Edebiyyat.az » Proza » Mağara Alleqoriyası

Mağara Alleqoriyası

Mağara Alleqoriyası
Proza
Necef Esgerzade
Müəllif:
20:57, 04 sentyabr 2019
1 474
0
Qədim yunan filosoflarından biri olan Platon gündəlik həyatımızda fəlsəfədən yararlanmalı olduğumuzu düşünürdü. Platon fəlsəfəyə ruhun müalicəsi kimi baxır və əgər onu həyatımıza tətbiq etsək faydalı ömür sürəcəyimizə inanırdı.
Fəlsəfənin faydası ilə bağlı ən maraqlı hekayələrdən biri onun “Dövlət” Əsərinin 7-ci bölümündəki “Mağara alleqoriyası”dır.  Bu, bəlkə də ən məşhur alleqoriyalardan biridir. Bu hekayədə bir mağaradan  və ömürləri boyu orada yaşayan bir qrup insandan bəhs edilir. Həmin insanlar həmişə bu mağaranın içində yaşayıblar və mağaradan kənardakı həyat haqqında heç nə bilmirlər. Mağaranın içərisində təbii işıq yoxdur, divarlar rütubətli və qaranlıqdır. Mağara sakinləri yalnız oradakı alovun qarşısından keçən şeylərin divardakı əksini görə bilirlər. Bu insanlar divarda əks olunan heyvan, bitki və insan kölgələrini heyrətamiz hesab edirlər. Bu kölgələrin həqiqət olduğuna inanır və əgər onlara kifayət qədər diqqət yetirsələr həyatda uğurlu olacaqlarını düşünürlər.  

Bir gün mağaradakı insanlardan biri azad edilir və açıq havaya çıxır. Gözləri günün işığından qamaşır, həyatında ilk dəfə günəşin işığı ilə aydınlanmış şeyləri görür. Yavaş-yavaş gözləri öyrəşməyə başlayır və daha əvvəl mağarada gördüyü kölgələrin gerçək formaları ilə qarşılaşır. Çiçəkləri, rəngli quşları, ağacların gövdələrinin detallarını görür. Ulduzlara baxır və kainatın dərinliyini qavramağa başlayır.

Platon bunu belə təsvir edir: ”Əvvəllər bu insan yalnız kölgələri görürdü, indi isə varlığın həqiqi formasına yaxınlaşdı”.

Bu yenicə aydınlanmış insan çaşqınlıq və illuziyalar içində olan dostlarına kömək etmək üçün mağaraya qayıtmaq qərarına gəlir. Mağaraya enərkən çöldəki işığa öyrəşdiyindən gözləri qaranlığa alışa bilmir və səndələyir.  Artıq əvvəlkindən fərqli olaraq kölgələri aydın görməkdə çətinlik çəkir. Yoldaşlarına çöldə gördüyü ağaclardan, quşlardan və günəşdən danışır. Əsl həqiqətin kənarda olduğunu, onların gördükləri kölgələrin həqiqət olmadığını deyir. Mağara sakinləri ona inanmır və heç biri mağaradan çıxmaq istəmir. Onlar əvvəl onu lağa qoyur, sonra əsəbiləşir və öldürməyə çalışırlar.

 

Bu mağara hekayəsi aydınlanmış insanların həyatlarının alleqoriyasıdır. Mağara sakinləri fəlsəfəni tanımamışdan əvvəlki insanlardır. Günəş ağlın işığıdır. Mağaraya qayıdan insanın yadlaşması isə həqiqəti deyənlərin bildiklərini düşünmək istəməyən adamlara çatdırmaq istədiklərində qarşılaşa biləcəkləri bir vəziyyətdir.

Platona görə hamımız həyatımızın böyük bir hissəsində kölgələrdə yaşayırıq. Şöhrət, mükəmməl həyat yoldaşı, yüksək mövqeli iş kimi bizi həyəcanlandıran şeylər əslində daha az realdır. Bütün bunların əksəri zəif və qüsurlu ağlımızın divarlarına cəmiyyət tərəfindən əks etdirilən kölgələrdir. Bunlara kiçik yaşlardan inanmağa başlayırıq. Bu, bizim fərdi günahımız deyil. Heç kim mağarada yaşamaq istəməz. Lakin hamımızın başladıği yer oradır və bu olduqca çətin bir başlanğıcdır. Platonun danışdığı hekayədəki şəxs kimi əgər insanlara birbaşa şəkildə səhv olduqlarını desək heç bir nəticəyə nail ola bilməyəcəyik. Əksinə, onların dərin bir şəkildə inciməklərinə səbəb olaraq məsələni daha da qəlizləşdirəcəyik.

Platona görə çözüm diqqətli şəkildə təşkil olunmuş, geniş formada tətbiq olunan fəlsəfi təlim prosesidir. Platon buna Sokratın tətbiq etdiyi “Sokrat metodu” kimi tanınan sorğulama metodu ilə nail ola biləcəyimizi deyirdi. Bu metodda heç kimə dərs vermir, cəzalandırmır, hər hansı bir kitabı oxumağa məcbur etmirsən. İnsanların həqiqəti özlərinin dərk etməsinə şərait yaradırsan.

Əvvəlcə mövzu haqqında ümümi bir bəyanat verirsən. Həmin mövzu barədə az məlumata sahib olduğunu vurğulayırsan. Məsələn, insanlar arasında yaxşı bir münasibətin necə davam edəcəyini dəqiq bilmədiyini etiraf edib, sonra digərlərinin bu mövzuda nə düşündüklərini öyrənərək yavaş-yavaş birlikdə cavabları nəzərdən keçirirsən. Böyük ehtimal qarşımızdakı şəxs özündən hədsiz dərəcədə əmin olacaqdır. Bizə cavabın olduqca bəsit olduğunu, hətta bunu hər kəsin bildiyini deyə bilər.

Bu cür meydan oxuma qarşısında hədsiz dərəcədə səbirli olmaq lazımdır. Bu cür söhbət metodu sayəsində qarşı tərəfdə xoş bir inam hissi yaranır, doğru həvəsləndirmə ilə insanlar zamanla nəyin düz, nəyin yanlış olduğuna özləri qərar verə bilir və səhvləri öz ağılları ilə dərk edə bilirlər. Əgər diqqətli və səssiz şəkildə diqqətlərini incə nöqtələrə çəkə bilsək, onları günahlandırmasaq və əsəbiləşməsək bu proses həyata keçəcəkdir. Heç kimə həqiqətən elə olsalar da, özlərini səfeh kimi hiss etdirərək nəsə öyrədə bilməzsiniz.

Nəticədə başlanğıcda hamımız bu mağarada başlayırıq, lakin Platonun ən dərin anlayışlarından biri burada qalmaq məcburiyyətində olmadığımızdır. Kənara çıxış yolumuz isə kifayət qədər sadədir. Fəlsəfə izləyə biləcəyimiz bir günəşdir, şüaları sayəsində təbiətin gerçək üzü daha açıq bir şəkildə gözümüzə görünə bilər. Əsas olan isə “mağara”dan çıxmaq istəyimizdir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)