Edebiyyat.az » Ədəbi tənqid » Seymur Baycan - İntihar və azadlıq

Seymur Baycan - İntihar və azadlıq

Seymur Baycan - İntihar və azadlıq
Ədəbi tənqid
admin
Müəllif:
20:16, 04 fevral 2021
1 426
0
Seymur Baycan - İntihar və azadlıq





 Orta statistik və qeyri-orta statistik adamların düşüncəsinə görə, intihar zəiflikdir, intihar iradəsi zəif olan adamların işidir. Biz burada iradə dedikdə həşəratların nəyi nəzərdə tutduqlarını müəyyən etməliyik. Əgər iradə bir tikə ət üçün onun bunun qabağında quyruq bulamaqdırsa, özündən bir pillə yuxarıdakının qarşısında ikiqat əyilib özündən aşağıdakıları əzməkdirsə, bütün günü ona buna yaltaqlanmaqdırsa, alçalmaqdırsa, hər şeyi “balam üçün edirəm”, – deyib özlərinə oxşar kölələr böyütməkdirsə, o siz, o da iradəniz, gedin nə qədər istəyirsiniz həşərat həyatınızı davam etdirin. Təpənizə dəysin sizin iradəniz. Elə də iradədən danışırlar, guya belə çox əxlaqlı və mənəviyyatlı, şərəfli, nümunəvi, insani həyat yaşamaqdadırlar. 

Gəlin, intihar kimi müqəddəs, ali bir mövzunu həşəratların bu mövzuya, intihara münasibəti ilə murdarlamayaq. Sadəcə qısaca olaraq onu demək istəyirəm ki, həşəratların intihar kimi müqəddəs bir mövzuda söhbət etməyə, intihar haqqında nəsə bir fikir bildirməyə mənəvi haqları yoxdu. Əlbəttə, sevdiyi qızın adını bıçağın ucuyla ağacın gövdəsinə yazıb sonra özünü həmin ağacdan asan gəncin intiharı ilə Misimanın, Akutaqava Rünoskenin, Stefan Sveyqin intiharını eyniləşdirmək olmaz. Lakin burada digər bir sual ortaya çıxır. Həşəratlar nə bilir Misima kimdir, Sveyq kimdir, Rünoske kimdir. Söhbət həşəratların Misimanı tanıyıb-tanımamalarından getmir. Ola bilsin aralarında tanıyanlar var, adını eşidiblər, hətta əsərlərini də vərəqləyiblər, bir əvvəlinə, bir axırına da baxıblar, amma “bacarana can qurban” şüarını həyat fəlsəfəsinə çevirənlər, bütün mövcud şəraitlərdə həşərat ömrü yaşayanlar Misimanı, Sveyqi, Rünoskeni ve digər intihar etmiş peyğəmbərləri anlayıb, onları hiss edə bilməzlər. Bu müqəddəs qapı alçalmaqla, yaltaqlanmaqla, ikiqat əyilməklə açılmır.  
Digər azadlıqlar kimi insanın bu dünyanı öz istəyi ilə tərk etmək, bu dünyadan könüllü getmək, yəni, intihar etmək azadlığı asan əldə edilməyib. Tarixdən xəbəri olmayan adamlara bu sual qəribə gələ bilər. Bəyəm insanın intihar etməsi üçün də azadlıq lazımdır? Sual birbaşa cavab istəyir. Bəli, lazımdır. Hətta insanlar intihar etmək azadlığı əldə etmək üçün də mübarizə aparıblar. Şərq dünyasından və müsəlmanlardan söhbət etməyəciyik. Onlar ümumiyyətlə müzakirə mövzusu deyil. Əsrlər boyunca kilsə və saray insanların bu dünyadan könüllü getməsinə əngəl olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. İntihar etmiş adamların cəsədlərini təhqir edirdilər. İntihar etmiş adamların cəsədlərini nəcisə batırırdılar. Qala qapılarının üstündən asırdılar. İntihar etmiş adamın cəsədini cinayətkarların və bic doğulmuşların basdırıldığı qəbirstanlıqda basdırırdılar. Ən yaxşı halda tibb fakultəsinin tələbələrinə verirdilər. İntihar etmiş adamın övladları mirasdan məhrum edilirdi. İntihara cəhd etmiş adam sağ qaldıqda ona dəhşətli işgəncələr verilirdi. Saray hakimiyyəti bütün mümkün vasitələrdən istifadə edərək insanların bu dünyanı könüllü tərk etmək azadlığını əngəlləməyə çalışırdı. Çünki hətta insanın intihar yolu ilə bu dünyanı könüllü tərk etməsi belə saray hakimiyyətini qıcıqlandırırdı. Saray hakimiyyəti düşünürdü: “Sənin bütün ixtiyarın mənim əlimdədir. Mən öldürə bilərəm. Mən edam edə bilərəm. Mən ölənə qədər işlədə bilərəm. Mən acından öldürə bilərəm. Mən müharibəyə göndərib yüzminləri döyüş meydanında qırdıra bilərəm. Sən kimsən ki, özün özünü öldürürsən”. Böyük Fransa inqilabı insanlara bir çox azadlıqlar bəxş etdiyi kimi insanın bu dünyadan könüllü getmək azadlığını da tanıdı. İngiltərədə isə bu azadlıq, insanın intihar etməsi azadlığı rəsmən 1961-ci ildə tanındı.
Əsrlər boyu kilsə, dini hakimiyyət də bütün mümkün vasitələrdən istifadə edərək insanların intihar etmək azadlığı əldə etməsinə ciddi maneələr törətmişdi. Kilsə deyirdi: “İnsanın hansı dünyada rahatlıq tapmasını Allah müəyyən edir”. Yəni, düşünməyin ki, bu dünyanın iztirablarından birdəfəlik yaxa qurtarmaq üçün intihar etməklə gedib o dünyada rahatlıq tapacaqsınız. Xeyr. O dünya da bizim monpoliyamızdadır. Ora da biz nəzarət edirik. Bu gün isə kilsə intihar etmiş adam haqqında bu sözləri deməyə məcburdur: “Gəlin, dua edək ki, o bu dünyada tapa bilmədiyi rahatlığı heç olmasa o dünyada tapa bilsin”. Kilsənin bu sözləri deməyə məcbur olması üçün az qanlar tökülmədi, az kitablar yazılmadı.
***
Sovet imperiyasında məşhur şəxslərin, sənətkarların, xüsusən şair və yazıçıların intihar etməsi faktı gizlədilirdi. Şair və yazıçıların intihar etməsi faktına başqa adlar qoyulurdu. Sənətin digər sahələri ilə məşğul olanlarla müqayisə etdikdə yazıçı və şairlər arasında intihar edənlərə daha çox rast gəlinir. Səbəblər müxtəlifdir. Aclıq və ehtiyac, gələcəkdən qorxu, depressiya, yaradıcı krizis, böyük uğur və şöhrət əldə etdikdən sonra yaranan boşluq, xəstəlik, qocalıq… Ən əsası, yazıçılıq qorxulu peşə sayılır. Əlbəttə, söhbət səmimi olaraq yazıçılıqla məşğul olanlardan gedir. Bütün təhqirləri və tənqidləri öz üzərinə alaraq kreslosundan dördləlli yapışanların, vəzifələrindən istifadə edib özlərinin və atalarının mənasız əsərlərini adamlara soxuşduranların, sovetin bütün mükafatlarını alıb sonra özünü dissident adlandıran məmur-yazıçıların ədəbiyyata heç bir dəxli yoxdur. Nəsə, mövzumuzu korlamayaq.
Hər intihar edən yazıçının da məhz ədəbiyyatla ciddi məşğul olduğunu birmənalı olaraq söyləmək də düzgün olmaz. Yəni, sənətkarın intihar etməsi onun həqiqiliyinin göstəricisi deyil. Bu mövzuda Qriqoriy Çxartişvilinin (Boris Akunin) “Yazıçı və intihar” adlı əsəri var. Həmin əsərdə müəllif yazıçı intiharlarını dövrlərə, coğrafi məkanlara, dinlərə, mentalitetə, səbəblərə uyğun olaraq təsnifatlandırıb. Sənət dünyasında (xalqa və xalqın sayına görə müəyyən etsək) ən çox intihar edənlər yəhudilərin payına düşür. Səbəb aydındır. Yəhudilərin sayı sənət dünyasında digər xalqlara nisbətən daha çoxdur. 
İntihar ədəbiyyatda çox işlənmiş mövzudur. Rünoskedən tutmuş Selincerə, Tolstoydan, Dostoyevskidən tutmuş Andre Moruaya, Heminqueyə qədər bir çox məşhur və qeyri-məşhur yazıçılar intihar mövzusunu öz əsərlərində istifadə edərək bədii həllini yaradıblar. Bəziləri açıq şəkildə bu mövzunu işləyiblər, bəziləri isə örtülü şəkildə. İntihar o demək deyil ki, mütləq özünü asmalısan, zəhər içməlisən, özünü qatarın altına atmalısan, tapancanı ağzına soxub, yaxud gicgahına dirəyib atəş açmalısan. Xeyr. Anna Karenina özünü qatarın altına atdı. Bu açıq intihar idi. Qraf Vronski isə məhz ölmək üçün müharibəyə getdi. Bu isə örtülü intihar idi. 
Əgər ədəbiyyatda intihar mövzusunda söhbət açmışıqsa, konkret bir əsərdən danışmaq daha yaxşı olar. Klassikanı və klassikləri qoyaq kənara. Onlar onsuz da ədəbiyyat dünyasında öz əbədi yerlərini tutublar. Müasir ədəbiyyata müraciət edək. Söz açacağımız əsərdə həm də intiharın insana azadlıq bəxş etdiyi vurğulanır. Martin Pajın “Mən necə axmaq oldum” əsərinin qəhrəmanı Antuan intihar etmək qərarına gəlir. Antuanın heyran olduğu böyük şəxsiyyətlər ölüm saatlarını müəyyən etmək üçün özlərində güc tapmışdılar. Antuan düşünür: “Əgər həyat başdan başa işgəncəyə çevrilibsə, başqa nə etmək olar?”
Antuan insanlara intihar etmək üçün yardım edən cəmiyyətə müraciət edir. Cəmiyyətin yerləşdiyi binaya gedir – “Burada otuza qədər adam toplaşmışdı. Bəziləri oturub nəsə oxuyur, bəziləri sadəcə gözləyir, qalanları isə kiçik qruplara bölünərək qızğın söhbət edirdilər. Kvartet Şuberti ifa edirdi… Burada kişilər, qadınlar, cavanlar, qocalar, bir sözlə, cəmiyyətin bütün təbəqə və zümrələrindən insanlar vardı. Onlar çox sakit idilər. Çantalarını eşələyir, mübahisə edir, bir-birlərinə kağız-kuğuz verirdilər. Əksəriyyətinin bloknotu, ya da dəftəri vardı. Onlar qələmlərini hazır tutub mühazirənin başlanmasını gözləyir, pıçıldaşaraq xısın-xısın gülürdülər”. 
Pajın bu təsvirlərini oxuduqda adamın yadına Andre Moruanın “Tanatos mehmanxanası” hekayəsi düşür. Təxminən, aşağı-yuxarı eyni havadır. Pajın təsvirlərini oxumağa davam edək: “Dörd divarın hamısına intihar edən məşhurların portretləri və fotoşəkilləri vurulmuşdu. Jerar de Neval, Merlin Monro, Jil Delez, Stefan Sveyq, Misima, Romen Hari…
Bu mükəmməl bir tapıntıdır. Ədəbiyyat sinfinin otağına məşhur yazıçıların, fizika otağına məşhur fizika alimlərinin, kimya otağına məşhur kimyaçıların portretləri vurulduğu kimi burada da divarlara intihar edən məşhurların portretləri vurulub. Super tapıntıdır. Daha sonra dinləyicilərə Professor Edmonun özünü öldürməsi haqqında məlumat verilir – “Xanımlar və cənablarhər şeydən öncə icazə verinsizə artıq bir çoxunuzun xəbəri olsa da professor Edmonun özünü uğurla öldürməsi haqqında məlumat vermək istəyirəmO bunu etdi!
Madam Astanaviç pultu götürüb ağ taxta paneldən olan divara tuşladı. Divarda mehmanxana nömrəsində ilgəkdən asılmış kişi şəkli göründü. Onun damarları da kəsilmişdi və qəhvəyi rəngli qan palazın üzərinə iki böyük və qara ləkə salmışdı. Meyitin şəkli çəkilərkən, çox güman ki, yellənirmiş, ona görə də, üzü o qədər də yaxşı düşməmişdi. Antuanı əhatə edən camaat çəpik çaldı…
– O bunu etdi. Və gördüyünüz kimi, yəqinlik hasil etmək və kəndirin qırılması ehtimalını sığortalamaq üçün damarlarını kəsmişdir. Hesab edirəm ki, bu hərəkət əlavə alqışa layiqdir…
Adamlar yenidən çəpik çalırlar. Antuan isə insan ölümünün gurultulu alqışlarla qarşılanmasını təəccüblə izləyir. Sonra mühazirəçi Antuanı adamlara təqdim edir
– Bu gün daha bir qardaşımız bizə qoşulacaq. Xahiş edirəm, özünüzü təqdim edin.
Hamı Antuana tərəf döndü. Bu qədər insanın qarşısında çıxış edəcəyindən ürkən Antuan dərhal ayağa qalxdı və rəğbətli baxışları görüb, auditoriyanın susqun dəstəyini hiss etdi.
– Mənim adım Antuandır, mənim iyirmi beş yaşım var.
– Salam Antuan! – onu xorla salamladılar.
– Antuan, səni bura nəyin gətirdiyini bizə danışa bilərsən?
– Mənim həyatım dəhşətli dərəcədə alınmadı. Ancaq ən dəhşətlisi bu deyil. Ən dəhşətlisi odur ki, mən başa düşürəm ki…
– Ona görə də, sən həyatla haqq-hesabı üzüb, yoxluğa qovuşmağa qərar verdin.
– Ümumiyyətlə, deyəsən, mən həyat üçün yararsızam və ölümdə özümü təsdiq edə bilərəm. Yəqin ki, buna daha çox uyğun gəlirəm. 
– Əminəm ki, Antuan, səndən həqiqətən də dahi bir mərhum çıxacaq. Mən də elə sənə, bizə çox az şey verən və çox şeylər alan həyatdan necə qurtulmağı öyrətmək üçün burdayam…
Beləliklə professor danışmağa başlayır:
“Mənim nəzəriyyəm ondan ibarətdir ki, həyat bizdən hər şey almamış ondan qurtulmaq lazımdır. Ölüm üçün silah-sursat, barıt, güc olmalıdır, yoxsa bu bədbəxt və əsəbi qocalar kimi tamamilə aciz və əldən düşmüş halda ölmək nəyə lazımdır… İntihar pislənilir. Dövlət, din, cəmiyyət, hətta təbiət özü ona qarşıdır, çünki təbiət adlandırdığımız nazənin gözəl özünə qarşı azad münasibəti qətiyyən qəbul etmir, bizi sonadək öz hakimiyyəti altında saxlamaq yanğısıyla alışıb-yanır, bizim əvəzimizə özü qərar qəbul etmək istəyir. İnsanın nə vaxt öləcəyinə kim qərar verir? Biz qərar verməyi xəstəliklərə, qəzalara, canilərə həvalə edərək yüksək azadlığımızdan imtina etmişik. İnsanlar bunu ya tale, ya da qəzavu-qədər adlandırırlar. Yalandır! Bu, qəzavu-qədər deyil, bizi gözlərini döyə-döyə zəhərləyən, müharibələrdə və qəzalarda məhv edən cəmiyyətin gizli iradəsidi… Bizim nə vaxt öləcəyimizə cəmiyyət qərar verir. Çünki yediyimiz ərzağın kefiyyəti, ətraf mühitin durumu, işlədiyimiz və yaşadığımız şərait ondan asılıdı. Doğulanda bunu istəyib-istəmədiyimizi heç kəs bizdən soruşmur, dilimizi, ölkəmizi, dövrümüzü, ehtiraslarımızı və zövqümüzü, həyatımızı belə özümüz seçmirik. Bizim azadlığımız yalnız ölümdədir. Azad olmaq ölmək deməkdir… Ancaq bütün bunlar sözdür. Həqiqət isə… Gəlin, dürüst olaq. Əgər biz sağlam, layiq olduğumuz tək sevimli, hörmətli olsaydıq və günəşin altında öz layiqli yerimizi tutsaydıq, əminəm ki, indi bu zal bomboş olardı.”
Əksər hallarda yaxınları, ailə üzvləri və doğmaları intihar etmək, bu dünyadan könüllü getmək istəyən insanlara mane olurlar. Ailələri və doğmaları insanın intihar etmək azadlığını əlindən alırlar. Bu problemi yapon yazıçısı Akutaqava Rünoske dostuna yazdığı məktubda (Vəsiyyət) həll edib. Rünoske yazır: “Ailəmin halına acımaq kimi anlayışlar, mənim bu arzumun qarşısında heç nədir”.
Ümiddən məhrum olmaq insan bədbəxtliyinin son həddidir. Remark deyirdi ki, insan yalnız intihardan əvvəl tənha olur. İnsanın şüursuz məxluqdan üstünlüyü odur ki, o hər cür bədbəxtlikdən xilas olmaqdan ötrü vasitə tanıyır. Bu vasitənin adı intihardı. İntihar etmək çətindir, amma yaşamaq ondan da çətindir.
***
Bizim ölkənin tarixində ictimai siyasi motivli intiharların olmaması bizim ictimai-siyasi mənada əxlaqsız olmağımızın göstəricisidir. Bu onu göstərir ki, biz ideyalara, yola, siyasətə, məşğul olduğumuz sahələrə ciddi yanaşmırıq. Heç nəyə görə məsuliyyət daşımırıq. Hesabat vermək ənənəsi və mədəniyyəti yoxdu. Hər şeyi yola veririk. Məsələn, təkcə Yaponiyada intiharın 80 motivli (səksən rəqəmini hərflə həm də ona görə yazdım ki, hər şeyə şübhəylə yanaşanlar elə düşünməsinlər səkkiz rəqəminin yanına səhvən sıfır artırılıb) növü var. Ötən əsrdə altı məşhur yapon yazıçı intihar etdi. Onların arasında hətta Nobel mükafatı almış yazıçı Kavabata Yasunari də var idi. Hansı ki, Misimanın ölümündən dəhşət sarsılmışdı. Sonra özü də intihar etdi (Belə hallar olur. Mayakovski də Yeseninin intiharından dəhşətə gəlmişdi, amma sonra özü də intihara əl atdı). Özü də bir çox yapon yazıçıları tək deyil, sevdikləri qadınla bir yerdə intihar edirdilər. Bu ikiqat intihar adlanır. Yəni, sən kimisə inandırmalısan öz yolunla, öz şəxsiyyətinlə, öz ləyaqətinlə…
Bizim ölkədə şəxsiyyətdən, ləyaqətdən, həqiqi ədəbiyyatdan zaddan danışmaq bir növ boşboğazlıqdır. Şəxsən mən bu dəqiqə bu yazını yazarkən boşboğazlıqla məşğul olduğumu anlayıram və bunu dəqiqliklə dərk edirəm. Ən naqis insanları sənə nümünə kimi göstərənlər ləyaqət, ədəbiyyat, şəxsiyyət-zad hərləmirlər. Onlara şuba lazımdır. Nə edirsən et, şuba al. Qalanı boş söhbətdir. Düzdür, indi bəziləri deyə bilər ki, intihar yaponlar üçün adi haldır, onlar intihar etməyə öyrəşiblər, adət ediblər.
O zaman Aztv demişkən, uzağa getməyək, götürək gürcüləri. Ötən əsrdə iki gürcü şairi intihar etdi. Qalaktion Tabidze və Paolo Yaşvili. Birinci Pasternak əleyhinə aparılan kampaniyada iştirak etməmək üçün intihar etmişdi. Amma bizdə Pasternak əleyhinə kampaniya Rəsul Rzanın başçılığı ilə aparılırdı. Hansı ki, oğlu Anar Rzayev bizim cəmiyyətin sevimli və dəyərli insanıdır. Halbuki, bu faktın özü bir qram ictimai əxlaqı olan cəmiyyət üçün, həm Rəsul Rzanın, həm də onun dəymədüşər oğlunun üstündən çalınçarpaz xətt çəkməyə bəs etməli idi. Mən hələ 37-ci ildə adamlar güllənəndə, sürgün olunanda, adamlara işgəncə veriləndə Rəsul Rzanın dövrü tərənnüm edən şeirlərindən danışmıram. Lakin cəmiyyətin qırmızı xətti, heç bir dəyəri olmadığı üçün belə faktları vecinə də almır. Həm namaz qılıb, həm də tarixi şəxsiyyət kimi Babəklə fəxr edən, həm Rəsulzadəyə həm də Mir Cəfər Bağırova pərəstiş edən cəmiyyət belə söhbətləri adi qəbul edir. Düzdür, bəziləri deyə bilər ki, oğul ataya görə cavabdeh deyil. Bəli, oğul ataya görə cavabdeh deyil, amma oğul öz vəzifəsindən istifadə edib atasının adına mükafat təsis edirsə, şair kimi heç bir dəyəri olmayan atasını cəmiyyətə dahi kimi sırımaq istəyirsə, cavabdehdir. Kimə başa salasan bunu? Heç kimə. Sözün həqiqi mənasında heç kimə.
Xalq hərəkatının lideri siyasət meydanından kəndinə qaçır. Cəsarəti çatmır başına bir güllə vurub özünü də xalqı da xəcalətdən, biabırçılıqdan xilas etsin. Camaatı taleyin ümidinə buraxıb kənddə yəmən türküsü oxuyur. Qayıdıb gəlir. Heç kim soruşmur, a kişi, hara getmişdin, niyə getmişdin, bəs sən deyirdin, Çinə türk bayrağı sancacayıq… Bəziləri deyə bilər ki, insandan onun intihar etməsini gözləmək qeyri-etik hərəkətdir. Ola bilər. Lakin təəssüflər olsun ki, həyatın elə məqamları var ki, insan öz ləyaqətini öz ölümü ilə sübut etməyə məcbur olur…
Xalqı meydanda çırpırlar, adamları həbs edirlər, işgəncə verirlər, müxalifət lideri oturur evində. İllər keçir, nə siyasətdən gedir, nə bir izah verir hərəkətinə, nə də üzr istəyir. Çünki bilir ki, heç bir izaha, heç bir etirafa ehtiyac yoxdur. Bilir ki, cəmiyyət onsuz da hər bir əqidəsizliyi qəbul edir. Sovet hökuməti dağılır. İmperiya çökür. Heç kimin heç nə vecinə deyil. Dünən elmi ateizmdən dərs deyənlər bu gün həccə gedirlər. Heç kim sarsıntı keçirmir. Deməli, yazdıqları əsərlər hamısı başdan-başa yalan imiş. İnanaraq yazmayıblar, oğul evləndirmək, qız köçürmək, mebel, torpaq, sanatoriyaya putovka almaq üçün yazıblar. Yazmayıblar, tost deyiblər. Bir sözlə yola veriblər. Qərəz, məsələ aydındı, onsuz da qara olan qanımızı çox da qaraltmayaq. 
İnsanın nəyə görə intihara əl atmasının səbəbini müəyyən etmək çox çətindi. Hətta bir çox hallarda mümkünsüzdür. Kasanın daşması üçün bir damcı kifayətdir. Bax, bu bir damcının motivini heç kim müəyyən edə bilməz. Bütün bunları nəzərə alsaq belə deyə bilərik ki, bizim tariximizdə ictimai mövzulu, qurur duyulası bir intihar hadisəsi olub. Bu, İsa Şahmarlının intiharı idi…

Mənbə: Azlogos.eu
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)