Maksim Qorkidən Anton Çexova məktub
Söhbət
Maksim Qorkidən Anton Çexova məktub
Dünya şöhrətli rus yazıçısı Maksim Qorki böyük hekayə ustası Çexovun bəzi əsərlərini oxuyarkən ağladığını etiraf edib. Leninin məsləhətindən sonra yazmağa qərar verən Qorki, fəaliyyətə yeni başladığı vaxtlarda tez-tez Çexovla məktublaşır, ondan məsləhətlər alırdı. Məsələn, sözügedən məktublardan birində Çexov yazmışdı: "Elə kəskin sözlərdən istifadə edirsiniz ki, oxucu özünü onlarda tapmağa çətinlik çəkə və yorula bilər. Mən "o, otlar üzərində oturdu” – deyə yazanda cümləm və çatdırmaq istədiyim fikir asanlıqla başa düşülür. Çünki cümləm açıqdır və başadüşüləndir. Yox əgər əksinə, "İri bədənli, ortaboylu, qızılı saqqallı adam ətrafındakılardan utana-utana gəlib-keçənlərin tapdaladığı otların üzərində oturdu” yazsaydım, həm çətin başa düşülərəm, həm də oxucunu yoraram. Yazdıqlarımı oxucu həmin saniyədə zehninə və təsəvvürünə sığışdıra bilməz. Halbuki ədəbiyyat bir saniyədə beyinə girməlidir”.
Maksim Qorkidən Anton Çexova məktub:
Əzizim Anton Pavloviç!
Salaviovun "Həyat”da sizin haqqınızda yazdığı məqaləni indicə oxudum. Hər nə qədər Mixaylovskinin payını versə də, məni qane etmədi. "Vanya dayı” haqqında yazdıqları pis deyildi, amma yenə də lazım olanı deməyib sanki. Bununla yanaşı, sizdən bəhs edərkən yanılıb. Məsələnin mahiyyətinə varmadan, onu üzdən dəyərləndirib.
Anton Pavloviç, "Fomas”ımın kitab halında çapını sizə ithaf etməyimə icazə verərsiniz? Xoşunuza gələcəksə, qəbul edin, xahiş edirəm. Əks təqdirdə "olmaz” deyin. Öyünmək fikrim yoxdur. Mənasız qürur məsələləriylə aram yoxdur, qəbul etməsəniz, xətrimə dəyməz. Yalvarıram, tez cavab verin. Sözün düzü, "Foma” uğur əldə edə bilməyən bir kitabdır. Heç bir nöqtədə mənə istədiyimi vermədi. "Foma” "Mayakin”i gizlətməyimə kömək etdi. Beləliklə də, senzura "Mayakin”ə toxunmadı. Amma kitabın özü xoşagələn deyil. Həddindən artıq uzatmalar var. Hər halda, "İzergil qarı”dakı ahəngli gözəlliyi bir də tapa bilməyəcəm. Gilyarovski mənə bir şeir kitabı göndərib. O qədər nazik bir kitabdır ki, görəndə təəccübləndim. Misralarsa insan dəyərinin çox-çox aşağılarında. Mənə elə qəribə məktublar yazır ki... Moskvaya gedəndə onu tapıb yerlərdə yatacaq qədər içəcəyəm. Gilyarovskiyə yazdım ki, Moskvaya getmək istəyirəm. O, hər şeyi hiss edir. Təmsillərin tarixini öyrənib mənə deyəcək, yer ayıracaq.
Sentyabrda Peterburqa gedirəm. Qayınanamı xəstəxanaya, balaca bir oğlan uşağını da Stiqlitzə aparacağam. Mənə gəldikdə isə çox pis öskürürəm. "Foma”nı tamamladığıma görə sevinirəm.
Srediri ya da Yartsevi görsəniz, salam deyin. Və yaxud ən yaxşısı, mənim adımdan söyüb-batırın. Nə adla belə gözdən uzaq düşüblər? Öskürəyim artmasa və burdan qovmasalar, sentyabrın sonunda Yaltada olaram, yəqin. Gizli-gizli öskürəyimin çoxalmamasını arzulayıram. Çünki Peterburqa getməyi heç istəmirəm. Siz ürəyiniz istəyən qədər böyük şəhəri mədh edin, mənim üçün Peterburqun heç bir yaxşı tərəfi yoxdur. Göy üzünün gözləri yaşlı, xalq özündənrazı. Neçə ədəbiyyatçı var orda? Əlli min, zənnimcə. Yerdə qalanlar ya nazirdir, ya da finlandiyalı. Bütün qadınlar da ya həkimdir, ya da tələbə. Bir ağcaqanad peterburqlu qadınlardan birini dişləsə, yazıq heyvan darıxdığından ölər. Bax, bütün bunlar məni qorxudur.
Bununla yanaşı, sizi görməyi çox istəyirəm. Həm də sizinlə danışmalı olduğum şeylər var. Hər nə olursa-olsun, Yaltaya gedəcəyəm. 20 iyuldan bu yana burda payızdır; yağış yağır, külək əsir, yerlər palçıqdır, havalar çox soyuqdur. Son günlərdə bir xanımla görüşüb yaxşı vaxt keçirdim. Diş həkimidir. O, mənim dişimi çəkdi, mən onun əllərini öpdüm. Bir dişçinin əllərini öpmək də xüsusi hünər istəyirmiş. Xanım həm sənin dişini çəkir, həm əllərini öpdürür, həm də pul alır. Üç dişimi verdim. Başqa çəkiləcək dişim yox idi, onsuz da. Hələlik.
Tez cavab verin.
Mənbə: Kult.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Rus ədəbiyyatının usta yazarlarından: Anton Çexov
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Vladimir Nabokov Dostoyevski haqqında
AZAD QARADƏRƏLİ l Nəsr: hekayə və roman yaradıcılığı
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə