Edebiyyat.az » Ədəbi tənqid » Herman Hesse - Tanınmamış yazarlar

Herman Hesse - Tanınmamış yazarlar

Herman Hesse - Tanınmamış yazarlar
Ədəbi tənqid
nemət
Müəllif:
22:05, 09 fevral 2020
1 408
0
Herman Hesse - Tanınmamış yazarlar






(sorğuya cavab)

Herman Hesse  (1877-1962)  –  XX  əsrin görkəmli alman  yazıçısı, psixoloji simvolizmin ustasıdır.  1946-cı  ildə  Nobel mükafatını  alıb.  “Noye sürher saytunq”  isveçrə  qəzeti “Aramızdakı tanınmamış yazarlar” sorğusunu  keçirirdi.  H.Hessenin  cavabı həmin qəzetdə  1926-cı ildə  çap edilmişdi.


Tanınmamış  yazarlar  haqqında sualınıza qənaətbəxş cavab  verməsəm,  məni qınamayın. Bir neçə  saat  hafizəmi  zorlasam  da,  lazım  olan adları xatırlaya bilmədim.  Sonra tarixi yada saldım, keçmişin  nə  indi, nə  də  öz dövründə  tanınmayan   yazarlarını  –  Jan  Polu, Brentanonu, Arnimi  –  düşündüm və  anladım  ki,   yalnız tanınmamış  yazarlar var,  başqa cür ola da bilməz. İnsan kütləsində  tanınmayan  yazarın,  yəqin ki,  missiyasının  mənası elə budur.  Əlbəttə, bu  missiya  çardağda acından  ölən,  ya da  dəli olmuş tənha  yazarın  bəsit fiqurundan ibarət deyil.  Elə  yazarlar  var ki, (onlara bütün böyük alman  yazıçılarını aid etmək olar)  onların  kitablarını oxumurlar və  buna görə  tanımırlar.   Elələri də  var ki,  on və  yüz  minlik tirajlarla  çap olunur,  amma  yenə  də  tanınmırlar.  Çünki   adi adamlar yazarları həqiqi  mənada tanıya bilmirlər, bu  ədəbiyyat tarixinin uydurmasıdır. Bilsə  də, bilməsə  də  yazar həmişə  metafizikdir. Onun   missiyası,  əsil işi  -   təsadüfdə  və dəyişkənlikdə  insanı dərk etmək, insan həyatının  reallığını və  dəyişkənliyini öz  xəyalları ilə  əvəzləmək, insanın  vəzifəsini  müəyyən  etməkdir. Dante də, Höte  və  Hölderlin də  belə ediblər və  istəsə  də,  istəməsə  də, hər  yazar belə  edir. Ona  görə   yazarlığın  məğzini anlayan və  bununla  da  saflığını itirən  yazıçı bu incə  vəziyyətdən iki  yolla çıxa bilər:   ya faciəvi son, insan dünyasından təcrid olmaq,  ya da  yumorda xilasını axtarmaq.  Bütün böyük  yazarlar bu iki  yoldan keçib.  Üçüncüsü  yoxdur. İnsan həyatının dərin faciəsi həm də  ondadır  ki, bir tərəfdən, insaniyyət  yazarlara ehtiyac duyur, onları  qiymətləndirir (bəzən ifrata vararaq),  digər tərəfdən isə  yazarların dediyini anlamır,  onların çağırışlarına cavab vermir, işinə  ciddi  yanaşmır. Əgər  yazarlar olmasaydı,  həyat oyunları  mənasını və cəzbini itirərdi. İnsaniyyət  yazarları anlasaydı,  onları ciddi qəbul etsəydi, dedikləriylə razılaşsaydı,  qəzaya  uğrayardı.  İnsan statusunu saxlamaq  və  onu  davam  etdirmək üçün məhdudiyyətlər, səthi idealizm,  əxlaq və  dayazfikirlilik olmalıdır. Bununla barışmayan yazarlara intihar etmək,  ya  da dəli  olmaq qalır. Yazar olmayan çoxsaylı  yazarlar da var.  Elələri də  var ki, onlarda  yazarlıqdan cəmi  bircə  damla var.  Amma  onlar tanınsalar da, acından ölsələr də  -  əslində, elə  tanınmamış  qalırlar. 


Tərcümə  edəni:  Sima  Ənnağı 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)