Rasim Əlizadə - Münasibətlər
Sevgi insan həyatının ən önəmli duyğusudur. İnsana güc verən, həyatı mənalı edən bu duyğudan danışdıqca bitməz. Sevən tərəfə güc, sevilən tərəfə cəsarət verən bu duyğu bəzən xoşbəxtlik,bəzən bədbəxtlik gətirir. Sevgi sanki qumar kimi birşeydir, həm də həyatın ən böyük qumarı, çünki hər zaman udan, uduzan tərəf olur. Nə xoş udanların halına. Uduzanlar isə həyatları boyunca böyük bir həsrət yükünü özləri ilə gəzdirirlər.
Sevgi və sevgidən doğan sevinc, qəm olmasaydı, bu qədər mahnılar, şeirlər, əsərlər, sənət nümunələri yazıla bilməzdi. Bunların mənbəyində sevgi dayanır, sevinc və qəm daha da təkan verir. Daha çox qəm, eşq acısı təsir edir güclü bir əsərin ortaya çıxmasına. Qəlbi qırıq olan bir insanın deməyə çox sözü, bölüşməyə çox fikri olur. Kimsə yaxın dostuna ürəyini açır, kimsə içkidə təsəllini tapır, kimsə içindəkilərin kağıza tökməklə ifadə edir. Hər insanda bir cürdür.
Bəzən sosial şəbəkələrdə olarkən dostların paylaşımların görürəm, eşqə aid şeirlər, acıya dair videolar, bir sözlə uğursuz münasibətdən əziyyət çəkdikləri hiss olunur. Ümumiyyətlə, sevginin yaşı olmur deyirlər, amma bir şey var ki, hər yaşın da sevgiyə yanaşması fərqli olur. Məsələn 20-25 yaş aralığı çox təhlükəli dövrdür, nə olursa o dövrdə olur. Həmin dövrü nə qədər uğurlu və sağlam başa vursan bir o qədər yaxşıdır. Yeniyetməlik enerjisi, yaz, yay xoşlanmaları baş alıb gedir. Deyəcəm yadınıza düşəcək, hansısa oğlan bir qızla tanış olanda, ilk başda çoxlu smsləşmələr olurdu, sonradan votsap çıxarkən yazışmalar orda davam etdi, Mark sağolsun facebooku qurdu və beləliklə ölklələr, şəhərlər arası sevgi münasibətləri yaranmağa başladı. Hələ mən gecə saat 12dən səhər saatlarına qədər danışmağı demirəm, bakcellin 1 saatı 7 qəpik olan tarifi vardı, indi var ya yox bilmirəm, amma o vaxtlar çox sevgililərin köməyinə çatıb. O qədər söz, mövzu danışılırdı ki, axırda söz bitirdi, sağollaşmaq vaxtı da ayrı bir proses başlayırdı, birinci sən qoy yerə mərhələsi, çox da önəmi varmış kimi, fərqi nədir kim istəyir birinci sağollaşıb qoysun da yerə. Bunları etməyə enerjini, həvəsi, vaxtı hardan tapırdıq bilmirəm, hamının adından danışmaq kimi olmasın amma hamıda demək olar yaşanıb da az-çox. Uğursuz olurdu çox münasibət, uğursuz kobud çıxdı, yaxşı olsun müvəqqəti. Amma xatirədir də insan üçün şirin və ya acı. O hissləri yaşamaq gözəl şeydir. Hə, sosial şəbəkələrdəki dostların qəmli paylaşımlarından danışırdım, davam edim.
Əslində elə paylaşım kimdənsə görəndə yazmaq istəyirəm ki, narahat olma, keçəcək, yazmıram çünki keçməyəcək əz azından indi, özünü tapmış olduğun bu vəziyyətin içində.Keçməsi üçün zamana ehtiyac olacaq. Çoxumuz zaman-zaman belə paylaşımlar etmişik, ya da etməmişik. Bu elə məsələdir ki, bəzisi içində yaşadığı problemi biruzə verir hal və davranışları ilə, bəzisi isə “poker face” qabiliyyəti güclü olduğuna görə bildirmir. Mənə qalsa, hamımız sevgi məhbusuyuq bu eşq adlı həbsxanada. Bəzən elə vaxt gəlir, elə ruh halında, elə həyat tərzində olursan ki, əvvəlki yaşadıqların sənə gülməli, nəbilim mənasız, məntiqsiz gəlir. İnsan biraz da bu sevgi məsələsin talehin öhdəliyinə buraxmalıdır, bir yerdə oxumuşdum, deyir, sevgi əgər sənə sərbəst şəkildə gəlmirsə ondan şübhə edə bilərsən ki, bu güclü və sağlam münasibət deyil. Sevgi bəzən insan üçün vaxt itkisindən başqa bir şey olmur. Bizim kimi olmayın vaxtınızı itirməyin deyəcəm, amma əmin olun ki itirəcəksiz, amma bu yaxşı olacaq sizin üçün. İtirin ki, özünüzü tapa biləsiniz, daha güclü, ağıllı, təcrübəli olasınız. Reper Okaber öz yaradıcılığında sevgini çox gözəl ifadə edən sənətçilərdən biridir, məsələn treklərinin birində “ Bizi məhv edən sevgi və cadudur” deyir. Sevginin insanı məhvə apardığını vurğulayaraq pis bir şey olduğunu deyən sənətçi başqa trekində, “Sənsizlik pərt olmaq və məsxərədir” deyir. Həsrət bir rep trekində bu qədər gözəl anladıla bilməzdi.
Sevgi qarşılıqlı olanda daha da gözəl və hüzurlu olur, amma həyatda heç dəqiqliyini pozmadan işləyən paradoks var ki, bu da sevənin sevilməməyi, sevilənin də dəyər verməməyidir, amma təbii ki istisnalar var, bir birini sevən çox xoşbəxt cütlüklər var, amma bu paradoksun mahiyyətini itirə bilmir. Ümumi olaraq, iki tərəf də eyni dərəcədə sevə bilmir, birisi daha çox sevir. Yazıçı Erik From insan münasibətlərinə aid kitabında çox təsirli bir ifadə ilə fikrini bildirir, deyir, “Münasibətdə daha az sevən tərəf münasibəti idarə edir”. Maraqlı yanaşmadır. Burda mesajım az sevən tərəf siz olun deyil, sadəcə realist yanaşmaq daha yaxşı olar. Əsas odur sevgi qarşılıqlı olsun, tərəflərin bir birinə hörməti daim olsun, bəylərdən istənən münasibətdə olduğu xanımın qəlbin qırmasın, xanım da bəyin qüruruna toxunmasın, qalan şeylər isə zamanla öz həllini tapır. Ted X çıxışlarının birində dinləmişdim, xanım deyirdi ki, münasibətin davam etməsi, inkişaf etməsi üçün, ən mühüm faktorlardan biri səbrli olmaqdır, partnyorlar öz aralarındakı problemləri, qarşı tərəfin çatışmayan cəhətlərinə səbr göstərməli, qəbullanmalı və həllinə dair yollar tapmalıdırlar, yoxsa “sən beləsən, sənə görə belə oldu” kimi ifadələr münasibəti zədələyir. Sevginin önəmi qədər, hörmətin də önəmi çoxdur, tərəflər arasında hörmətin qorunması ən mühüm amillərdən biridir.Hə bir də, cütlüklərin arasında mütləq dialoq olmalıdır, ünsiyyətdə olmalıdırlar mütəmadi olaraq. Zövqlərdə oxşar olmalıdılır, dinlənilən musiqilər, izlənilən filmlər, oxunulan kitablar, eyni şeyə gülmək və ya kədərlənmək. “Mizah və nəzakət insanın həyatında daim olmalılıdır” deyir türkiyəli tarixçi və yazıçı İlber Ortaylı. Həmçinin kitab oxumağı da mühüm sayır, hətta “kitab oxumursa evlənməyin” deyir, təbii ki bu hamı üçün həyat qurarkən standart, şərt kimi qəbula oluna bilməz, amma məntiqli yanaşmadır. Bukovski isə film məsələsinə toxunur, deyir əgər bir cütlük birlikdə filmə baxıb, sonra müzakirə etmirlərsə gec-tez boşanacaqlar. Bu kimi yanaşmalar düşüncə adamları tərəfindən çox edilib, amma hər insan individual olduğu üçün hər insanın yanaşması da fərqli olur. Bəzən çox eşidirik, “mən ruh əkizimi axtarıram” ifadəsini, amma bəlkə də əsl sevgi elə iki fərqli ruhun birlikdə olmasıdır, bütün ziddiyətlərə və çatımayan cəhətlərə baxmayaraq..
Sonda demək istəyirəm ki, açığı bilmirəm dünyanı sevgi xilas edəcək ya yox, yaşayarıq görərik, amma ümid edirəm ki, hər şey sonda yaxşı olacaq, yaxşı deyilsə deməli hələ son deyil. Sevmək və sevilmək gözəl hissdir, yaşayın bu hissi..