkət edə bilmirdi. Tükənmişdi.   Saat 21 : 00 idi. İbrahim Ülkərin əlindən tutub oturduğu yerdən qaldırdı.

  • Gəl əzizim, eyvana gəl.

Ülkər tərpənmədi.

  • Çox xahiş edirəm. Qızımızın, mənim xatirimə.

Yerindən qalxdı, yoldaşının ardınca eyvana çıxdı və... Nə baş verdiyini anlaya bilmədi. Bütün şəhəri alqış sədaları bürümüşdü. Bütün eyvanlardan sanki hər kəs onu alqışlayırdı. “Çox sağ olun həkimlər, təşəkkürlər” sədaları şəhərin səmasını başına almışdı.

  • Əzizim, bu alqışlar sənin üçün, siz həkimlər üçündür. Əzrailin əlindən qopardığınız canlar üçün sizə təşəkkür edirlər.

Ülkər özündən asılı olmadan gözü yaşlı gülümsədi. Sonra bu təbəssüm gülüşə keçdi. Ağlaya – ağlaya gülməyə başladı. Alqış sədaları onu sanki səmaya ucaldırdı.  Qonşu eyvandan kimsə uca səslə səsləndi.

  • ALQIŞLAR QANADSIZ MƏLƏKLƏR...

Ülkər dönüb İbrahıma baxdı. İbrahim başı ilə təsdiq etdi. Doğru deyirlər. Bu dünyada insan cildində olan qanadsız mələklər. İnsanları ölümün, koronavirusun caynağından çəkib alan qoruyucu mələklərdir- həkimlər. Bəşərin hər şeyi - bütün müharibələri, problemləri, rəqəmləri unudub zəif və köməksiz halda sığındığı mələklər. Ülkər artıq ağlamırdı. Sadəcə gülümsəyirdi. Ürəyindəki ağırlıq xeyli yüngülləşmişdi. İbrahimə tərəf çevrilərək dedi.

  • Gedim hazırlaşım. Bir azdan gecə növbəsinə getməliyəm. Xəstələr məni gözləyir...

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)