Edebiyyat.az » Proza » Ömürdən uzun mühacirət: Əlimərdan bəy Topçubaşov

Ömürdən uzun mühacirət: Əlimərdan bəy Topçubaşov

Ömürdən uzun mühacirət: Əlimərdan bəy Topçubaşov
Proza
Necef Esgerzade
Müəllif:
21:27, 28 may 2019
2 063
0
Əlimərdan bəy Topçubaşov (1865-1934) 20-ci əsrin birinci onilliyində Azərbaycanın aparıcı siyasətçilərindən və dövlət xadimlərindən biri olub.
Azərbaycan ziyalılarının mütərəqqi dəstəsinə aid olan Topşubaşov Rusiyanın imperiya administrasiyasının içərisində öz xaqının hüquqlarını qızğın müdafiə edirdi.
O həmçinin 1918-1920-ci illərdə bir dövlət xadimi kimi Azərbaycanı beynəlxalq arenada təmsil edib.
Əlimərdan bəy Topçubaşov Tbilisidə anadan olmuşdu. Onun babaları hərbçi olmuşdular və Topşubaşov soyadı da onların birindən başlanırdı.
Bununla belə, Əlimərdan bəyin babası Mirzə Cəfər Topçubaşov dilçi-alim olmaq istəmişdi. O, Sankt-Peterburq Universitetində təhsil almış, sonralar bu universitetinin şərqşünaslıq məktəbinin banisi olmuşdu. O fars filologiyası bölümündə çalışırdı və bu kafedraya 19-cu əsrin birinci yarısında rəhbərlik etmişdi.
Əlimərdan bəy Topçubaşov atasını uşaqkən itirmiş və onu nənəsi böyütmüşdü. O çalışqan bir tələbə idi və Tbilisi gimnaziyasını əla qiymətlərlə bitirmişdi. Bundan sonra, 1888-ci ildə Əlimərdan bəy yenə də əla qiymətlərlə Sankt-Peterburq Universitetinin hüquq fakültəsindən məzun olmuşdu.
O, universitet diplomunu aldıqdan sonra Qafqaza qayıtmış, vəkil və hakim kimi fəaliyyət göstərmişdi. Topçubaşov həmçinin Tbilisi Aqrar Məktəbində mühazirə oxuyurdu.
Əlimərdan bəy elə həmin vaxtlarda, dəqiq deyilərsə, 1893-cü ildə Həsən bəy Zərdabinin (Məlikov) (1873-1947) qızı Pəri xanımla evlənmişdi. Zərdabi çox mütərəqqi ziyalı olmasına baxmayaraq, qızı üçün Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi. Amma onun bu qədər pulu yox idi. Elə buna görə də Əlimərdan və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar. Sonrakı illərdə onların üç oğlu və iki qızları oldu.

Vətəndaş haqlarının müdafiəçisi və islahatçı

1905-ci ildə baş vermiş Birinci Rus İnqilabına qədər siyasi partiya və təşkilatların yaradılması, milli və ya dini azlıqların hüquqlarının tələb edilməsi qadağan idi. Lakin bu məhdudiyyətlər Əlimərdan bəyə öz xalqının hüquqlarını müdafiə etməsində mane ola bilmirdi.
Bir vəkil kimi o, Qafqazın məhkəmələrində öz soydaşlarının hüquqlarını müdafiə edirdi. 1894-cü ildə Əlimərdan bəy ailəsi ilə birlikdə Bakıya köçdü və dörd il sonra “Kaspi” qəzetinin baş redaktoru oldu.
Onu bu vəzifəyə qəzetin sahibliyini yenicə almış xeyriyyəçi-milyonçu Hacı Zeynalabdın Tağıyev dəvət etmişdi. Topçubaşov bu vəzifəsindən istifadə edərək qəzetdə yazdığı məqalələrlə “Kaspi”ni vətənpərvərlik, vətəndaş və milli hüquqlar tribunasına çevirmiş, mədəniyyət və təhsil sahələrində islahatlar tələbi ilə çıxış etmişdi.
Azərbaycan ziyalılarının aparıcı nümayəndələri - Həsən bəy Zərdabi, Əli bəy Hüseyn oğlu Hüseyzadə, və Əhməd bəy Ağayev də “Kaspi” qəzeti üçün yazırdılar. Növbəti illərdə bu adlar türk və Azərbaycan milli hərəkatlarının bünövrəsini qoymaqla əbədiləşdilər.

Rusiya parlamentinin üzvü

Birinci Rus İnqilabından sonrakı illərdə Topçubaşov Azərbaycan xalqının kimliyi məsələsini qaldırmışdı. O öz xalqının maraq və hüquqlarını fəaliyyətinin müxtəlif sahələrində təbliğ edirdi. Eyni zamanda o, həm də Ümumrusiya Müsəlman Hərəkatının üzvü idi. O bu təşkilatın konfranslarının, proqram və bəyannamələrinin hazırlanmasında həlledici rol oynamış və çox vaxt da hərəkata başçılıq etmişdi.
Əlimərdan bəy Toopşubaşov həm də Rusiya Dövlət Dumasının (1905-1917-ci illərdə Rusiya imperiyasında məhdud səlahiyyətlərə malik parlament) üzvü idi.
O Kadet partiyasının üzvü idi və 1-ci Dumaya 1905-ci ildə Bakı dairəsindən seçilmişdi. Kadetlər - konstitusiyalı demokratlar Rusiyada da Britaniyadakına bənzər konstitusiyalı monarxiyanın bərqərar edilməsinə çalışırdılar. Topçubaşov Dumada müsəlman fraksiyasının üzvü idi. Beləliklə o, təkcə azərbaycanlıların deyil, Krım tatarlarından tutmuş Orta Asiyanın türkmənlərinədək bütün Rusiya müsəlmanlarının lideri olmuşdu.

Müstəqllik yollarında

1917-ci ilin Fevral və Oktyabr inqilablarından sonra Topçubaşov Sankt-Peterburqdan Qafqaza qayıtdı. Bakıda erməni daşnaklar və bolşeviklər tərəfindən törədilmiş müsəlman qırğını müstəqil dövlətin yaradılmasına çağırışları gücləndirmişdi.
Bununla əlaqədar Dövlət Dumasının Qafqazdan olan üzvləri Tbilisidə bir araya gələrək Zaqafqaziya Seymini yaratdılar. Cənubi Qafqazın bu ilk parlamentinin ömrü cəmi bir ay oldu. 1918-ci ilin martında Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və Məmmədəmin Rəsulzadə ilə birlikdə işlədilər və həmin il mayın 28-də Azərbaycan Respublikasının bəyannaməsini elan etdilər.
Müstəqillyin elan edilməsi böyük addım idi, lakin kifayət deyildi. Birincisi, Dövlət Dumasının azərbaycanlı üzvləri bəyannaməni Tbilisidə elan etmişdilər. Onların iddiasında olduqları ərazi nəzarətlərində deyildi. Bakı regionun iqtisadi və mədəni mərkəzi olsa da, şəhərin müsəlman azərbaycanlı əhalisi 1918-ci ilin martında qətliam edilmiş və ya qaçmışdı. Bakısız iddia olunan ərazinin qalan hissəsi ölkə kimi yaşaya bilməzdi.
Bu məsələlər Osmanlı ordusu tərəfindən həll edilə bilərdi. Artıq sentyabr ayınadək respublika iddiasında olduğu ərazinin əksər hissəsi üzərində nəzarətə malik idi.

Bacarıqlı diplomat öz xalqını necə müdafiə etdi

Yeni gənc hökumətin qarşısında növbəti böyük çətinlik respublikanın başqa ölkələr tərəfindən tanınması idi. Növbəti iki il ərzində Topçubaşov məhz bu məqsəd yolunda fəaliyyət göstərdi. O ilk növbədə İstanbulda Osmanlı hökuməti ilə danışıqlara başladı. Azərbaycan nümayəndə heyəti Türkiyə ilə etnik və dini bağlılığı tanıdı və Osmanlının hərbi dəstəyinə görə təşəkkürünü bildirdi.
Həmin vaxt Osmanlı imperiyasını Ənvər paşanın İttihad və Tərəqqi Partiyası idarə edirdi və ölkənin yüksək elitasında Osmanlı-Azərbaycan münasibətlərinin gələcək perspektivi barədə yekdil qərar yox idi. Ənvər və hakim elitanın bir çox nümayəndələri pantürkist ideyaların daşıyıcıları idilər və bu ideyalar müstəqil Azərbaycan dövlətinin varlığı ilə ziddiyyət təşkil edirdi.
1918-ci ilin sentyabrında Əlimərdan bəy Topçubaşov Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula gələrək buradakı Azərbaycan nümayəndə heyətinə qoşuldu. Birinci Dünya Müharibəsindəki uğursuzluqlara görə İttihad və Tərəqqi Partiyası artıq ölkəni idarə edə bilmirdi və yeni Osmanlı hökuməti 1918-ci ilin oktyabrında Müttəfiqlərlə sülh müqaviləsi imzaladı. Türkiyə artıq Müttəfiqlər tərəfindən məğlub edilmiş tərəf sayılırdı və Osmanlı ordusu Qafqazdan çıxarılmalı idi. İnnən belə İstanbuldakı yeni hökumətin əsas qayəsi Müttəfiqlərlə ortaq dil tapmaq idi.
Azərbaycan nümayəndə heyəti və Topçubaşov da yaranmış yeni vəziyyətdə diqqətlərini başqa istiqamətə yönəldərək Paris Sülh Konfransında iştirak etmək təşəbbüsündə bulundular. Bu konfrans düşmənçiliklərə son qoymalı, Böyük Müharribədən sonra Avropanın və Yaxın Şərqin yeni siyasi sərhədlərini cizgiləməliydi.
Paris sülh konfransında iştirak üçün İstanbula Azərbaycan hökumətinin yeni nümayəndələri gəldilər və Topçubaşov ümumilikdə 15 diplomata rəhbərlik etməli idi. Topçubaşovun iki oğlu da katib qismində nümayəndə heyətinə qoşulmuşdular və Azərbaycan xalqının maraqlarının müdafiəsində atalarına kömək etməli idilər.
Əslində üç Qafqaz respublikasının nümayəndələrinin hamısı İstanbulda idi və Parisə yollanmaq üçün Fransa vizasını burada almalıydı.
Bununla belə, müzəffər Müttəfiqlər hələ də Rusiyadakı vətəndaş müharibəsində Ağ qvardiyanın qalib gələcəyinə ümid edir, Rusiya imperiyasının ərazisində yaranmış heç bir ölkə ilə danışıq aparmaq istəmirdilər.
1919-cu ilin qışında Gürcüstan və Ermənistan nümayəndələri Fransaya viza ala bildilər və Parisə yollandılar. Onlar orada, Parisin diplomatik çevrələrində güclü təbliğat işinə başlamışdılar. Hər iki ölkə iddia etdikləri ərazilərin xəritəsini hazırlamışdılar və Böyük Gücləri müstəqlliklərinin tanınmasına sövq etmək istəyirdilər.
Azərbaycan nümayəndələri isə İstanbula nəzarət edən Britaniya və Fransa qüvvələri tərəfindən ləngidilirdilər. Onlardan bəziləri həbs edilmiş və onlara viza verilməsindən imtina olunmuşdu. Topçubaşov və komandası yalnız 1919-cu ilin aprelində Parisə yollana bildi və orada Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün gecikmiş danışqılara başladı.
Növbəti il ərzində də Topçubaşov Azərbaycanın tanınması uğrunda Parisdə mübarizə aparmalı oldu. O Amerika prezidenti Wilson da daxil olmaqla, Müttəfiqlərin rəhbərləri ilə görüşdü.
Əvvəlcə Müttfəqilər tanınmaq məsələsini yaxına buraxmırdılar, çünki hələ də Rusiyada Ağ ordunun bolşeviklərə qalib gələcəyinə ümid edirdilər. Müttəfiqlər Avropa və Yaxın Şərqin müxtəlif ərazi məsələlərinin müzakirə və həll olunduğu səkkiz ay ərzində Azərbaycan nümayəndələrinə ölkələrinin tanınması üçün heç bir ümid vermədilər. Yalnız 1920-ci ilin yanvarında Müttəfiqlər başa düşdülər ki, bolşeviklər vətəndaş müharibəsindən qalib çıxacaqlar. Onlar həmin andan mövqelərini dəyişərək, Azərbaycan və Gürcüstanı de facto tanıdılar. Bu tanınmada 1919-cu ilin mayından bəri Parisdə olan Topçubaşov və onun komandasının həlledici rolu olmuşdu və bu, əslində Əlimərdan bəyin qələbəsi hesab olunmalıdır.

Dövlət xadimi sürgündə

Lakin 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalı tam beynəlxalq tanınma uğrunda bütün səylərə və Azərbaycanın müstəqil ölkə kimi varlığına son qoydu. Bir gecənin işində Topçubaşov müstəqilliyini itirmiş ölkənin nümayəndəsinə çevrilmişdi.
Bakıdakı milli hökumət Azərbaycanı tərk etməyə məcbur edildi. Sonrakı illərdə Məhəmməd Əmin Rəsulzadə Avropada və Türkiyədə Azərbaycan Milli Mərkəzi adı altında mühacir təşkilatı yaratmışdı. Əlimərdan bəy Topçubaşov da bu təşkilata qoşularaq Rəsulzadə ilə birlikdə öz ölkəsinin müstəqilliyi uğrunda mübarizəni davam eidirdi.
Lakin eyni zamanda onlar ana vətəndən kənarda yaşayırdılar və daim maliyyə və hüquqi çətinliklərlə çarpışmalı olurdular. Bu çətinliklərdən bəzilərini həll etmək üçün hətta Sovet idarəsi altında olan başqa ölkələrin nümayəndələrinin yardımına üz tutmaq lazım gəlirdi.
Bu qruplara Ukrayna, Gürcüstan, Ermənistanın mühacirətdəki hökumətləri, habelə Şimali Qafqaz xalqlarının nümayəndələri daxil idilər. Onlardan bir çoxu Parisdə yerləşmişdilər və Əlimərdan bəy Topçubaşova mühacir qruplarının ağsaqqalı kimi yaşına və təcrübəsinə görə hörmət edirdilər.
Topçubaşov 1934-cü ildə iki il davam edən xəstəlikdən sonra Parisdə vəfat etdi. Bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri onun yas mərasiminə gəlmişdilər və Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış edirdilər.
Topçubaşov, Rəsulzadə və başqaları Azərbaycanı daim yadelli işğalı altında gördülər, lakin inanırdılar ki, bir gün Azərbaycan azad və müstəqil bir ölkə olacaq.
                                                                                                                                                                               Yazdı:Harun Yilmaz. Tarixçi-alim, Britanya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü                              
Mənbə: www.bbc.com     
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)