Səbirə Müzəffər - Tehran Əlişanoğlu 60 yaş (Tələbə memuarı)
Proza
Akademik ədəbiyyatın nümayəndəsi, tənqidçi, filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü, Tehran Əlişanoğlunun doğum günüdür... Yaşınızın yeni çağı mübarək, müəllim!
...Tehran müəllimlə ilk tanışlıq 2014 – cü ilə söykənir. Mən onda III kurs tələbəsi idim. Auditoriyamıza (404 nömrəli otağa) səssizcə gəlişini xatırlayıram. Bizlə tanışlığı, özünü təqdim etməyi və hətta birinci sualı belə yadımdadır... Verdiyi sualları cavablandırmağa çalışırdıq. Səhvlərimiz belə olsa heç bezikmədən özünəxas susqunluğu ilə tələbələrin fikirlərinə aydınlıq gətirərdi Tehran müəllim. O zaman mən Tehran Əlişanoğlu haqqında - onun dünyası, fikirləri, yazı üslubu və fəaliyyətindən bixəbər idim.
İlkin olaraq yeni müəllimə alışmaq, onun qarşısında dərs danışmaq, fikir mübadiləsi etmək çətin idi mənim üçün. Görəsən, danışdıqlarım, fikirlərim müəllimi qane edirmi? Hər zaman belə suallar yararadardı beynimdə. Mühazirələrin , əsas da seminarların ardıcıllığı müəllimlə bizi yavaşcadan doğmalaşdırdı... Seminarların gedişatı elə formada gedirdi ki, heç saatın necə bitdiyini bilməzdik. Bütün tələbələri yığardı lövhə qabağına, oxuduqları əsərlər haqqında bircə-bircə fikirləri alardı. Fikirlər qarşılaşdırılar, bəzən razılıq, bəzənsə mübahisələr əmələ gələrdi. Amma heç bir zaman öz marağını itirməzdi. Seminarlarımızın özəyi idi müzakirələr. Hər kəs iştirak etmək istəyər, oxumaqdan qaçınmazdı...
Çox uzatmadan deyim ki, bir ili məlumatsız başa vurdum... İl oldu 2015. Bütün sirlər də məhz həmin ildə açıldı. Sən demə bizim yeni – (eynəkli, hündürboy, sakit, hər zaman əlindəki kitab ya qəzetlə diqqətimizi çəkən) müəllimimiz neo-akademik nəşr – “Tənqid.net”(toplusu) jurnalının redaktoru Tehran Əlişanoğlu imiş. Jurnalı tez bir zamanda əldə etməyə çalışdım. Əldə edən kimi də onu imzalatmağı və müzakirə etməyi müəllimimdən xahiş etdim. Seminarlardan birini də elə “Tənqid.net”- ə həsr etdik. Açığı jurnalın struktru və dilindən məlumatlı deyildim. Nə yalan deyim, çox çətinliklə oxudum. Hətta oxuduqlarımı təhvil verə bilməyəcəyimi düşündüm. Bir bilsəniz redaktorun yazdıqlarını özünə qaytarmaq necə çətin prosesdir. Ancaq heç də pis alınmadı. Şərhlər, fikirlər, redaktorun açıqlamaları bir az köməyimə çatdı... Elə jurnal vasitəsilə Tehran Əlişanoğlunu daha da tanımağa başladım. Onun üslubu, dəst-xətti, yazı tərzi o qədər mürəkkəbdir ki, anlamaq nə mümkün...
Mühazirələrdən birində çəkinmədən Tənqid.netlə bağlı sözümü də demişdim...
“ Jurnalın dili o qədər ağırdır ki, Tehran müəllim, sanki anlamamağımız üçün əlinizdən gələni əsirgəməmisiz ”... Cavab olaraq isə o, sadəcə gülümsəmişdi.
İllər bir-birini əvəz etdikcə mən sıra ilə jurnalın digər saylarını da tapıb oxumağa başladım və hələ də davam edirəm. Gəncliyə, gənclərə daha çox yer verilməsi “Tənqid.net”-ə olan entuziazmı artırır. Artıq mən yavaş- yavaş öz aləmimdə Tehran müəllim haqqında xudmani tədqiqat aparmağa başladım... Tədqiqatım heç də pis nəticə vermədi:
Əvvələn ilklərdən başladım: İlk kitabı; ilk mətbu yazısı, ilk namizədlik, ilk doktorluq işi... Zamanla təqdiqatımı daha genişləndirdim. Tehran müəllimin 14 kitab, 200 dən çox məqalə müəllifi olduğunu öyrəndim.. .Bunlarla kifayətlənməyən Tehran Əlişanoğlu həm də ilk internet portalı olan Yenisi.net – in qurucularından biridir.
...Və bu gün - 16 yanvar 2020- ci ildə müəllimimin 60 yaşı tamam olur. Əziz müəllimim, sizi yeni yaşınız münasibətilə təbrik edirəm .Qələminiz əlinizdən, varlığınız ədəbiyyatdan əksik olmasın...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - ÜÇÜNCÜ BAHARIN QUTLU OLSUN, DOST!
Elnarə Akimova - Obyektivlik meyarı ilə
Tehran Əlişanoğlunun 50 yaşına yazdığı məqalə