Elşən Təhməzov - Şuşa ürəkli Akif Məftun Tofiqoğlu.
Təqdimat
Elşən Təhməzov - Şuşa ürəkli Akif Məftun Tofiqoğlu.
Görüşəcəm çöllərimlə,
Çiçəklərim, güllərimlə.
Sevincimi ellərimlə
Bölməyimə lap az qalıb.
Həyatının hər anını “Can-Azərbaycan” söyləyən, Şuşa ürəkli, ədəbiyyat aşiqi, maarifpərvər Akif Məftun Tofiqoğlu.
Görkəmli şair 1958-ci il təbiətin başdan-başa boyanıb ağacın, torpağın, çölün, suyun, həyatın bahar vaxtında – may ayının 11-ində Azərbaycanın əzəli, əbədi torpağı olan Şuşa şəhərində dünyaya gəlmişdir. O Şuşa ki, Azərbaycan və dünya ədəbiyyatına Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi dahiləri bəxş etmişdir. Akif Məftun da o dahilərdən biridir.
Şairin uşaqlığı, yeniyetmə çağları dədə-baba torpağı olan Şuşada keçmişdir. O kiçik yaşlarından kamanın, tarın dinməsinə, Xanın səsinə, müqəddəs vətən torpağının solmayan gülünün, yarpağının seyrinə, ellərin toy-düyünlü, qonaq-qaralı halına bələd idi.
O burada təbiətin ona bəxş etdiyi bütün fəsilləri sevə-sevə yaşamışdır. Novruz bayramına həsr etdiyi şeiri kiçikdən-böyüyə hamını valeh edir.
Evdə xoş söz danışaq,
Qapıları pusan var.
Niyyətimiz xoş olsun,
Qanad açsın arzular.
Şairin “Gəldi novruz bayramı” əsərində təbiətə, novruza, bahara, insana, həyata sevgi digər şeirlərindəki kimi əks olunur.
Gənc Akif Məftun Tofiqoğlu daha sonra ali təhsil almaq üçün cazibədar füsunkarlığa malik, dünəndən bu günə Azərbaycan torpağı olan Xankəndidə Pedaqoji İnstitutun riyaziyyat fakültəsinə daxil olur. Şair uşaq yaşlarında başladığı ədəbi fəaliyyəti tələbəlik illərindən etibarən yüksəlişə keçirdi.
1991-1993 hadisələri qədim Azərbaycan torpaqlarının yağı düşmən tərəfindən işğal edilməsi bütövlükdə hər bir Azərbaycanlı üçün, qələm ustadları üçün çox ağrılı-acılı dönəmdir. Vaqifin şeirləri, Bülbülün, Üzeyirin nəğmələri, asimanda dalğalanan Azərbaycan bayrağı, həmin dövrdə bizdən ayrı düşdü. Barbar, faşist, vandal düşmən olan ermənilər tərəfindən şeirimizin sətrində gül kimi qoxlayan Şuşa, əsən dizlərin, şeh düşən cığırların, ağlayan səslərin altında mənfur düşmən tərəfindən ələ keçirilirdi. Bütün bunlar burada doğulub, böyüyüb-başa çatan Akif Məftuna çox ağır təsir etmişdi. O hər zaman vətənin çətin anında müstəqillik, bütövlük uğrunda əzmkarlıqla mübarizə aparırdı. Həm qələmi ilə ədəbiyyatda, həm də Qarabağ bölgəsində torpaqların azad olunması üçün çalışmışdır.
Şuşanın işğalından təsirlənən Akif Məftun Şuşa haqqında yazdığı şeirlərində bu təəssüratlarını ifadə etmişdir. Şairin sonrakı həyatı Sumqayıtla bağlı olmuşdur, belə ki o buraya köçmüş və hal-hazırda da bu şəhərdə yaşayır.
Akif Məftun Tofiqoğlunun yaradıcılığına ətraflı şəkildə baxdıqda biz burada məzmun və forma cəhətdən, həmçinin poetiklik baxımından çox yüksək dəyərlərə malik şeirləri görürük. Müasir Azərbaycan poeziyasında öz sözünü deyən, çağdaş ədəbiyyata qızıl imza atan xarizmatik şəxsiyyət Akif Məftunun şeirləri mövzu etibarilə müxtəlif istiqamətlərdə öyrənilir.
Şairin yaradıcılığında milli istiqlal, müstəqillik və azadlıq ideyaları, həmçinin dünyəvi eşqin tərənnümü, ilahi eşqə münasibət, fəlsəfi dərinlik, mənəvi dəyərlər, həmçinin mənəviyyat incəlikləri, səmimi, obrazlı düşüncələr, ictimai-siyasi motivlər, məhəbbət-sevgi hissləri və.s mövzular vardır. Akif Məftun o şairlərdəndir ki, onun ən kiçik düşüncələri ən böyük fəlsəfi məqam səviyyəsinə qalxır. Görkəmli poeziya ustadının vətən şeirlərinə nəzər salaq.
Burada vətən haqqında, Azərbaycan haqqında ülvi hisslər tərənnüm edilir. Suverenlik, birlik, vətən təəssübkeşliyi ifadə olunur.
Bir günəşsən, sən danımda,
Dolaşırsan, bil, qanımda.
Sən bir cansan, can, canımda,
Çox əzizdir, mənə bu can,
Azərbaycan, Azərbaycan.
Sularında durulmuşam,
Dağlarına vurulmuşam.
Mən səninlə var olmuşam,
Mən bir damla, sən bir ümman,
Azərbaycan, Azərbaycan.
Şair “Azərbaycan” şeirində vətənimizin böyüklüyünü, onun canımızda bir can olduğunu, onun sayəsində bu dünyada yaşamış olduğumuzu bildirir. Əsərin digər bəndlərində biz Dərbənddən-Təbrizə, Zəngəzurlu, İrəvanlı, Borçalılı, Səhəndli böyük Azərbaycan amilinə də rast gəlirik. Əsərdə işğal edilmiş torpaqlardan təəssüf hissi aydın duyulur, lakin son bənddə tam pozitiv misralar qarşımıza çıxır. Şair burada illər sonra Azərbaycanın işğal altında olan torpaqlarının azad ediləcəyi işarəsini də verir. Akif Məftun yaradıcılığı bu tip xüsusiyyətləri ilə həm realizm, həm də romantizm mövqeyi cəhətdən çox yüksəkdir.
Şairin yazdığı “Yurda səpin” şeirində üsyankar ruh hiss olunur. Özünü günahkar sayır və bunun nəticəsində vətən həsrətinin şairi çox üzdüyü hiss olunur.
Məni yandırın odda
Külümü yurda səpin.
Külümdə güllər bitsin,
Gülümü yurda səpin.
Mənəm hər gün üzülən,
Qəm sapına düzülən.
Göz yaşımdan süzülən,
Selimi yurda səpin.
Akif Məftun Tofiqoğlu poeziyasının mövzu cəhətdən bir qolu təbiətlə bağlıdır. Ətraf aləmə, meşələrə, çeşmələrə, bulaqlara, torpağa, yerə-göyə olan sevgisi onu təbiət mövzusunda yazdığı şeirləri ilə Azərbaycan ədəbiyyatında təbiət şairləri sırasında öz mühüm yerini saxladır. İndiyə kimi poeziyamızda müxtəlif istiqamətlər üzrə təbiət şeirləri yazılıb və yazılır. Bunlardan biri də dağlardır. Poeziya aləminin görkəmli nümayəndəsinin dağlar haqqında yazdığı misralara nəzər yetirək:
Getsin canımızdan hər dərd , hər qada,
Heç kəsin ömrünü verməsin bada.
Gəl , dönək rənglərə , qalxaq buluda,
Olaq göy qurşağı , baxaq dağlara.
“Dağların” şeiri:
Əlvan güllər min bir ətir qoxuyur,
Bülbül qonub gül üstündə oxuyur.
Çəmən-çiçək güldən xalı toxuyur,
Bar yetirir bağça, bağı dağların.
Şair bənövşə haqqında yazdığı şeirlərdə də gül haqqında özünəməxsus xüsusiyyətləri qeyd edir:
Yenə kol dibində büküb boynunu,
Naz edir dərəyə, düzə bənövşə.
Özü qəsdən boynubükük bitib ki,
Gəlməyə heç zaman gözə bənövşə.
Akif Məftun Tofiqoğlu şeirlərinin bir hissəsi məhəbbət motivli sevgi əsərləridir. Bu şeirlərində şair saf, təmiz ülvi hisslərin, insan qəlbinin aşıladığı sevgi arzularının, sadiqliyin, sədaqətin rəmzləri özünü göstərir. Həmçinin məhəbbət şeirində təbiətin də xüsusi iştirakı vardır. Bununla da görkəmli ədibin sevgi barədə yazdığı əsərlər bir çox şairlərin sevgi şeirlərindən fərqlənir.
Bu gözəlin gözlərindən nur yağır,
Sən bundakı baxışa bax, baxışa.
Yaradanım yanağına əl çəkib
Əsrarəngiz naxışa bax, naxışa.
Dahi yazarın yaradıcılığında mühüm əsərlər sırasına ictimai şeirlər də daxildir. Bu əsərlər sırasına “Çəkir”, “Qalır”, “Belə” və.s kimi şeirləri misal göstərmək olar:
“Çəkir”
Uymur fitnəsinə,nə kələyinə,
Dünyanın nə şeytan,nə mələyinə.
Dözür təbiətin sərt küləyinə,
Dərənin yükünü qayalar çəkir.
“Qalır”
Öz dərdi, qəmi var hər canlı fərdin,
Kimsə çəkə bilməz, kimsənin dərdin.
Şirin cəh-cəhinə uyma namərdin,
Arxadan zərbəsi soyunda qalır.
“Belə”
Nadanlar səhvini dərk edə bilməz,
Danlasan da belə, döysən də belə.
Ağlına gətirməz, qəlbinə salmaz,
Sındırsan da belə, əysən də belə.
Şairin uşaq şeirlərinə isə “Pis güzgü” və bir neçə əsəri misal göstərmək olar.
Həyatda düz bildiyimiz, amma onun fəlsəfi, elmi izahını çox peşəkar şəkildə verən şair bu əsərlərində insanlara çox mühüm məsələləri izah etmişdir. Buraya “Olasan”, “Kimin” və.s onlarla şeiri daxil edilə bilər.
Ağıllı olmağa nə var ki,
Çətindir dəli olasan.
Hər yetənə əl atasan,
Canına zəli olasan.
Bir qazana min bir çömçə uzanıb,
Bilinmir ki, çömçə kimin, əl kimin.
Yetən gəlir, ağız atır, pay ala,
Bilinmir ki, ağız kimin, dil kimin.
Görkəmli şairin yaradıcılığında milli ideyaların, şeiriyyat, sənətkarlıq xüsusiyyətlərinin əhatəsi güclüdür. Akif Məftun Tofiqoğlunun şeirlərinin bir hissəsində isə şəxsi kədər dayanır. Buraya “Dünyada” şeiri misal göstərilə bilər.
Əlindən alıb xoş dəmi,
Gözlərinə süzüb nəmi.
Sinəndəki dərdi,qəmi,
Görüb, dərməyən dünyada.
Düçar oldun acı paya ,
Pay verənlər gəlmir saya.
Üstünə gələn qayaya,
Sinə gərməyən dünyada.
İki kitab müəllifi, müasir Azərbaycan ədəbiyyatında öz dəsti xətti, şedevr əsərləri ilə hər zaman qəlblərdə olan, sevilən şair Akif Məftun Tofiqoğlu həyatının ədəbi fəaliyyətinin böyük bir hissəsini Şuşaya həsr etmişdir. Ən böyük arzusu doğulub, boya başa çatdığı Şuşaya getmək olan ədib yazır:
Deyirsən Cıdırda izim qalıbdır,
Hər güldə,çiçəkdə gözüm qalıbdır.
Dağlara,daşlara sözüm qalıbdır.
Qovaq zirvələrdən dumanı,çəni,
Gəl gedək,Şuşaya aparım səni.
Mövzuya uyğun linklər: