Edebiyyat.az » Ədəbi tənqid » ŞvartsMan - “Quran”da səhvlər və ziddiyyətlər ( e s s e )

ŞvartsMan - “Quran”da səhvlər və ziddiyyətlər ( e s s e )

ŞvartsMan - “Quran”da səhvlər və ziddiyyətlər ( e s s e )
Ədəbi tənqid
admin
Müəllif:
18:29, 14 noyabr 2024
386
0
ŞvartsMan - “Quran”da səhvlər və ziddiyyətlər ( e s s e )




Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.

Quran, 4/82



Yuxarı da oxuduğunuz Nisa surəsi, 82 -ci ayədə deyilir ki, əgər Quran Allahdan yox, başqası tərəfindən gəlibsə, onda çoxlu səhvlər və ziddiyyətlər olardı. Allah tərəfindən gəldiyi üçün onda səhv və ziddiyyətlər ola bilməz. Bizim işimiz də “ ola bilməz”i “ola bilər” etməkdir. Hər ehtimala oxuculara bildirim ki, bu yazı burada yazılanlara inanmağınız üçün deyil, düşünməyiniz üçündür. Düzdür, yazıçının bir işi də oxucunu yazdığına inandırmaqdır, amma mən  katalizator rolundayam indi. Burada “Quran”dan gətirəcəyim sitatlar etibarlığına inandığım Ziya Bünyadov və Vasif Məmmədəliyevin tərcüməsindəndir. 


Bu yazıda allah, peyğəmbər, şeytan kimi isimlər Azərbaycan dilinin qrammatikasına uyğun olaraq kiçik hərflə yazılacaq. Bu isimlər xüsusi isimlər deyil. Alman dilində olsaydı, böyük hərflə yazardıq, çünki alman dilində bütün isimlər cümlənin əvvəlində, ortasında və sonunda böyük hərflə yazılır. Bu qeyd vacib idi və  oxucuların bir çoxu məni qərəzli yanaşmada ittiham edə bilərdilər. Əlbəttə,"Quran"da da dogru sözlər var - hər kitabda olduğu kimi. Amma bu, onun səhvsiz olduğunu göstərmir. Bu dünyada gördüyümüz hər şey insan əməyidir. Görmədiklərimiz isə bilinməzlikdir, ilahi bir şey deyil. 


114 surə və 6236 ayədən ibarət olan bu kitab ədəbi baxımdan yorucu və uğursuz kitabdır. Müqayisə etsək, yazıçısınızsa, "İncil"i oxumaq sizə daha çox şey öyrədə bilər. Çünki onun bir ədəbi dəyəri və hekayəsi var. "Quran" bir-biri ilə əlaqəsi olmayan, xronoloji ardıcıllığı pozulmuş konstitusiya kitabı kimi bir şeydir. Konstitusiyanı oxumaq sizə nə qədər maraqlıdırsa, "Quran"ı oxumaq da eyni cür maraqlı olacaq. Əlbəttə, burada əsas fərq- inanaraq, yoxsa düşünərək oxumağınızdır. Hər bir halda, burada yanaşmalar dinçi insanlar üçün xoşagəlməz olsa da, məntiqi, elmi, tarixi yanaşmalar olacaq. Başlayaq!



1. Seks və qadınla bağlı bu günlə səsləşməyən və bu günün dünyasında  əhəmiyyətini itirmiş xoşagəlməz ayələr var. Məsələn, qadın kişinin sözünə qulaq asmırsa, döymək olar deyir (Nisa, 34 -cü ayə). Ət-Tariq surəsinin 7-ci ayəsində spermanın kişinin bel sümüyündə əmələ gəldiyini deyir, amma biz bu gün bilirik ki, sperma xayalarda yaranır. Bioloji səhv! 


Kişi və qadınların bir-birləri üzərindəki hüquqlarını tanısa da, kişinin qadından bir pillə üstün olduğunu deyir. Şahidlikdə iki kişi gətirin deyir. İki kişi olmasa, bir kişi və iki qadın olsun deyir. Yəni iki qadın bir kişiyə bərabərdir. (Bəqərə: 228-282)


Peyğəmbərin arvadları ilə seksindən danışır. Allah peyğəmbərinə kiminlə gecələyib, kimi təxirə salmağının ona günah olmadığını başa salır. Sizcə, bizə bu lazımdır? Burada ilahi və mənəvi bir mesaj varmı? Sonra əlavə edir, arvadlarından başqa qadınlar sənə halal olmaz. Lakin sahib olduğun cariyələr istisnadır. Cariyə  bilirsiniz də "kölə qadın" deməkdir. Başqa cür desək, qeyri-qanuni arvad, xidmətçi və onlarla kəbinsiz cinsi əlaqədə olmaq haram deyil. Cariyəlik 19-cu əsrdə qadağan olunub.  (Əhzab: 51-52) 


"İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz". (Nisa: 24). İslamın ilk dövrlərində mütə nikahı vardı. Buna müvəqqəti nikah da deyə bilərik. Kişinin pul qarşılığında başqa bir qadınla evli olmasına deyilir. Evli kişi mehr (pul) verərək başqa qadınla ola bilər. Bir növ fahişəliyə alternativ olaraq yaradılsa da,  bugünkü adı elə dini fahişəlik hesab olunur. Ümumilikdə danışsaq, Quranı oxuyun, tez-tez azad qadın (kişi) və kölə, qul qadın (kişi) sözlərinə rast gələrsiniz. O dövr üçün normal olan bir şey, bu gün cinayət, istismar sayılır. Bu səbəbdən kitab öz təsir gücünü çox itirir. Bəşərilikdən daha çox lokallığı təbliğ edir. 


Sonra "Quran" menstruasiyadan (aybaşıdan) danışır. "Talaq" surəsində və başqa surələrdə qadınların boşanmasından və heyz olmasının ətraflı izahı verilir. 3 ay gözləmə müddəti verir. Yəni, boşandıqdan sonra qadın üç ay gözləməlidir. Səbəbi də budur: üç dəfə aybaşı olandan sonra kişinin spermasının izi ya qalığı qadının bədənindən təmizlənmiş olur. Düşüncə budur. Mənim öz kitabımda belə şeylər yazmağım qəbahət olmazdı, amma allahın yazmağı -nə bilim e! Məncə, daha dərin mövzular vardı, qadınlar seksual məsələləri bizsiz də həll edə bilərlər, qarışmaq lazım deyildi. Hələ üstəlik, Məhəmməddən insanlar aybaşı haqqında soruşurlar (Bax: Bəqərə, 222). 


Təzə başlasaq da, darıxmamağınız üçün üzünüzdə təbəssüm yaradım? Bəqərə surəsində 230-cu ayəyə baxaq: "Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa birinə ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz". Davamında deyir ki, ikinci əri ONU BOŞADIQDAN sonra əvvəlki əri ilə evlənə bilər. Bu sizə hansı filmi xatırlatdı? Bir az fikirləşin. Türk filmi " Süt kardeşler" olmasın? Orada da kişi arvadını üç dəfə boşayır (sözdə) və  aləm dəyir bir-birinə. Gərək qadın kiminləsə 24 saat evli olsun, sonra təkrar ərinə qayıda bilər.  Filmdə Şaban da həmin 24 saatlıq ər olur (gülürəm). Doğrudan da, gülməlidir və qəribə məntiqi var. Biz filmdə o səhnəyə baxanda gülürdük və bilmirdik ki, bu qayda "Quran"da var. Bunu biləndə üzümüzdəki təbəssüm daha ironik olur. 


Peyğəmbərin öz oğulluğunun arvadı Zeynəb ilə evlənməsi ilə bağlı ayə də var (Ahzab: 37). Burada ziddiyyət yaradan məqam budur ki, o dövrdə övladlığa götürdüyün adamın arvadı ilə evlənmək yaxşı bir əməl deyildi. Bənzətmə aparsaq, bu qardaşının arvadı ilə evlənmək bir kimi bir şeydir. Yəni azərbaycanlı belə bir şeyi qəbul etməz, istəsə belə. Elə ərəblər də qəbul etməzdilər. Mədinədə nazil olan bu ayə 627-ci ildə  Zeynəbin Zeyddən boşanmasına təsadüf edir. İlk dəfə oğulluğun arvadı ilə evlənmək qadağası bu ayə ilə pozuldu. Yeri gəlmişkən, Zeynəb Məhəmmədin xalası qızıdır. Bu da qohum evliliyi deməkdir. Bilirsiniz, yaxın vaxtlarda  qohum evliliyi bizdə qanunla qadağan olundu və bu qanunla dövlət islamdakı qanunu ləğv etdi. Xalq isə çoxdan hazır idi buna və xoş qarşılandı. 


Əhzab surəsinin 33-cü ayəsində allah qadınlara deyir ki, evinizdə oturun, açıq-saçıq, bəzənərək geyinib özünüzü yad kişilərə göstərməyin. Əlbəttə, bu da istənilən statusda olan qadın üçün azadlığın məhdudlaşdırılmasıdır.


"Quran" qadınlara "tarla" deyir. "(Ey möminlər!) Qadınlar sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! " (Bəqərə, 223). Bu gün bir qadına bu cür müraciət heç də romantik səslənmir. 


"Quran" həm də homoseksuallığı pisləyir (Bax: Əraf, 80-81; Şüəra, 165; Nəml, 55). Lut peyğəmbərdən danışır - onun əxlaqsızlığa, zinaya qarşı çıxmasını və arvadının zinakarlardan olmasından. Onun ailəsini götürüb Sodom və Qomorradan getməsini ilahi addım kimi təqdim edir. Halbuki "Quran" yazmır ki, bu peyğəmbər dediyin Lut iki qızı ilə cinsi əlaqədə olub. Qızları atalarının nəsili tükənməsin deyə ona şərab içirdib (birinci böyük qızı, sonra kiçik qızı) seks edirlər ataları ilə. Əlavə olaraq deyim,  homoseksuallığa həmişə partriarxal cəmiyyətlər qarşı çıxıb. Xüsusən monoteist dinlər. Bilmirlər ki, homoseksuallıq heyvanlarda da var. Bu, təbiətdə normal bir şeydir və canlıların həddindən çox artmasının qarşısını almaq üçün mövcud olan balanslaşdırma sistemidir. Burada qeyri-əxlaqi bir şey yoxdur. 


Hələ Məhəmməd peyğəmbərin kiçik arvadı Aişənin zina edib-etmədiyi haqqında gəzən şayiələr və söhbətlər haqqında da ayələr var (Nur, 11-12-13-14-15). Boyunbağı əhvalatını bilirsinizsə, bu ayələrin nə demək istədiyini biləcəksiniz. 


Təhrim surəsinin 3-4-5-ci  ayələri Məhəmmədin arvadları arasındakı söz-söhbətindən bəhs edir. Hətta arvadlarını aravuranlıq etdikləri üçün boşamaqla hədələyir. Day arvadların arasındakı söhbəti də "Quran"da yazma da...


Peyğəmbərin arvadları ilə evlənmək istəyənlər kişilərə qadağa qoyulur. (Əhzab, 53-54)




2. Məhəmməd bütpərəst olubmu? Yox? Mən demirəm, "Quran" deyir. Şura surəsinin 52-ci ayəsini oxuyun, allah Məhəmmədə deyir ki, "Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin". Bu nə deməkdir? Yəni sən təkallaha inanmırdın, müqəddəs kitab nədir bilmirdin. Ömrünün 40 ilini bütpərəst kimi yaşamısan. Kəbədə bütlər ola-ola tavaf edib uşaqların üçün qurban kəsmisən. Sonra səni düz yola, islama yönəltdik-zad. 


Rum, 30-31; Yunus, 105-106; Mumin,66 - bu ayələrdə allah peyğəmbəri və ümmətini bütlərə inanmağı qadağan edir, düzgün yolun islam olduğunu deyir. 


Deməli, əvvəl düz yolda deyilmişlər. Bütün dinçilər bilirlər, Məhəmmədin atası, anası bütpərəst kimi ölmüşdülər. Onu böyüdən əmisi Əbu Talibin və arvadı Xədicənin evlərində özlərinə aid bütləri vardı. Məhəmmədin 40 yaşına kimi həyatını oxuyun onun təkallaha inandığına rast gəlməzsiniz. O da hamı nəyə inanırdı, o inancda idi. Ərəblərdən fərqlənmirdi. Sadəcə, bizdə dinçilər sevirlər ki, islamdan əvvəlki dövrü cahiliyyə adlandırmağı. Məhəmməd ömrünün 40 ilini cahiliyyə dövründə keçirib, deməli, o da cahildir? Qəsdən elə edirlər ki, sən o dövrü öyrənməyəsən. İslam bir adamın varlığına baxırdı, əgər mağarada hörümçək toru onu xilas etməsəydi, nə bu gün islam vardı, nə də ona inananlar. Fikirləşin, 124 min peyğəmbər dediyiniz şəxslərdən yalnız üç nəfər din deyə biləcəyimiz inancı yarada biliblər, hamısı təkallahlığı təbliğ etmiş olsalar da…Səbəbi nədir ? Uğursuz olmaları və öldürülmələri. 



Fikir vermisiniz, şəxsiyyət vəsiqəsində dini inancınız yazılmır, yalnız milliyyət yazılır. Səbəb? Səbəb budur ki, milliyyətinizi dəyişdirə bilməzsiniz, sizin genetik kodunuzdur. İnancı isə corab kimi dəyişmək olur. Əvvəl teist idiniz, sonra ateist oldunuz, gördünüz nəsə getmir e, təzədən teizmə qayıtdınız. Məhəmmədin arvadı Xədicənin xalası oğlu Varaka bütpərəst, xristian, iudaist olmuşdu, axırda isə hənif (tək allaha inanan, amma başqa dinə inanmayan) kimi ölmüşdü. Yenə də ərəb idi. 



3. Bir ayədə deyir ki, "sizi torpaqdan yaratdıq", digərində isə "laxtalanmış qandan". 


"Sizi torpaqdan yaratması da Onun (varlığının) dəlillərindəndir. Sonra siz bir bəşər olaraq yer üzünə yayıldınız"( Rum, 20).


"O, insanı laxtalanmış qandan yaratdı"(Ələq, 2). 



4.  "Allahın haqq yoldan azdırdığı kimsəni kim doğru yola yönəldə bilər?!" (Rum, 29).


Allah azdırıbsa, heç bir şey. Nə deyə bilərik ki?! Kaş ki, azdırmayaydı...



5. (Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu. (Bəqərə, 34) 


Şeytan kafirlərdən oldu? Məntiqsizliyə bir bax! Birincisi, kafir kimə deyirlər onu izah edək. Kafir allahı, onun rəsulu Məhəmmədi inkar edən, yaxud inanmayan insanlara və müsəlman olmayanlara deyilir. İkincisi, şeytan var olanda Məhəmməd yox idi, heç Adəm və Həvva da... Üçüncüsü, Şeytan allahı inkar etmir, ona qarşı çıxır. Şeytan necə allaha inanmayan və ya ona qarşı çıxa bilər ki,  axı onun tərəfindən yaradılıb? Sadəcə, itaət etmədiyi üçün kafir damğası daşımaq nəyə gərək? Dində şeytan allahın günah keçisindən başqa bir şey deyil.  



6. "Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar"(Bəqərə, 39).


Məni nəzərdə tutur. Bir adam cəhənnəmə inanmırsa, onu cəhənnəmlə qorxutmağın nə mənası var? İnsanı gərək qorxduğu şeylə qorxudasan.   



7. "Yasin" surəsinin adının mənası nədir? Ya Sin. Ey Ay tanrısı. Allahın adlarından biri də Sin-dir. Ərəblərdə ən güclü tanrı ay tanrısı Al-ilah, yaxud Sin-dir. İslam dinin rəmzinin ay və ulduz olması təsadüfi deyil. Əslində biz Allah adını çəkməklə bütpərəst ərəblərin ay tanrısını yad etmiş oluruq. Elə Məhəmməd də ona inanırdı və ondan mesajlar aldığını söyləyib peyğəmbərliyini elan etmişdi.  



8. Dinçilərin dediyi kimi, "Quran"ı allah peyğəmbərə ona göndərib ki, biz daha əxlaqlı və mənəviyyatlı insan olaq? Əlbəttə, yox. 


Əraf, 2-ci ayə:

"Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd - nəsihət vermək üçün sənə nazil edilən kitabdır". 


Bir kitabın məqsədi kimlərisə qorxutmaq və yalnız inananlar üçün öyüd-nəsihət ola bilərmi? Burada şəxsən mən nə ilahi, nə də müqəddəs bir şey görürəm. 



9. "O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı" (Qəmər, 1).


Burada qrammatik səhv var. Qiyamət gələcək zamanda baş verəcək hadisə olduğundan feli keçmiş zamanda işlədə bilməzsən. "Sabah gəldim" deyil, "Sabah gələcəyəm" deməlisən. Əslində belə olmalı idi: qiyamət yaxınlaşacaq və ay parçalanacaq. 


"Quran"da 2500 qrammatik səhvlər olduğunu iddia edən fələstin əsilli isveçrəli hüquq professoru Sami Əzzib var. Maraqlıdırsa, araşdırıb oxuya bilərsiniz. 



10. "Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!"  (Zəriyət, 49).


Əgər hər canlı erkək-dişidirsə, Meduza niyə cinsiyyətsizdir?  “Quran”ı yazan adamın 650 milyon ildir mövcud olan meduzların tomurcuqlamaq yolu ilə çoxaldığından xəbəri yoxdur. Bakteriyalar da unudulub. Onlar da qarşı cins olmadan ikiyə bölünmə ilə çoxalırlar. 



11."Əbu Ləhəb" surəsindən danışaq indi. Bu surə lap başdan ayağa qarğışdır. İlk ayədə "əlin qurusun" deyir, öləsən. Arvadın xurma lifindən boynunda kəndir, cəhənnəmdə alov-alov yanasınız-filan. 


Əbu Ləhəb Məhəmmədin əmisidir. Mübahisə zamanı ona daş atıb, peyğəmbərin alnı qaynayıb. Ona görə, ayədə "əlin qurusun" deyir. Əbu Ləhəbin arvadı da peyğəmbər namaz qılanda tikan-zad səpirmiş ki, ayağına batsın. Belə şeylər. Yəni Əbu Ləhəb birbaşa cəhənnəmlikdir. Surəni özünüz də oxuyun və saf ağılla düşünün, allah da qoca nənə kimi "əlin qurusun" deyib qarğış tökərmi? Budur sonsuz kainatı yaradan varlığın danışığı? Budurmu müqəddəs kitab? Məntiqi olan adam başa düşər ki, burada insan danışır, Məhəmmədin özü. Allahsan, aybaşıdan, öldürməkdən, boşanmaqdan, homoseksuallıqdan danışmalı deyilsən. Ağıl, iradə vermisən bizə. Necə yaşayacağımıza imkan ver özümüz qərar verək və sonra axirətdə bizi mühakimə etməyə haqqın olsun. 



12. "Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl - ayaqlarının çarpazvari ( sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar" (Maidə, 33).


"Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin" (Maidə, 38). 


İndi burada yazılanları həqiqət kimi qəbul edib sekulyar dünyamızda tətbiq etmək nə qədər doğru olardı? O dövrdə bu cür cəza növlərini başa düşmək olardı. 7-ci əsr Ərəbistanında dövlət yox, məhkəmə yox, polis yox. İqtidar sahibləri necəsə NBM (nəzarət buraxılış məntəqəsi) rolunu oynamalı idilər. Məhəmməd də hakimiyyət, güc üçün vuruşan adam olduğundan bu cür ayələrin olması o dövrə görə normal idi. Sizə  gizli bir şey deyim: əgər oğurluq etmək, adam öldürmək istəyirsinizsə, bunun ən ağıllı və təhlükəsiz yolu, iqtidara gəlməkdir. Yalnız o zaman kimsə sizi mühakimə edə bilməz. 



13. Bu dünyada haram olan şərab niyə o biri dünyada halaldır? Çünki o dünyadakı (cənnətdəki) şərab insanın ağılını başdan çıxarmır. Bu o deməkdir ki, o dünyada başqa cür şərab istehsal edirlər möminlər üçün. 



14. Ziddiyyətli ayələrdən biri: 


"Buna görə də İsrail oğullarına ( Tövratda ) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş ( bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur"... (Maidə, 32)


"Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün" (Bəqərə, 191). 


Bir ayədə bir insanı öldürmək bütün insanları öldürmək deyir, digərində öldürün deyir. Bəyəm müşriklər insan deyilmi? 

 

Diqqətlə oxumaq, Maidə surəsində bu əxlaq qanunu Tövratda yazılıb deyir və bir insanı öldürməmiş adamı öldürən kəs hamını öldürmüş sayılır. Bu o deməkdir ki, qatili öldürmək bütün insanları öldürmək sayılmır? Mübahisəli məqamdır. 



15. Ələq, 15-18:

"Yox, yox! ( Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!"


Burada konkret "разборка" gedir. Sən öz adamlarını köməyə çağır, mən də özümünküləri. Mafiyadı bəyəm? Allah da belə küçə söhbəti edərmi? Ayıq başla oxuyanda bilmək olur ki, Məhəmməd allah adı ilə özü yazıb bunları... 



16.Yaxşılıq da, pislik də allahdandır.


" Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəsulum!) Onlara ( yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: " Bu Allahdandır!" - dəyərlər, bir pislik üz verdikdə isə: " Bu səndədir!" - söyləyərlər. ( Onlara ) de: " Hamısı Allahdandır". Bu camaata nə olub ki, az qala söz də anlamır!” (Nisa, 78)


Yaxşılıq allahdan, pislik özündəndir.


"(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir"....

(Nisa, 79)


Məntiqi özünüz tutursunuz. İki ayə bir-birini inkar edir. Bu qədər də ziddiyyət olmaz da....



17. Günəşin qara palçıqlı bir çeşmədə battığını deyir. (Kəhf, 86)


Günəş əslində batmır. Yer kürəsi Günəşin ətrafında dövr etdiyi üçün işıq düşdüyü yer gündüz, işıq düşmədiyi yer gecə olur. Sözdə günəş batır, belə ifadə edirik, hə. Amma day qara palçıqlı çeşmədə yox.  



18. Mənasını başa düşəsiniz deyə ərəbcə Quranı nazil etdik deyir- amma məkkəlilərə, azərbaycanlılara yox! Ərəbcə universal dil deyil. (Yusuf, 2)


Ümumiyyətlə, Quran ərəb tarixindən başqa bir şey deyil. Hitlerin kitabındakı yəhudi nifrəti ilə Məhəmmədin kitabındakı müşrik, kafir nifrəti eyni mahiyyətə sahibdir. Məhəmməd də, Hitler də 20 apreldə doğulublar. Bir sözlə, "Quran" Məhəmmədin "Mayn Kampf"ı idi. 



19. "Quran" göy cisimlərindən yalnız günəş, ay və ulduzlardan bəhs edir. Planetləri tanımır. Qalaktikalardan xəbəri yoxdur. Məlum məsələ, o dövrün kosmoloji bilgisini əks etdirir. 



20.  Bir ayədə qənimətlərin hamısı peyğəmbərindir dedikdə, cihad edənlər döyüşməkdən imtina edən kimi "qənimətlərin beşdə biri peyğəmbərindir" ayəsi gəlir (Ənfal, 1-41). 



21. Qiblə əvvəl Qüdsdə idi, yəhudilər etiraz etdikdən sonra Kəbə olur (Bəqərə, 144).



22. (Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? (Həcc: 65)


Allah yerə düşməsin deyə göyü tutub saxlayır? Göy üzü qaz təbəqəsindən ibarət hava qatıdır, yaşadığın evin tavanı deyil. Gəmiləri üzdürür? Bildik, küləyə görə belə danışır. "Külək olmasa gəmilər dayanar" deyir. (Şura, 33) Amma indi gəmilər küləksiz də dənizdə üzə bilir. 



23. Məkkədə gələn ayələr sülhpərvər idisə (Kafirun, 6), Mədinədə Məhəmməd gücləndikcə müharibəyə çağıran, öldürməklə bağlı ayələr gəlir (Tövbə, 29).



24. Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (İmran, 85)


Amma Bəqərə, 62 və Maidə, 69-cu ayələrində isə dediyini inkar edir: 


"Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər".



25. "Quran" ayı nur mənbəyi hesab edir, günəşin işığını əks etdirdiyini bilmir (Yunus: 5), (Nuh: 16).



26. Kölə ilə azad insanı bərabərləşdirmir, insanları təbəqəyə ayırır. Allah qarşısında insanlar bərabər deyilmiş (Nəhl, 75). 



27.  İblis haqqında bir ayədə mələk (Bəqərə, 34), bir başqa ayədə isə cin deyir (Kəhf, 50). 



28. "Rəhman" surəsi 78 ayədir, düz 31 ayəsi robot kimi eyni cümləni təkrarlayır: " Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!". Surənin 13-cü ayəsindən başlayaraq hər iki-üç cümlədən bir eyni şeyi deyir surə bitənə kimi...Mütləq baxın! 



29. "Ey Peyğəmbər! Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də ( haqdan ) döndərilirlər! Kitabı ( Quranı) və peygəmbərlərimizə göndərdiklərimizi ( vəhyi, möcüzələri və hökmləri) yalan hesab edənlər ( bu hərəkətlərindən dolayı hansı cəzalara məruz qalacaqlarını) mütləq biləcəklər! “

(Mumin surəsi, 69-72) 


“Yoxsa onlar : "Onu (Quranı) özündən uydurdun!" - deyirlər. Xeyr, onlar iman gətirmirlər. Əgər doğru deyirlərsə, qoy onlar bunun ( bu Quran) kimi bir kəlam gətirsinlər”.

(Tur, 33-34). 


Görürsünüz, hələ o vaxtları da "Quran"ın uydurma olduğunu deyənlər vardı, biz burada təzə söhbət etmirik. Hələ utanmadan "Quran" deyir ki, düz deyirsinizsə, "Quran" kimi kəlam gətirin. Ə, bunun harası kəlamdır? Hansı hikmətli sözə, aforizmə rast gəldim? Bilmədiyim nəyi öyrəndim "Quran"da? Allaha and olsun, bu kitabı yazan adam bizimlə əməlli -başlı məzələnir. Həyatda çox ciddi, əsəbi danışan adamlar var e,  qıraqdan sənə gülməli gəlir, bax, "Quran"ı oxuyanda hiss etdiyim budur. 



30. Dində məcburiyyət (zorakılıq) yoxdur. (Bəqərə, 256)


Bunu inkar etmək fikrim yoxdur. Onsuz da kitabı və burada yazılanları oxuyanlar bu ayənin reallıqla bir əlaqəsi olmadığını başa düşür. 



31. Niyə biz inanmayanlara (ateist demirəm, çünki mən olmayan bir şeyi inkar etmirəm, allah davası aparmıram, hər kəs bu və ya digər şəkildə nəyəsə inanır) bu dinçilər nifrət qusurlar, mübahisə edirlər? Səhv ya da pis insan olduğumuz üçün? Əlbəttə, yox. Onlar, sadəcə, "Quran"da yazılanları yerinə yetirirlər özləri də bilmədən. 


“Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən (özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir! " 

(Tövbə, 123) 


Onların bütün fikir və əməlləri "Quran" üzərində qurulub. "Quran"ı səhv çıxarmaqla biz onların bütün həyatını səhv çıxarmış hesab edilirik. Nifrətləri buna görədir. İstəyirsiz "Quran"a inanın ya inanmayın sizin qadın-kişi münasibətləriniz, ölüm-həyat barəsində fikirlərinizin qaynağı bu kitabda yazılıb. Sizin həyatınız "Quran"dakı cümlələrlə məhdudlaşır. Ölüm nədir soruşsam, azərbaycanlının ümumi cavabı belə olar: "Ölüm haqdır", "Torpaqdan gəlib torpağa gedəcəyik", "Hər canlı ölümü dadacaq". Bu cavablar "Quran"da yazılıb. Kimsə mənə tanatologiyadan (ölümü araşdıran elm sahəsi) danışmayacaq. Köhnə fikirlərinizi yandırmaq üçün köhnə kitabı yandırmaq lazımdır. 


Sizdən soruşuram, ey möminlər, bu qədər səhvlər və ziddiyyətlərlə dolu bir kitabın müqəddəs olduğuna və ilahi bir qüvvə tərəfindən yer üzünə endirildiyinə hələ də inanırsınız??? 



32. Saytlarda araşdırma aparanda birdən qarşıma bir türk arkadaşın alqışalayiq məntiqi yanaşması qarşıma çıxdı və sizinlə bölüşürəm: 


“İbtidai və orta məktəbdə oxuyanda din dərslərində müəllimlərimiz Məhəməddin  kafirlərə qarşı müharibələrini və. şişirdə-şişirdə  danışardılar. Müsəlmanların kafir ordusunu necə məğlub edib zəfər qazandıqlarını deyərdilər.  ( Necə ki, bizdə 44 günlük müharibəni Zəfər bayramına çevirmişik. Mahiyyətinə isə varmırıq  ki, müharibəni həmişə silah satanlar qazanır - İsrail, Türkiyə kimi. 44 gündə ölən 3 min əsgərimiz Amerikanın Əfqanıstanda 20 ildə öldüyü əsgər sayına bərabərdir- T.Ş)

Mən də uşaq ağlımla beynimdə canlandırırdım: minlərlə insandan ibarət  orduların vuruşduğunu, minlərlə adamın öldüyünü düşünürdüm.

İllər keçdikdən sonra  oxuyub araşdıranda həqiqətin çox gülməli bir şəkildə mənə baxdığını gördüm. Məgər mənim minlərlə adamdan  ibarət olduğunu düşündüyüm müsəlman ordusu 250-300 nəfər imiş. Kafirlər isə 1000-ə yaxın. 

Yəni Bədr müharibəsi məhəllə davası kimi bir şey imiş. Məsələnin maraqlı tərəfi isə, Bədr müharibəsində cəmi 14 müsəlman və 70 nəfər kafir ölüb. 

Sonra maraqli gəldi,  Uhud və Xəndək müharibələrinə baxdım. Uhud müharibəsində 73 müsəlman və 45 kafir ölüb. Xəndək müharibəsində isə 6 müsəlman, 10 kafir ölüb. 

Xülasə, üç müharibədə kafirlər cəmi 93 müsəlman öldürüblər. Bu 93 müsəlman allah və din görə vuruşduğu üçün təbii ki, şəhid sayılır və cənnəti qazanırlar. 

İndi isə bu hadisəyə baxın: 

Məhəmmədin ölümündən sonra  cənnət  ilə müjdələnən müsəlmanlardan ikisi -  arvadı Aişə və dördüncü xəlifə Əli hakimiyyət, mənfəət, mal-mülk mübahisələrindən ötrü Cəməl  döyüşündə qarşı-qarşıya gəlirlər. Aişənin ordusu 30.000 nəfər, Əlinin ordusu 20.000 nəfər idi. İki orduda da hamısı müsəlman idi və 50.000 müsəlman döyüşmək üçün qarşı-qarşıya gəlmişdilər. 

Nəticədə, Cəməl müharibəsində Əli qalib gəlir. Aişəni  öldürmür, amma Mədinəyə sürgün edir. 

Müharibədə isə cəmi  20.000 müsəlman ölür. Bəzi mənbələrdə bu 18.000 müsəlmandır. 

Kafirlər Bədr, Uhud və  Xəndək müharibələrində, yəni üç müharibədə cəmi 93 müsəlman öldürüblər. Müsəlmanlar bir-biriləri ilə döyüşür və  yalnız bir müharibədə 20.000 müsəlman ölür. 

İndi sizdən soruşuram:

Müsəlmanların müharibəsində ölən 20.000 müsəlman da şəhid sayılır indi? Cənnətəmi gedəcəklər?”



Son: 


33. Bu yazı ilə demək istədiyim, 21-ci əsrin qaydaları ilə yaşayırıq, 1400 il əvvəl yazılan kitabın sözləri bizə kömək olmur. Heç bunu deməyə də ehtiyac yoxdur. Cin-şeytanlardan, qadınların heyzindən, Əbu Ləbəh-Əbu Cəhldən, cənnətdəki hurilərdən, dəvədən, xurmadan, çoxdan ölmüş məkkəli müşriklərdən mənə nə? Bunlar tarixi rəvayətlər kimidir, oxu və bil. Həyatıma heç bir təsiri yoxdur. Mən süni intellekt dövründə yaşayıram. Gələcəkdə bəlkə heç kitaba da ehtiyac olmayacaq, amma müsəlmanlar müqəddəs kitab davası edirlər. Əllərində bir kitab tutub yazılanların göylərdən gəldiyinə inanırlar. Həqiqət elə ağır yükdür ki, hər adamın çiyinləri üçün deyil. Bu yazı gecikmiş, yaxud lazımsız esse də ola bilər. Sadəcə, bunu ona görə yazdım ki, insanlar hələ də allaha inamlarını kitabla təsdiqləməyə çalışırlar, guya ki, kitabda düzdü, insanlar səhv başa düşür. "Quran"da səhv və ziddiyyətlər üçün iki-üç misal da bəs edərdi. İstədim ətraflı, geniş yazım ki, şübhə qalmasın. Uzatmaq da olardı bu yazını, lakin özümün ürəyi sıxıldı ayələri bir-bir oxuyub yazmağa. Ən yaxşısı sonda Çarlz Bukovskinin gözəl cümləsi ilə ayrılaq: 


" Nəyə inanırsan inan, o səni xoşbəxt etmirsə, səhvdir". 




13.11.2024

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)