Türkan Nağıyevadan şeirlər
Mənə bir gül bağışla,
Qalan son ümidimi gülistana çevirsin.
Mənə bir gül bağışla,
Açılan hər səhərim onunla çiçəklənsin.
Mənə bir gül bağışla,
Qaramsar sabahlara yeni rənglər gətirsin,
Mənə bir gül bağışla,
Vaxtsız solan gülləri əvəz eləyə bilsin.
Mənə bir gül bağışla,
Bütün rənglər içində ən gözəli o olsun.
Mənə bir gül bağışla,
Sənlə keçən anlardan o yadigarım olsun.
Mənə bir gül bağışla,
Sevgi nəğmələrindən dərilmiş çiçək olsun.
Sarı bir gül bağışla,
Hər sarı ləçəyində bir xatirə yaşatsın.
***
Sən də yağış kimisən,
Damla damla toxunursan ruhuma
Sonra yenə buludların ardına
Qayıdırsan, itirsən.
Bəzən günəş kimisən,
Qəlbimi isidirsən şirin söhbətlərinlə
Ardınca da səssiz bir gecəni gətirirsən.
Gecə yaman soyuqdu,
Üşüyürəm, görürsən?
Hərdən külək kimisən,
Elə əsib keçirsən
Buz kəsir ayaqlarım
Sənə gələn yollarda.
O yolun ortasında
Gözləyirəm eləcə
Yağışın dinməsini, günəşin şöləsini
Sən belə havalarla başa çıxa bilərsən?
Mən isə bu soyuqla
Buz tuturam,
Bilirsən?
***
Bir gün böyük bir səhv etsəm,
Haqq olana nahaq desəm,
İncitsəm həssas bir qəlbi,
Tanrım, sevərsənmi məni?
Bu dünyadan itib getsəm,
Həqiqəti atıb getsəm,
Bir gün səni də tərk etsəm,
Tanrım, sevərsənmi məni?
Yarı səndən üstün tutsam,
“Tanrım” deyib ona tapsam,
Bir gün o, sevməz bəndəni,
Tanrım, sevərsənmi məni?
Bir gün dönsəm mən bir heçə,
Gərək olmasam heç kəsə,
Tutarsanmı sən əlimi?
Tanrım, sevərsənmi məni?
***
Gözlərini yumasan,
Xəyallara dalasan
Xəyallar aləmində
Gəzinəsən sahili,
Qumsalları, dənizi,
Günəşli ölkələri…
Hamısından keçəsən,
Dərk edəsən qəfildən
Səfərin ilk deyildir.
Xatırlarsan anidən…
Yağar soyuq yağışlar,
Əsər güclü küləklər,
Qopar fırtına, tufan,
Xəyallar aləminin
İsti ölkələrində
Xatırlarsan o anda
Səfərin ilk deyildir.
Keçmisən bu yollardan,
Bu isti ölkələrdən,
Dənizdən, sahillərdən,
Xəyallar aləminin
Hər izi, hər qarışı
Sənə hələ tanışdır.
Tək deyildin ilk səfər,
Vardı əlindən tutan
Bu xəyali aləmlə
Səni ilk tanışdıran
Xatirələr yaddaşda
Canlandıqca o anda
Yağış daha gur yağar,
Külək daha bərk əsər,
Susmaz çovğun, fırtına
Gücləndikcə güclənər…
Gözlərini açasan,
Ayılasan xəyaldan
Darıxasan eləcə
Onunla getmədiyin
O isti ölkələrin
Dənizlərindən ötrü…
O mavi dənizlərin
Əl ələ gəzmədiyin
Sahillərindən ötrü…
