Edebiyyat.az » Proza » Sevil Gültən - Biz qayıdacağıq və qayıtmalıyıq!

Sevil Gültən - Biz qayıdacağıq və qayıtmalıyıq!

Sevil Gültən - Biz qayıdacağıq və qayıtmalıyıq!
Proza
admin
Müəllif:
00:32, 17 mart 2021
1 273
0
Sevil Gültən - Biz qayıdacağıq və qayıtmalıyıq!
    





( “ Biz qayıdacağıq” - deyən Aqil Abbasa ehtiramla...)



   Metroda oxudum yazınızı. Kövrəldim. Başımı qaldırıb qatarda oturanlara baxdım. Fikirləşdim ki, ilahi, görəsən, mən Qarabağı düşündüyüm anda bu vaqonda olan insanların hansı biri  Qarabağ haqqında düşünür? Bir yaşlı kişi vardı. Saçları ağappaq idi. Boş yer olmasına baxmayaraq o kişi oturmamışdı. Eləcə ayaq üstə dayanıb gözlərini məchul bir nöqtəyə zilləmişdi. Nədənsə mənə elə gəldi ki, o qoca kişi Qarabağlıdır. Və torpağı darda  olduğu üçün, doğmalarının ruhu didərgin düşdüyü  üçün rahatca oturmaq istəmir. Bir balaca uşağa fikir verdim. Yanında oturan yaşlı qadına suallar verirdi o uşaq. O uşağın nə dediyini eşitmirdim. Yenə də özümü inandırdım ki, o uşaq da bir Qarabağlı nəvəsidir, yanında oturan da onun nənəsidir. O nənəsinə Qarabağ haqqında suallar verir. 
    Sonuncu stansiyaya çatdıq. Hamı tələsik vaqondan çıxıb ekskalatora tərəf axışdı. Bir anlığa özümü Qarabağ torpağında hiss etdim- Ekskalatora doğru axışan insanlar da Qarabağa yürüş edib artıq o torpağa çatmaqda olan insanlardır. Həmin anda ürəyimdə böyük bir inam yarandı. “ Biz qayıdacağıq! ” sözünü öz-özümə təkrar etdim. Qəti gələcək zamanda. Gələcək zamanın iki forması var axı- qəti gələcək və qeyri-qəti gələcək zaman. Qəti gələcək zaman qətilik bildirir. Yəni, biz mütləq qayıdacağıq! Qeyri-qəti gələcək zamanda bu cümlə belə olardı: “ Biz qayıdarıq “  İnamsız deyilmiş bir cümlə. Sağ olun ki, qəti gələcək zamanda “ Biz qayıdacağıq “ deyib məni də inandırdınız qayıdacağımıza. 
   Qarabağlı olan bir yaşlı kişi yaxud bir qadin dünyadan köçəndə mənə elə gəlir ki, o insanlar Qarabağa olan sevgilərini də özləri ilə götürüb torpaq altına aparırlar. Qarabağa olan sevgimizin torpaq altına getməməsi üçün biz qayıtmalıyıq. 
Hər bahar Qarabağa yaz gələndə,  payızdan bəri meyvələri yığılmamış ağaclarda kömürə dönmüş meyvələrə solğun-solğun,  qəmli-qəmli baxan ağ çiçəklərin solğunluğuna, kədərinə son qoymaq üçün qayıtmalıyıq. Bu bahar son ümidlərini toplayıb güclə çiçəkləyən ağacların son ümidlərini qırmamaq üçün qayıtmalıyıq. O qaralmış, yığılmamış, insan əllərinə həsrət qalıb kömür kimi qapqara qaralmış meyvələrin insanlardan küsməməsi üçün qayıtmalıyıq. Payız, qış gələndə o torpağın ahı, naləsi yağışa, qara dönüb  təzədən o torpağa  yağanda üşüyən şəhid ruhlarını soyuqdan qorumaq üçün qayıtmalıyıq. Torpağn altından qaynayan  bulaqların yönünü qurumaqda olan ağacların köklərinə tərəf yönəltmək üçün, o ağacların köklərinin kəsilməməsi üçün biz qayıtmalıyıq. Azərbaycanlı uşaqların ayaq izlərinə həsrət qalan o torpağın harayını eşitdiyimizi sübut etmək üçün qayıtmalıyıq. Qanları  o torpağa qarışıb bir ovuc torpağa çevrilən neçə-neçə şəhidlərin qocalmış  analarının torpaq olmuş balalarını görmək arzusunu həyata keçirmək üçün biz qayıtmalıyıq. Neçə illər Azərbaycanlı nəfəsinə həsrət qalan, o torpağın harayını, qışqırığını, ah-naləsini, fəryadını, çayların şırıltısını, şəlalələrin qəmgin səsini, İsa bulağının dərdli zümzüməsini, Xuraman özünü atan qayanın hayqırtısını, Xarıbülbülün gileyini musiqiyə hopdurmağa  hazır olan yeni Üzeyirlərin, o musiqini öz səsi ilə bütün dünyaya car çəkməyə qadir olan təzə Bülbüllərin doğulması üçün biz qayıtmalıyıq. “ Dəryada gəmim qaldı, biçmədim zəmim qaldı” deyib fəryad qoparan təzə Qədir Rüstəmovların doğulması üçün qayıtmalıyıq. Neçə -neçə Fərizələrin sevgisini, qələbə sözünü yazmadan şəhid olan Salatınların ürəkdə qalmış arzularını, sevgilərini şeirə, dastana çevirə bilən təzə Natəvanların doğulması üçün qayıtmalıyıq. 
...Böyük qızım 1988-ci ilin yanvarın sonunda dünyaya gəlib. Qarabağ dərdimizlə  yaşıddır mənim qızım. Qarabağda doğulub ancaq Azərbaycanın kəndlərinə, şəhərlərinə pərən-pərən düşmüş qızımın yaşıdlarının növbəti doğum günlərini Qarabağda qeyd edə bilməsi üçün biz qayıtmalıyıq. 
  Hardasa oxumuşdum ki, Yaponiyada ibtidai sinif şagirdlərini ölkənin bütün kənd və şəhərlərinə aparıb gəzdirirlər. Onlar vətəni belə sevdirirlər övladlarına. Biz öz səhvimizi düzəltmək üçün, vətənimizi sevdirmək üçün qayıtmalıyıq. 
  Torpağa “ ana” deyib babalarımız. Torpaq adlı anamızın özünü sonsuz hiss etməməsi üçün, bundan sonra dünyaya gələcək Qarabağlıların özlərini yetim hiss etməməsi üçün biz qayıtmalıyıq!

P. S. Bu yazıma nöqtə qoymaq istəyirdim. Bir anlığa gözlərim önünə Qarabağın gördüyüm yerləri, Şuşa, Ağdam, Ağdamın Güllücə kəndi gəldi. Güllücədən olan, 4 il bir otaqda qaldığım, özümə bacı bildiyim Nüşabənin atası Əkbər müəllimin oğul əllərinin sığalına, qız övladlarının göz yaşına, ömür-gün yoldaşının bir ağız bayatısına həsrət başdaşı sanki dilə gəldi,  insan kimi dil açdı: “ Siz qayıtmalısınız!”  O yerlərin ağacları, bulaqları, meşələri haray saldı: “ Siz qayıtmalısınız! “
Həmin anda onların səsinə hay verən, saçları ana itirmiş, bala itirmiş insanların saçı kimi ağappaq ağarmış siz Aqil Abbasın pıçıtısını eşitdim: “ Biz qayıdacağıq!” Sanki bu pıçıltı böyüyüb bütün Azərbaycana yayıldı: Biiiiiiiiiiiiiiiiz qaaaaayıııııdaaacaaağıııq! 

2007

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)