Edebiyyat.az » Proza » Azad Müzəffərli - Zəri çərxi-fələk atanda

Azad Müzəffərli - Zəri çərxi-fələk atanda

Azad Müzəffərli - Zəri çərxi-fələk atanda
Proza
Necef Esgerzade
Müəllif:
22:20, 04 fevral 2020
1 281
0

Çərxi-fələk tərsinə dövran edir indi, hətta, robot da özünü insan hesab edir indi..

Robot sənayesində nadir mütəxəssislərdən biri sayılırdı. Elə bir vaxt yetişmişdi ki, nəinki görünüşcə, hətta, dərrakədə də robotlar az qala insanlarla kəllə-kəlləyə gəlməkdəydilər. İnsanabənzər robotların qafasını tarazlamaq, onların iç dünyasını araya-ərsəyə gətirmək kimi mürəkkəb əməliyyatlar onluqdu. Kamran bunun öhdəsindən zərgər dəqiqliyi ilə gəlirdi. Ən uğurlu işlərindən biri də evindəki dayə-robot idi.

Həyat yoldaşı bu dünyadan vaxtsız köçmüşdü. Ötən müddətdə yenidən evlənmək heç ağlının ucundan belə keçməmişdi. Ömür-gün yoldaşı rəhmətə gedəndən bu məsələyə nöqtə qoymuşdu. Övladları dayə-robotun sayəsində anasızlığı bir o qədər də hiss etmirdilər. Ona möhkəm-möhkəm bağlanmışdılar. O da nəvazişini onlardan əksiltmirdi, hər bir istəklərinə müntəzirdi. Kübarlığından qalmazdı, məntiq və insanpərvərlik başlıca silahıydı. Onu elitar xanımlardan zərrəcə fərqləndirə bilməzdin. Kamrangildə nizam-intizamla sərbəstlik üzvü şəkildə bir-birini tamamlayırdı. Ədalət naminə deyək ki, bu, təkcə evin böyüyünün əməyi deyildi. Həmin məsələdə dayə-robotun da xidməti əvəzsizdi. Körpəlikdən qismətlərinə anasızlıq düşən İlkin və Aysun hərtərəfli qayğı və mükəmməl tərbiyə sayəsində yaşıdlarından çox irəli getmişdilər. Bu da övladları ilə nəfəs alan Kamranı hədsiz dərəcədə sevindirirdi, balalarıyla olmazın qürur duyurdu. Dayə-robota da hörməti hüdudsuzdu, qətiyyən xatirinə dəyməzdi. Əslində, buna heç bir səbəb də yoxdu.

Elə bir ailəyə rast gəlməzdin ki, evlərində robotların xidmətindən yararlanmasın. Di gəl, ailə mühitində, məişətdə robotların bolluğu yeknəsəqlik doğurur, çoxuna darıxdırıcı gəlirdi. Kamrangildə isə hər şey əksinə idi. İlk dövrlərdə körpələr anasızlıqdan dad çəksələr də, dayə-robot bu mənzilə ayaq basandan hər şey tədricən yoluna düşmüşdü. Gündəlik menyünü də o müəyyənləşdirir, əsl ev xanımları təkin yeməkləri də özü bişirirdi. Mənzildə səliqə-sahman da onluqdu. İş orasındaydı ki, xeyli vaxtdı alış-verişə də özü gedirdi. Arada-bir İlkin və Aysunu qoltuğuna vurub gəzməyə çıxmağı da vardı. Məhəllədə uşaqlarla birgə gündəlik gəzinti isə onların həyat tərzinin adi bir parçasıydı. Dayə-robot hərdən-bir özü üçün alış-verişə və ya sadəcə şəhərə çıxanda sanki ev boşluğa bələnirdi, belə anlarda yeri həmişə görünürdü. Ailəlikcə ona yamanca bağlanmışdılar.

Kamran bacardıqca tez-tez rəhmətlik həyat yoldaşının məzarını ziyarət edərdi. Əksər hallarda özüylə balalarını da analarının əbədi uyuduğu qəbirstanlığa aparardı. Ömür-gün yoldaşının doğum günündə isə mütləq qaydada onun məzarına birgə baş çəkərdilər. Bu münasibətlə növbəti dəfə ziyarətə hazırlaşırdılar. Gözləmədiyi halda dayə-robot onlarla birgə qəbirstanlığa yollanmaq niyyətini dilə gətirdi:

- Olar, bu dəfə mən də sizinlə ziyarətə gedim? Əslində, hər dəfə bu istəkdə olsam da, dilimə gətirməyə çətinlik çəkirdim...

- Əlbəttə, artıq sən də bizim ailənin bərabər hüquqlu üzvüsən. Hazırlaş, bir azdan tərpənirik...

- Hədsiz dərəcədə minnətdaram...

- Buyurun, əksinə, sizə minnətdarlıq düşür ki, ailəmizə illərdir bu qədər həssaslıq və doğmalıqla yanaşırsan...

- Bu mənim mənəvi borcumdur, artıq xeyli müddətdir mən özümü insanlığın bir parçası sanıram...

- Halal olsun, şəkk gətirmirəm...

Bayaqdan uşaqların da hayıl-mayılcasına diqqət kəsildiyi bu qısa söhbət Kamrana olmazın ləzzət elədi. Həddən ziyadə təvazökarlığına baxmayaraq özü öz gözündə bir qədər də böyüdü. Axı, bu qədər düşüncəli robotu o əta etmiş, ona bu zəkanı şəxsən bəxş etmişdi. Düzdü, dayə-robotun hətta insanı belə məftun edən bir sıra gedişlərini – “proqramlaşdırmadan” əməlli-başlı kənara çıxmalarını bəzən heç o da axıra qədər anışdıra bilmirdi. Açığı, bu məsələdə mat-məəttəl qaldığı anlar kifayət qədərdi. Nə idisə, hərdən ona elə gəlirdi ki, deyəsən, bu robot, o robotlardan deyil, axı?!

İlkinlə Aysun analarının başdaşına sarılmışdılar. Dayə-robot da var gücüylə onları qucaqlamışdı. Təsirli səhnəydi. Bu, bayaqdan həyat yoldaşının ruhu ilə söhbətləşən Kamranın da nəzərlərindən yayınmadı. Göz yaşlarına güclə sahib çıxırdı. Beləcə ziyarətçilər xeyli müddət Əsmərin ruhunu şad etdilər.

Son günlərdə robot-dayənin gözləri sanki yol çəkirdi, baxışları canlanmışdı. Çöhrəsindən kövrəklik yağırdı. Mənalı gözlərini çox vaxt eyni bir nöqtəyə zilləyərdi. Ürəyidolu adamlara oxşayırdı. Onun bu fərqli halı Kamranın da diqqətindən yayına bilməzdi. Sualdolu baxışlarını dayəyə yönəltdiyi günlərin birində yatsa, heç yuxusuna da girə bilməyəcək bir sualla qarşılaşdı.

- Xahiş edirəm, məni başa düşməyə çalış... Mən də İlkinlə Aysun kimi balaların anası olmaq istəyirəm... İstəyirəm ki, sənin kimi həyat yoldaşım olsun, sevəm-seviləm... Yalvarıram, yardımını əsirgəmə, məni bədgüman eləmə. İstənilən əməliyyata, dəyişikliyə tam hazıram, təki ümidlərim çin olsun... Sən robototexnikada hər şeyə qadirsən, buna öz şəxsi timsalımda əminəm. İnanıram ki, məni qırmazsan, naümid qoymazsan...

Kamranın eşitdiklərindən az qala dili tutula. Ona da, balalarına da bu dayə-robotun son günlərdəki daha qaynar münasibətinin əsl səbəbi indi onun üçün tam aydın idi. Çaşqınlıq içindəydi.

- Səndən gizlin deyil, axı, bu insanlıq üçün də böyük təhlükədir... Bir də ki, sən düşündüyün qədər də bu, asan iş deyil?!

- Anlayıram, sizə qəribə gələ bilər, amma məni qırmayacağına da nəsə iç dünyamda qəti bir əminlik var...

Tamam özünü itirmişdi. Robotlara can verən, onlara “şüur” bəxş edən kəs çıxılmaz suallar labirintində var-gəl etməkdəydi. Qafası heç nə kəsdirə bilmirdi. Qarşısında illərdi doğmaca balalarından da, ondan da tükənməz qayğısını əsirgəməyən, övladlarının anasızlıq yarasına bacardıqca məlhəm olan, vaxtilə qaramat çökən evini xoşbəxtlik adasına çevirən birisi dayanmışdı. Özü də həmişəki təkin məğrur, təmkinli və kübarcasına.

- Oldu, düşünərəm bu haqda...

- Söz...

- Bəli, söz...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)