Edebiyyat.az » Söhbət » Ölkə gündəmini kimlər və niyə təyin edir? - Nicat Həşimzadə

Ölkə gündəmini kimlər və niyə təyin edir? - Nicat Həşimzadə

Ölkə gündəmini kimlər və niyə təyin edir? - Nicat Həşimzadə
Söhbət
Nicat Heşimzade
Müəllif:
15:36, 08 aprel 2019
2 252
0


Bu sual Azərbaycanı sevən hər kəsi narahat etməlidir və bu məsələ haqqında ciddi düşünməliyik. Bizdə gündəmdəki mövzuları kim təyin edir, hansı məqsədlə edir, məramı, istəyi nədir? İki həftə kənddə qaldım, beynimi format etdim, lazım olan informasiyaları saxladım, lazım olmayanları sildim. Ancaq Bakıya gələn kimi, lazımsız informasiyalar yenə beynimə doldu. Özümü bu informasiyalardan kənarda saxlaya bilmirəm. Hələ guya, Allah qoymasa, mən kitab oxuyan adamam, özüm də yazıçı olmaq istəyirəm. Lazımsız informasiyanı elə bəlağətli, möhtəşəm təqdim edirlər ki, sən o məlumatı oxumaya, videoya baxmaya bilmirsən. Yanvar, Fevral  və Aprel aylarında ölkəmizdə ən çox müzakirə olunan mövzuların kökündə cinsi istismar, seksual istəklər və xəyanət dayanır. Yanvar ayında müğənni Damlanın videosu ayın mövzusu seçildi. Fevral ayında xəyanət videosu ən çox müzakirə edilən məsələ oldu. Mart ayında Damlanın fanatları və məyus kişi siması bizi heyrətləndirirdi. Aprel ayındasa üç qızın soyunmasına təəccübləndik. Bütün bu məsələləri ölkə gündəmi səviyyəsinə kimlər gətirib çıxarır. Məqsədləri nədir?

Kənar adamın, hansısa xarici ölkə vətəndaşının gözü ilə ölkəmizə və gündəminə baxanda sözün əsl mənasında şok yaşadım. Məndə belə bir təəssürat yarandı ki, Azərbaycan xalqı ancaq biri-birini zorlamaqla və bayağı musiqi dinləməklə məşğuldur. Soyunan üç qızın videosuna baxanda lap kədərləndim. Biz heç əylənməyi də bacarmırıq. Əylənməyi bacarmaq üçün gərək insanın başı olsun, boşu yox. Əylənmək bir mədəniyyətdir, əyləncənin kökündə bir estetik meyar olmalıdır, əyləncə zövqə əsaslanmalıdır. Üç qızı qarşında soyundurub onlardan stəkan sındırmağı tələb etməyin harasındaə yləncə var? Əylənmək bacarığı insandan böyük pul, bahalı maşın tələb etmir. Ən kiçik maddi imkanlarlar da əylənə bilərsən, amma və lakin baş əvəzinə boş gəzdirirsənsə milyonlarla pulun olsa da əylənə bilməyəcəksən. Çünki təbiət sənə ancaq şəkil çəkdirmək üçün lazımdır. Bahalı gül buketləri sənə öz eqonu doyurmaq üçün lazımdır. Sən demə, qızlardan biri də nişanlı imiş. Bu məqamda çoxları deyə bilər ki, gərək tanıdığın adamla ailə qurasan. A qardaş, a bacı, biz 1905-ci ildən bizi qırmağa başlayan erməniləri 1992-ci ilə qədər tanıya bilməmişik. Bir qızı 1-2 aya necə tanıyaq? Nə çoxdur bu cəmiyyətdə təmiz adama min cür şəbədə qoyub, natəmiz adamı əxlaq nümunəsi kimi təqdim edən adamcıqlar.  Əslində düşmənimizi  indi də tanıya bilmirik. Bir dəfə yazmışdım ki, biz erməni ədəbiyyatını tərcümə etməli, oxumalıyıq. Əks halda düşmənimizi tanıya bilmərik. Müharibə hər şeydən əvvəl beyində udulur. Bu sözlərimə görə mənə çox kəskin mənfi münasibət göstərdilər. 

Gündəmimizi kim təyin edir? Nüfuzlu saytlarımızın bir neçəsinin rəhbərləri ya özləri erməni əsillidir, ya da ermənilərlə qohumluqları var. Bundan əlavə öz içimizdə də ermənilərdən daha betər olanları var. Onlar hər soyqırım, hər faciə   günümüzdə  səy-səy mövzuları gündəmə gətirib bizə öz tariximizi unutdurmaq istəyirlər və məncə buna nail də olurlar. Bunu etiraf etmək nə qədər acı olsa da yazmağa məcburam. Kütlə informasiya ilə idarə olunur. Kütləni həzm edilməsi asan olan   informasiya ilə qidalandırırlar ki, beyin bəsit mövzulara öyrəşsin. Kütləyə həzm edilməsi  çətin olan informasalar verilsə vəziyyət dəyişəcək. İnsanlar öz hüquqlarını öyrənəcəklər, haqlarını tələb edəcəklər. Bu gün bizim təhsil sistemimiz gənclərə düşünməyi öyrətmir, əksinə onları manqurtlaşdırır. Təhsil yaddaşı mənasız informasiyalarla doldurmaq deyil, təhsil düzgün düşünməyi və sağlam təhlil etməyi öyrədən sistemdir. Biz bu sistemin harasındayıq?

Bu gün bu cür dayaz, bayağı, utancverici  informasiyaları gündəm mövzusu etməklə bizə demək istəyirlər ki, siz busunuz. Bundan artığına ümid etməyin. Bundan artığını istəməyin. Sizin layiq olduğunuz elə budur. Onlar bizim evimizə giriblər, bizim evimizdə, otağımızda daimi sakinə çevriliblər. Onlar bizdən dünənimizi, bu günümüzü və sabahımızı – gələcəyimizi alırlar. Biz isə heç nə etmədən gözləyirik. May və iyun ayında hansı gündəm mövzuları ilə   aldadılmağı gözləyirik. Bizim cəmiyyəti bu saytlar elə tərbiyə ediblər ki, artıq kütlə belə informasiyalara vərdiş edib. İçki kimi, siqaret kimi. Bir ay belə informasiyalar olmasa kütlə ciddi mənada boşluğa düşür və enerjisini bölüşməyə yer tapa bilmir. Axı informasiya həm də kütlənin enerjisini parçalamağın bir növüdür. 

Parçalanmağa, dağıdılmağa, bayağı gündəm mövzulara aldadılmağa çalışmayın. 


P.S. Başıma bir iş gəlsə bilin ki, bu yazıya görə oldu. Sadəcə bunları yazmaya bilməzdim. İnsanın əsəbləri tab gətirmir, dözmək olmur. Biz cəhənnəm, bizim arzularımız ürəyimizdə qaldı, bəs bizdən sonrakı nəsillər yazıq deyilmi? Onların günahı nədir? 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)