Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - ÜÇÜNCÜ BAHARIN QUTLU OLSUN, DOST!

AZAD QARADƏRƏLİ - ÜÇÜNCÜ BAHARIN QUTLU OLSUN, DOST!

AZAD QARADƏRƏLİ  - ÜÇÜNCÜ BAHARIN QUTLU OLSUN, DOST!
Proza
Necef Esgerzade
Müəllif:
14:03, 14 yanvar 2020
1 502
0
(Tehran Əlişanoğlunun 60 yaşına)

Biz ədəbiyyat divanələri idik. Yolun lap başlanğıcında, astananın ağzında, qapının dabanında dayanmışdıq. O qapı üzümüzə əbədi çırpıla da bilərdi, astanada çaşbaş da qala bilərdik, gəldiyimiz yolu belə itirərdik...

Amma bəxtimiz varmış: ilk dönəmdə daha ağıllı, bizdən bir addım öndə olan, bizdən məlumatlı biri ilə rastlaşdıq. O görüş Yuxarı Dağlıq küçəsində, yazıçı Tofiq Qəhrəmanovun kiçik evində baş tutdu və biz gələcəyin ədəbiyyat adamları orada bir-birimizi tanıdıq. Rahid, Ulusel, Tehran Əlişanoğlu, mən... Sıralarımızda başqaları da vardı təbii...

Tofiq bizdən yaşlı və təcrübəliydisə, biz də Tehrandan 4-5 yaş öndə idik. Və mən sonralar bildim ki, Tehran, əslində orta məktəbin son sinfindəymiş bu hücrə-evə gələndə...

“Hücrə-ev” ifadəsini gəlişigözəl söz kimi işlətmədim. Bu kiçik otaq həqiqətən bir dərviş təkkəsinin kiçik hücrəsi kimi idi. Biz burada bilmədiyimiz sirlərdən aşina olur, ədəbiyyatın ağır yükünə çiyin verir, ilk qələm təcrübələrimizi oxuyub fikir bildirərdik...

Bura bir renessans ocağı idi. Biz burada ədəbiyyatın insana necə qanad taxdığını, bircə anda o qanadların yanıb külə döndüyünü, ədəbi həqiqətlərlə ədəbi illüziyaların arasındakı məsafənin bir kəpənək qanadı qədərincə olduğunu dərk etdik. Biz burada həm də bir-birimizi də kəşf etdik.

Tofiq faciəli surətdə vəfat edəndən sonra biz hər birimiz artıq müstəqil həyata qədəm qoymuşduq. Ayaqlarımız bərkimədə idi. Qanadlarımız... yox, onlar hələ tam çıxmamışdı... çıxsa belə biz onların həqiqi qanad olduğuna inanmaz kimiydik... 

Ədəbiyyatın daim şübhədən qidalandığını kim bilmir ki?! Ədəbi şübhələrlə vurnuxan çağımızda Tehranla işlədiyi “Ədəbiyyat qəzeti”ndə təkrar görüşdük. Bu dəfə anladım ki, Tehranda özünəinam oturuşmuş hala gəlməkdə olsa da, işindən məmnun adama oxşamır. Sanki onu burada güclə tutub saxlamışdılar.

Yeni rakursdan işlədiyim bir hekayəni ona fikir bildirməsi üçün təqdim edəndə çalışdığı qəzetdə deyil, dostu Məqsəd Nurla qurduqları “Press-fakt”da verməsi də düşüncələrimdə haqlı olduğumu təsdiqlədi. Az keçmədi Tehran Azərbaycan ədəbi mühiti üçün nadir sayılacaq bir addım atdı: artıq əvvəlki nüfuzunu itirmiş qəzetdəki redaktor müavini vəzifəsindən istefa verdi! Və ardıncan ikinci, daha mühüm addım: mənim heç vaxt üzvü olmadığım AYB-dan da öz ərizəsi ilə getdi. Məncə gələcək tənqidçi Tehranın formalaşmasında o addımların əhəmiyyəti böyük idi.
Zatən Tehran dostuyla qurduğu həmin özəl qəzeti də, “YeniSi”ni də, ölkədə ilk internet portalı olan yenisi.neti-i də o addıma hesablayaraq qurmuşdu. Dostumun ən böyük uğuru isə “http://xn--tnqid-elc.net/” dərgisini yaratmağı oldu. Bu dərgi Azərbaycan ədəbi mühiti üçün bir ildırım timsalı idi. 20 nəfərlik redaksiya heyətinin görə biləcəyi işi Tehran təkbaşına aparırdı.

Getmək lazım gələndə gedə bilmək kimi qiymətli bir addımı atmaq işin yarısını görmək deməkdir. Və Tehranın “İşin yarısı” böyük revanşa səbəb oldu. Onun bir-birindən maraqlı məqalələri, indiyəcən heç kimin yazmadığı tərzdə ədəbi esseləri və bu mətnlərin xüsusi üslubu, dili...
Bu dil məsələsini xüsusi qeyd edəcəyəm: bir dostumuz Tehranın esseləri haqqında hirslə demişdi ki, bu nə dildi, mən onun yazılarını oxuya bilmirəm...

Şəxsən mən isə o yazıları şeir oxuyan kimi oxuyurdum və oxuyuram...

Dil məsələsi haqda daha bir qeyd: bəziləri düşünürlər ki, ədəbiyyatda dil məsələsi mühüm deyil, nədən ki, ən azından tərcümə zamanı dil faktoru sıradan çıxır.
Bu iddianın nə qədər dayanaqsız olduğunu böyük Folkner isbat etmişdir. Və Dostoyevskinin “çətin” sayılan dili hələ də onu dünya oxucusuna sevdirməkdədir.

Ədəbi şübhə demişdim yuxarıda. Hə, sənin yazılarının tutduğunu azı bir dostun təsdiq etməyənəcən o şübhə davam edər. Hamı kimi məndə də olub bu hiss. Və bir gün Tehran hətta gözləmədiyim anda mətbuat və saytlardan oxuduğu hekayələrim haqda geniş yazı ilə çıxış etdi. Sonra “Ədəbi azadlıqda”kı hekayəmə digər münsiflərlə birgə ən yüksək bal verdi və hekayə qaliblər sırasına düşdü...

...”Yazı”da bir essedə Tehran haqqında xoş sözlər yazandan sonra kaş onun akademik çevrəyə girməməsi eyhamını vurmuş, hətta dostumu az qala tənqid də etmişdim. Çünki mən onu müasir Azərbaycan ədəbi tənqidinin vicdanı hesab edirdim və bir anda o akademik çevrəyə daxil oldu... və məlumdur ki, bu gün Müxbir Üzv statusundadır...

İnanın, mən dostumu daha azad, daha rahat bir ədəbiyyat adamı kimi görmək istəmişdim. Bu akademik çevrə onun azadlığını əlindən almazmı, əcaba?
Sonradan bir şeyə əmin oldum: akademik sözüylə akademik (vurğu dəyişikliyi) kəlməsinin fərqini bilməyən birinin o yeri tuta biləcəyi ehtimalını göz önünə gətirdikdə, dostumu haqlı çıxartdım...

...Tehranın bəzi yazıları var ki, onlarla heç razı olmamışam. Amma bu yazı yubiley yazısı olduğundan indi palan içi tökməyim. Və əvəzində dostumun elə yazıları var ki, onlar onun Azərvaycan ədəbi arealındakı yerini həmişə bizə xatırladır. Hətta biz olmayanda belə o yazılara istinad ediləcək, oxunacaq, təhlil olunacaq. Tehran 90-cı illərdən sonra ədəbi mühitimizdəki sönüklüyə öz yazıları ilə nəşə qatdı. Hətta modern və postmodern düşüncəyə belə örnək olası mətnlər qoydu ortaya. Tehran küllə oynayan yazıçıların son yazılarını qiymətləndirərkən belə o külün içərisindən alışmağa səbəb olası qorları tapıb ortaya çıxara bildi.

“Müstəqillik körpüsündən keçənlər” kitabı Tehranın özünün özünə hesabatı idi. Bəzi məqamları ilə razılaşmasam da, bu kitab Tehran Əlişanoğlunun Azərbaycan ədəbiyyatı qarşısında ən böyük xidmətlərindən sayıla bilər.

İki cildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı bütöv bir institutun işi olsa da, sirr deyil ki, onun da ağırlığı Tehranın çiyinləri üzərində idi. (Bu kitabla bağlı xüsusi bir yazı yazmaq fikrim vardı, vaxt və havayü həvəs buna imkan vermədi nə yazıq. Onu deyim ki, böyük bir zəhmət hesabına ərsəyə gələn bu kitab nöqsanlardan da xali deyil. Nöqsanları ilə bərabər, iri həcmli bu cildlər azından bir dövrün ədəbi təhlili baxımından əhəmiyyətlidir.)
Bu günlərdə saytlarda Tehran Əlişanoğlunun 60 yaşının tamam olduğu haqda xəbərə rast gəlib, əvvəl təəccübləndim. Əcaba, dostum həqiqətənmi 60-nı haqlayıb? Yadıma düşəndə ki, özümün bir azdan 66 yaşım olacaq, reallıqla barışdım və bu yazı meydana gəldi.

Dostum! Əski Sədi düsturu nə demiş: 30 il oxu, 30 il səyahət et və 30 il yaz! Qarşında daha bir məhsuldar 30 il var. Bura qədərki illər kimi onu da şərəflə, ürəklə və müdrikliklə yaşayacağına əminəm. Axı bizim gənclik illərində kövrək qanadlarımız indi bərkiyib. Uçuşa hazır ol! İki otuzu arxada qoydun, yeni otuzun – üçüncü baharın qutlu olsun!

                                             
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)