Edebiyyat.az » Teatr » Nemət Mətin - Musiqisiz və yumorsuz musiqili komediya teatrı

Nemət Mətin - Musiqisiz və yumorsuz musiqili komediya teatrı

Nemət Mətin - Musiqisiz və yumorsuz musiqili komediya teatrı
Teatr
nemət
Müəllif:
22:28, 09 aprel 2019
3 825
0
Nemət Mətin - Musiqisiz və yumorsuz musiqili komediya teatrı
   


   Təqribən 10 il öncə “Musiqili komediya” teatrında “Bankir adaxlı” tamaşasını izləmişdim. Bu günlərdə tamaşanı yenidən seyr etdim. Eyni bayağılıq, eyni ab-hava, süni alqışlar, yorğun tamaşaçılar məni tamam əldən saldı.
İlk əvvəl mövzuya toxunaq. Camaata şüşəni bri- liant adı ilə satan varlı qadın və iki kobud rəftarlı, qudurmuş qızları ərə getmək istəyirlər. Demək olar hər səhnədə zorakılıq, saçyoldu, qışqırıq. Anbaan aktyor heyətinin dilindən düşməyən qarğış. Bunlardan əlavə yersiz, mənasız dialoqlar. Məişət səviyyəsində olan mövzuları qabartmaq. Axırda da kürəkən pulları götürüb xaricə qaçır. Yalandan uydurduğu banka pul qoyan ana və iki qızı müflis olur. Kürəkənin atasını da işdən çıxarırlar... Belə anlaşılır ki, hamıya ata-ata gəlsən axırda sənə atacaqlar. O məhşur tele- tamaşada Yaşar Nurinin canlandırdığı qəzet oxuyan obrazın sözü olmasın: "Hə nooolsun"
   İndi isə başqa bir məsələyə nəzər yetirək. Teatr bir məktəbdir. Xüsusən musiqili komediya teatrının tamaşaları insanlara gülüş vasitəsi ilə müəyyən dərslər keçməlidir. Seyr edən evə gedəndə nə isə düşünməli və nəticə çıxarmalıdır. Vallah mən ancaq yeni qarğışlar öyrəndim. Ya gərək Stalinin dövrü qayıda, bunlar qorxusundan belə tamaşalar göstərməyə, ya da yeni tamaşalar hazırlanıb xüsusi komissiyadan yüksək bal alıb səhnəyə verilməlidir. "Teatr asılqandan başlayır" deyəndə Stalinin nəyə eyham vurduğunu anlamışdılar.
   Daha bir məsələ var. Tamaşaçıların süni alqışları. Sonda gurultulu alqışlamalar heç də tamaşanın uğurlu olması anlamına gəlmir. Hörmət əlaməti olaraq insanlar çoxdan tanıdığı aktyor heyətini alqışlayırdı. Belə olmaz. Heç kimə güzəşt olmamalıdır. Qədim zamanlardakı kimi yumurta, pomidor, daş atılan anlar teatrın uğursuzluğundan xəbər verirdi. Kolizeyin meydan oynadan vaxtlarında camaat qulların səhnədə yırtıcı heyvanlara necə yem olmasına tamaşa edib gü-lürdülər. Xalqa şou lazımdı. Ancaq bu şou ilə insanların beyninə şüuraltı da olsa müəyyən məsələləri ötürmək olardı.
   Sonuncu demək istədiyim odur ki, teatra gedək. Hər zaman gedək. 3 dəfə kinoteatra gedəndə 1 dəfə də tamaşaları seyr etməyə gedək. Musiqili komediya teatrının binası xüsusən daxildən çox gözəldir. Zövqlə düzəldilib. İnsan özünü həqiqətən teatrda hiss edir. Lakin tamaşanın bir başa təsiri məkanı unutdurur. Ümid edirəm gələcəkdə yeni tamaşalar səhnələşdiriləcək. Aktyor heyəti güclənəcək. Və biz yenidən Bəşir Səfəroğlu, Yaşar Nuri, Səyavuş Aslan, Nəsibə Zeynalova kimi aktyorların bir sözündən uğunub gedəcəyik. Güldürmək çətin sənətdir.
Qeyd: Xahiş edirəm, tamaşa başlamazdan öncə telefonlarınızı söndürün.


"Ədəbiyyat və kütlə" kitabından
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)