Edebiyyat.az » Ədəbi tənqid » AZAD QARADƏRƏLİ - ELDAR BAXIŞI GÜLLƏLƏMƏDİLƏR...

AZAD QARADƏRƏLİ - ELDAR BAXIŞI GÜLLƏLƏMƏDİLƏR...

AZAD QARADƏRƏLİ -  ELDAR BAXIŞI  GÜLLƏLƏMƏDİLƏR...
Ədəbi tənqid
admin
Müəllif:
17:35, 23 iyun 2022
992
0
AZAD QARADƏRƏLİ - ELDAR BAXIŞI GÜLLƏLƏMƏDİLƏR...




 

         Eldar  Baxışı  əvvəl sözüylə tanımışdım. Ermənilərin üç evi olan kəndlərinə asvalt yol, qaz, işıq çəkilirdi, bizim isə böyük-böyük kəndlərimiz  baxımsızlıqdan boşalırdı. Eldar  həmin 70-ci illərdə yazmışdı:

 


Çay qalxıb, çay daşıb, keçən gərəkdir,

Arandan yaylağa  köçən gərəkdir,

Biçənək otlanıb biçən gərəkdir,

Hara qaçırsınız kənd uşaqları?

Göbəyiniz burda kəsilməyibmi?

 

        Mən “Ulduz” jurnalında  o vaxt  çıxan bir məqaləmdə  kəndlərimizdəki işsizlikdən, gənclər üçün  yaşam şəraitinin olmamasından bəhs etmiş və Eldarın yuxarıdakı misralarını misal gətirmişdim. Eldar jurnalı oxuyub, bizim rayona gəlmiş, axtarıb məni tapmışdı. Beləcə, bizi onunla şairin öz misraları yaxınlaşdırdı.

        Həmin gün həm də  mənim  müəllim işlədiyim kənddə iclas vardı və rayon rəhbərləri kəndin kolxozuna bayraq gətirmişdilər. Camaat  yemək bişirməyə ət, yağ tapmırdı, bunlar  bayraq veirirdilər camaata. Səhər  Qafana yağ almağa gedəndə ermənilər bizi ələ salır, deyirdilər: “Axşam çapan, səhər Qapan!”

       Qonaq kimi  tədbirdə iştirak  edən Eldar o yığıncaqda bir şeir oxudu, onu o vaxt nəinki oxumaq, heç adını tutmaq da olmazdı. Amma o Eldar Baxış idi, ona olardı:

 

    Azadlıq dediyin ayrı şeydi -

    Göyün quşuna toxunsa,

    Göyün quşu sevinər,

    Yerin daşına toxunsa,

    Yerin daşı sevinər,

    Gözün yaşına toxunsa,

    Gözün yaşı sevinər...

 

     Daha bir şeir də oxudu, təxminən belə misralar vardı orda:

 

Azadlıq görmədim,

Sürgün görmədim

Bu gənc yaşımda…

 

        Bu misralar oxunanda birinci katib  Bakıdan gələn nümayəndəyə baxdı, o da başını buladı. Amma  biz kənd müəllimləri heç nəyə baxmadan bu uzun, arıq şairi ayaq üstə alqışlayırdıq.

 

        Eldar möcüzə idi. Poeziyasıyla, publisistikasıyla, yeyib-içməyiylə, yeriməyiylə, adicə həyat tərziylə. Məsələn, dostunun qızının şəxsiyyət vəsiqəsi almasını bayram kimi qeyd etməsini təkid edirdi və fəhlə dostunu buna inandırırdı – müstəqil ölkənin vətəndaşının pasport alması elə bayramıdı də!
       Yaxud, o qızının soyadını elə özü kimi Baxış yazdırmışdı və hamıya da milli soyad götürməyi məsləhət görürdü – elə bil tələsirdi, ürəyinə dammışdı ki, bunu sonralar qulaqardına vuracaqlar…

      Eldar özgür şair idi.  Özü demişkən  hamının şairi olmasa da, hamıların sevgisini qazanmışdı:

Anam deyir ki,
Allah hamının Allahıdı –
yaxşının, pisin,
əyrinin, düzün
namərdin, mərdin…

…Allah hamının Allahıdı,
Ancaq mən
Hamının şairi
 
Ola bilmədim, ana…

 

       Mənim  ailəmlə birgə  qaçqın kimi Bakıya gəldiyimi bilincə ilk olaraq sədrin yanına gedib mənim radioda işləməyim üçün yardımçı olmasını təkid etmişdi. (O xahiş etmirdi. Bir kəlmə deyirdi və dediyini həyata keçirdirdi. Mən onun bir sözünün iki olduğunu görmədim .)

Eldarla işləmək bir başqa aləm idi. Yazıya qarşı güzəşt anlayışı ona yad idi. Radio verilişlərini elə redaktə edərdi ki, bir-iki dəfədən sonra sən heç vaxt o səhvləri etməzdin.

        Eldar  baş redaktor  kimi verilişin təsdiqinə qol çəkən yerdə müavininə yer qalmazdı. Eldar söz deyən məclisdə hələm-hələm adam danışmağa ürək eləməzdi. Eldar ilk dəfə şeirə ünvan, ad gətirdi – katibə (“Ala-bula adam”), prezidentə (“Məktub”) yazdığı şeirlərdə sözünü düz-düzünəqulu deməkdən çəkinmədi. O yazırdı: “Venesuelada Sessar Valexonun sözünün başına döyürdülər, Fransada özünün başına, ancaq o, sözünün başına döyülən yerdən qaçıb, özünün başına döyülən yerdə yaşayıb, şair özünün başına döyülən yerdə yaşaya bilər, sözünün başına döyülən yerdə yox!
     …Mənə görə, sözüqıpıq olunca, gözüqıpıq olmaq yaxşıdır”

      Eldar Vətəni evindən, anasından, balasından çox istədi. Vətənsə ona bircə qarış yer qıydı. Bu da onun sözüdü:

Ay özgələr, heyyyyy!
Ay özümüzünkülər, heyyy!
Bu milləti qırın ki, çoxalsın,
Bu milləti döyün ki, ayılsın,
Bu milləti öldürün ki, dirilsin,
qırın, köpək uşağı,
 
döyün, köpək uşağı,
öldürün...

      Öldürdülər. Eldarı sağalmaz xəstəliyə yoluxdurdular. Bu sahənin mütəxəssisi olan yəhudi həkim deyirdi ki, onu elə peraparatla zəhərləyiblər ki, zəncirvari reaksiya kimidir. Bədənin bu tərəfindən təmizləyə-təmizləyə gedirsən, sonuncu damla qalanda böyüyür, hər şey təzədən başlayır. (Mən bu barədə  Səməd Behrənginin və Eldar Baxışın xatirələrinə həsr etdiyim uzun hekayədə - “Yuxarıda kim var” adlanır – bu barədə ətraflı yazmışam. Əsər Qanun nəşriyyatının buraxdığı “Burda yer fırlanmıərdı” kitabımda  var və internetdə də  yayımlanıb.)

 

      Eldar şeirimizə təzə notlar gətirirdi. Elə notlar ki, onlar yalnız onun özünə məxsus idi. Həm də onun misralarında göz yaddaşı vardı: sən  oxuduğun mətndəki situasiyanı  bir anlığa da olsa, gözlərinin qarşısında canlandıra bilirdin. Eyzən bu misralardakı kimi:

 

Həsrət də alovdu, yandırdı, yaxdı,

Ürəkdə, könüldə neçə iz qalıb.

Mənim qollarımın yiyəsi yoxdu,

Sənin incə belin kəmərsiz qalıb.

         Eldar  heykəllərə, bütlərə  mədhiyyə yazan yalbazlardan fərqli olaraq azad sənətkar idi. Azadlıq onun canında, qanında və poeziyasındaydı. Onun misraları mərmi kimi səsələnir, yaltaqların, yalaqların yuxusunu qaçırırdı:

 

Məni düz yolumdan döndərə bilməz
Beş adam,on adam, yüz adam canım.
Uçan bulud kimi, axan su kimi,
Əsən külək kimi azadam, canım.



        Eldarı  öldürdülər. Əlliyə çatmağa qoymadılar. Allahın əcəlini də çox gördülər ona. Sibirə göndərmədilər, güllələmədilər, çarmıxa çəkmədilər – səssizcə zəhərlədilər.  Qoca Şərqin köhnə üsulu ilə aradan götürdülər şairi. Məhəmməd Hadiyə  həsr etdiyi  şeiri elə bil özünə  yazmışdı:

 

Tək dedilər – təklədilər,

qanına yeriklədilər.

sonra da dərdini alıb

dağa-daşa yüklədilər,

çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,

öldürməyə tələsdilər,

günün günorta çağında

ağacı elə kəsdilər, –

kölgə bilmədi-bilmədi.

Xallandı gül – butasında.

nər qarnında  – qartasında.

bir şairi öldürdülər

bir ölkənin ortasında, –

ölkə bilmədi-bilmədi.

         Amma bu gün üfunət verən canlı meyidlərdən fərqli olaraq Eldar Baxışın şeirləri onu yaşadır. Eldarın əsərlərinin çapına imkan vermirlər – atalarının, analarının, özlərinin çürük bədiyyələrini çap etdirməkdən başları açılmır  ha! Amma unudurlar ki, Eldarın şeirlərini çap etməyə gərək yox. O çoxdan könüllərə köçüb.

                                                                                       

          Mənbə: Azad Qaradərəli "Renessans həsrəti" - 1-ci cild, s.41-46, Qanun, 2015, 368 səh.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)