Edebiyyat.az » Proza » Samuel Beckett - Mən yox

Samuel Beckett - Mən yox

Samuel Beckett - Mən yox
Proza
Necef Esgerzade
Müəllif:
13:39, 05 dekabr 2019
1 515
0
Pyesin ilk təqdimatı 16 yanvar 1973-cü ildə London Kraliça Teatrında keçirilib. Entoni Peydj tərəfindən səhnələşdirilib.

AğızBilli Uaytlou

Dinləyici: Brayan Miller
Səhnə qaranlıqdır, yalnız aşağıdan zəif işıqlandırılmış AĞIZ görünür, o, səhnə üzərində asılıb.Üzün qalan hissəsi görünmür.Gizli mikrofon.

Dinləyici –başdan-ayağa geniş qara örtüyə bürünmüş qeyri-müəyyən cinsli məhluq- səhnənin hündür görünməyən yerində  tamaşaçılardan solda dayanıb. Dinləyici  tamamilə ondan çəpəki duran Ağzın hekayəsinin təsiri altındadır. O, qeydlərdə göstərilən istisna hallardan başqa tam hərəkətsiz dayanıb.

Hələ ki, işıq yoxdur, Ağzın anlaşılmayan səsi eşidilir, tamaşanın başlanması ilə mırıldanma hələ on saniyə də davam edir, sonra pərdə tam qalxdıqda nitq də anlaşılan olur.

Ağız:Bura…bu dünyaya…bu dünya…bapbalaca məxluq…vaxtından əvvəl…lənətə gəlmiş-…nə?…qız?… həə… bu…. bura bu… vaxtından əvvəl…lənətə gəlmiş bu dəliyə…adı nə idi?…vacib deyil…ata-anası bilinmir…onlar haqqinda heç eşitməyib də…ata yoxa çıxıb… heç şalvarını düymələmədən belə…ana həmçinin…səkkiz ay keçdikdən sonra…belə alınıb…nə isə ki,sevgisiz…qənaət ediblər…heç bir sevgi olmadan…səssiz körpə…evdə…yox…doğrudan heç izi-tozu olmadan…sevginin izi-tozu olmadan…sonra da elə bu cür…adi haldı…altmış yaşına kimi heç nə görməyib…nə?…yetmiş?…mərhəmətli Tanrı…hətta yetmişə kimi…çəmənlikdə xəyal edirdi…güllərə baxırdı…ətrafa…iki addim atdı və dayandı…ətrafa baxdı…sonra yenə…sonra bir az da…dayanır və yenə baxır…və elə uzağa…elə ətrafı seyr edir…birdən gözlənilmədən…asta-asta…hər şey yox olur…bütün bu aprel səhəri…və birdən görür ki…nə?…kim?…yox!…o! ( pauza və hərəkət 1) …görür ki,zülmətə qərq olub…amma tamam yox…cansız…cansız…uğultu eşidir…elə bil ki…qulaqlarında…və işıq görünüb yox olur…elə bil aydı…üzə-üzə… buludların arasında…elə ləng-ləng…obilmirdi…hansı vəziyyətdə olduğunu bilmirdi…təsəvvür edin!…o hansı vəziyyətdədir?…durub?…oturub?…amma beyin…nə?…dizləri üstə çöküb?…həə…durubmu?…oturubmu?…yoxsa dizləri üstə….beyin isə?…nə?…uzanıb?…həə…durubmu?…oturubmu?…diz çökübmü?…uzanıbmı?…beyin isə əvvəlki kimi…əvvəlki kimi…onun ilk düşüncəsi…çox sonradan…qəfil parıltı…sankı inanmaq istəyirdi…digər insanlar kimi…mərhəmətli…(gülüş)…Tanrıya…(qəhqəhə)…onun ilk düşündüyü bu oldu…çox sonradan…qəfil parıltı…o cəzalandırılmışdı…öz günahlarına görə…hansılar ki,sonradan…lazım olsa…yaddaşında peyda oldular…bir-birinin ardınca…qərara gəldi ki,bu axmaqlıqdır…çox sonradan…bu fikri özündən qovdu…birdən anladı…asta-asta anladı…o,əzab çəkmir…təsəvvür edir…əzab çəkmir!…həm xatirlaya bilmədi…daha dəqiq…nə vaxt?…nə vaxt daha az əzab çəkib?…təbii ki əgər o…əzab çəkmək niyyətində deyildisə…xa!…elə düşünürdü ki,əzab çəkir…elə bil artiq vaxtı var idi…onun həyatinda…bəs necə həzz almaq olar…əslində o…heç vaxt həzz almayib… azacıq da olsa…belə halda əlbəttə… cəza haqqında olan düşüncə…bu,ya da o biri günaha görə… ya elə hamısına görə…ya elə ümumiyyətlə…elə öz xeyrinə görə…o bunu gözəl başa düşürdü… cəza haqqında düşünmək… ağlına gələn bu fikir… elə etdi ki,o inandı…başqa insanlar kimi…mərhəmətli…(gülüş)… Tanrıya…(qəhqəhə)… ağlına bu fikir gəldi…sonra fikrini inkar etdi…axmaqlıq kimi… amma bəlkə də axmaqlıq deyil.. hamısından sonra…və sairə…bütün bu… lazımsız nəticələr…nə qədər ki, növbəti fikir yaranmayıb…çox sonra… qəfil parıltı… şübhəsiz böyük axmaqlıqdı,amma…nə?…uğultu?…həə… daimi uğultu…sanki…qulaqlarda…əslində isə…qulaqlarda yox…başda…başda küy…və daima bu işiq… ya işiq axını… sanki aydandı…amma bəlkə də yox…əlbəttə ki,yox…həmişə eyni yerdə…ay kimi…yox…ay kimi yox… bunlar hamısı elə bir istəkdi…cəzalar…amma əslində… axırda… ağrı tutması yox… axırda…xa!… axırda…və bu başqa fikirdir…çox sonra…qəfil parıltı… axmaqlıqdır… amma ona elə oxşayır ki…ona…o nəfəs ala bilir…ora və bura… qıvrıla bilmir…əsl aqoniyadaki kimi… və bacarmırdı… xarici görkəmini korlamağı bacarmırdı.. yalan danışa bilmirdi…ya da mexanizm…daha çox mexanizmə bənzəyir…söndürülmüş…siqnal qəbul etmir… ya da səsini çıxarda bilmir…sanki lal olub… qışqıra,çığıra bilmir… (qışqırır)… sonra qulaq asır…(sükut)… yenə qışqırmaq… (qışqırır)… sonra yenə qulaq asır…(sükut)…yox… mənası yoxdur… məzardakı kimi sakitlikdir…özünün heç bir…nə?… uğultu?…həə… sükutda uğultu…sanki…özünün heç bir hərəkətini…o hiss etmir…budur göz qapaqları… görünür ki… yuxarı aşağı… işığı tuturlar… refleksdi…heç bir hissiyyat yoxdu… amma göz qapaqları… hətta ən yaxşı vaxtlarda… onları kim hiss edir?… açılırlar… qapanırlar… nəmişlik…beyin isə əvvəlki kimi…əvvəlki kimi yetəri qədər…həm də necə!…bu mərhələdə…nəzarət olunur… nəzarət altındadır… aydınlaşdırmaq…bu aprel səhəri…o,belə mühakimə edirdi… bu aprel səhəri…. gözünü çəkmirdi…uzaqdan gələn səs…ona doğru tələsirdi…gözünü çəkmirdi…ki itməsin…yoxa çixmasın… bu işıq…öz-özünə…heç bir… hansısa…onsuz…demək belə…belə düşünürdü…boş fikirlər…hər şey ölüdür… məzardakı kimi sakitlikdir…amma qəfildən…asta-asta…o hiss etdi-…nə?…uğultu?…həə…sükutda uğultu… qəfildən anladı ki…sözlər yaran-…nə?…kim?…yox!…o! (pauza və hərəkət 2)… anladı… sözlər yaranır…təsəvvür edin!…sözlər əmələ gəlir… ona tanış olmayan səs…əvvəlcə…təzə yarananda…sonra dərk etdi ki… bu ki…onun öz…bir neçə sait səs…heç vaxt eşitməmişdi…bu adamlar ona…çox nadir hallarda…ildə bir,ya iki dəfə… və qəribə də olsa həmişə qışda…gözlərini təəccüblə ona zilləyir zilləyirdilər… indi bu axın…güclü axın…o heç vaxt…əksinə…demək olar ki,səssiz… bütün həyatı boyu…o buna necə dözüb…!Hətta aliş-verişləri də… orda insanların içində… səs-küylü ticarət mərkəzi…supermarket…siyahı…və zənbil ilə…köhnə qara zənbil…sonra dayanıb gözləyirdi…çox uzun müddət… izdihamın içində…gözünü bir nöqtəyə zilləyərək… həmişəki kimi yarımçıq açılmış ağız…əlinə götürməyənə qədər…zənbili…sonra pulu ödəyirdi və gedirdi… deyəsən sağollaşırdı da…o necə dözürdü!…indi də bu qum… heç yarısını da anlamırdı…dörddə birini də…heç nəyi…deyilənlərdən…təsəvvür edin!… dediklərindən heç nə anlamırdı!…cəhd etməyə başlayana qədər…özünü aldatmağa…bu, heç də onun deyildi…onun səsi deyildi…heç bir bənzərliyi yox idi…onun gücü…son həddə idi…uzun səylərdən sonra…qəfildən hiss etdi… asta-asta hiss etdi ki… dodaqları hərəkət edir!…bəlkə əvvəl də… və tək dodaqları yox… yanaqları…çənəsi…bütün üzü…bütün bu…nə?…dil?… həə… ağzında dili…bütün bu orqanlar… onlarsız danışmaq mümkün deyil…və həmişəki kimi…tək tərpəniş hiss etmədi…fikrini cəmlədi…kimsə nəsə dedi… sözlərə qulaq asdı… bacarmadı…etiraz edə bilmədi…elə təsəvvür etdi…öz səsini…amma bu başqa dəhşətli fikir idi…çox sonra… qəfil parıltı…təsəvvür oluna biləndən də dəhşətli…təsəvvür edin!… hissiyyat qayıdır!… hissiyyat qayıdır!…yenə gedirlər… yuxarı… və aşağı…bütün mexanizm…amma yox…belə yox…bircə ağiz…və belə uzaq…sonra düşündü…çox sonra… qəfil parıltı… bu qurtarmalıdır…bütün bunlar…bütün bu… güclü axın…eşitmək üçün bütün gücünü topladı…dərk etmək…öz fikirləri…onlardan nəsə düzəltmək…bütün bunlar-…nə?…uğultu?…həə…hər zaman uğultu…sanki…bütün bunlar birlikdə…təsəvvür edin!…bütün vücud hərəkətdədir… ağız…dodaqlar…yanaqlar…çənə…bir saniyə də olsa-…nə?…dil?…həə…dodaqlar…yanaqlar…çənə…dil… bir saniyə də olsun dayanmır… ağız yanır… söz axını… qulaqlarında…elə bil ki, qulaqlarında… heç yarısını da anlamır…dörddə birini də…ümumiyyətlə heç nəyi…təsəvvür edin!…saxlaya bilmir…elə indicə… elə indicə heç bir səs çıxarda bilməyən o…heç bir səs belə…indi dayana bilmir…təsəvvür edin!… axını saxlaya bilmir… beyin artiq yalvarır… beynin içində nəsə yalvarır… ağızdan dayanmasını xahiş edir…bir azca…bir saniyəliyinə…amma nə fayda…elə bil heç eşitmir… ya da bacarmır… bir saniyəlik də olsun dayanmağı bacarmır… havalı kimi… bütün bu qarışıqlıq… aydınlaşdırmağa çalışır… söz qırıqlarını birləşdirməyə çalışır…beyin isə…özünü lənətləyir… məna tapmağa çalışır…ya da dayanmağa… və keçmişə qayıdır… zəif işartı…daim gedirdi… bütün həyatı boyu…günbəgün… bir neçə addım və dayanırdı… harasa baxırdı…sonra yenə…bir az da uzağa… yenə donub qalırdı…və yenə…ətrafı seyr edirdi…günbəgün… və bir dəfə qışqırdı…o bir dəfəni xatirlaya bilir… uşaqlıqdan bəri… körpə kimi çığırırdı…niyə də yox…bəlkə də yox…yaşamaq üçün mütləq deyil… körpə çığırtısı kimi…özünü getməyə məcbur etmək üçün… nəfəs alırdı…sonra-yox, o vaxtdan bəri…qoca ifritə… oturub öz əlinə baxırdı…bu harda olmuşdu?…Krokers Akrs…bir dəfə axşamüstü evə gedərkən…ev!… Krokers Akrsda balaca təpəcik… axşamçağı… oturub əlinə baxırdı…dizlərinin üstündə… qolu yuxarı qalxır…birdən hiss edir ki,o nəmdir…qolu…yəqin ki, göz yaşlarıdı…yəqin ki,özünündü… axı ətrafda heç kim yoxdu…heç bir səs yoxdu… ancaq göz yaşları… oturub onların necə quruduğuna baxırdı… hamısı bir saniyə içində… saman çöpündən yapışır…beyin…hərdən görünür…tez tutub yox olmaq…heç nə yoxdur…sonra…o səs kimi dəhşətli…daha da betər… heç olmasa azacıq anlam…və bütün bunlar birlikdə… bacarmadı…nə?…uğultu?…həə…daimi uğultu… elə bil şəlalənin yanındasan… və işıq…orda-burda peyda olur… ətrafinda fırlanır… ay işığı kimi…amma yox,o yox…yenə də bənzəyir… onu gözdən qaçırtmamaq…gözünün ucu ilə… Tanrı sevgidir…o, günahlarını bağışlayar…geri çəmənliyə…səhər günəşi…Aprel…üzü üstə otluğa…bircə torağaylar…və sairə…saman çöpündən yapışır… ayırd etməyə çalışır…heç olmasa bircə söz…nəsə bir anlam tapmaq… vücud yoxa çıxdı… ancaq ağız… havalanmış kimi…dayana bilmir… onu dayandırmaq olmaz…o nə idi?…nə istəyirdi?…nə?…kim?…yox!…o! ( pauza və hərəkət 3)…onun istədiyi…nə?…uğultu…daimi uğultu…küy… başında… və işıq…ətrafda var gəl edən… ağrısız…elə uzaq…xa!…elə uzaq…sonra düşündü…çox sonra… qəfil parıltı…bəlkə də o,nəsə istəyirdi…istəyirdi…demək…belə ola bilər ki?… nəsə o, nəsə istəyirdi…demək…bapbalaca məhluq… vaxtından əvvəl…lənətə gəlmiş dəlik…sevgi olmadan…qənaət etdi…sözsüz həyat…demək olar ki,sözsüz…o,bunlara necə dözdü!… bütün bu vaxtı məhkəmədə… özünə nə desin ki… o günahkardı, yoxsa günahsız… qalxın… danışın…gözünü harasa zilləyərək dayandı… həmişəki kimi yarımçıq açılmış ağız… …onu nə zaman aparacaqlarını gözləyirdi…əlinə toxunduğuna sevinirdi…indi də…o nəsə dedi…bu mümkündürmü?…deyiləcəkmi?… bunlar hamısı necə oldu?…o necə…nə?…mövcud idi…həə… onun necə mövcud olmasından nəsə deyiləcək?… necə yaşayırdı… elə yaşayırdı, yaşayırdı… günahkardı, yoxsa günahsız?…sonra,daha sonra… altmış yaşına kimi… nəsə…nə?… yetmişə kimi?… Mərhəmətli Tanrı!…düz yetmişə kimi…onun özünün də bilmədiyi nəsə…eşitsəydi də bilməzdi… bağışlanacaq… Tanrı sevgidir…mərhəmətini göstərəcək…hər səhər yenidən…geriyə çəmənliyə…aprel səhəri…üzü üstə otluğa…bircə torağaylar…orda toplamaq…onlarla getmək…bir neçə dənə də…nə?…belə yox?…heç nə etməmək?…deməyə heç nə yox idi?… yaxşı…heç nə deyə bilmədi…bəlkə başqa cür?…başqa cür cəhd edək?…çox sonra… qəfil parıltı… yox başqası… yaxşı…yenə hər şey yolunda deyil…və elə-belə… axır ki, ayırd edək…qoy başqa cür olsun… sonra bağışlanacaq…geri…nə?…yenə elə deyil?… yenə alınmadı…bunu fikirləşmirdi əslində?… yaxşı…heç nəyi deyə bilmədi…heç nə fikirləşə bilmədi…heç nə…nə?…kim?…yox!…o! (pauza və hərəkət 4)…bapbalaca məxluq… vaxtından əvvəl…lənətə gəlmiş dəlik…heç bir sevgi olmadan…qənaət etdi…sözsüz həyat…demək olar ki,sözsüz…hətta özünə də…bir dəfə də olsun ucadan…heç də belə deyil…hərdən gözlənilmədən göstərirdi…ildə bir,ya iki dəfə… qəribə də olsa hər dəfə qışda…uzun gecələr… uzun zülmət gecə saatları…qəfildən başladı…danışmağa… ilk gördüyünə doğru can atdı… ayaqyolunun yanında… və ürəyini boşaltdı… güclü axın… anlaşılmaz sayıqlama… saitlərin yarısını qarışdırdı…heç nə başa düşmək olmurdu…birdən gördü ki, hamı ona baxır… utandığından az qala öləcəkdi…güclə süründü…ildə bir,ya iki dəfə… qəribə də olsa hər dəfə qışda…uzun zülmət gecələr…indi də bu…bu…daha da sürətlə…beyin… havalanmış kimi görünür…tez tutdu və sonra…heç nə…bəlkə hardasa …hardasa yenə cəhd etmək…hər zaman nəsə yalvarır… onun içində nəsə yalvarır… yalvarır ki,dayansın…amma cavab yoxdur… dua etməyə başı qarışıb və cavab vermir…ya da eşitmir…çox zəifdir…və sairə…davam edir…cəhdlər…bilmir ki… o,nə etməyə çalışır…niyə cəhd etsin ki…vücud yox olub… ancaq ağız… havalanmış kimi…və elə-beləcə…davam etm-…nə?… uğultu…həə…daimi uğultu…küy…şəlalənin səsi kimi… başında… bir də işıq… ətrafda fırlanır… ağrısız…çox uzaqda…xa!…çox uzaqda…bütün bunlar…davam edir…heç özü də bilmədən…o nə idi…nə?…kim…yox!…o…O!…o cəhd etdi…niyə cəhd etsin ki… mənası yoxdur…davam etmək… axır ki, ayırd edək…sonra geriyə… Tanrı sevgidir…mərhəmətini göstərəcək…hər səhər yenidən…geriyə çəmənliyə…aprel səhəri…üzü üstə otluğa…bircə torağaylar…. toplayırdı…
( pərdə enir, qaranlıq, pərdə arxasından səs hələ də gəlir, anlaşılmaz şəkildə 20 saniyə, işıq yananda kəsilir).

Qeyd
Hərəkət: Dinləyici sadəcə əllərini qaldırır, yanlara doğru açır və çarəsiz mərhəmət jesti ilə endirir. Əllərin yellənməsi üçüncü dəfədə güclə sezilməlidir.)

1973

Mənbə: Не я/Сэмюэль Беккет
Tərcüməçi: 
Aygün Məmmədli
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)