Nəcəf Əsgərzadə - Fəlsəfə müəlliminin ölümünün fəlsəfi-riyazi səbəbləri
Fəlsəfə + Riyaziyyat = Ədəbiyyat (Bədii roman)
Fəlsəfə
Riyaziyyat
Və...
Ədəbiyyat
Düşüncə
Məntiq
Və...
Hiss
Ölüm
Müəllimin ölümü
Və...
Düşüncənin ölümü
Arifin doğuluşu. Düşüncənin mübarizəsi.
Adı bilinməyən bir kənd. Arif adlı uşaq. Və onun valideynləri.
Valideynlərin arzusu: Arifin riyaziyyat müəllimi olması.
Arifin arzusu: Fəlsəfə müəllimi olmaq
İki arzunun toqquşması: Düşüncənin ölməsi.
Arif çalışqan uşaqdır. O kitab oxumağı çox sevir. Valideynləri isə onun kitab oxumağına qarşıdırlar. Ona görə ki, Arif kitab oxuduqca riyaziyyatdan uzaqlaşacaq. Çünki Arifin valideynləri bilir ki, uşağın bircə qram da riyaziyyat sahəsinə marağı yoxdur. Çünki əvvəldən təbliğat sahəsi səhv qurulub. Məcburilik ön plana çəkilib.
Arifin valideynləri niyə görə uşağın riyaziyyat müəllimi olması istəyirlər?
Bunun təməlində kənddə riyaziyyat müəllimi işləyən Əli durur. O Əli müəllim ki, uşaq hazırlaşdıraraq qaz vurub, qazan doldurur. O Əli müəllim ki, qazandığı pullarla ona buna fors atır. İndi gəl sən bunun qabağında dayan dayana bilirsən.
Arifin atası da oğlu ilə fərəhlənmək istəyir. Onun qazandığı pulu ilə Əli müəllimin qabağında forslanmaq istəyir. Onun istəyi oğlunun üzərindən vaxtilə əzilmiş ruhunu yenidən dirilməkdir. Sözdə oğluna gün ağlamaq istədiyini bəyan etsə də, qəlbində oğlundan qazanc güdürməyə başlayır.
Riyaziyyat burada ali təməl mahiyyətini itirir. Kiçilərək qazanc mahiyyətinə bürünür.
Riyaziyyat = Qazanc mənbəyi, qazanc ekvalenti
Riyaziyyat, daha doğrusu riyaziyyat müəllimliyi həmin dövr insanların çıxış yolu kimi bizi aydınlandırır.
Arif. O ədəbiyyatı sevir. Dərsdən evə gələn kimi kitabları qarşısına töküb oxumağa girişir. Saatlarla gözlərini kitabların vərəğindən çəkə bilmir. Get-gedə gözlərinin nuru itir. Zəifləyir Arifin gözləri. Eynək taxmalı olur Arif. Düşüncə zədələnir. Arif düşüncəni təmsil edir.
Arif = Düşüncə
Ədəbiyyat = Duyğu, hiss
Arifə uşaqlar dörd göz ləqəbi qoşurlar. Arif artıq həyata öz gözündən deyil, ona təlqin olunan müxtəlif gözlərin gözündən baxmağa başlayır. Kitabların təbliğ etdiyi fikirlərlə valideynlərinin aşıladığı fikirlər heç cürə düz gəlmir.
Arif zədəlidir
Arifin gözləri zədəlidir
Gözlər qəlbin aynasıdır
Arif qəlbini aynasını bilmədən zədələyir.
Hələki çıxış yolu görünmür. Arif ailəsinin onun üzərindəki hakimiyyətini dağıda bilmir heç cürə. Atasının təkidiylə həyatı boyu nifrət etdiyi və nifrət edəcəyi sahəni- riyaziyyatı - seçmək məcburiyyətində qalır.
Uzun boşluq səhrası öz qədəmlərini Arifin həyatına qoyur. Düşüncə dərin sükuta dalır. O ölmür, amma yaşamını da davam etdirmir. Uzun müddətə ezamiyyətə çıxır.
Arif özünə yer tapa bilmir. Universitetə onu ürəyi deyil, ayaqları gətirir. Auditoriyada ən axırıncı partada oturub, dərsin bitməsini gözləyir səbirsizliklə Arif. Sanki Arifi insanlarla dolu otaqda bir küncə itələyib sıxırlar. Arif nəfəs ala bilmir. Düşüncə tənginəfəsliyə tutulur. Az qala boğula.
Arif dərsləri buraxmağa başlayır. Onu sıxan auditoriyadan qaçıb, kitab dükanlarına sığınır. Fəlsəfi əsərlərə baş vurur. Fikrini bu əsərlər vasitəsilə dağıtmağa çalışır.
Fəlsəfə = Düşüncə ekvalenti
Arifin atası oğlundan narahatdır. Ona görə yox ki, atası Arifi istəyir. Ona görə ki, Arif birdən fikrin dəyişər, universiteti atar, oda kənddə-kəsəkdə biabır olar, Əli müəllimin qabağında forslana bilməz. Əlindən gələni, yığdığı bütün pulları Arifin üzərinə tökən atası hər bir vəchlə oğlunu zəncirdə saxlamağa çalışır.
Əsgərlik vaxtı çatanda Arif bunu bir xilas yolu kimi görür. Uda bilmədiyi tikə kimi boğazına ilişib qalmış riyaziyyatdan qurtulmaq üçün əsgərliyə yollanan Arif həyatın digər üzüylə orda tanış olur. Əslində Arif hərbi xidmətə yararlı deyil, onun gözləri onu kişilik məktəbinə getməkdən məhrum edir. Buna rəğmən, başqa çıxış yolu tapa bilməyən Arif hərbi xidmətə yollanmağı bir yolluq qət edir. Hətta yola düşməmişdən əvvəl eynəyini sındırması onu geri döndərə bilmir qərarından.
Biraz əvvəl qeyd etdik ki, Arif əsgərlikdə həyatın soyuq üzü ilə tanış olur. Bu soyuq üz nədən ibarətdir? Arifin həyatı sahmanlı, müəyyən qədər komfortlu idi. Arif üçün valideynləri əllərindən gələn nə varsa etmişdilər. Təki Arif riyaziyyatı öyrənsin. Əsgərlik isə Arifin yaşayış tərzinə köklü dəyişiklik gətirdi. O burada paltarlarını tez soyunub-geyinməli, yerini yığmalı, verilən əmrlərə şərtsiz tabe olmalı idi.
Yaşadığı həyat ilə oxuduğu kitablar arasındakı böyük fərqi hiss edən Arif həyata baxış fəlsəfəsini dəyişməyə başladı.
Düşüncə yeni eraya "fəlsəfi düşüncə" erasına qədəmini qoyurdu.
Arif birdən-birə böyüməyə başladı.
Bu mərhələcən Arifin həyatının düsturunu bu cür ifadə edə bilərik:
Ədəbiyyat + Riyaziyyat + Fəlsəfə = Y/K ( (Yarım kamilləşmə)
(Duyğu) + ( Qazanc ekv.) + ( Düşüncə ekv) = Y/K
Zina. İlk günah
Əsgərlikdə tanış olduğu Zina adlı qız Arifin həyatında böyük iz buraxdı. Əvvəllər Bakıda yaşamış yarı-rus, yarı- azərbaycanlı olan Zeynəb onu istəyən hərbçi oğlanla atasının və qardaşlarının zülmündən qaçaraq Belorusa gəlmiş, bundan sonra həyatının daha gözəl olacağını düşünsə də, sən saydığı say, gör fələk nə sayır deviziylə həyat Zeynəbə oyun oynamış hərbçi sevgilisini ölüm ilə onun əllərindən almışdı. Zeynəb isə Bakıya geri dönə bilməyib, burda hərbi şəhərində yaşamağa başlamışdı. Zeynəb ilə Arif elə burada tanış olmuşdu. Qız onu digər əsgər yoldaşlarından üstün tutmuş evinə dəvət etmişdi. Bu təklifi geri çevirmək istəməyən Arif nə yolla olursa olsun hərbi şəhərçiyə gecə ilə yollancağına qərar vermişdi. Amma sadəlövhlüyündən, təcrübəsizlikdən nəzarətçi əsgəri razı sala bilməyərək, qaçmağı, kazarmanı özbaşına tərk etməyə məcbur olmuşdu.
Zinanın evini tapıb, gecəni onun evində keçirən Arif ilk dəfə qadın ətrini ciyərlərinə çəkmiş, həyatda belə ləzzətlərin də olduğunu kəşf etmişdi.
Kazarmada isə aləm bir-birinə dəymişdi. Hər kəs Arifi axtarırdı. Onun özbaşınalığı başına bəla gətirəcəkdi. Arif bunu geri dönərkən dərk etmişdi. Kazarmaya çatanda hər şey məlum oldu. Arif ağır cəzaya məhkum oldu. Onu qaupvaxta saldılar. Balaca otaqda Arif heç cürə özünə yer tapa bilmirdi. Az qala ürəyi partlaya. Durmadan qapını döyəcləyən Arifin imdadına növbətçi əsgərlər gəldilər. Amma onlar Arifin imdatına gəlməmişdilər. Onlar Arifə zülm etmək üçün göndərilmişdilər.
Otağa tökülən xlorun iyi Arifin başını çatlamaq dərəcəsinə gətirirdi. Birdən Arif yuxarıdakı balaca pəncərəni fərq etdi. özünü ora yetirdi. Təmiz havanı ciyərlərinə çəkdi. Bu təmiz havanı da Arifin burnundan döyə-döyə gətirdilər.
1. Baxış bucağımızı dəyişək. Arif yarım kamilləşmə səviyyəsinə çatandan sonra Zina ilə tanış olur. İlk günaha batır. Arif yenidən kamilləşmə dəyişikliyi keçirir. Onun ikinci kamilləşmə erası başlayır. İnsanı kamil edən onun günahlarıdır. Günahlardan keçərək, onları saf-çürük edərək insan kamil ola bilər. Ona görə yeni doğulmuş uşaq kamil deyil, çünki günah etməyib.
2. Günaha batandan sonra Arifi cəzalandırırlar. Onu təkadamlıq kameraya salırlar. Otağa xlor töküb onu məhv etmək istəyirlər. Düşüncəni formalaşmadan, çiçəklənmədən ortadan qaldırmaq. Əsas məsələ bundan ibarətdir.
Düşüncə zədələnmə dövründən sonra kamillik səviyyəsinə getdiyi zaman ortadan qırılma baş verir. Bu zaman Arifin imdadına orda qulluq edən başqa azərbaycanlı yetir. Onu həyata döndərir. Onu döyənlərdən əvəz çıxır. Arif başqa həqiqəti özü üçün kəşf edir. Həyata təkcə zehni güclə qalib gəlmək mümkün deyil. Fiziki gücün önəmi də zehni güc qədər vacibdir.
Onda yuxarıda qeyd etdiyimiz düstura əlavələrimizi edə bilərik:
Ədəbiyyat + Riyaziyyat + Fəlsəfə + Günah + Fiziki güc = K (Kamillik)
Arif qaupvaxtda ağır zədələndiyi üçün vaxtından əvvəl ordudan təxris olunur. Vətənə dönür. Dönən kimi riyaziyyatı əyninə geyinmək istəmədiyi paltar kimi məcburi geyinir. Fəqət bu qısa sürə davam edir. Arif risk edərək riyaziyyatı atır, fəlsəfə sahəsinə girişir. Bütün fəlsəfə kitablarını oxuduqca oxuyur. Həyata filosofların gözlərindən baxmağa başlayır. Artıq o fəlsəfə ilə nəfəs alır. Bunun məntiqi nəticəsi olaraq Arif vaxtından əvvəl elmi namizəd tituluna yiyələnir:
Fəlsəfənin kvadratı = Kamil İnsan
Artıq Arif öz istəyinə çatır. Kəndə ailəsinin yanına dönür. Atası eşitdiyi xəbərdən dəli olur. Onu evdən qovur. Çünki Arif müqəddəs sayılacaq ailə arzusunu, atasının arzusunu tapdalamış, öz arzusunun dalınca getmişdi.
Vaxt keçir. Arifin xoşbəxtliyi su kimi axıb gedir. Vaxtından əvvəl qocalan Arif seçdiyi sahənin ona heç bir uğur gətirmədiyini, əsas da heç bir qazanc gətirmədiyindən agah olanda elə bir Arifin başına qaynar su tökürlər. "Boş fəlsəfə qarın doydurmur" deyiblər deyimi bu dəm yerinə düşür. Arifin hər yerdən əli üzüləndə dostu, qrup yoldaşı gəlib çıxır. Ona iş təklif edir. Mühasibat, haqq-hesab işi. Arif yenə düşünür ki, riyaziyyat ondan əl çəkmək niyyətində deyil. Çətin vəziyyət Arifi məcbur edir ki, təklifi qəbul etsin.
Arif işə başlayır. Fəlsəfəni unudur tamamilə. Azdan-çoxdan qazancı olur. Sonradan dostunun ona badalaq gəldiyini görəndə, özünün çox qazanıb, ona az maaş verdiyi görəndə qəlbi qırılır. Kiçik işlərin üstündə dostunun onun üzərinə çımxırmağı son bardağı da daşırır. Dostu Arifin alimlik dərəcəsini etdiyi hərəkətlərlə, söylədiyi sözlərlə yerlə-yeksan edir. Arifin timsalında biz düşünən insanların məhvinə səbəb olan nəticələrlə tanış oluruq:
Riyaziyyat + Aclıq + Şəraitsizlik + Laqeydlik + Boş fəlsəfə = Dəlilik
Arif isə bu alçalmalara dayana bilməyərək intihar edir. Düşüncə ulaşdığı kamil insan səviyyəsindən yerə çırpılır.
Arifin səhvi nədə idi?
Arif həyatı ağ-qara görürdü. Burada başqa rənglərin olduğunu sezə bilmirdi. Sadəcə oxumaq ilə həyata tutulmaq çətin məsələdir. Bizim kimi cəmiyyətlərdə ilk növbədə qazanc yerini tapmalı, sonradan öz arzularının dalınca getməlisən.
Riyaziyyat = 0
Fəlsəfə + 0 = ÖLÜM
Arif cəmiyyətlə uzlaşa bilmədiyindən məğlub olmağa düçar oldu. Maliyyəni əlində cəmləşdirib, sonradan düşüncələri dəyişmək gərəkdir. Arif düşüncə tərəfdən kamilliyə çatsa da, öz fikir tərəfdaşlarını yarada bilmədi. Çünki pulu yox idi. Pulu olsa o öz ətrafına asta-asta yeni-yeni insanlar yığıb, onlara dərs deyib, düşüncə arealını genişləndirə bilərdi.
Səhifə doxsan altı
Kitabın doxsan altıncı səhifəsinə çatanda dayandım. Ondan sonrasın oxuya bilmədim. Çünki düz səhifə yüz beşəcən olan səhifələr itmişdi. Əsəri tamamlaya bilmirdim. İronik bir vəziyyət yaranmışdı.
Arifin həyatı kimi onun haqqında kitab sonlana bilmədi mənim üçün. Elə o səhifədəcə yarımçıq qaldı.