Əli Şirin Şükürlünün “Ədəbi Suprematizm və dünyaya yeni baxış” kitabı çapdan çıxıb
Proza
Edebiyyatqazeti.az xəbər verir ki, Əli Şirin Şükürlünün “Ədəbi Suprematizm və dünyaya yeni baxış” kitabı “Vekor” Beynəlxalq Nəşrlər Evi-ndə çapdan çıxıb.
Kitab iki hissədən ibarət olub, elmi-populyar üslubda yazılmışdır. Birinci hissəyə müəllifin intellektual poeziya barədə nəzəriyyəsi – “Ədəbi suprematizm” əsəri daxil edilmişdir. Ön söz əvəzi – “Suprematizmdən Ədəbi suprematizmə” essesi bu nəzəriyyənin (həmçinin eyni adlı ədəbi-fəlsəfi cərəyanın) manifesti kimi təqdim olunub. Bu bölmənin digər mövzuları isə əsərin giriş hissəsindən və əsərin nəzəri əsaslarını təşkil edən müxtəlif esselərdən ibarətdir: “İntellektual bədii mətnlərin yaranma modeli”, “Bədii mətnlərdə fəlsəfi dünyagörüşü”, “Qeyri-səlis məntiq və ədəbiyyat”, “Bədii mətnlərdə ehtimal elementləri” və s.
Əsər həm də bədii səciyyə daşıdığından kitaba müəllifin hər bir mövzu ilə əlaqəli son dövr qələmə aldığı şeirləri də daxil edilmişdir.
Kitabın ikinci hissəsinə isə müəllifin ədəbi suprematizm nəzəriyyəsinin formalaşmasında əsaslı rol oynayan, riyazi qanunauyğunluq əsasında qurduğu fəlsəfi konsepsiya – “Dünyaya yeni baxış” fəlsəfi essesi daxil edilmişdir. Əsərin birinci mövzusunu “Dünya tələb kimi” – dünya haqqında yeni fəlsəfi modelin qurulması təşkil edir. Bu əsərdə insan, yaradıcılıq, xoşbəxtlik və bədbəxtlik, sevgi və başqa mövzular barədə yeni fəlsəfi modelə uyğun fikirlərlə tanış olmaq mümkündür. Hər iki əsərin yazılması zamanı elm sahələrinə və fəlsəfəyə aid müxtəlif ədəbiyyatlardan, eyni zamanda internet resurslarından istifadə olunmuşdur.
Kitabın elmi redaktoru prof. Elçin İsgəndərzadə, Redaktoru Məhəbbət Əkbərli, texniki redaktoru isə Şükufə Əhmədlidir.
Mövzuya uyğun linklər: