Edebiyyat.az » Palitra » BİR DAHA RENESSANS HƏSRƏTİ BARƏDƏ* (Gənc rəssam Pəri Miniatürün əsərləri üzərinə gəzişmələr)

BİR DAHA RENESSANS HƏSRƏTİ BARƏDƏ* (Gənc rəssam Pəri Miniatürün əsərləri üzərinə gəzişmələr)

BİR DAHA RENESSANS HƏSRƏTİ BARƏDƏ*                 (Gənc rəssam Pəri Miniatürün əsərləri üzərinə gəzişmələr)
Palitra
nemət
Müəllif:
11:17, 25 mart 2019
2 549
0
BİR DAHA RENESSANS HƏSRƏTİ BARƏDƏ* (Gənc rəssam Pəri Miniatürün əsərləri üzərinə gəzişmələr)

              


        Qədim şumer filosoflarına görə tanrılarla insanların fərqi beləydi:   

                 

                 İnsan ayran kimidir, tanrılarsa yağ kimi,       

                 Adam saman kimidir, tanrılar buğda kimi. 

 

       Sonra deyirdilər ki, tanrılar düşündüklərini sözlə ifadə edəndə  olası  hadisə baş verir. Bu onu göstərir ki, sözün gücü tanrılar qədərdir. Sözün, sənətin gücü misilsizdir. Neçə min illərdir ki, dünya alt-üst olur, milyardalarla insan   yer üzünə gəlib-gedir, ölkələr dağılır, imperiyalar məhv olur, hökmdarlar bir-birini udur,  hətta dinlər belə yox olur, yenisi yaranır, ölməyən bircə şey var: sənət!       

       Ən qədim dövrün Misir incəsənəti bu gün də insanları heyrətə salır. Çin, şumer, skif incəsənəti dünyanı hələ də heyran qoyur. Elə bizim Qobustan rəsmləri… Miniatür rəsmlərimiz…       Qərb bunların hamısını yaxşı mənada mənimsədi və dünya insanına, bəşəriyyətə daha böyük töhfə verdi: renessans mühitinin nadir sənətkarlarını yetişdirdi. Rafael Santi, Mikaelancelo, Leonardo da Vinçi  kimi qüdrətli sənətkarların əsərləri əlimizi üzümüzdə qoyur. Rafaelin Madonnasına çox baxan adam inanmıram ki, savaş  haqqında düşünsün. Bu əsər insana  bir əmniyyət, rahatlıq gətirir. 

      Yaxud   görkəmli renessans heykəltaraşı Mikaelancelonun Davidi. Bu obrazda insan  bədəninin gözəlliyi ilə yanaşı, bəşər övladının ağıl və zəka sahibi olduğu da ön plandadır: oğlanın ağıllı gözləri, fikirli baxışları onun çox dərin zəkasından da xəbər verir. Bu şümşad qamətli  kişi bədəni ilə ustad rəssam sübut edib ki, təkcə qadın bədənindən ilham almaq doğru deyil! Gözəl kişi qaməti də öz yarısından geri qalmır…      

      Yadımdadır ki,  orta məktəbdə oxuyanda ilk dəfə məktəbimizdəki sinif otaqlarının birində görmüşdüm ONU, Elə görən kimi də vurulmuşdum. Amma bir qədər də qorxmuşdum ONDAN. Hökmlü, hikkəli, bir az da lovğa görünmüşdü mənə. Sonra kitablarımızdan birində də şəklini gördüm, haqqında məlumatı oxudum və bir qədər sakitləşdim. Məni qorxudan, həm də özünə aşiq edən Cakonda idi! Böyük Leonardo da Vinçinin Mono Lizası…      

      Mikaelancelonun daha bir əsəri var: Pyeta. Bu əsərdə qolları üstə ölmüş İsanı tutmuş Məryəm təsvir olunub. Bu dahiyanə əsərə diqqətlə baxmasan onun heykəl deyil, canlı insan olduğunu düşünərsən.      

      ...Mən "Renessans həsrəti" adlı iki cildlik  kitab yazdım. Amma bu həsrət bitmədi. Bəs bu yazıları nədən yazdım? Fikrimcə, biz dünya mədəniyyətinin bütün incilərini mənimsəməklə, öz mədəniyyətimizi gəlişdirməli, öz renessansımızı tapmalı, onu ədəbiyyat və incəsənətin bütün sahələrində bərqərar etməliyik.

      Bizim gənc rəssamlar klassikanı, xüsusən renessans dövrü rəssamlarını dərindən mənimsəməli və modern dünya rəssamlığını öz işlərində tətbiq etməlidirlər. Ən yaxşı rəssam bu gün Şərqlə Qərbin kəsişdiyi nöqtəni görəndir. Burada öz yaradıcılığını daha çox Şərq miniatür sənətinə kökləyən bir gənc rəssamdan söz açacağıq: Pəri Miniatür   (Əsgərova Pərnisə)          İşləri Şərq miniatür sənətinə və xalçalara əsaslanır. Onun dərgimizin üz qabığında və içərisində görəcəyiniz işləri, bu gənc rəssamın gələcəyindən xəbər verir. 

       “Demokratiya ağıları” (Elçibəy və Rəsulzadə haqqında hekayələr) kitabımı çapa hazırlayıram. Kitabın tərtibatı, xüsusən üz qabığı məni həmişə narahat edib. Bunu naşirlərin ixtiyarına buraxmır, öz fantaziyama uyğun tərtibat fikirləşirəm. Amma bu kitab elə idi ki... Pəri xanıma müraciət edəsi oldum. Onun nəqqaş kimi hazırladığı iki rəsm ürəyimə su səpdi. Onları kitabın üz qabığında verməyi düşünürəm.

        Pəri xanım miniatürçüdür. Amma onun miniatürləri əski miniatür məktəbinin nümunələrindən çox fərqlənir. Burada həmişə məni tərpədən bir nöqtəni görmüş və ruhi tarazlığımı bərpa etmişəm: sənətin ecazkar gücü! Bəli, bu xanımın işlərində bir isti plastika var. Ən gərgin anında onun isti rənglərindən güc ala bilərsən. Yaxşısı budur, həmin nümunələri birlikdə izləyək.


                                                                       AZAD QARADƏRƏLİ

----------------------------------------------------------------------------------------------------------------------------------

*Esse ilk dəfə “Yazı” dərgisinin 13 sayında “Palitra” guşəsində çap olunmuşdur. Müəllif yazıya yenidən baxmış, bəzi əlavələr etdikdən sonra redaksiyamıza təqdim etmişdir. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)