Edebiyyat.az » Söhbət » Yazıçı Çingiz Hüseynov(müsahibə)

Yazıçı Çingiz Hüseynov(müsahibə)

Yazıçı Çingiz Hüseynov(müsahibə)
Söhbət
admin
Müəllif:
13:33, 13 mart 2021
2 088
0
Yazıçı Çingiz Hüseynov(müsahibə)





– Çingiz müəllim, necəsiniz? Koronavirus əleyhinə peyvənd olunmusunuzmu?

– Peyvənd olundum. İki dəfə. Babatam, Allaha şükür!

– Bu boyda qarışıqlıqda düşüncələrinizi sahmana salıb yaza bilirsinizmi? Yeni əsər gözləntisi varmı?

– Pandemiyadan doğan karantin aylarında müasir dövrümüzdən bəhs edən təzə əsərimi (Rusiya + Az-n) bitirdim və… gözlənilməz 3-cü Qarabağ müharibəsi başlandı (1918, 1990-cı illər, 2020). Əsərimə qayıtmalı oldum… Sərt rusdilli yazıdır, istəyim – bəzi həqiqətləri səsləndirməkdir, yəni görürəm, eşidirəm, lal-kar-kor deyiləm.

– Rəqəmsal dünyanın texnoloji bilikləri inkişaf etdikcə insanlar sanki daha çox aqressiv olurlar. Razısızmı? Razısızsa, bu paradoksu necə izah edərdiniz?

– Bu, qudurğanlıqdan doğan lovğalıq əlamətidir! Vəziyyət, təbii ki, xoşagəlməzdir, məncə, özümüzdən başlayıb, bu və ya digər formalarda özünü göstərən və məhz şərə xidmət edən aqressivliyi içərimizdə boğmağa, aramızdan qovmağa çalışmalıyıq. “Doktor N”də belə bir ifadəm var: “Все помнят, как резали их, но никто не помнит, как резали они сами”…

– XXI əsrdə baş verən hadisələr XX əsr üçün darıxmağa bəhanə verirmi? 

– Bəhanə – zəiflik rəmzi, qorxaqlıq nişanəsidir: XX yüzillikdə daha dəhşətli hadisələr olmuşdu: 37-ci il, milli sürgünlər və qırğınlar, Dünya müharibələri, Xirosima, yəhudi genosidi-soyqırımı və sair. Odur ki, “günah” əsrdə deyil, bütün bunlar insan təbiətindən doğur.

– Sanki müdrik xeyir bilərəkdən meydanı verib şərə və bir qırağa çəkilib insanlardan nəticə gözləyir… 

– Hərənin öz yolu, öz taleyi… Heç kimi kənardan baxıb qınamaq istəməzdim, amma susmaq da xəyanətdir.

– Günahkarların möminləri üstələdiyi bir dünyada yaşayırıq. Nə etməli? Taleyə tabe olub yaşamağa davam etməklə sonu gözləmək gərəkmi, yoxsa qurbanlar bahasına olsa belə “qızıl dövrü” yaratmaq naminə köhnə inqilabi ideyaları yenidən körükləmək? 

– İnqilab – gözəl sözdür (türklərdə evrim-devrim!) və bəşəriyyətin tarixində mühüm rol oynayan məna daşıyır. Bəd əməlli insanların, çürümüş cəmiyyətlərin, quduzlaşmış siyasi quruluşların, ağlını uzunsürən hakimlik nəticəsində itirmiş “möminlərin” hərəkətlərindən zaman-zaman yığılan, toplaşan, başdan aşan zibilləri-üfunəti-çirkabı yalnız və yalnız inqilabın “xəzri” küləyi-rüzgarı, daşqın seli ilə təmizləmək, silib süpürmək mümkündür… Bu, onun-bunun istəyi-xoşu deyil, həyatın, obyektiv varlığın kəmiyyət-keyfiyyət qanunudur, qarşısı alınmazdır, labüddur, şərtdir… Və qəribə vəziyyət – əsl  paradoks budur! – özünü göstərməkdədir: inqilabı pisləyən, yasaqlandıran iqtidarların özləri xalqın silahsız, dinc narazılıqları-nümayişləri ləğv etmək üçün məhz və məhz inqilabi vasitələrdən istifadə edirlər, inqilabi üsullara əl atırlar: zindan, silah, qətlə bərabər müxtəlif təzyiqlər, işgəncələr və sair.

– Hadisələrin gedişi göstərir ki, geosiyasi maraqlar uğrunda toqquşmalar, hibrid müharibələr və milli zəmində savaşlar hələ uzun müddət davam edəcək. Sülhün tezliklə gəlməyəcəyindən xəbərdarıq. Rusiyanın, ABŞ-ın, Çinin boy verdiyi qlobal dünya müqəddəs ideya aclığı çəkir. Bu günün insanı dünyanı xilas etməyə hazır görünürmü?

– Sual işarəsini nida ilə əvəz et – özün sualını cavablandırdın!

– “Doktor N” romanının 1998-ci il nəşri Nəriman Nərimanov haqqında yeni əsərin yazıldığı təsəvvürünü yaratdı. Azərbaycan dilində çap olunmuş “Doktor Nəriman” romanının fərqli və yeni variantı olan bu romanın üz qabığında (2-ci kitab) isə müəllifin ağrıları doğma dildə həkk olunmuşdu: “Vətəndən ayrı düşmüş doğma dil həsrətli mən Çingiz Hüseynin ağrı dolu rusdilli romanı, – eşidilə biləcək ümidi ilə”. Bu əsər, məncə, tək Nərimanovun deyil, həmçinin böyük Rəsulzadənin simasında bir xalqın faciəsindən bəhs edən tarixdir. Məhəmməd Əminlə azərbaycanlı bolşevik liderinin dialoqları… Zəngəzur, Qarabağ, Bakı söhbətləri… Dövrün reallıqları Doktor N-ə bəraət verirmi? 

– Tariximizdə olanı yazdım, XX əsrin sonundan onun əvvəlinə nəzər salıb gördüm ki, yaşadığımız dövran heç də tərənnüm etdiyimiz Məhəmməd Əminin demokratik yolu deyil, ifşa etdiyimiz Nəriman Nərimanovun da sosialist yolundan az-çox uzaqdır və bəzi ağlasığmaz əməlləri ilə ondan da betərdir – korrupsiya, təzyiqlər, yaxud müdriklər demişkən, “millətin başında qoz sındırma” halları, xalqın sərvətini biabırcasına mənimsəmə… Bu kimi qeyri-normal durumun oyunlarından çox yazmaq olardı, amma ürəyi pak, niyyəti təmiz xalqımın xoşbəxt gələcəyinə sarsılmaz inamım ucundan susuram… Bu gün də iki məhşur yazıçımızın sualları aktualdır: “Yolumuz hayanadır?” (Mir Cəlal Paşayev) və “Hara gedir sabahımız?” (Bəxtiyar Vahabzadə).

– Deyirlər insan yaşlandıqca uşaqlaşır, ağsaqqal çağınızda xarakterinizdə yeni cizgilər müşahidə edirsinizmi?

– Şərti olaraq mənum hesabımda insan həyatı on iki dövrdən-mərhələdən ibarətdir: 1) ana bətni; 2) südəmər; 3) körpə; 4) uşaq (cocuq); 5) yeniyetmə; 6) gənclik; 7) birinci yetkinlik (30 yaşdan sonra); 8) ikinci yetkinlik (40 yaşdan sonra); 9) üçüncü yetkinlik (60 yaşdan sonra); 10) müdrikləşmə çağı (80 yaşdan sonra ta… ); 11) cocuqluq; 12) torpaq, yaxud kürreyi-ərz bətni… İnamı olanlar üçün 13-cü mərhələ də ola bilər: kimə cənnət, kimə cəhənnəm. Mən hələlik 10-cu “sinifdə”yəm.

– Bakıda ən çox görmək istədiyiniz ünvan haradır?  

– Süleyman Tağızadə küçəsi. Vaxtilə Ostrovski, daha əvvəllər isə Köhnə Poçt küçəsi adlanıb. Dünyaya göz açdığım 59 nömrəli ev, mənzil 14 (ikinci mərtəbə).

– “Məhəmməd, Məmməd, Məmiş”, “Ailə gizlinləri”, “Doktor N”, “Fətəli fəthi”, “İqtidar oyunu” romanlarının müəllifi yenə də tarixi mövzuya müraciət edib ortalığa islam peyğəmbərinin həyatı ilə bağlı bir romanla çıxdı. Sonra əsərinizin əvvəlki adından imtina edib romanı “Merac” adlandırdınız. Əsər İsrail oxucusunu cəlb etdimi? 

– Demə əsl oxucularım burdaymış! SSRİ-dən buralara köçmüş rusdillilərə yazılarım tanışmış! Məhəmməd peyğəmbərə həsr olunmuş, Qurana aid mənim beş kitabım çıxıb, sonuncusu burada çox oxunan “Мухаммед”dir (Москва, ЖЗЛ, 2017).

– Statistikaya inanırsınız? Yəni sosioloji sorğularla cəmiyyətin əhvalını təyin etmək olarmı?

– İnanmaq istərdim, lakin tənqidi yanaşıram rəqəmlərə… Müstəqil statistika qapalı-despotik ölkələrdə mümkünmü?

– Müsahibəyə görə çox sağ olun. Sizi uzunömürlülər siyahısında görmək arzusundayıq. Allah amanında olun, Çingiz müəllim!

– Çox sağ ol, Oqtay, minnətdaram!

Oqtay Qorçu
Mənbə: Novator.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)