Nicat Həşimzadə - Tale hökmünün qaçılmazlığı
Amerikalı rejissor və ssenarist Paul Schraderin Mişimanın həyatı haqqında çəkdiyi “A Life in four chapters – “Dörd hissəlik həyat” adlı filmə ilk dəfə baxanda heytərlənmişdim. Həyatına 45 yaşında xarakiri ilə son qoyan bu yazıçını anlamaq çətindir. Çünki onun həyat və yaradıcılığında mürəkkəb, ağlasızmaz məqamlar çox olub. Film dörd hissədən ibarətdir:
1. Gözəllik
2. Sənət
3. İnqilab
4. Qılıncla qələmin harmoniyası
Film Mişimanın uşaqlıq, gənclik və tam yetkinlik dövrünü təsvir edir. Filmdə Mişimanın xatirələrinə istinad edilib: “Uşaqlıq yaşlarımda pəncərədən həyətə baxarkən özümü heç zaman dəyişdirə bilməyəcəyi bir dünyanı izləyən, dünyanın öz istəyi ilə dəyişə biləcəyinə ümid edən uşaq kimi görürdüm. Yeddi həftəliyimdə nənəm məni anamdan almış, himayəsinə götürmüşdü”.
Mişima hətta ən erkən yaşlarından belə başqaları üçün yaşamağı öyrənir, xəstə nənəsinə qulluq edirdi. Nənəsi onu həvəsdən salır, anası haqqında xoşagəlməz sözlər deyirdi: “Sənə anan baxsaydı çoxdan ölərdin”. Xəstə insanların əksəriyyəti eqoist olurlar və elə düşünürlər ki, bütün dünya onların qayğısına qalmalı, onların nazına dözməlidir. Nənəsi ondan tez-tez ayaqlarını ovuşdurmasını tələb edir. Nənəsi onu sevir, ancaq bu sevgi azadlıq istəyən bir uşaq üçün böyük əziyyətə çevrilir. Yazıçının uşaqlıq illərini xatirə gündəliyində qeyd etdiyi bu cümlələr dolğun ifadə edir. “Uşaq yaşlarımda həyatın biri-birinə zidd iki anlayışdan ibarət olduğunu öyrəndim. Birincisi, dünyanı dəyişdirə bilmək iqtidarında olan sözlər idi, ikincisi bu sözlərlə heç bir əlaqəsi olmayan dünyanın özü”.
Nitq qüsuru olan Mişimaya biz çoxları istehzayla yanaşırdı. (Filmin sonrakı hissələrində biz Mişimanın nitqindəki problemin zamanla aradan qalxdığını görürük) Qızıl məbəddə axsaq dostu da Mişimaya lağ edir, onu alçaltmağa çalışır. Gənc Mişima kəkələyərək danışdığı üçün onunla zarafatlaşır. Həmin məbəddə işləyən digər gənc də axsaq idi. Yazıçı deyir ki, sonsuzluğun gözəlliyi bizi zəhərləyir, məbəddə gənc xanımla intim münasibət zamanı da Mişima öz utancaqılığına sadiq qalır. Hələ gəncliyində yazıçı ölüm haqqında düşünürdü. “Amerikanın hərbi hava qüvvələri gələcək və mən hürr olacağam. 18 yaşından Yaponiyanın istiqlalı, müdafiəsi naminə ölməyi düşünürdü. Mişima yazıçı olmaq istəyinə görə Maliyyə Nazirliyindəki işindən imtina etmişdi. Sənət imtinaları sevir. Martin Paj “Yazı və yaşam” kitabında yazır ki, sənətdən şöhrət, pul və vəzifə əldə etmək üçün istifadə etmək tərbiyəsizlikdir. Mişimasa yazır ki, biz maska taxırıq, özümüzü olduğumuz kimi göstərə bilmirik, həqiqi “mən”imizi təqdim etməkdən qorxuruq. Aktyorlar kimi obraza giririk, hətta həyatımız boyu bir neçə obrazı oynayırıq. Hansı anda hansı obraz sərf edirsə həmin an o obrazın maskası altında gizlənirik. Filmdə teatr aktyoru rolunu ifa edən obraz üzünün gözəlliyindən razı olsa da, bədən forması onu qane etmir. İdmanla məşğul olur, estetik bədən formasına sahib olmaq istəyir. Bir gün bu aktyora deyirlər ki, gözəl bədən formasına sahib olsan belə bunu qoruyub saxlaya bilməzsən, çünki hüceyrələr qocalır, insan təbiət qanunlarına qarşı mübarizə apara bilməz. Təbiətin qanunlarını dəyişmək olmaz. Bədənin gözəlliyini sadəcə sənət təsvir edə bilər və təkcə sənət onu mühafizə edə bilər. Daimi gözəllik sadəcə sənətdəki estetika anlayışıdır.
“Bir maskanın etirafları” əsərində Mişima öz gənclik xatirələrini qələmə alıb. Bu xatirələrdə müəllif o qədər səmimidir ki, öz nöqsanlarını, uğursuzluqlarını yazmaqdan çəkinmir. Mişima deyir ki, xüsusən də kişilər gözəl, xeyirxah görünmək üçün maskalanırlar. Qadından fərqli olaraq kişinin gözəl görünmək istəyi ölüm üçün arzudur. Filmdə Mişimanın Samuray əqidəsinə sonadək sadiq qaldığını görürük. Yazıçı yapon xalqının samuray ənənələrindən uzaqlaşmaması üçün mübarizə aparır. “Sözlər aldadıcıdır, inqilabsa gerçəkdir, bu samuray prinsipi bir zamanlar yaşam tərzi idi. Ancaq unudulub, sənət və inqilab yenidən birləşə bilərmi? 40 yaşına çatmış bir adamın gözəl ölümü imkansızdır, nə qədər çalışırsa çalışsın, ruhu çürümədən ölə bilməz. Yaşamaq üçün özünü məcbur hiss edəcək”
Mişima mübariz “Qalxan Cəmiyyəti” yaradır. Bu cəmiyyətin məqsədi köklü yapon ruhunu Yaponiyaya qaytarmaq, ölkəni kapitalist işğalçıların hücumlarından qorumaqdır. Yazıçı insanları düşündürmək, onlara ölkənin problemlərini göstərmək istəyir, ancaq insanlar gülür və bu proseslərə qeyri-ciddi yanaşırlar. Yazıçıya bildirirlər ki, sən ən məşhur yazıçımızsan, media səni gülünc vəziyyətə sala bilər insanların gözündə. Mişima gülünc vəziyyətinə düşməkdən qorxmur. Onu çox az sayda insan dəstəkləyir. Ancaq yazıçı buna görə narahat olmur. Böyük qələbələr çoxluqla deyil, ideyaların böyüklüyü ilə qazanılır. Mişima elita mənsubu idi, nənəsi Samuray nəslinin nümayəndəsi idi. Müəllif “Bərəkət dənizi” adlı 4 hissədən ibarət epopeyasının 1-ci kitabı “Bahar qarları”nda 1912-ci ildə Tokioda imlperatorluq sinfinin nüfuzlu nəsillərinin müxtəlif yollarla siyasi, iqtisadi güc əldə etmək istəyini və imperatorluğun şərəfinə zərbə vurmalarını tənqid edir. Yazıçı hesab edir ki, elita mənsubları öz nəsillərinin ağır yükünü daşımaqdan, böyük nüfuzunu qorumaqdan qorxmamalıdırlar. Ümumiyyətlə, Mişimanın əsərlərində Avropa mədəniyyətini üstün sayıb Yapon kimliyini unudanların tənqid olunduğunu görmək olar. Yazıçının rəhbərlik etdiyi cəmiyyət Yaponiyanın modernləşməsinə və kapitalist maraqlarına qurban edilməsinə qarşı mübarizə aparırdı. Mişimaya ən çox etiraz edənlər tələbələr olur. Gənc nəsil Yaponiyanın modernləşməsini istəyir. Yazıçı nitqində bildirir ki, ordu yapon ruhunun son qalasıdır. Siyasətçilər üçün Yaponiya bir heçdir. Onların başı ancaq hakimiyyətlərini itirməməyə qarışıb. Ölkəni ağır vəziyyətdən yapon ruhuna sadiq qalan Yaponiya ordusu xilas edə bilər. Mişima qılıncla qələmin harmoniyasını yarada bildimi? Məncə yarada bilmədi, bunu özü də səmimi şəkildə etiraf edirdi. Xarakiri etməzdən öncə yazıçı sənətlə inqilab arasında harmoniya yaratmaq istəyərkən sözlərin inqilabi gücünə yetərincə ciddi yanaşmadığını düşünür. Mişima “Qalxan cəmiyyəti” nin üzvləri ilə bir generalı əsir alır və tələblərini irəli sürür. Qarnizon qarşısında çıxışını əsgər və zabit heyəti qeyri-ciddi qarşılayır. Mişima bu məğlubiyyəti həzm edə bilmir. Samuray fəlsəfəsinə görə məğlub şəxs intihar edir ki, növbəti nəsil üçün məğlub irs qoymasın. Yazıçının xarakiri səbəbini anlamaq üçün “Bahar qarları” əsərini oxumaq lazımdır. Elita mənsubları, əsasən də samuray nəsillərinin davamçıları öz əqidələrinə sadiq qalmadı, yapon ruhunu kənar müdaxilələrdən qorumalıdırlar. Mişimanın intiharı tale hökmünün qaçılmazlığıdır. O, başqa cür edə bilməzdi.
Yazıçının vətəni varmı? Yazıçı bəşəri düşündüyü üçün Vətən məfhumunu unutmalıdırmı? Bolşevik çevrilişindən sonra İvan Bunin Sovet Rusiyasını tərk etməyə, Parisdə yaşamağa məcbur olur və bir daha doğma vətəninə qayıda bilmir. Parisdə vəfat edir və elə orada da dəfn edilir. Bunin öz əsərlərini vətənindən uzaqlarda yazdı, ancaq rus kəndlisini, rus zəhmətkeşlərini, öz xalqının, ölkəsinin çətinliklərini, problemlərini unutmadı. Obrazlarına Pyer, Jan, Lüdoviq adları qoymadı. Səma cisimləri hər yerdə eynidir. Günəş təkdir, Ay təkdir. Amma Bunin Günəşi, ulduzları, Ayı təsvir edərkən məhz Rusiya səmasını gözləri önündə canlandırır. Rusiya Qoqolu səfalətə, aclığa sürükləmiş, sürgünə göndərmişdi. Ancaq Qoqol Rusiya haqqında yazırdı:
“Rusiya, Rusiya!.. Niyə sənin hər yerində üfüqlərdən-üfüqlərə, dənizlərdən-dənizlərə yayılan qəmli nəğmələrin eşidilir? Bu nəğmələrdə çırpınan nədir?.. Ey Rusiya! Niyə səndə hər şey intizar dolu gözlərini mənə dikmişdir? Mən hələ də heyrət içində hərəkətsiz dayanmışam. Başımın üstünü isə yağış dolu qorxunc buludlar alıb, sənin əngilliyin qarşısında fikirlərim donub qalmışdır.Bu ucsuz-bucaqsız əngillik nələr olacağını xəbər verir? Sən özün ucsuz - bucaqsız olduğun halda, sənin qoynunda böyük və hüdudsuz fikirlər doğmaya bilərmi?! Sənin qoynun geniş bir meydanolduğu halda, burada bahadırlar doğulmaya bilərmi?! Bu əzəmətli əngillik böyük bir qüvvə ilə qəlbimin dərinliklərində əks olunur, qüdrətli torpaq heybətlə məni əhatə edir; gözlərim müstəsna bir hökmlə işıqlanır. Ah, Yer üzündə misli-bərabəri olmayan nə qədər parlaq, nə qədər gözəl bir ənginlik!.. Ey Rusiya!.." Bu qədər çətinlik, səfalət, sürgün yaşayan yazıçılar öz ölkələrini həmişə seviblər. Öz xalqlarına sadiq qalıblar. Əgər vətən sevgisi lokal düşüncədirsə o zaman belə çıxır ki, Qoqol, Bunin bəşəri deyillər. Dostoyevski rus milliyətçisi idi. Ancaq Dostoyevskini bəşəri saymamaq olarmı? Bəşəri olub-olmamağın vətən sevgisinə dəxli varmı? Qayıdaq Mişimanın yaradıcılığı və həyatı mövzusuna. Mişimanın “Vətənpərvərlik” hekayəsini oxuyarkən insan sözün əsl mənasında şok yaşayır.
Poruçikin vida məktubunda cəmi bir cümlə vardı: “İmperator ordusuna eşq olsun!”
Poruçik Sindzi Takeyama qiyamın yatırılması əmri ilə razılaşmayıb xarakiri edir. Arvadı Reyko da onunla birgə intihar edir. Reyko da özündən sonra məktub qoymuşdu; həyatla, valideynlərindən belə tez vidalaşdığı üçün onlardan üzr istəyirdi. Məktub bu sözlərlə bitirdi: “Bir zabit arvadının hər an hazır olacağı gün yetişdi”. “Bir zabit arvadının hər an hazır olacağı gün yetişdi”.
Rekyo ərinin intiharını izlədikdən sonra özünə qəsd edir. Hekayəni oxuyarkən anla-yırsan ki, Mişima əslində öz ölümünü təsvir edir. Poruçikin xarakirisi elə Mişimanın özünə qarşı qəsd formasıdır. Dahi yapon yazıçı 45 ilə 40 kitab yazmışdı. Kitablarında da çox ciddi məqamlara toxunmuş, müqəddəs yapon ruhunun üstünlüyünü sübut etmişdi. Bəs siz necə düşünürsünüz? Mişima tale hökmündən qaça bilərdimi?