Edebiyyat.az » Söhbət » Elvin Rizvagil - Kənan Hacı ilə müsahibə(votsap müsahibə layihəsi)

Elvin Rizvagil - Kənan Hacı ilə müsahibə(votsap müsahibə layihəsi)

Elvin Rizvagil - Kənan Hacı ilə müsahibə(votsap müsahibə layihəsi)
Söhbət
admin
Müəllif:
16:02, 16 yanvar 2022
2 798
0
Elvin Rizvagil - Kənan Hacı ilə müsahibə(votsap müsahibə layihəsi)




[13.01 22:56] Elvin: Salam, abi, necəsən?
[13.01 22:57] Kənan Hacı: Çox sağ ol, təşəkkür edirəm.
[13.01 22:58] Elvin: Hekayə nədir? Hekayə yazmağın ilkin şərti nədir?
[13.01 23:00] Kənan Hacı: Hekayə, belə demək mümkünsə, romanın maketidir. Presslənmiş romandır. Bu baxımdan hekayə nəsrdə ən çətin janr hesab olunur. Niyə çətin? Çünki kiçik bir mətndə sən sözünü deməyi bacarmalısan. Hekayədə gizlənmək mümkün deyil. Sənin yaradıcı gücün və gücsüzlüyün bütün çılpaqlığı ilə orada görünür.
[13.01 23:01] Elvin: İlk yazdığın hekayə yadındadırmı və nə vaxt qərar verdin ki, hekayə yazmalısan? Və ya sualı belə qoyaq, hansı əsər, hadisə buna təkan verdi?
[13.01 23:03] Kənan Hacı: Sözün düzü, ilk yazdığım hekayəni xatırlamıram. Amma, hardasa, 10-11 yaşım vardı, qonşunun damında bir quşun ayağı məftilə ilişmişdi, quş nə qədər çırpınsa da, xilas ola bilmirdi.  Mən onda möhkəm həyəcan keçirdim, indi də o mənzərə  gözümün qabağındadır. Anama yalvarırdım ki, icazə versin, mən çıxıb o quşu xilas edim. Anam isə damdan yıxılacağımdan qorxub icazə vermirdi. Bax o hadisə mənə yazmaq üçün təkan verdi. Mən istəyirdim ki, bir hekayə yazım və heç olmasa, o hekayədə quşu xilas edə bilim.
[13.01 23:06] Elvin: Yazı yazmağın xüsusi bir qaydası varmı? Yoxsa müəllif  yazını yazmaqda tam sərbəstdir?
[13.01 23:09] Kənan Hacı: Ədəbiyyat azad söz sənətidir. İstədiyin mövzuda yaza bilərsən. Amma və lakin bu sərbəstliyin dadını çıxarmaq üçün nəyi necə yazmağın qaydalarını mütləq bilməlisən. İstənilən mövzu ədəbiyyatın materialı ola bilər. İlkin şərt necə yazmaqdır. Qaydaları sən özün müəyyən etməlisən. Yazmağın əlifbası sözləri tanımaqdır. Cümlədə harmoniya yoxdursa, o cümlə deyil. Hansı söz hansı sözün yanında durmalıdır, bunu intuitiv olaraq hiss etməlisən. Cümlələr mətnə elə kip oturmalıdır ki, mozaika daşları kimi birini qoparanda yeri dərhal görünsün.
[13.01 23:09] Elvin: Sən həm publisistikada, həm də nəsrdə uğurlusan. Yerli və xarici müəlliflərin əsərlərinə resenziyalar yazmısan. Sənə həm də tənqidçi demək olar. Özünü yazı sənətinin bütün janrlarında sınamısan. Publisistika, ya nəsr?
[13.01 23:11] Kənan Hacı: Çox sağ ol dəyər verdiyin üçün. Mən ədəbiyyata jurnalistikadan gəlmişəm. Zamanında siyasi analitik publisistika da yazmışam, parlament müxbiri olanda həm siyasi, həm də mədəniyyət yazıları yazmağa məcbur idim. Hətta idman və iqtisadiyyat sahəsində də yazılarım olub. Bu, əvvəl məni çox yorurdu. Lakin sonra bu müxtəliflik mənim karıma gəldi. İdman, siyasət, iqtisadiyyata aid kitablar oxudum. Çünki bu sahələrdən yazmaq  üçün məlumatlı olmalıydın.  Diletant yazılar yazıb özümü biabır edə bilməzdim.
 Gecə-gündüz arı kimi çalışırdım. İndi, əlbəttə, mən özümü nəsrdə daha rahat ifadə edə bilirəm. Mənim yazdığım kiçik yazılar isə ədəbi tənqid yox, ədəbi publisistikaya aid ola bilər. Ədəbi tənqidlə məşğul olmaq üçün filoloji təhsil lazımdır.
[13.01 23:12] Elvin: Ən sevdiyin hekayən? Xahiş edirəm, övlad-valideyn münasibəti ilə müqayisə etmə. Çünki valideyn də uşaqlarının içində birini daha çox sevir. Onu daha əziz bilir, yeri başqa olur .
[13.01 23:14] Kənan Hacı: Çətin sual oldu. Hekayələrimin içində mənə ən çox doğma olan "Rindlər küçəsi" hekayəsidir. Bu hekayə sanki yazılmayıb, bir tale nəğməsi kimi ötmüşəm bu yazını.
[13.01 23:15] Elvin: İlk qonorarın nə qədər olub? O mükafatı nəyə xərcləmisən?
[13.01 23:16] Kənan Hacı: Mən qəzetdə çalışmağa başlayanda yazılarım dərc olundu, amma ayın sonunu gözləmək lazım gəldi. Çünki qəzet qonorar yox, maaş verirdi. Qəzetdən aldığım İlk maaşımı qəpiyinəcən gətirib evdə stolun üstünə qoydum. Atam doluxsundu, dedi, götür qoy cibinə, o sənin halal zəhmətindir. Mən o puldan atama bir qol saatı, anama isə ipək kəlağayı aldım. Atam ömrünün sonunadək o saatı taxdı.
[13.01 23:19] Elvin: Yazıda ən çətin şey yazıya necə başlamaqdır. İlk cümləni yazmaq, yazıya başlamağın asan yolu varmı?
[13.01 23:21] Kənan Hacı: Yazıya başlamağın ən asan yolu sevgidən keçir. İçində sevgi, istək varsa, sən bütün çətinlikləri adlayacaqsan, buna əmin ol. Əlbəttə, sən necə və hardan başlamağı biləcəksən, çətin də olsa, ilk cümlə yazılacaq. Sonrası isə təcrübədən asılıdır.
[13.01 23:24] Elvin: Hekayə yazmağın texnikasını aça bilərsənmi?
[14.01 23:26] Kənan Hacı: Hekayə yazmağın ilkin konturları əvvəlcə yazıçının düşüncəsində rüşeym halında yaranır. Sən gördüyün, eşitdiyin hadisələri saf-çürük edirsən.Yazacağın mövzunu müəyyən etdikdən sonra sxem qurursan. Yaxud qeydlər aparırsan. Hekayə sənin içindən spontan da qopa bilər.
[14.01 23:28] Elvin: Hekayədə hadisələr ardcıllığı necə gedir. Ümumiyyətlə, hekayə yazmağın düsturunu yaratsaydın, o düstur necə olardı?
[14.01 23:31] Kənan Hacı: Sən əgər mövzunu içində tam bişirmisənsə, ən asan iş onu yazıya köçürməkdir. Hekayə yazmağın konkret bir formulu yoxdur. Hadisələrin ardıcıllığını mətn özü diktə edir; olur ki, sən yazmağa başlayanda bəlli bir süjet qurursan, yazı prosesində isə tamamilə fərqli süjet meydana çıxır. Bax, yaradıcılığın sirri bundadır. Məsələn, mən ana xətti müəyyən edəndən sonra o süjetin ətrafında fırlanmağı xoşlayıram. Qəfil keçidlər etməyi xoşlayıram. Bir şərtlə ki, ideyaya xələl gətirməsin.
[14.01 23:32] Elvin: Yaxşı yazmağın yolu yaxşı mütaliədir. Elə romanlar, elə hekayələr var ki, onları gənc yazıçılar üçün dərslik hesab etmək olar. Həmin əsərlərdən  təsirlənmədən necə yararlanmaq olar?
[14.01 23:34] Kənan Hacı: Təsirlənmə ilkin mərhələdə qaçılmazdır. Amma sən təsirdən çıxıb öz üslubunu tapanda artıq yazıçı olursan. Üslub barmaq izləri kimi müxtəlifdir. Ədəbi genetikadır üslub. Bəli, dünya ədəbiyyatında, elə bizim ədəbiyyatımızda elə hekayələr var ki, onlar həm də necə yazmağı öyrədir. Məsələn, Yusif Səmədoğlunun "Bayatı Şiraz" hekayəsi, Elçinin "Şuşaya duman gəlib" hekayəsi, Çexovun əksər hekayələri, Rafiq Tağının hekayələri, Azər Abdullanın "Qəmərlidən  keçən qatar"ı əyani vəsaitlərdir.
[14.01 23:35] Elvin: Yazının keyfiyyətli olmağını anlamaq üçün neçə cümlə oxumağın kifayət edir. Ya yazını sona qədər oxuyub sonra qiymətləndirirsən?
[14.01 23:36] Kənan Hacı: "Hekayə necə yazılır?" sualına əyani cavabdır bu mətnlər. Sona qədər oxumağa ehtiyac yoxdur. İlk beş cümlədə müəyyən etmək olur ki, bu, mətndir, yoxsa cızmaqara. Hərçənd beş cümlə deməklə bir az humanistlik elədim. ))
[14.01 23:37] Elvin: İlk dəfə hansı hekayəni yazandan sonra bir siqaret yandırıb, dərindən qullab alıb "öz-özünə alındı" demisən? Mətn heç vaxt öz-özünə yarana bilməz. Amma... Bayaq dedim, bir-iki hekayəm mənə sanki vəhy kimi gəlib. Biri, dediyim kimi, "Rindlər küçəsi", o birisi isə "Sirr" hekayəsidir. "Sirr"i sonradan oxudum və üşəndim. Bu süjet hardan, necə ağlıma  gəlib? Şüuraltına yığılanlar da bəzən bu cür qəfildən hekayə formasında adamın içindən püskürür.
[14.01 23:38] Elvin: Yazıçılıq taledir, yoxsa bir sənət?
 [14.01 23:40] Kənan Hacı: Məncə, taledir. Fatalist deyiləm, lakin yenə hesab edirəm ki, bu, tale məsələsidir. Tale nədir? Sənin yaşadığın ömürdür də. Sənə bəzən elə gəlir ki, bu taleyi özün seçmisən. Amma biz seçən deyilik, seçilənik, əzizim Elvin. İndi sənin sualını cavablandıranda ağlıma belə bir fikir də gəldi: taleyin də öz məntiqi var, o da hər kəsə çəkə biləcəyi yükü  ayırır.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)