Edebiyyat.az » Proza » Nemət Mətin - Şah və kəndli

Nemət Mətin - Şah və kəndli

Nemət Mətin - Şah və kəndli
Proza
nemət
Müəllif:
20:38, 28 mart 2019
4 107
0
Nemət Mətin - Şah və kəndli



  Ağaclar tumurcuqlananda və yarpaqlar xəzələ dönəndə, şah xalqın qarşısına çıxmaq üçün kənd-kənd səyahət edirdi. Meşə paltarını çıxarmağa hazırlaşırdı. Payız yayla sağollaşıb irəli keçmişdi. Şah qızıl tacını başına səliqə ilə qoyaraq faytonuna tərəf tələsdi. Qızıldan hazırlanmış ağır faytonu yeddi at güclə dartırdı. Faytonun, daha doğrusu atların qarşısında şahın nizələrlə, qılınclarla silahlanmış döyüşçüləri gedirdilər. Ara-sıra ətrafa göz gəzdirir, bununla da şahı qoruduqlarını nümayiş edirdilər. Arxada isə şahın qızılla dolu sandığının yanında vəzirlər ağır-ağır addımlayırdı. Lap arxada isə oxatanlar və dəmir dəbilqə geyinmiş bir neçə döyüşçü var idi. 

   Şah faytonun içində xəyala dalmış, lap uzaqlara getmişdiOnu düşündürən bəzi suallar var idi. Kasıb insanları necə əldə saxlamaq olar? Bu sualı tez-tez özünə verirdi. Ona elə gəlirdi ki, qızıl sikkələr xalqın dərmanıdır, yaralı yeridir. Əhalinin çox hissəsi kasıb olduğu üçün belə düşünürdü. Faytonun çarxı hər dəfə dərəyə düşəndə fikirləri pozulur, pəncərədən meşəni, göy üzünü seyr edirdi. İndiyə kimi üç döyüşü udmuşdu. Döyüşçüləri həddindən artıq çox idi. Məğlub olacağı görünmürdü. Kiçik şəhərlərə hücum edirdi. Yaxında olan bütün kəndləri, şəhərləri ələ keçirmişdi. Hər dəfə yeni əraziləri taxta üzərinə cızmalı olurdular. Şah isə növbəti planını hazırlamaq üçün gedişlər fikirləşirdi. 

   Birinci kəndə çatanda yolun kənarında göyə qalxmış əllər göründü. Əlahəzrətin gedəcəyi yoldan başqa, digər bütün yollar kələ-kötür idi. Sarayda yaşayanların üzündə sevinc hissi duyulurdu. Kəndlilər isə aclıqdan bir- birinə hücum çəkirdilər. Vəhşiləşmiş kütlə cəhənnəmin dibində yaşayırdı.  Təkcə şah kəndlərin yanında keçəndə sevinirdilər.Əlili, qocası, uşağı, qadını əl qaldırıb şaha yalvarırdılar. Fayton yaxınlaşdıqca səslər yüksəlirdi. Yanlarına çatanda şah dayanmağı faytonçuya əmr etdi. Qarşıdakı at qabaq ayaqlarını yerə dirədi. Arxadakı atlar da məcbur olub dayandılar. Şah vecsiz görkəm almış üzünü pəncərəyə yaxınlaşdırdı. Bir əl işarəsi ilə qızıl sandığından kiçik bir torba şahın hüzuruna gətirildi. Şah qızıl pulları ovucuna boşaltdı. Qızıllar par-par yananda şahın göz bəbəkləri də parıldadı. Dərindən nəfəs alıb pulları pəncərədən yerə atdı. İnsan axını pulların dalınca yerə uzandı. Bir-birinə aman vermədən qızıl sikkələri ələ keçirdilər. Bəziləri təəssüf hissi ilə ayağa qalxıb üst-başını təmizlədi. Digərləri isə xoşbəxtliyin üzlərinə güldüyü üçün sevinirdilər. Beləliklə əlahəzrət kənd-kənd gəzib qızılları xalqın ayağının altına atırdı. Onsuzda il uzunu vergilər yığıldığından büccə aşıb daşırdı.

   Şah istəsəydi ildə dörd dəfə belə səfərə çıxardı. Lakin xalqa əyləncə lazım olduğu halda çox da iplərini boş buraxmaq olmazdı. Kütləni nizamda saxlamalı idi. Şərtlər ağır idi. Şahın əmrindən çıxanları bir başa ölüm hökmü gözləyirdi. Şah pulları havaya atdıqca, xalqın ondan asılı olduğu hiss edib mənəvi zövq alırdı. 

  Sonuncu kəndə çatana yaxın şah göyə qalxan əlləri görmədi. Bura ən az sakini olan kənd idi. Yolun kənarında səkkiz kəndçi şahın faytonuna tərəf   baxırdılar. Onlar əkin sahəsinə tərəf gedəndə şahın gəlişini nişan verən nəfəs alətlərinin səsinə dayanıb boylanmışdılar.

   Şah əsəbi halda faytonçuya əmr etdi ki, kəndlilərə çatanda saxlasın. Fayton dayananda yolun tozu atları toz dumanında yox etdi. Kəndlilərdən bir neçəsi boğazlarına gedən tozun təsirindən ösgürdülər. Şah başını faytondan çıxarıb bir neçə qızılı onlara tərəf atdı. Kəndlilərdən heç biri tərpənmirdi. Pullar yerə səpələndi. Lakin qızıl sikkənin biri ən qabaqda dayanmış yaşlı kəndçinin köhnəlmiş, cırılmış çarığının üstünə düşüb dayandı. Gözlərinin altı qırışmış kəndçi başını çarığına tərəf əydi. Nə düşündüsə, ayağını anidən cəld hərəkətlə göyə qaldırdı. Qızıl pul uçub faytonun içinə düşdü. Əlahəzrətin üzü qıpqırımızı oldu. Sonra rəngi ağardı. Pələng dərisindən hazırlanmış oturacağına çökdü. Özünə gələndə, dərhal döyüşçülərinə əmr etdi ki, kəndçini assınlar. 

   Faytonun qızıldan hazırlanmış çarxları asta-asta saraya tərəf yırğalanırdı. Şah yol boyu dərin fikrə daldı. Kəndlinin hərəkəti ona təsir etmişdi. İnsan iradəsi, əyilməzliyi şahın saray qapılarını sındırmışdı... Üç gün sonra əlahəzrət döyüşdə uduzdu. Döyüşçülərinin çox qismi qırıldı, bəziləri qaçıb canını qurtara bildi. Sarayını ələ keçirdilər. Gözləmədiyi halda düşmən gecə vaxtı hücum etmişdi...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)