Edebiyyat.az » Ədəbi tənqid » Niyazi Mehdi - İntellektual fırıldaq haqqında

Niyazi Mehdi - İntellektual fırıldaq haqqında

Niyazi Mehdi - İntellektual fırıldaq haqqında
Ədəbi tənqid
Nicat Heşimzade
Müəllif:
14:26, 10 aprel 2019
1 833
0
Götürək SSRİ-də Azərbaycan Respublikasının olmasını! Bu qədər urusu, ermənisi olan paytaxtı ilə, bu qədər bolşevizmə yadlığı ilə, axı Azərbaycanı Rusiyanın içində muxtar vilayət etmək bir problem olmamalıydı?! Ancaq fakt budur ki, edə bilmədilər. Fars dilinin avazına bu qədər düşkünlüyü ilə Azərbaycan türkcəsi sısqa bir şey olmalıydı. Ancaq olmadı. Azərbaycan möcüzəsi odur ki, güclü, substansional görünmədən hər dəfə bütün dolanbaclardan sağ-salamat çıxır. Azərbaycan sanki həmişə nazik kağız kimidir, ayağının altında isə qıl körpüsü durub. İndiyənəcən bu körpü ilə getməkdədir. Onu cəhənnəmə itələmək istəyənlər də çoxdur. Ancaq işə bax, nə qədər istəyirlər yenə də Azərbaycan nə cəhənnəmə, nə də yoxluğa yıxılır.

Azərbaycan Orta əsrlərinin sovetlərdə millətsevərlərimiz üçün önəmi

Bir vaxtlar Ortaçağa “qaranlıq çağ” (dark age) deyirdilər. Beləcə, Orta əsrlər maarifçilərin əli ilə durğunluğun, mövhumatın simvoluna çevrilmişdi. Sonrakı araşdırmaların nəticəsində öncə Avropada, sonra isə Şərqdə tarixin bu dönəminə baxışlar dəyişdi. Bir az da keçdi, Ortaçağ mədəniyyəti hətta intellektual dəbə çevrildi. Özümüzlə bağlı 60-70-ci illəri yada sala bilərik. Azərbaycanlılar millətlər basırığında, xristian dominantlığı qarşısında milli ləyaqəti, ədanı, hərdən də ədabazlığı bərpa etməyə başlayanda milli Ortaçağın simvollarını piştaxtalara çıxardı.
Bütün bu sifətlərin ortaya çıxması, görünməsi üçünsə meydan gərəkdir: milli ləyaqət üçün futbol bir meydan verir, coğrafi mənzərə başqa meydan. Ən önəmli meydanlardan birini də Ortaçağ mədəniyyəti verir. Bütün dünyada XIX əsrdən başlayaraq Ortaçağ dəbə çevirilib.  Zaman Ortaçağ mədəniyyətinə işləyir və biz belə bir meydanı əldən buraxa bilməzdik.

Orta əsrlərin birdən-birə dəbə düşməsinin səbəbləri

Bir nədən odur ki, sonrakı yüz illərin bir çox ciddi məsələlərinin ortaya məhz Ortaçağda  qoyulması bəlli oldu. Məsələn, Xristianlıq və İslam çox zənginliyini məhz bu dönəmdə alıb. Mürəkkəb mətn tipləri məhz bu çağlarda yaranıb. Tekstə kommentari vermək, teksti şərh etmək,  açıqlamaq Ortaçağda yüksək texnika qazanıb. Bir sözlə, antik dövrdən sonra Ortaçağda insanlara indi də qalmaqda davam edən düşüncə müstəviləri, yönümləri verilib. Milli Ortaçağ mədəniyyətinə münasibətdə biz özümüzü-özümüzə, bir az zahiri göstəricilər əsasında da olsa, maraqlı etmişik. Tutalım, Tusinin astronomiyası  ilə fəxr etmişik, Bəhmənyarın İbn Sina sayağı fəlsəfə yapması ilə qürrələnmişik, bir az da türk qılıncına “urrey” – deyib “alxış” söyləmişik.

Azərbaycan ruhu üçün çox ciddi bir problem var; özümüzü-özümüzə necə maraqlı etməli? Ya da başqa cür deyim: Azərbaycanda öz mədəniyyətimizi özümüzə maraqlı etmək üçün nələr edilməlidir, nələr olmalıdır? Məncə, bu məsələdə vəziyyətimiz qaydasında deyil. Səbəblərdən biri budur ki, kitablardan, araşdırmalardan açılan milli Ortaçağ mədəniyyəti yüksək  düşüncə və mənəviyyat gərəkləri qarşısında duruş gətirə bilmir. Yozumlarda ortaya çıxardığımız Azərbaycan Orta əsrləri “çox maraqlı mədəniyyət” tələblərinə cavab vermir. Hər ehtimala qarşı vurğulayıram: suç bizim Ortaçağ mədəniyyətində deyil. Suç bizim həmin mədəniyyəti maraqlı olmayan təsfirlərdən görünər etməyimizdədir.
Biz intellektual fırıldaqçılığın zənginliyinə çıxmalıyıq. Bu nə deməkdir – ona cavab verim. Sözsüz, azərbaycanlı qulağı üçün “fırıldaq” kəlməsi çox pis səslənir. Onun üçün də fırıldaq anlamını verən, termin kimi mifolojilərdə fırıldaqçı “qarğa”, “tülkü” surətlərini bildirən “trikestr”dən istifadə edib “intellektual trikestrçilik” də deyə bilərəm. Ancaq məncə, intellektuallıqla bağlı “fırıldaqçı” kəlməsinə biz öyrəşməliyik.

İntellektual fırıldaqçılığa gərəklər nədən yaranır?

Dünyadakı nəsnələr özləri haqqında ya danışmırlar, ya da alışdığımız şeyləri danışırlar. Məsələn, ilk dəfə şamdanı düzəltmiş adam sanki şamdana “mən şamları tutmaq üçün əşyayam” cümləsini qoyub. Kim şamdana baxırsa, şamdan ona həmin cümləni deyir. Bizə isə gərəkdir ki, nəsnələri özləri haqqında daha çox şeyləri danışmağa zorunlayaq. İntellektual fırıldaq nəsnələrə fırıldaq gəlib onları və deməli, dünyanı yeni səslərdə, informasiyalarda danışdırmaqdır.

Orta əsr mədəniyyətində Azərbaycan Azərbaycan kimi özünü necə aparıb?

İndiki Azərbaycanın bir çox özəllikləri əslində Ortaçağ Azərbaycan çoğrafiyasında yaşamış türklərin dünyasında formalaşıb. Bu dünyanın adı “Azərbaycan” deyildi, “azərbaycanlıların dünyası” deyildi, “türklərin dünyası” idi. Hərçənd Azərbaycan adının içinə yüklənmişlərin xeylisini türk dünyası vermişdir.
Ancaq bu məsələni işıqlandırmaq istəyəndə “heç kimdə rastlaşmadığımız” prinsipində olan orijinallıq, milli özəllik haqqında “havadan asılıb duran” düşüncə koordinatlarının əsiri olmamalıyıq. Bu əsirlikdən qurtulmaq üçün konkret bir fərd modelini götürək. Fərdin gözü ya atasına, ya da, – burada “hm” eləyək, – qonşu kişinin gözünə oxşaya bilər. Bu onun görünən tərəfidir. Əgər iç tərəfini götürsək, deyə bilərik ki, onun psixolojisi üzbəüz durub dirəşən istəklərin, yaxşı ilə yamanın gərginliyində formalaşır. Eyni zamanda həmin fərd psixolojisi məhlədə, şəhərdə, millətdə olanların çalın-çarpaz kəsişmələrindən şəkillənir. Beləcə, biz nəyi görürük? Fərddə olanları dənə-dənə götürəndə bəlli olur ki, özünün heç nəyi yoxdur. Hərəsi kimdəsə var. Ancaq eyni zamanda  özünün heç nəyi olmayan bir adam dəhşətli dərəcədə orijial, özgün bir şəxsiyyət ola bilər.
Orijinallıq dənələrdə, atomlarda, kərpiclərdə deyil, kombinasiyalardadır, kərpiclərin hansı prinsipdə hörgülənməsindədir. Bəs Azərbaycan türkünün Ortaçağ kombinasiyalarında nələri olub? Biz deyə bilərikmi ki, türkün ortaya qoyduqlarını başqa  heç kim qoya bilməyib? Bax, cavabı çətin məsələ budur. İntellektual zəifliyimiz isə ondadır ki, həmin sual üstündə baş sındırmırıq. Bir neçə örnək deyim. İndiyənəcən milli adımız məsələsində ellikcə razılığa gəlməməyimiz kimlərəsə bəhanə verə bilər ki, bizi ələ salsın. Adımız təkcə bizim deyil, çox yerdə azərbaycanlı olmayan türklərin adıdır. Ancaq bəlkə bu faktda utanmamızdan xeyli yuxarı qalxan potensial var?! Bəlkə bir gün gələcək hansısa bir azəri intellektual adsızlığımızda möhtəşəm bir türk kombinasiyası, hörgüsü tapacaq?!. Və adsız Azərbaycan türkü bəlkə adlı gürcüdən daha yaraşıqlı, daha azman görünəcək? (Bəyəm, saxur qədər də olmayıb özünə özəl ad verməmiş Azərbaycan elində qəribə bir türk universalizmi gizlənmirmi və belə düşünəndən sonra universallıq iddiası üstündə, bilirsinizmi, nə qədər şeylər qurmaq olar?!)
İndiki zamanda məni intellektual fırıldaqçılıq, intellektual triksterçilik daha çox maraqlandırır. İntellektual fırıldaq Aristotelin doğru, gerçək ideyasını yerlə-yeksan edir (Aristotelə görə, Doğru olan başda olan ideyanın haqqında olduğu nəsnəni, olayı düz göstərməsidir). İntellektual fırıldaq ona söykənir ki, hər hansı millətdə, mədəniyyətdə o qədər hər şey var ki, nəyi düzüb-qoşsan, düz çıxacaq, təki düzüb-qoşduqların ya elmi düşüncənin “oyun qaydalarında” gedə bilsin, ya da irrasional oynartının, sayrışmanın estetikasına cavab verə bilsin. Bizə fəlsəfədə və mədənyyətdə belə intellektual fırıldaqçılıq çox gərəkdir. Biz isə fırıldağın hələ primitiv formalarının ovsunundayıq.

Azərbaycanı görməyin bir yolu

Biz nə qədər ki, Azərbaycanı substansionallıq kateqoriyasında  düşünməyə çalışacağıq, bir o qədər də Azərbaycanı görə bilməyəcəyik. Substansionallıq nəyinsə öz bədənində, gövdəsində, cismində  görünməsidir.
Yəni nəsə gövdəsi ilə bir yerdə lokallaşıb bilinmir, ancaq  hər yerə onun varlığı bilinmələr, çoxbiçimli sonuclanmalar yaradır. Məsələn, Allah-taala kimi…  Biz Azərbaycanı, adsız Azərbaycan türklərini görmək üçün düşüncələrimizi substansionallıqdan azad etməliyik. Bir düşünün. Bütün tarix sanki ona görə qurulub ki, azərbaycançılıq, Azərbaycan dünyası olmasın. Azərbaycanın Azərbaycan olmağa gücü, heyi çatmasın. Tarixin bu istəyi qarşısında Azərbaycan substionsızlığında o qədər kövrək, zəif görünür ki, fikirləşirsən, Azərbaycan dünyasından heç nəyin qalmaması üçün bir həmlə bəs etməliydi. Götürək SSRİ-də Azərbaycan Respublikasının olmasını! Bu qədər urusu, ermənisi olan paytaxtı ilə, bu qədər  bolşevizmə yadlığı ilə, axı Azərbaycanı Rusiyanın içində muxtar vilayət etmək bir problem olmamalıydı?! Ancaq fakt budur ki, edə bilmədilər.
Fars dilinin avazına bu qədər düşkünlüyü ilə Azərbaycan türkcəsi sısqa bir şey olmalıydı. Ancaq olmadı. Azərbaycan möcüzəsi odur ki, güclü, substansional görünmədən hər dəfə bütün dolanbaclardan sağ-salamat çıxır. Azərbaycan sanki həmişə nazik kağız kimidir, ayağının altında isə qıl körpüsü durub. İndiyənəcən bu körpü ilə getməkdədir. Onu cəhənnəmə itələmək istəyənlər də çoxdur. Ancaq işə bax, nə qədər istəyirlər yenə də Azərbaycan nə cəhənnəmə, nə də yoxluğa yıxılır.

senet.az 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)