Edebiyyat.az » Ədəbi tənqid » Rövşən Yerfidən iki esse

Rövşən Yerfidən iki esse

Rövşən Yerfidən iki esse
Ədəbi tənqid
admin
Müəllif:
17:33, 12 mart 2022
1 772
0
Rövşən Yerfidən iki esse






Bəşəriyyət qadınla yüksələcək!
 (esse)

Böyük Cavidin şeirindəki bu ifadə hər dəfə məni düşündürür, yeni fikirlər, yanaşmalar yaradır, gəldiyim qənaətlərdə QADIN varlığını gözümdə ucaldır. Həqiqətən, qadın böyük məxluqdur. Adəm nəslini dünyaya gətirən və ağıllandıran, Allahdan sonra ikinci əsrarəngiz qüvvə!

Xüsusilə, ağıl məsələsində heç bir kişi iddia edə bilməz, həyatı boyu əzizi sayılan qadınlardan kimsə müəyyən vaxtlarda ona təsir etməsin, stimul verməsin, yönləndirməsin. Necə ki, Həvva nənəmiz Adəmə “qadağanın şirinliyini” inandırdı. 

Mənə tanıdığınız tam öz ağlı ilə yaşamış  bir kişi göstərin. Yoxdu, olmayacaq, mümkün də deyil. Ananı eşitməməkmi olar? Səni sevən qadının sözlərinə əhəmiyyət verməyib, öz bildiyini etməklə uğur qazanmaqmı olar?.. Odur ki, son qərar kişinin də olsa, o qərarın formalaşması istəsək də, istəməsək də, qadınlarsız həyata keçmir.

Bu baxımdan düşünürəm ki, cəmiyyətimizdəki bir çox qanunsuzluğa, özbaşınalığa kişilərdə olan laqeydliyin, qorxaqlıq və mağmınlığın səbəbkarlarından biri də qadınlarımızdır, onların həyatda gücsüzlüyü, hüquqi savadsızlığı, yetərincə kamil təfəkkürə malik olmamalarıdır. 

Fərz edək ki, bir ana oğluna, ya da qadın ərinə deyir ki, “evə haram qazanc gətirmə, rüşvət aldığın pulla mənə paltar alma!” Yaxud qonşusuna edilən haqsızlığı görüb ərinə, oğluna təpinir ki, “niyə haqqı müdafiə etmirsiz? Çıxın evdən, haqqı müdafiə edin. Əgər səni həbs edəcəklərsə, narahat olma, evi mən saxlayacağam, həbs yerinə gəlib sənə dəyəcəyəm, qorxma, sən təki düzgünlüyün, haqqın yanında ol, Sən bu gün onu basqıdan müdafiə etməsən, sabah bizim qapı döyüləcək!”

İstisnaları nəzərə almasaq, təəssüf ki, bu xəyal olaraq qalır. Əksinə, “haram nədi, rüşvət nədi, təki evə pul gətir, həm də çox gətir, bacarana can qurban”, - çoxları belə düşünür. Əzilən qonşuya kömək etmək istəyəndə isə, tez ərini ya oğlunu evə çağırırlar ki, “nə işinə qalıb, sən haqq qoruyan olmusan? Öz evini, ailəni fikirləş. Səni tutub aparsalar biz necə olarıq, necə yaşayarıq?..”

Əlbəttə, qadınların bu vəziyyətə düşməsinin günahı biz kişilərdədir. İstəməmişik, onların bizdən çox savadlanmasını, müstəqil yaşaya bilmək imkanına malik olmasını. İstəmişik ki, hər cəhətdən bizdən aşağı, asılı olsunlar. Qısqanmışıq! Çünki, güvənə bilməmişik özümüzə, inamımıza, sevgimizə,  olanı da itirəcəyimizdən ehtiyatlanmışıq, ona görə də üstünlüyümüzü qorumaq üçün onları daim maddi asılılıqda saxlamağa çalışmışıq. Nəticədə bir haqsızlıqla qarşılaşanda, ŞƏRə qarşı mübarizənin əksərən çətin anında məzlum anamızı, həyat yoldaşımızı, qızımızı xatırlayıb acizləşmişik, mütiləşib, kölələşmişik...

Doğru deyilib, hər uğurlu kişinin arxasında bir qadın durur. Tariximizdən sadə misal çəkim. Dəfələrlə Hacı Zeynalabdin Tağıyevin həyatı haqqında yazılanları oxuyanda yəqin etmişəm ki, onun “millət atası” adına layiq görülməsinin başlıca səbəbkarı Sona xanım Tağıyevadır. Bu faktdır ki, Tağıyev Sona xanımla ailə quranadək neftdən əldə etdiyi qazancı yalnız sənayenin inkişafına yatırmışdır. Məhz yüksək savadlı, üç xarici dil bilən Sona xanımla evlənəndən sonra, o, Bakının abadlaşmasına, mətbuata, mədəniyyətə, təhsilə əli açıqlıqla pul ayırmış, Şərqdə ilk qızlar məktəbinin yaradılmasına nail olmuşdur. Milli yüksəlişimizi təmin edən bu misilsiz işlərin görülməsinə heç şübhəsiz Sona xanımın da ağlının, savadının istiqamətverici müsbət təsiri olmuşdur. 

Xalqın uğurlu gələcəyinin qarantı - onun sağlam, intellektli, millətini sevən qızlarıdır. Milləti var edən analardı. Bəli, Cavid əfəndinin dahiyanə iki misrası ilə mən də razıyam:

“Qadın gülərsə, şu issız mühitimiz güləcək,
 Sürüklənən bəşəriyyət qadınla yüksələcək.”

03.2022

 

 



                     

QADINLAR  DÜNYAMIZIN  GÖZƏLLİYİDİR
 (esse)

                Qadın və onun  gözəlliyi – bəşəriyyəti daim riqqətə gətirən, öz cazibəsində saxlayan, Allahın yaratdığı şəriksiz dahiyanə, əvəzi olmayan incəsənət – incə sənət əsəri, ən möhtəşəm möcüzəsidir…

          Nahaq deyilməyib: gözəl olmayan qadın yoxdur. Yaradılanların ən gözəli olan qadının gözəlliyi elə onun qadın olmağındadır. Hər gülün öz gözəlliyi olduğu sayaq, hər qadının da özünə məxsus qəşəngliyi, cazibədarlığı var.

          Bu varlıq elə bir cazibədir ki, yaranışımızdan dünyadan köçənə qədər onsuz yaşaya bilmirik. Daim qəlbində – sevməyi bacaran əsl kişiyə ehtiyac duyan, kişi üçün, sevilmək üçün yaradılmış əsrarəngiz məxluq... 

         Allah onu yaradarkən kişinin başına dəymədi – başına şərik olmaması üçün, ayağına dəymədi – ayaqda qalmaması üçün, sinəsinə, ürəyinə yaxın yeri, qabırgasını seçdi – bir birilərini canları qədər sevmələri üçün...

          Xoşbəxtliyi yalnız sevilməyindədir. Ondan törənirik, əvvəl ana kimi sevirik, tərbiyə alıb oğul oluruq. Yetkinləşdikcə isə, qadını yarımıza çevirib ondan həyat eşqi alırıq, kişi oluruq.

          Bu eşq könlümüzü o qədər valeh edir ki, etiraf  etməsək də bəzən, Allahdan sonra, qəlbən onun gözəlliyinin quluna çevrilirik. 

         Doğrudan da gözəl olmayan qadın yoxdur. Qüdrətli Yaradanım qadına elə bir gözəllik bəxş etmişdir ki, maddi aləmdə o gözəlliyin tayı – bərabəri yoxdur. Nədəndir, nə sirrdir ki, onlar od kimi cəzbedici, sevimli və ruhən yandırıcıdırlar?! 

         Olmaya Allah Həvvanı yaradanda palçığına bir az od qatıb ki, gözəlliyi ilə Adəmi heyran edib ürəyini alsın… Bəlkə də həmin od qohumluğudur ki, Şeytan insanlığın ilk günah sahibi – Həvvanın  vasitəsi ilə Adəmi də aldadıb qadağanı pozdurdu. Yoxsa, paxıllığını çəkdiyi insanı heç vaxt öz gücünə, tək başına yolundan döndərə bilməzdi…

          Cəzalandırılıb hərəsi Yerin bir tərəfinə göndərilsələr də Adəm havasız – Həvvasız yaşaya bilmədi. Bu ayrılıqdan sonra Həvva qadın olmaq səadətinin dəyərini dərk etdi. Əziyyətlər bahasına belə istəklilər bir- birinə qovuşdu. Çünki, Allah insanın qəlbinin dərinliklərində elə bir heyratamiz hiss yaratmışdı ki, o hissin sehrindən nə Adəmlə Həvva baş aça bildi, nə də əsrlərlə, min illərlə bu günə kimi artıb çoxalan övladları…

          Dünya qadınındır. Kişi onun qoruyucusu olmaqdan vacib savayı nəyəsə yarayırmı?.. Odur ki, Yerin seytanı, mələyi olan QADIN – şözsüz, mübahisəsiz ömrümüzün, dünyamızın yaraşığı – bəzəyi, gözəlliyidir!.. 

                                            05,2010

                                                                                  


  

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)