Edebiyyat.az » Təqdimat » Kənan Hacı — 5-in 55 olsun! Ədəbiyyat.az portalının 5 yaşına

Kənan Hacı — 5-in 55 olsun! Ədəbiyyat.az portalının 5 yaşına

Kənan Hacı — 5-in 55 olsun! Ədəbiyyat.az portalının 5 yaşına
Təqdimat
admin
Müəllif:
15:01, 10 aprel 2024
864
0
Kənan Hacı — 5-in 55 olsun! Ədəbiyyat.az portalının 5 yaşına




 Beş il əvvəl də indiki kimi idi - ədəbi mühitin mənzərəsi boz-bulanıq görünürdü. Heç nə dəyişməyib, yazıçılarımız yazıb-yaradır, bir-birindən maraqlı əsərlər meydana çıxır, di gəl, ədəbi mühitin daş sükunəti heç qımıldanmır da! Beş il bundan əvvəl Ədəbiyyat.az portalı yarananda da məhz bu sükunəti pozmaq qəsdində idi. Bu ədəbi platforma BİZ.Klub-un uşaqları tərəfindən yaradıldı. Gəncliyə xas olan intensivlik, yaradıcı enerjinin bolluğu, yeni söz demək ehtirası bu gəncləri öz qüvvələrini birləşdirməyə sövq etdi və nəticə olduqca ürəkaçandır.

Mən BİZ.Klubun nəşr etdiyi kitablar, “Yazı” dərgisinin nəşrinin davam etdirilməsi haqqında danışmayacam. Hərçənd, bu işlər də eyni ədəbi məqsədə, eyni mərama xidmət edirdi - Sözün meydanı daha da geniş olsun, gənclər bu meydanda öz potensial imkanlarını, istedadlarını göstərə bilsin. Zatən, belə də oldu. Bu işlərin başında gənc yazıçı Nemət Mətin dayanır və onun ədəbi prinsiplərinə sadiqliyi, tutduğu yola sonsuz inamı məni həmişə sevindirir. Öz ətrafına sağlam düşüncəli, içində ədəbiyyat sevgisi aşıb-daşan gəncləri toplayıb onlara stimul verməsi, mütəmadi ədəbi müzakirələr təşkil etməsi, özündən yaşlı ədiblərlərlə görüşlər keçirməsi və bu görüşlərdən yaradıcı şəkildə bəhrələnməsi, geniş mütaliəsi, yaradıcı enerjisinin bolluğu onun gələcəkdə də çox böyük işlərə imza atacağından xəbər verir. Əlbəttə, o, bu yolda tək deyil, sadiq dostları var. Elvin Rizvangil, Elsevər Hüseynoğlu, Fərid Muradzadə və adlarını sadalamadığım xeyli sayda gənc var ki, onunla çiyin-çiyinə bu yükü daşıyırlar. 

Ədəbiyyat.az portalı mənim xeyli sayda yazılarımı yayımlayıb. “Göldən aralı Sona” romanımı bütöv halda sayta yerləşdiriblər. Buna görə Nemət bəyə təşəkkür edirəm! Sayta nəzər salanda baş redaktorun ədəbi zövqü məmnunluq doğurur. Hiss olunur ki, o, ədəbiyyatın ali missiyasını dərk etmiş, Sözün məsuliyyətini dərindən anlayan, mətnə aşırı həssaslıqla yanaşan redaktordur. 

2000-ci illərin əvvəllərində müstəqil ədəbiyyat qəzetləri nəşr olunmağa başladı – “Sənət qəzeti”, “Proloq”, “Səhifələr”, “Yazar” və sair. “Sənət” və “Yazar” qəzetlərinin nəşrində bəndənizin də az-çox xidmətləri olub. Birində şöbə müdiri, digərində isə baş redaktor kimi çalımışam. Rəhmətlik Yafəs Türksəs bir ildən sonra qəzetin baş redaktorluğunu mənə həvalə etdi. 2008-2011-ci illərdə qəzet mənim baş redaktorluğumla nəşr edilib. 90-cı illərin əvvəlləri Əlisəmid Kürün “Yol” qəzeti ədəbi hadisəyə çevrilmişdi. Sonra ədəbi dərgilər nəşr olunmağa başladı – “Yazı”, “Avanqard”, “Doqquz iqlim” və sair. Təəssüf ki, maddi imkansızlıq ucbatından bu nəşrlər çapını dayandırmalı oldu.Yeri gəlmişkən, bu gün də məhdud imkanlarla dəyərli qələm dostlarımız Rafael Tağızadə və Vaqif Osmanlı “Ədəbi ovqat” dərgisini buraxırlar. Ədəbi dərgilərin çoxluğu ədəbi prosesin canlanmasına, yeni ədəbi qüvvələrin yaranmasına təkan verən başlıca faktordur. Bu gün müstəqil ədəbi dərgilər (bir-iki jurnal istisna olmaqla) demək olar ki, yoxdur. Varsa da ədəbi prosesə təsir imkanları sıfıra bərabərdir. 

Belə bir zamanda Ədəbiyyat.az portalının varlığı hava-su kimi gərəklidir. Mən ədəbiyyat adamları arasında gedən söhbətlərdən də görürəm ki, əksər qələm adamları Ədəbiyyat.az-ı izləyirlər və portal haqqında məmnunluq hissiylə danışırlar. Bir neçə tanınmış yazıçımız söhbət əsnasında dəfələrlə Ədəbiyyat.az-da yazısının çapını arzuladığını dilə gətirib. Əlbəttə, bütün bunlar sevindiricidir. Bu beş il müddətində demək olar ki, əksər hallarda həmin gənclərin əhatəsində olmuşam və yaşımın bu çağında da onlardan nəsə öyrənməyə çalışmışam. Onlar məndən nəsə öyrənə biliblərsə, bu da mənim üçün sevindirici əlamətdir. Hər halda, bir-birimizə nələrsə ötürə bilmişik. 

5 yaşın mübarək, əziz Ədəbiyyat.az! 5-in 55 olsun!   

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)