Edebiyyat.az » Ədəbi tənqid » Elvin Rizvangil - Ramiz Rövşənə açıq məktub.

Elvin Rizvangil - Ramiz Rövşənə açıq məktub.

Elvin Rizvangil - Ramiz Rövşənə açıq məktub.
Ədəbi tənqid
admin
Müəllif:
02:54, 18 dekabr 2022
1 385
0
Elvin Rizvangil - Ramiz Rövşənə açıq məktub.




  Mən səni ilk dəfə yaxından 2003-cü il prezident seçkilərində, daha dəqiq desəm, oktyabrın 2-si Sumqayıtda "Kimyaçı" Mədəniyyət Sarayının qarşısında "Azadlıq" blokunun mitinqində görmüşdüm. İlk dəfə idi səni yaxından görürdüm. Keçmiş cəhbəçi olan atamın kiçik kitabxanasında sənin də kitabların var idi. Qardaşımla şeirlərini oxuyub az lağ-lağı eləməmişik. "Göy üzünə daş atan oğlan" şeiri favoritimiz idi. Bir də "Ayrılıq" şeirinə  çox gülürdük. "Yenə bu şəhərdə üz-üzə gəldik. Neyləyək, ayrıca şəhərimiz yox"... misralarına xeyli gülüb "köç başqa şəhərdə yaşa" — deyirdik. Ancaq sevgilimi əri ilə görəndə qeyri-ixtiyari pıçıldamışdım bu misraları. 24 yaşımda anlamışdım şeirin yükünü. Az olmayıb öz - özümə: "Oğulam, qoy dərdim atama qalsın", - dediyim. Allaha da "Məni küsdürənin yekəsi sənsən" az deməmişəm. Dostları az astar üzünə çevirməmişəm. Məni də 23 yaşımda sevənlər 33 yaşımda sevmədi. "Nəfəs - kitablar kitabı" çıxanda neçə dəfə əlimə götürüb almaq istəmişdim. Ancaq imkanım olmamışdı. Axırda aldım o kitabı. Kitabxanamın ən gözəl üzvü oldu.

Qayıdaq "Azadlıq" blokunun mintiqinə... Ordakı odlu-alovlu çıxışın hələ də qulağımdadır. Onda "Azadlıq" blokunda təmsil olunanlar da öz əqidələrinə xəyanət etməmişdilər. "Azadlıq" blokunun namizədi İsa Qəmbərə hamımız inanırdıq. Ümumiyyətlə, ordakıların hamısına... Nə də olmasa, Elçibəylə çiyin-çiyinə vuruşmuşdular. Elçibəyin əqidədaşları, silahdaşları bu ölkəni xilas edəcəkdi. Onlara olan ümidimiz də yarımçıq qaldı. On yeddi yaşlı bir yeniyətmə oğlanın mübarizə simvolu idi. İçimdəki mübarizə əzmini sən qaldırmışdın ayağa. İndi xatırlamadığım iki bəndlik şeirin bir gəncin gələcək müqədəratını təyin etdi.

Bu yazını bəlkə də heç vaxt oxumayacaqsan. Ancaq sənə özümü təqdim etmək istəyirəm. Düşünürəm ki, xatirində qalaram. İnanmıram ki, unudarsan. 2011-ci ildə sizin Sumqayıtda oxuclarla görüşünüzü keçirtmək istəyirdim. Güc-bəla oğlunuzun nömrəsini tapdım. Sağ olsun, sözümü yerə salmadı. Məni sizinlə danışdırdı. Öncə mart ayının 11-nə saldıq görüşü. Mədəniyyət evi razılıq versə də, sonradan icra hakimiyyətindən icazə almalı olduğumu dedilər. Mən o icazəni ala bilmədim və görüş baş tutmadı. Xatırlayırsanmı sonuncu dəfə telefon danışığımızı. Sən mənə dedin ki, heç ürəyini sıxma, sənlik bir şey yoxdur. İcra hakimiyyəti istəməz gənclər Ramiz Rövşənə qulaq assınlar. Hətta kimə qulaq asmaqlarını istədikərini də dedin.

Nə olur olsun, sən yenə mənim ən çox sevdiyim şairlərdənsən. Amma qəlbim səndən qırıldı. "Uman yerdən küsərlər", deyiblər. Yazıçılar Birliyinin son qurultayında haqları tapdanan gənc qələmdaşlarını müdafiə etmədiyin üçün... Bütün haqsızlıqları və ədalətsizliyi bildiyin halda, dilinə gətirmədiyin üçün... Əksinə, Anarı Azərbaycan ədəbiyyatının xilaskarı kimi qələmə verdin. Zarafata bir statusda yazdım həmin gün. Ramiz Rövşənə deyiblər, çıx çölə, Füzulinin yanında dur. O da qayıdıb ki, əşi, Füzulinin yanında durmağa həvəsim yoxdur, mən elə burda Anarın yanında otururam.

Gec də olsa, səni təbrik edirəm mənim sevimli şairim və sənə urvatlı ölüm arzulayıram. Ən sevdiyim mahnının söz müəllifisən. Şeirlərin yenə dilimin əzbəridir...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)