Edebiyyat.az » Proza » Vaqif Osmanov - Həyat eşqi və İntihar

Vaqif Osmanov - Həyat eşqi və İntihar

Vaqif Osmanov - Həyat eşqi və İntihar
Proza
Necef Esgerzade
Müəllif:
15:11, 24 oktyabr 2019
2 740
0
Həyat eşqi - insanın daxiliyanma mühərriki. İnsanı mənəvi və fiziki ölümün caynağından qoruyan talisman. Həyat eşqi deyiləndə kim və yaxud nə yadınıza düşür? Çoxunuzun cavabı bəllidir: Cek London və onun məşhur hekayəsi. Ədəbi şedevr.
  Bu hekayənin leytmotivi: yaşamaq uğrunda mübarizə. Süjet xətti: İki yoldaşın - qızılaxtaranların Alyaskada - tundranın soyuqdan böyüməyə imkanı olmayan ağaclı meşələrində başına gələnlər. Lirik qəhrəmanı bu məşəqqətli yolçuluqda - soyuq "cəhənnəm"də (bəli, cəhənnəm təkcə dözülməz isti deyil) tənha qoyub gedən Billin sümüklərinə rast gələn yol yoldaşı onun qızılla dolu dağarcığını görür. Və fikirləşir ki, Bill onun yerinə olsaydı dağarcığı mütləq götürərdi. Həm də anladı ki, qızıl onun tamahkar yoldaşının xilaskarı yox, ölümə sürükləyən parıltıdır. Yoldaşının nəfs işıqforunda dayanan avtomobilin əyləci yoxmuş. O, isə qızılaxtaran yol yoldaşının canavarın ətdən təmizlədiyi sümüklərinin yanında yiyəsiz qalan (lap elə andıra qalan) qızıl dağarcığını götürmür. Bilir ki, qızıl bu məqamda onun cəlladıdır, dişlərini qızarda - qızarda növbəti qurbanına baxır. Sağ qalmaq uğrunda mücadilədə ona qızıldan vacib dəyər - cəsarət, mənəvi və fiziki güc lazımdır. Bu tundranın ortasında onun həyat yoludur. Artıq yük (lap qızıl olsa da) onun ölümünü tezləşdirmək istəyən gözəl və cəlbedici mələkdir - Əzrayıldır. Şirnikləndirib tələyə salmaq üçün yalançı yemdir. Necə ki, Billi qamarlayıb. Axı yaşamaq uğrunda mübarizənin yolları heç vaxt hamar olmur.
 
Cek Londonun "Həyat eşqi" öyrədir ki, yoldaşını dar ayaqda yalqız qoyub gedənlər təkcə xəstə canavara yox, həm də "həyat" adlı yalquzağın asan yeminə çevrilirlər. İnsan maddiyyatın əsiri olanda həm maddi, həm də mənəvi dəyərlərini itirir. Qızılı da, şipşirin ömrünü də.

 Yazıçı dahiyanə vurğulayır ki, insanı inam, ümid, mübarizə tərk etməsə, o, həyatın bütün sınaqlarından, keşməkeşlərindən qələbə ilə çıxa bilər. Ümidi ölən insan əvvəlcə mənəvi, daha sonra fiziki cəhətdən məhv olur. Təkcə yol yoldaşını yox, həm də özünü tənhalığın qucağına atan insan təbiətlə, həyatla çarpışmalarda uduzur mütləq. Böyük Bəxtiyar Vahabzadə deyirdi ki, meşələr sultanı, meşələr şahı aslanın özü də yalqız olmasın.
 
Lirik qəhrəmandakı inama, mücadiləyə heyran qalmamaq olmur: Yarım saat ərzində soyuq sulu, lilli gölməçənin suyunu boşaldıb oradan bir balıq tapan yolçu. C.London bunu - qəhrəmanının balıq tapan andakı sevincini elə təsvir edir ki, sanki tundranın "keçəl" meşələrində "olum, yaxud ölüm" dartışmasında olan özüdür. Bu sözün, təxəyyülün təntənəsidir. Heyf ki, bu mübarizə şairin təxəyyülündə məskən salsa da qəlbinə hakim olmayıb. 
 
Mübariz insan hətta onu addım - addım izləyən, nəfəsini kürəyində hiss edən ac canavarı (xəstə olsa belə) öldürmək, ətini yemək, qanını içmək gücünə malikdir. Onun  həyat imtahanındakı bu qələbəsinin "memar"ı milli mentalitetimizin bir ədəbi nümunəsinin təbirincə desək, gözü çıxmış qardaşı (sümüklərinə rast gəldiyi Bill) yox, daxilində püskürən həyat eşqidir.

 Amma nə edəsən ki,dahi kimi qiymətləndirdiyimiz insanlar belə bəzən ən məchul, bəlkə də ən sadə suallar qarşısında baş sındırmalı olurlar. 
 
Cek Londonun "Həyat eşqi" ilə həyat eşqi arasındakı paradoks insanı dərin düşüncələr dəryasında çabalamağa məcbur edir. 
 
Təzada fikir verin! İyirmi bir romanın, Bəlkə də dünya ədəbiyyatının bir nömrəli hekayəsinin (subyektiv fikrimdir) müəllifi 40 yaşında morfi qəbul edərək intihar etmişdir.

 "Martin İden" romanının qəhrəmanı yazıçının prototipidir. O, bu romanda ömrünün ölümə sürükləyən anlarını pillə - pillə qələmə almışdı. Soyuqqanlı cəmiyyət isə insafsızcasına susurdu.
 
San - Fransisko küçələrində qəzet satan, okean gəmilərinin göyərtəsini yuyan, limanda yük boşaldan Cek London çox faciəli həyat yaşayıb. Anası hamilə olanda atası evi tərk edib. Tənha ana yenidən ərə gedib. Atalığı Cekin anasına uşağı məhv etmədiyinə görə zülm verib. Ana yaşadığı sarsıntılardan, cəhənnəm məşəqqətindən cana doyub qan damarlarını doğrasa da sağ qalıb, Ceki dünyaya gətirib. 
 
Əslində bu bir neçə cümlə bədbəxt bir insanın taleyi haqqında nəhəng roman yazmağa bəs edən ədəbi materialdır.

 Cek London niyə "Həyat eşqi"nin qəhrəmanı kimi həyat eşqli olmadı? Niyə həyatın amansız zərbələrini dəf edə bilmədi? Çünki o da tənha idi. Depressiyalar onu həyatın dibinə - girdablara doğru çəkirdi. Bataqlıq cəmiyyət onu udmaq istəyi ilə alışıb yanırdı. Mübarizlik isə yazıçının həyat lüğətindən silinmişdi. O, əla bilrdi ki, həyat eşqi, mübarizə nədir. Bunu qızılaxtarana yazıçı vermişdi. Bəs niyə özünə saxlamamışdı onlardan heç olmasa bir misqal? Belə sualların cavablarını Cek London morfinin köməyi ilə o dünyaya apardı, oxucularını nigaran qoydu, qaranlıqları aydınlaşdırmaq üçün yanmadı, inam məşəlini yandırmadı. Nazim Hikmət demiş, mən yanmasam, sən yanmasan,  o yanmasa, necə çıxsın qaranlıqlar aydınlığa?!

 "Həyat eşqi"ndəki canavar ölümün, insan həyatın rəmzidir. Bu bəlkə də ədəbi tənqidçilərin fərziyyəsidir. Buna inanmamaq da olmur. Cek London da sübut edir ki, həyat ölümdən güclüdür. Asif Ata daha düşündürücü deyirdi: 
 
"Həyat - ölümü yaşadır ki, - Yaşasın"!
 

İradəli insanlar isə ölümə qalib gəlirlər, heç vaxt ölmürlər...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)