Edebiyyat.az » Ədəbi tənqid » AZAD QARADƏRƏLİ - KƏDƏRLİ YAZILARIN DOĞURDUĞU SEVİNC

AZAD QARADƏRƏLİ - KƏDƏRLİ YAZILARIN DOĞURDUĞU SEVİNC

AZAD QARADƏRƏLİ - KƏDƏRLİ YAZILARIN DOĞURDUĞU SEVİNC
Ədəbi tənqid
admin
Müəllif:
22:29, 23 sentyabr 2024
673
0
AZAD QARADƏRƏLİ - KƏDƏRLİ YAZILARIN DOĞURDUĞU SEVİNC

            


    1976-cı ildə böyük müəllimim Sabir Əhmədli ilk hekayələrimdən olan “Yazdagülün yaz günləri”ni (“Yaz günləri” kimi getmişdi qəzetdə) o zamanın etalon qəzetlərindən olan “Ədəbiyyat və incəsənət”də çap etmiş və bu sevinci tam həzm edib qurtarmamış, elə həmin zamanın görkəmli ədəbiyyatşünası Akif Hüseynov ilin hekayələrini (1976-nın) təhlil edərkən həmin hekayə haqqında da xoş sözlər demiş və necə deyərlər, sevincimi ikiqat artırmışdı...

    Bunu niyə xatırladım? 

    AMEA-nın Ədəbiyyat İnstitutu xoş bir layihə həyata keçirir: gənc yazıçıların (təbii, hər gəncin deyil!) kitablarını müzakirəyə çıxardır, onları tənqid-təhlil edir, üstəlik, müzakirəni açıq şəkildə aparır – kim istəsə gedib iştirak edər, ədəbiyyatla məşqul olan alimlərlə “söz güləşdirə bilər”...

    Sosial şəbəkədə oxudum ki, gənc yazıçı Əli Zərbəlinin yeni çıxmış hekayələr kitabını da eyni aqibət gəzləyir. (Bu cümlənin hüznlü çıxmasından qorxmayın: oradakı tənqid də sağlam tənqiddir. Nədən ki, işin başında dayanan akademik çevrəyə mənsub olsa da, kəssən, qanı bizə tərəf axandır, bizdəndir, özümüzünküdür.)

    Nə isə, Əli Zərbəlidən danışacaqdım axı...

    Nə yazıq ki, gənc dostumuzun kitabını əldə edə bilməmişəm. Bu aralarda cəmi bircə dəfə şəhərə çıxmaq imkanım olub, o da atüstü. Yəni kitab marketlərinə yolumu sala bilməmişəm. (Ah bu qocalıq!..)

    Xüləs ki...

    Kitabı oxumasam da, bu imzanı tanıyıram axı! Hələ sosial mediada ilk müzakirələr başlayanda təxminən belə sözlər yazmışdım:” Bu müəllifin bir, ya da iki hekayəsin oxumuşam. Sözü tanıyan birisidir. Heyf ki, kitabı hələ ala bilməmişəm. Düşünürəm, düz seçim etmisiniz. Yazmağa gələndə isə... Elə bilirəm ki, təhlil elm adamları arasında gedirsə, mütləq yazılmalıdır və yayımlanmalıdır. Ən azı tarix üçün. Tehran Əlişanoğluna və onun komandasına salam olsun!”

    Hə. Əli Zərbəli, bildiyim qədəri ilə gəncdir, hətta çox gəncdir. Bəs mən niyə onun haqqında “Sözü tanıyan birisidir” kimi zəhmli cümlə işlətmişəm?

    Buna səbəb müəllifin “Ürəkbulanma” adlı hekayəsi oldu. Bu hekayə məni çox-çox uzalara, hətta 100 il əvvələ apardı. Sartr kimi bir dahinin 100 il əvvəl qələmə aldığı “Ürəkbulanma” romanına, mənim bu əsəri ilk dəfə oxuyub sarsılmağıma, illər sonra ikinci dəfə oxumağıma və Sartrı daha rahat anlamağıma səbəb olmuşdu... Və taledə mənim bu romanı üçüncü dəfə vərəqləməyim (məhz vərəqləməyim!) varmış – Əli bəyin hekayəsi, təbii ki, yadıma Sartrı və onun məşhur romanını saldı və öz-özümə dedim ki, əcəba, bu gənc adam qurd ürəyimi yeyib ki, Sartr kimi bir nəhəngdən (o qədər nəhəng olmalısan ki, Nobel mükafatından imtina edəsən!) sonra eyniadlı əsər yazır?!.

    İnanın, səmimi deyirəm, hekayəni iki dəfə oxudum və anladım ki, adam ekzistensialist cərəyana aşinadır, yazılarında bu ədəbi cərəyanın müasir ab-havasını yaşada bilir...

    Təbii, bu “Ürəkbulanma” o “Ürəkbulanma”nın yanında çox kiçik, çox zəif görünə bilər, amma məhz sönük görünmür! (Təbii ki, Sartr Sartrdır! Üstəgəl bir romanla bir hekayəni müqisə edəcək deyilik. Amma təkrar edirəm, bu cəsarəti mən təqdir edirəm! Orta səviyyəli Sovet yazıçılarımıza bənzəməkdənsə, dahi Sartrla çilingağac oynamaq daha maraqlı olardı!)

    Müəllifin ikinci bir hekayəsindən də qısaca bəhs edəcəm. Hələ bu cümlələrə baxın:” Lopa-lopa yağan qarın iliyə işləyən soyuğunun dərimə toxunub nəfəsimi kəsməsinə imkan vermədən yenidən bədənimi yorğanın altında gizlədirdim... Qar dənələri gah balacalaşıb düyü kimi yumru sərt yağır, gah da böyüyüb pambıq kimi çəkisiz və yumşaq olurdu.”

    Müəllifin dili sadə və rəvandır, sözü sözdən seçə bilir. Yuxarıdakı sətirlər adamı “üşüdə” bilir... 

    Ona görə yazmışdım ki, sözü tanıyandır...

    Hekayələri təhlil-filan etmədən bir şeyi qeyd edim: gənc yazıçının mətnlərinə bir kədər hakimdir. Cəmiyyətin, dünyanın, günün, ayın, ilin, bəşərin ovqatından içimizə ələnən kədər...

    Misal gətirdiyim hər iki mətndə insan narahatdır. Əgər avqustda yuxarıdakı qar-boran gözlənilirsə, yaxud olacaqsa, təhlükənin miqyasını anlamaq elə də çətin deyil...

    Zatən ekzistensial dəyərlər insanın, dünyanın mövcudluğunun qorxu ilə çuğlaşdığına işarə edir və bu qorxunu yazıçılar əsərlərinin mayasında bişirir... 

             Əli Zərbəlinin hekayələrinin mənə aşıladığı kədərli sevinc budur...

    (Əslində, bu fikirlər mənə çox doğmadır. Bəlkə elə bu yazını da ona görə qələmə almışam. Axı mən də bir ədəbi cərəyana – yeni ədəbu naturalizmə tapınmışam və zaman-zaman hekayələrimdə, romanlarımda, eləcə də esselərimdə - üç cildlik “Renessans həsrəti” kitablarımda – bunları ehtiva etməyə çalışmışam. Dünyamızın, bəşəriyyətin get-gedə öz ipini-sapını itirməsi, insanlığı gözləyən qorxu, həyəcan, sunami, yanğınlar, susuzluqlar Domokl qılıncı kimi bizi təhdid etmədə...) 

    Əli Zərbəlinin oxuduğum üçüncü kekayəsini xatırlaya bilmədim. İnterneti ələk-vələk eləsəm də o hekayə yoxa çıxmışdı. (Nə bilim, bəlkə gənc qələm hələ o hekayəni yazmayıb, gələcəkdə yazacaq?)Bəlkə də, bu onun ən yaxşı hekayəsi idi?..

    Kitabı isə mütləq alıb oxuyacağam. 

    Gənc dostumuza daha böyük başarılar arzulayıram!


    S.A. (Söz Ardı.)

    Əslində, dostum Tehan Əlişanoğlunun rəhbərliyi ilə təşkil olunan o müzakirəyə gəlmək, orada bu və buna bənzər bir çıxış da etmək fikrim vardı. Fəqət, yaş imkan vermədi. “Gəzmə” dediyimiz payız qripinə yoluxmağım mane oldu. Bütün tədbir iştirakçılarını salamlayıram.


                                    23.09.2024.

    

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)