Edebiyyat.az » Film » Nəcəf Əsgərzadə - Avropaya Trierin gözündən baxarkən

Nəcəf Əsgərzadə - Avropaya Trierin gözündən baxarkən

Nəcəf Əsgərzadə - Avropaya Trierin gözündən baxarkən
Film
Necef Esgerzade
Müəllif:
21:12, 24 iyun 2019
1 669
0


Avropa triologiyasının ilk filmi

Avropanı bürüyən naməlum cinayətlərin araşdırılması detektiv Fişerin boynuna düşür. O qatili tapmaq üçün nə etməlidir?

Avropa qaranlıq içindədir. Həyat hənirtisinin duyulmadığı yarım qaranlıq küçələrdə dolaşan Fişerin vəziyyətinin bağışladığı ümidsizlik abu-havası nəticənin necə olmasından asılı olmayaraq insanı bədbin notlara kökləməyə bəs edir.

Yerdə çapalayan eşşək. Sonradan bu at qumlu təpəyə çıxmağa cəhd edir.
Azan səsi. Diksinirik qəflətən.
Kök bir həkim. Danışır durmaqdan.
Xəstəsi qarşısındadır. Hipnoz üsulu ilə pasiyentini həyatdan ayılıb həkim. Ona suallar verir həkim. Keçmişi xatırlamasını israr edir həkim. Hər detalı ona təhrif etmədən danışmasını istəyir həkim. 

Pasiyentin ruhu təlatümlər içindədir. Pasiyent keçmişi xatırlamaq istəmir. Keçmiş Avropadır. Gələcək isə...

Gedirik keçmişə. Qaranlıqlar çökmüş Avropaya( Almaniyaya). İşığı sönmüş Avropaya. Ümidləri tükənmiş Avropaya. Avropa cinayətlər ölkəsidir. Avropa qatillər məskənidir. Avropa günahkarlar məbədidir. 

Cinayət elementi.

Kitab. Adı Cinayət Elementi. Hər şey Almaniya (Avropa) suç bataqlığına batmadan qabaq yazılmış bu kitabda. Bu kitabda cinayətkarın tapılması üçün bir çox elementlər yer alıb. Fişer( bu ad nədənsə mən şahmat tacını qazanmış Amerikalı Bobbi Fişeri xatırlatdı) həmin kitabı tərcümə etdirib Qahirədə çıxartdırıb. Özü isə Almaniyaya qayıdıb. Qaranlıqlara bürünmüş bir ölkəyə gəlib düşüb. Ümidsiz bir axtarış içində qıvrıla-qıvrıla qalıb. 

Onun gəlməsi ilə yeni bir cinayət işləndi. Hadisə yerinə getdi Fişer. Kramer yeni rəisdir. Hər kəs ona tabedir. 

Suda ölmüş eşşək. Bu ölkənin üzərinə çökən bədbəxtliyin nişanəsi. İlk səhnədə at çapalayır. İndi at artıq ölüdür.

Tarkovski. Lars Von Trierin kino tanrısı. Kinonu ona öyrədən əvəzedilməz müəllim. At Tarkovskinin filmlərinin ayrılmaz hissəsi. At həyat deməkdir. At murad deməkdir. At ümid deməkdir. Trier atı eşşəklə əvəz edir. Əvvəlcə eşşəyin yerdə çapalamasına şərait yaradır. Qahirə çapalayır. Eşşək ölür. Qahirədə yox, Almaniyada, qaranlığa qərq olmuş ölkədə. Trier Almaniyanı ( Avropa) öldürür. Avropa məhv olur mistik cinayətlər zəncirində. 

Harry Grey. Qatilin bu olması ehtimal edilir. Onun getdiyi, olduğu məkanlar artıq tək-tək Fişerin əlinə keçir. Fişer qatilin adını bilir. Amma bu ona onu tapması üçün kifayət etmir. Bəs Fişer nə etməlidir?

O polis kimi düşünür. Bəs qatil kimi düşünsə necə olar? Əvvəl qara fiqurlar ilə oynayan Fişer, indi ağ fiqurların başına keçir. 

Sveyqin "Şahmat" əsəri yada düşür. Öz-özü ilə şahmat oynayan obrazı unutmamısınız çox güman. Özü-özüylə şahmat oynamaq həyata uşaq gətirməyə bənzər. İnsandan ikinci insan doğular. Amma bu insan hər zaman özünü göstərməz. 

Bobbi Fişer Boris Spasskiyə qalib gəldiyi zaman hər şey bitdi. Çünki Fişer artıq zirvəni fəth etmişdi. Özünü aşmışdı. Özünə qalib gəlmişdi. Mənasızlığın təntənəli himni onu bədənini bütövlüklə çulğalamışdı. Həqiqətini itirən Fişerin həyatı sonuncu böyük qələbəsini qazandığı İslandiyada sona çatdı. 

Bəs bizim Fişerin aqibəti necə olacaq? O özünü aşa biləcəkmi? Yoxsa qaranlıqlara qərq olmuş ölkədə mənasızlığın ətri ilə buhişluğa qapılacaq? Çətin suallardır.

Fişer qatilin kimliyinə bürünməyə başlayır. Onun getdiyi məkanlara baş çəkir. Onu qaldığı otaqlarda qalır. Onun görüşdüyü insanlarla görüşür. Çinli bir fahişəylə tanış olur. O Fişerə qoşulur. Onu tək qoymur. Fişer cinayət yerindən tapmış olduğu oyuncaq at başlarını (at fiquri, Fişerin sonrakı gedişi necə olacaq? ) cibində gəzdirir. Əsas ipucu burada gizlənib sanki.

Qara və sarı rəngin yaratdığı müəyyən qədər qorxulu, qotik, sirli məkanları Fişerlə bərabər dolaşırıq. Fişer isə artıq bunları yaşayıb. O sadəcə olaraq xatırlama metodu ilə keçmişə doğru uzanan yaddaş lokomotivində qarşısındakı həkimə başından keçənləri nəql edir. Ağrılı prosesdir. Çətin proseduradır.

Fişer bu araşdırma müddəti boyunca qatili tapmaq yerinə öz kimliyini, öz mənini itirmək nöqtəsinə gəlib çıxır. Sərhədləri zorlayaraq qatilin bundan sonra hansı gedişini ondan əvvəl tapmağa çalışan Fişer onun şəxsiyyətinə elə bürünür ki, onun hisslərini, onun xəstəliklərini bilməyərəkdən öz şuüruna, öz ruhuna elə köçürür ki, sonda Fişerin cinayətkarı yaxalamaq istəyini təəccübləndirici bir şəkildə nəticələnir.

Rahib günahın qarşısını uca mərtəbədə, tanrı dərgahında qarşısını alır, insanın günahlarının əfv edilməsinə vasitəçilik edir, insanı günahdan çəkindirmək istəyir. Polislər insanın(qatilin) günah törətməsinin(cinayət törətmək ən böyük günahdır) qarşısını almalıdır, günah işlədənləri burada, dünyada məhkəmənin ədalətli qanuna əsasən cəzalandırmalıdırlar.

Amma burada pozulmuş struktur içində azıb qalmış polis sistemin çirkinləşməsi ölkənin cinayət bataqlığında inləməsinə gətirib çıxarır. Trier polisləri hədəfə alır. Cinayətlərin əsas yayılma məntəqəsi kimi onların məskən saldıqları yerləri işarə edir. Sonlara yaxın "Cinayət Elementi" əsərini yazan şəxsin özünü asması. Fişerin çarəsizliyi. Kitabdakı olan elementlərin sayəsində qatilin əslində göz qabağında olması zülmətə qərb olmuş Almaniyanın – Avropanın - gəlmiş olduğu vəziyyəti aydın göstərir.

Heç ümid yoxdur? Fişer sonda əyilib balaca çaladan aşağı boylanarkən üzümüzə baxan heyvanın gözlərində qəribə ifadəsizlik bizi çıxışı bilinməyən dar dalana salır.

Beləki əvvəldəki səhnədə artıq biz Fişeri Qahirədə görürük. Bu hadisədən sonra Avropanı tərk etmiş Fişerin günahkar ruhu burada, həkimin qəbulunda rahatlıq tapa bilirmi? Çətin sualdır.

P.s. Trierin ilk uzunmetrajlı filmi "Cinayət elementi" özündə bolluca Tarkovski elementləri, çəkiliş bucaqları ehtiva edir. Abstrakt, mistik, kafkavari ünsurləri özündə birləşdirir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)