Edebiyyat.az » Proza » Orxan Kərimov - Görüş

Orxan Kərimov - Görüş

Orxan Kərimov - Görüş
Proza
admin
Müəllif:
22:23, 13 fevral 2021
2 374
0
Orxan Kərimov - Görüş




  

-    Düşündüm ki, gəlməyəcəksən.
-    Səni son dəfə də olsa görməyə dəyər.

Son  sözünü işlədəndə ürəyimin çox xəfif şəkildə sızıldadığını hiss etdim. Budur,  o , yenə qarşımda idi. Fərdi olaraq kiminsə oxşarı deyildi, ümumən sovet qadınlarına bənzəyirdi. Bənzəyirdi nədi, tipik sovet qadını idi və elə bil indicə o dövrdən çıxıb gəlmişdi. Çoxdandı Bakının belə qədim küçələrinə yolum düşmədiyini nəzərə alsaq, mənim o dövrə qayıtmış olmağım da pis bir hal deyildi. 

Görüşün son olduğundan ikimiz də qəti olaraq əmin idik. Elə bu səbəbdən onu indi daha dərin, daha dəqiq analiz edib, incələmək istəyirdim. 
Nəzərə çarpacaq dərəcədə çağdaş qadınlardan fərqli olaraq, çox təbii görünürdü; payızın bütün rəng çalarlarını özündə daşıyan saçları səliqəsiz və sadə şəkildə arxadan yığılmışdı, qaşlarının forması indiki dəbə uyğun deyildi. Üzündəki xırda nahamarlıqlar  kosmetikanın müasir uğurlarıyla ört-basdır edilməmişdi deyə, xaricdən gətirilən almalar kimi bərq vurmurdu, əksinə, orqanik meyvələr tək kələ-kötür idi. 
Bütün bunlara baxmayaraq, hətta mən deyərdim, bütün bunlara görə, o, adama xoş təsir bağışlayır və olduqca doğma gəlirdi. Gözlərindəki təbii işıltı üzünə zər kimi dağılıb parıldayırdı. Mənim diqqətimi çəkən və onu sovet qadınlarına bənzədən də elə baxışlarındakı bu işıltı idi. 

Məni iliklərimə qədər yandırıb-yaxan bu simanı artıq unutmalı idim. Bunu bilirdim, qəbul da edirdim . Amma   gözlərim saçlarının “barmaqlıqları” arasında  həbs edilmişdi və mən  nə qədər güc toplasam da gözlərimin amnistiya sənədini imzalaya bilmirdim.. Azadlığa çıxmaları üçün.. 

O, çox ciddi cəhdlə danışır, verdiyi qərarın doğru olduğunu dünyanın bütün qanunları və qanunsuzluqlarıyla amansızcasına mənə izah etməyə çalışırdı. 
Mən isə sanki heç nə eşitmir, böyük bir sükunət içində onu məsamələrinə qədər əzbərləməyə çalışırdım. 

O, mənim bu sükutumdan nələrisə anladığımı düşünür, danışığını daha da sərtləşdirir , sərt olarsa daha tez razılaşıb, vəziyyətlə daha asan barışacağımı  təxmin edirdi.

Mən isə qızım deyərək əzizlədiyim, sevdiyim bu qadının əslində bütün qız uşaqları kimi bir gün böyüyüb , üsyan edib, qəlibindən çıxaraq öz həyat yolunu ayıracağını bilirdim. Bunu bildiyim halda məni boğan, bu ayrılığın belə boş bir səbəbdən olması idi. 

İkinci saat dolurdu artıq. Hələ bir qurtum da çay içməmiş, masadakı heç nəyə toxunmamışdım. 
Ya boğazım düyünlənmişdi, ya da içdiyimiz son çayın bitməsi istəmirdim. 
Ancaq birdən boğazımı islatmaq, arıtlamaq ehtiyacı duydum. Qarşımdakı çayı götürüb birnəfəsə başıma çəkdim. Çayın dadı çox qəribə idi.
İki saatdı qarşımdakı qadının mənə izah edə bilmədiyi soyuqluğu bu armudu stəkan izah etmişdi. 

Bir neçə dəqiqə əvvəl qaynar, buxarlı , dadlı bir nəsnənin indi dadsız və mənasız bir başqa nəsnəyə çevrildiyini görürdüm. 
Eynilə münasibətimiz kimi.. 

O, anidən danışmağını kəsib məni diqqətlə süzməyə başladı. Mənim çox danışan, mübaliğə və mücadilə etməyi sevən bir adam kimi belə susqunluğum onu çaşdırırdı.
Ancaq demək istədiklərimlə, deyə bilmədiklərimin arasında böyük bir uçurum yaranmışdı. 
Mən uçurumun düz kəndarında dayanıb, təbəssümlə "dibə" baxırdım. 
Bu dibi çox görmüşdüm, tanış mənzərə idi. 
Ona görə də ordan çıxacağımı da bilirdim. 

- Yaxşı. Sənin canın sağ olsun. 

Nəhayət bu sözləri dedim. 

Üşüyən bir əlin ən yaxın cibi axtardığı kimi, illərlə axtarışında olub, bir ilıqlıq mədəti umduğum bu qadın məni isitmək yerinə daha da üşütməyi seçmişdi. 

- Sadəcə bu? Başqa deyəcək sözün yoxdur?

- Yox. Deyəcək sözüm çoxdur. Nə qədər danışsam da , o qədər çoxdur ki, yenə də sən yarımçıq qoyacaqsan. Mən daha yarımçıq olmaq, yarımçıq danışmaq, yarımçıq sevmək istəmirəm.

- Çay soyuyub,bəlkə daha bir çay içək?

- Düzünə  qalsa, mən daha çay da içmək istəmirəm. Özünə yaxşı bax.. 

Astaca masadan qalxdım və qalxdığım masaya öz əvəzimə bu görüşün hesabını buraxdım.
Yox! Masaya çayın hesabını deyil, bu dəfə fərqli bir ödəniş qoymuşdum.  Bu , ruhumdan, qəlbimdən, inancımdan kiçik bir pay idi..

Küçəyə çıxdım. Nəfəs aldım. 
İki saat əvvəlki mən deyildim artıq. 
Yeriyərkən bu cümlələr keçirdi ağlımdan,
"Qurumuş torpaq parçasını suvarmaq, ona həyat vermək əvəzinə ondan qaçmağa çalışan bir insan, bir gün özünün qurumuş torpaq parçasına çevriləcəyini düşünməmişdi belə"

Onun haqqında sonuncu düşüncəm bu oldu.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)