Edebiyyat.az » Rafiq Tağı - Yazıçılar Birliyinin “Ədəbiyyat” (divar) qəzeti

Rafiq Tağı - Yazıçılar Birliyinin “Ədəbiyyat” (divar) qəzeti

Rafiq Tağı - Yazıçılar Birliyinin “Ədəbiyyat” (divar) qəzeti
---
admin
Müəllif:
22:39, 11 iyul 2024
162
0
Rafiq Tağı - Yazıçılar Birliyinin “Ədəbiyyat” (divar) qəzeti






 “Ədəbiyyat qəzeti” haqqında uzun tərəddüdlərdən sonra, ürək ağrısıyla yazıram. Nə edim, bəşəriyyətin tənqid azarına mən də mübtəlayam. Əlbəttə, gərək yazmayaydım. Ancaq heç kəs inciməsin, bunu düşmənçiliyə də yozmasın: mən Azərbaycan yazarına doğma ikən yad olan, redaksiya heyətinə “ölü canlar” pərçimlənmiş bu qəzet barəsində həqiqətləri yazmaya bilmədim. Əzizlərim, mənim də həyatda öz yolum, öz müqəddəs prinsiplərim var: heç vaxt yalan-palan toqquşdurmamalı. Onu deməliyəm ki, mən bildiyimi dədəmə də vermərəm. Yalan-palanın öz yazarları var. Bu meydan, bu şeytan – həmişə buyursunlar.

 

         Həqiqət mənim sevgilimdir.

         Yaxşı, beş-üç dəqiqəliyə mən dilimi yığdım, siz deyin, nurlu-ziyalı adamların sayılası bir qəzeti niyə də fikir yürüşlərində avanqardda görünməməli, taytıya-taytıya aryerqardda gəlməlidir?

         Ölü cəmiyyətlər üçün həqiqətlər məcun yerindədir.

         Ətağa cəddi, Azərbaycan insanı hər hansı krossvord qəzetini “Ədəbiyyat qəzeti”ndən daha üstün tutur. Şəhərin mənim tanıdığım köşklərində son 5-6 ildə “Ədəbiyyat qəzeti”nə hələ bir “məmməd” xərcləyən görünməyib. Doğrudan da, ölü fikirlərə min manat itirmək üçün gərək ağlın çatışmaya.

         “Ədəbiyyat qəzeti” bütün tarixi boyu mühafizəkarlığı ilə məşhur olub. Bu qəzetin yeganə orijinallığı onun maraqsızlığındadır. İctimai-siyasi proseslərdə nə ətdi, nə balıq. Həmişə ədəbi hərəkətlərin dışındadır. Heç bir ədəbi-mədəni hərəkatla işi yoxdur. Ədəbi müharibələrdə biabırçı sülhsevərdir. Bu qəzet diktatura ruporu olmağa hazır durub. Mifik-mistik iradə önündə müntəzirdir. Əlləri qoynunda, bənövşə kimi boynu bükükdür. “Vseqda qotov” onun iç devizidir. Bu qəzetdə köləlik qaçılmaz imperativdir. Bütün dövrlərdə bu qəzet üçün dünyanın ən böyük yazarı mövcud YB sədridir. Ən böyük dahi də odur.

         “Ədəbiyyat qəzeti”nin çalışdığı odur ki, cəmiyyətdə heç vaxt heç bir fikir doğulmasın. Bu qəzetin rəhbərlərinə həmişə elə gəlib ki, nömrəbənömrə tarixə gedirlər. Halbuki bir tək “padşivka” səliqə-sahmanıyla tarixə gedilməz. Tarixin öz iç təmizlənmə qanunauyğunluqları var. Tarix – Balaxanı zibilxanası deyil. Amma qoy reklam xatirinəsə deyim ki, “Ədəbiyyat qəzeti”nin məişət üçün tam yararlı geniş vərəqləri var.

         Bəradərlərim, Elmlər Akademiyasının bülletənlərində dərc olunası materialları qəzet səhifələrinə doldurmaq nə dərəcədə doğrudur? Bu qəzet bəzən hətta arxiv idarəsi buraxılışlarını xatırladır. “Ədəbiyyat qəzeti” mənhus sosrealizm ənənələrinin yetirməsi və həm də onların qurbanıdır. Relsdən çıxa bilmir. Düz relslər düzgün yol təəssüratı oyadır. İşıqlı gələcək relslərin ucuna sancılmış kimi görsənir. Kommunizm və faşizmin, ya demokratiya-diktatura dilemmasının “Ədəbiyyat qəzeti” üçün heç bir fərqi yoxdur. Sən nə çalırsan çal, bu qəzet həmişə “heyvagülü” oynayacaq. Azadlıq –lüzumsuzdur. Cəmiyyətdən rədd edilmiş senzor gözləri, qəlb deşiklərindən indi yalnız “Ədəbiyyat qəzeti”nə baxmaqda. “Ədəbiyyat qəzeti” zamanı yalnız arxadan görür. Bu qəzetin nə milli şüura, nə siyasətə-dinə, nə də əxlaqa-etikaya dəxli var. Onun dəxaləti yalnız köləliyədir. Köləliksə özlüyündə tərbiyəsizlik, hətta əxlaqsızlıqdır. Əsl faciə nədədir: Ətağa cəddi, “Ədəbiyyat qəzeti”nin ədəbiyyata da dəxli yoxdur. “Ədəbiyyat qəzeti” Yazıçılar Birliyinin “divar qəzeti”dir. Bu qəzet əsas da qarışıq-təzadlı yazıçı Anar dünyasının bariz göstəricisidir. Vəzifəpərəstliyi yazıçı Anarın kiçikliyi əlamətidir. O indi öz tənəzzül dövrünü yaşamaqda. Anar müəllim barı daim gözümüzə soxduğu “Molla Nəsirəddin” jurnalından gözünə su alaydı. Öz şən “qəzetə”sinə bir “iti söz” tapşırığı verəydi. Di gəl Anar müəllim bütün günahlarını Ayaz Vəfalının boynuna yükləyib. Sanço Panso Don Kixotun silahdaşı-yanı, Ayaz müəllim Anar müəllimin günahdaşıyanıdır. Dəhlizlərindəki yarımcan siluetlərdən savayı bu qəzetdə diri heç nə gözə dəyməz. “Ədəbiyyat qəzeti” hətta bu siluetlər üçün də bala başı saxlamaqdan savayı bir əhəmiyyət kəsb etmir.

         Bu qəzetin ölkə Prezidentinə dair boyat materiallar verməkdə hüsnü yoxdur.

         Büdcə vəsaiti olmadan qəzetin sərbəst yaşaya bilməməsi, sadəcə, biabırçılıqdır. Cənablar, dotasiya dövrü bitmədimi? Özü yaşaya bilməyən hər hansı ədəbi orqan yaşamamalıdır da. Ədəbiyyata dotasiya inkişaf  baxımından nonsensdir. Ümumiyyətlə, büdcə vəsaitinin hərraca qoyulması Yazıçılar Birliyində bir hünər kimi qələmə verilir. Minus həddindəki bu “hünər”lərlə Qarabağımızı geri alarıq, inşallah! Həri, qardaşlar, YB-yə qoyulan külli miqdarda dövlət vəsaiti dibsiz vedrəyə tökülən su kimi qavranılır. İşə bax, canlı büdcə vəsaiti cansız ədəbiyyat görüntüsü yaratmaqda.

         “Ədəbiyyat qəzeti”nə həmişə bir-birindən qorxaq, pıqq eləsən rəngi qaçan insanlar rəhbərlik edib. Burada suyu üfürə-üfürə içir, ədəbiyyatda yaxşını pisdən ayıra bilmirlər. Bu qəzet boz ədəbiyyat kanıdır. İri-iri səhifələrdə yalançı ədəbiyyatşünas-alimlər qarğı atlar oynadır. “Ədəbiyyat qəzeti” heç bir problem qaldırmır, qaldıra bilmir. Bu qəzetdə problemləri görməmək dərəcəsində “toyuq korluğu” var. Mən ölü, siz diri, gələcəyin hər hansı tehranəlişanoğlusu arxivlərdən götürdüyü “Ədəbiyyat qəzeti” saylarında dövrün ədəbi mənzərəsini görə bilməyəcək. “Ədəbiyyat qəzeti” gələcəyi indidən aldatmaqla məşğul. Mən hər bir əməkdaşına hörmət və ehtiramla, hətta sevgilərlə yanaşdığım bu qəzetin hərəkəti iflic daşlaşmış ənənələrdən qurtulmağını istərdim. Məncə, indilikdə Yazıçılar Birliyinin “ustanovka”sı üzrə düşünən bu inert qəzetdə işləmək üçün təfəkkür lazım deyil.

         ...2000-ci ilin avqustunda “Ədəbiyyat qəzeti”ndə bir hekayəmi öz əlimlə dəfn eləmişəm. Hər dəfə 2000-in avqustuna güzarım düşəndə, bu hekayəmin  üstünə çiçək dəstələri qoyuram. Toyda-yasda molla görən kimi də həmin hekayəyə yasin oxutdurmaq könlümdən keçir.

 

 

                                                        “Xural” qəzeti, N:019.     16-22.05.2004

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)