Edebiyyat.az » Proza » Redyard Kiplinq - Amurun oxları

Redyard Kiplinq - Amurun oxları

Redyard Kiplinq - Amurun oxları
Proza
nemət
Müəllif:
13:59, 16 dekabr 2019
1 275
0
Redyard Kiplinq - Amurun oxları
 


 Biri var idi, biri yox idi. Simlada kasıb, lakin namuslu yerli hakimin gözəl bir qızı var idi. Qız ləyaqətli, mehriban idi, ancaq öz qüdrətini başa düşmür və ondan istifadə edə bilmirdi. Anası, bütün yaxşı analar kimi qızının gələcək taleyi üçün narahat idi.
 Simlada subay və komissar vəzifəsində işləyən bir adam yaşayırdı. O, bəylik kürsüsünə ən yağlı tikə idi, lakin yaraşıqsız və hətta kifir idi. Bu Asiyada tapıla bilən ən çirkin adam idi. Adı Saqqot idi, Barr-Saqqot, ya da bütöv desək, Entoni Barr-Saqqot. Xidməti münasibətdə Hindistanın ən yaxşı hökumət məmurlarından biri idi. İnsani münasibətdə isə tez-tez aşiq olan qorilla. İltifatlı diqqətini xanım Beytona tuşlayanda, əminəm, o, sevincdən göz yaşı axıtmışdı ki, Tale onu bu qoca yaşında bəxtəvər etdi. Cənab Beyton inadla susurdu. O, üzüyola insan idi. Komissarın əla imkanı var idi. Çoxlu məvacib alır, bununla yanaşı nəinki qənaət edir, əksinə geninə-boluna yaşayırdı. Atlar saxlayır, tədbirlər keçirir, ballar təşkil edir və ölkədə böyük nüfuza malik idi.
 Nəql etdiyim əhvalat çox əvvəl baş vermişdi. Ancaq tarixdən qabaqkı Britaniya Hindistanında yox. Bəlkə də kimlərinsə o illər yadındadır. Laun-tennisin olmadığı, hamımızın kroket oynadığı illər. Təsvir etdiyim dövrdə heç kroket icad edilməmişdi. Onda 1844-cü ildə İngiltərədə məşhurlaşan yaydan ox atmaqla əylənirdik. O da indi laun-tennis kimi o vaxt geniş yayılmışdı. Hamı müxtəlif müdrik terminlərdən istifadə etməklə alim görkəmilə onun haqda fikir yürüdürdü. Xanım Beyton uzaq məsafəyə - altmış yarda - əla atırdı. Və Simlada ən yaxşı "oxatan" idi. Kişilər onu Tara-Devidən olan Diana adlandırırdı.
 Diana Barr-Saqqotun diqqətini cəlb etdi, və, dediyim kimi, anası şadlıqdan özündə deyildi. Kitti Beyton məsələyə daha sakit yanaşırdı. Pərəstişkarların arasında komissar kimi mühüm bir insanın da olması çox fərəhli idi; bununla rəfiqələrində ümümi paxıllıq oyatmaq xoş idi; ancaq başqa bir tərəfdən, komissardan axıb tökülən idbarlığı görməyə bilməzdi. Barr-Saqqot Kittinin nazı ilə oynayanda hər vasitə ilə özünü şişirtməyə çalışırdı. Belə edəndə son dərəcə gülməli görünürdü. Əbəs yerə ləqəbi "lanqur" - boz meymun deyildi ki.
 Qüdrətli komissarı ayaqların altında görmək xoşdur - Kitti belə düşünürdü - ancaq siması gözəl, heç bir gələcəyi olmayan draqun zabiti Kebbonla qaçmaq daha xoş olardı. Zabitlə Kittinin oxşar cəhəti çox idi, Kitti onun mühitindən zövq alırdı, amma o, artıq-əskik heç bir hərəkətə yol vermirdi, çünki ciddi heç bir niyyəti yox idi, təmiz adam idi. Barr-Saqqotun zəhlətökən pərəstişkarlığından yaxa qurtarmaq üçün Kitti bu kavalerlə müxtəlif yerlərə qaçırdı. Hər dəfə anası buna görə onu danlayır, o isə deyirdi:
- Ana, axı siz də bilirsiniz ki, cənab Saqqot necə eybəcərdir!
- Canım, Allah da onu elə yaradıb, neyləmək olar? - anası etiraz edirdi, - Buna narazılıq etmək olmaz, bununla barışmaq lazımdır. Yaxşısı budur, anana qulaq as. O sənə yaxşılıqdan başqa heç nə arzulamır. Ağıllı ol və tərbiyəni gözlə.
 Onda Kitti ədəb, ağıl, komissar və nigah mövzusunda ağzından çıxanı dedi. Cənab Beyton yalnız xaşxaşını ovuşdurdu. O, üzüyola adam idi.   Mövsümün sonu, zamanın yetişdiyini və münasib vaxtın çatdığını görən Barr-Saqqot özünün inzibati qabiliyyətini layiqincə qiymətləndirən plan tərtib etdi. O mükafat fondu olan, yalnız və yalnız xanımlar üçün yaydan atış müsabiqəsi təşkil etdi. Özüdə mükafat olaraq bahalı brilyant bilərzik təyin edildi. Yarışın şərtləri elə hiyləgərcəsinə və bacarıqla tərtib olunmuşdu ki, mükafat hökmən xanım Beytona çatmalı idi. Və bunu hamı o saat başa düşdü. Məsafə altmış yard, atış sayı otuz altı dəfə müəyyənləşdirildi. Bütün Simla dəvət olunmuşdu. Ağacların altında çay stolları düzülmüşdü.
 Görünən yerdə, mavi məxməri futlyarda olan brilyant bilərzik günəş şüalarının altında bərq vuraraq göz oxşayırdı. Xanım Beyton gözə çarpacaq dərəcədə həyəcanlı idi. O, atla gənc Kebbonla gəlmişdi. Kebbon da çox həyəcanlı görünürdü və utanırdı. Kittinin rəngi avazımışdı. Əsəbləşir və uzun-uzun bilərziyə baxırdı. Barr-Saqqot tərkisilah olunmuşdu və Kittiyə həmişəkindən daha idbar, daha murdar görünürdü. Cənab Beyton qüdrətli komissarın gələcək qayınatası kimi təkəbbürlə tanışlarına gülürdü. Yarış başlandı. Yarış iştirakçıları olan xanımlar onlar üçün ayrılmış yerlərdə durdular, tamaşaçılar isə onların ətrafında yarımdairə şəklində toplaşdılar.
 Yaydan oxatma yarışlarını izləməkdən darıxdırıcı heç nə yoxdur. Günəş vadidən itib, ağacların üstündən yüngül axşam küləyi əsənə kimi elə hey atdılar. Camaat xanım Beytonun nə vaxt atıb mükafatı alacağını gözləyirdi. Kebbon yarımdairənin bir başında, Barr-Saqqot isə o biri başında dayanmışdı. Xanım Beyton siyahıda axırıncı idi. Rəqiblər zəif idi. Bilərziklə birgə komissar da, şübhəsiz, ona çatmalı idi. Komissar özü öz kübar əlləri ilə onun yayını dartdı. Kitti qabağa çıxdı, bilərziyə baxdı və onun ilk oxu hədəfin düz mərkəzinə düşdü. Solda cavan Kebbonun bənizi ağardı, Barr-Saqqot isə çətinliklə gülümsədi. Kitti bu gülüşü görüb üzünü sola, Kebbon dayanan tərəfə tutdu. Ona gizlicə başı ilə işarə elədi və təzədən atmağa başladı. Deyəsən, bunun ardınca gələn səhnəni yaxşıca təsvir edə bilməyəcəm. Xanım Beyton əla atıcı idi. O, oxlarını çox dəqiqliklə yerləşdirir, sistemli şəkildə nişan alır, gərilmiş ipi buraxırdı...ancaq qızılı dairəciyə düşmək əvəzinə, ağa düşürdü. Bu minvalla, ağ dairəciyə beş ox düşdü. Barr-Saqqot yamyaşıl oldu. Kitti bilərziyi udmadı. Yaraşıqsız yeniyetmə bir qızın səsi eşidildi:"Belə çıxır ki, mən qalib gəldim!"

 Ana Beyton özünü saxlaya bilməyib, camaatın içində ağlamağa başladı. Kitti ədəbsiz sevinc dolu jestlə yayını buraxdı və öz yerinə qayıtdı. Barr-Saqqot çirkin qızın qırmızı əllərinə bilərziyi qoyanda mehriban və razı sifət almağa çalışdı. Müşkül səhnə alındı, çox müşkül. Hamı dağılışmağa tələsdi və Kittini anasına hər şeyi izah etmək üçün tək qoydu. Ancaq Kebbon elə həmin dəqiqə Kittini götürüb apardı. Qalanı danışmağa dəyməz.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)