Edebiyyat.az » Palitra » Wheatfield with crows

Wheatfield with crows

Wheatfield with crows
Palitra
nemət
Müəllif:
16:32, 27 avqust 2019
1 860
0
Wheatfield with crows



Van Qoqun(Vincent van Gogh) ən məşhur əsərlərindən biri olan “Buğda tarlası və qarğalar” rəssamın ömrünün son bir neçə həftəsində çəkilən rəsmlərdən olduğu üçün bu rəsmin onun son rəsmi olduğuna inanılır. Bu səbəblə də bu rəsmin rəssamın “intihar məktubu” olduğu da deyilir.


 Yaşadığı mənəvi sıxıntıların ardından Fransanın cənubunda Sent-Remi-də bir xəstəxanada müalicə alan Van Qoq ordakı son iki ayında xəstəliyinin ən pik həddə olduğu dönəmi yaşayır. 1890-cı ilin mayında ordan ayrılaraq Paris yaxınlığındakı Auversə yerləşərək həkim Gatcet tərəfindən müalicə alır. Bu müddət ərzində o həkim Gatcet və yaxınlıqda yaşayan qardaşı Teonun(Teo van Gogh) nəzarətində saxlanılır. Bütün bunlara baxmayaraq Van Qoq bu şəhərdə uzun müddət yaşamayacaq, 3 ay ərzində, iyul ayının sonunda intihar edərək həyatına son verəcəkdir.
Son əsəri olduğu düşünüldüyü üçün “Buğda tarlası və qarğalar” əsəri öz içində qaranlıq simvolları daşıdığına inanılır. əsərin üçdə ikisini əhatə edən buğda tarlası, külək sayəsində hərəkət edən buğdaların arasından üç yol ayrılır. Yollar bir birinə əks istiqamətdə yönəlmişdir və qırmızı-qəhvəyi və yaşıl rəngin tonlarında boyanmışdır. Sol və sağdakı yolların hardan başlayıb harda bitdiyi bilinməməkdədir. Eləcə də ortadakı yolun qarşıda bir nöqtədə bitdiyini və heç bir yerə aparmadığını görürük. Bu məqsədi bilinməyən yollar çox sirli görünür və mənası ,bəlkə də, qaçınılmaz olan son anlamına gəlir. Buğda tarlasının canlı sarı rənginə təzad olaraq səma mavi, göy və qara rənglər istifadə edilərək olduqca boğuq şəkildə təsvir edilmişdir. Göy üzünün bu şəkildə təsiri insana pis bir hadisənin xəbərçisi izlənimini bağışlayır.
Bir fırtına xəbərçisi kimi görünən göy üzü və dalğalanan buğda tarlası, tarladan yüksələn uğursuz qarğaların da təsiri ilə sıxıntılı bir ruh halının təsvir edilməyə çalışıldığı mesajı verilmişdir.Rəssam sonun bilinməyən yolların da vasitəsi ilə yaxınlaşan fırtınada sanki çıxılmazlığı, yalnızlığı, çarəsizliyi ifadə etməyə çalışmışdır. Bütün bu simvollar Van Qoqun dəyişkən ruh halını təsvir edərkən həm də, digər tərəfdən onun həyatının son dönəmində yalnız və içə dönük olduğunu göstərir.
Bəzi incəsənət tənqidçilərinə görə isə bu əsər əslində düşünüldüyü kimi mənfi tərəfə yozulacaq qədər xüsusiyyətlərə malik deyil. Onlara görə Van Qoq hər biri xüsusi mənalara malik dinclik, sakitlik,fərahlıq dolu bir əsər yaratmışdır. Geniş buğda tarlası, bomboş yollar, uçuşan qarğalar və qaranlıq göy üzü ilk baxışda mənfi təsir bağışlasa da əslində onlara görə səssizliyi, sakitliyi ifadə edir. Öncəliklə, buğda tarlası-sarı rənglərin də təsiri ilə Van Qoqun çox sevdiyi təsvirlərdən biridir. Bir çox əsərində buğda tarlası təsvirindən istifadə etmiş rəssamın, bu dəfə də eyni məqsədlə sevdiyi sonsuz üfüqlü o tarlaları təsvir etdiyi deyilir. Eləcə də, sonu hara çıxdığı bilinməyən o yolların çıxmaz yol olduğu deyil də, sonsuzluğa, pis ruh halından çıxışa aparan bir yol olduğu da şərh edilir. Fırtınalı səma da həmçinin Vinsentin ən sevimli təsvirlərindən biridir və onun üçün bir güc simvolunu ifadə edir.
Hansı tərəfə uçduğu bəlli olmayan qarğalar əsərin fərqli şəkillərdə izah edilməsinə səbəb olmuşdur. Qarğaların çəkərkən rəssama-indi isə izləyiciyə doğru uçduğunu fərz etsək, bu olduqca mənfi bir situasiyanın işarəsi kimi görülə bilər, ancaq əks istiqamətdə uçduğunu düşünsək bu şərh az öncəki şərhin əksinə olaraq problemlərdən, kədərdən, qəmdən qurtuluşu işarə etməkdədir. Ancaq bu quşların hansı istiqamətə uçduğu tam anlaşılmadığı üçün bu əsərdəki qarğalara tam dəqiq şərh vermək mümkün deyil. Əsasən qarğaların ölüm xəbərçisi, uğursuzluq simvolu kimi tanındığı məlum olsa da, Van Qoq üçün bu ,bəlkə də, başqa mənaları ifadə edən rəmz idi. Çünki Van Qoq ömrü boyu təbiəti sevən, izləyən, fırçası ilə təsvir edən bir rəssam olmuşdur. Eləcə də o, qarğalara qarşı olan marağını yazılarında dilə gətirmişdir.
Əsərdəki simvolların hər birini ayrı-ayrılıqda müxtəlif mənalarda ifadə etmək mümkündür. Əgər Van Qoq içində olduğu sıxıntılı, dəyişkən ruh halını, çəkdiyi acıları, yalnızlığını və dünyadan vaz keçməyini əsərinə yansıtmaq istəmişsə, bunu ən mükəmməl şəkildə etmişdir. Qarşısında görünən bomboş tarla, uçuşan qarğalar, çıxmaz yollar və fırtınalı, qaranlıq göy üzü onun yalnızlıq kabusunun ifadəsini verir. Digər yandan sevdiyi buğda tarlalarında, fırtınalı havada, azadlığı təmsil edən quşlarda, sonsuzluğa uzanan yollarda Van Qoqun sonsuz azadlığa doğru səyahətini ifadə etmək istəməsi də düşünülməkdədir.
“Lust For Life”(Yaşamaq yanğısı)  adlı bioqrafik filmdə bu əsəri çəkdikdən sonra rəssamın özünə qəsd etməsi göstərilmişdir. Başqa bir fərziyyəyə görə isə rəssam ömrü boyu çəkdiyi yüzlərcə rəsmdən sonra nəhayət çəkmək istədiyi bu rəsmi çəkmiş və bu dünyadakı məqsədini yəni bu rəsmi tamamladığı üçün intihar etmişdir.

Mənbə : SANATA BAŞLA!
Redaktə etdi: Ziya Mehdiyev
Tərcümə: Aytac Mirzəliyeva
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)