Edebiyyat.az » Poeziya » Mahir Mehdidən üç yeni şeir

Mahir Mehdidən üç yeni şeir

Mahir Mehdidən üç yeni şeir
Poeziya
nemət
Müəllif:
23:35, 11 may 2020
1 717
0
Mahir Mehdidən üç yeni şeir




... Yoxa çıxdı
məsafələr,
itdi şəhər hissə - hissə.
Məndən düşüb
qalan işıq
ipucu oldu polisə.
Ağaclar da dindirildi,
şahid oldu
quş yuvası.
Dəydi hamının üzünə
güllələnmiş söz havası.
Batırılmış səs tapıldı
qatar yolundan aralı.
Üzə çıxdı
beş - on şeir,
bütün sözləri yaralı.
Göndərdilər analizə
qafamın
işlək vaxtını.
Götürdüm
öz üzərimə
bu qanlı terror aktını...

***

... Keçmişin çat verər
tən ortasından,
çıxılar təqvimdən
beşinci fəslin.
Tilsimlər qırılar
içindən elə,
görərlər, boşunla
doluymuş əslin.
Hər şey bircə - bircə
dönər özünə,
ayaq ayağına,
baş başlığına.
Sən olmaqdan bezib
bu heykəllər də,
sonunda qayıdar
öz daşlığına.
Öndərliyin düşər
öz qüvvəsindən,
dağılar qurduğun
bu şər şəbəkə.
Adını qaşıyıb
küçələrindən,
səni heykəlindən
yıxar bu ölkə...

***

... Yaranışından əvvələ
bir qayıdışdı bu gediş.
Sənə yoluxmaq
çox asan,
səndən sağalmaq
çətin iş.
Təmizlədin
küçə - küçə
öz içindən bu şəhəri.
Çıxarıb dərini,
keçdin
addımlarından içəri.
Tək - tək gedib duruşundan,
geriyə döndün bir sürü.
Girib yaşamadın
heç vaxt,
yola verdin bu boş ömrü.
Ayrılıqda əzbərləyib,
danışdın
hamını birdən.
Yazdıqların
cümlə - cümlə
dirildi öldüyün yerdən.
Birləşmək
çətindən çətin,
yumrudu Yerin
hər küncü.
Düşməyən
yerisən şəklin -
boşluğun sağdan üçüncü.




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)