Edebiyyat.az » Poeziya » Fərid Muradzadədən yeni şeirlər...

Fərid Muradzadədən yeni şeirlər...

Fərid Muradzadədən yeni şeirlər...
Poeziya
admin
Müəllif:
08:43, 24 oktyabr 2020
2 400
0
Fərid Muradzadədən yeni şeirlər...






20 yaşlı şəhid qonşum Nicat Nəbiyevin anasının timsalında bütün şəhid analarına ithaf

Şəhid anası

Qəlbində yaralar qaysaq bağlamaz,
Bilirəm, nə desəm təsəlli olmaz,
Şəhid anaları başını əyməz
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası! 

Torpaq suvarılır şəhid qanıyla,
Azadlıq bar verir şəhid qanıyla,
Zəfərlər yazılır şəhid qanıyla,
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası!

Meydana atılan o ərən igid, 
Can alan mərmiyə can verən igid,
Sənin övladındır qan verən igid,
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası!

Fəxri xiyabanda qəbri qazıldı,
Onun ki, Cənnətdə yeri hazırdı,
Hər kəsin qəlbinə adı yazıldı,
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası!

Qəhraman bəxş etdin Vətənə, elə,
O öldü sözünü gətirmə dilə,
Yoxluğu sinəndə dağ olsa belə,
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası!

Birimiz can verib mini diriltdik,
Əcəl haqdan gəlir, bunu bilirik,
Hər kəsin qisməti deyil şəhidlik,
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası!

Bu qan yerdə qalmaz, yer qanı tutmaz,
Zülm də, zalım da dünyanı tutmaz,
Vətən unudulmaz, Vətən unutmaz,
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası!


 


 Vətən sağ olsun

Üfüqdən günəş boylanır
amma hava soyuqdur.
Ərəbdovşanı kimi torpağı deşir mərmilər
Hər yer oyuq oyuqdur.
Havadan qan qoxusu gəlir
Bənzərsiz, təhərsiz
Neçə-neçə əsgərin əbədi yuxusu gəlir
özündən xəbərsiz...
Ürəklərdə qətiyyət, üzlərdə inam,
Gözlərdə intiqam
Meydan qıpqırmızı tiyan kimidir,
Gün zəfər günüdür!
Cəbhə boyu meydanlarda
tarix yazan igidlərin
Tabuta qoyulub bayrağa bükülən şəhidlərin
Üzlərində nur, dodaqlarında təbəssüm var
Qana həris, göydən
dolu kimi yağan  mərmilər
Can almağa gəlir
Vətən uğrunda qan axıdıb
Qan tökməyə gələnlərdən
Şəhadət şərbətini birnəfəsə içənlərdən...
Yerdə qan içində neçə igid var
Hamının dilindən yağan suallar:
Düşmən sədrlərini keçə bildikmi?!
Keçmişik! dedilər
Sevincək oldular, baxıb güldülər
Sonra dostlarına and içdirdilər
Bayrağı Şuşaya sancacaqsınız
Xarı bülbül dərib əllərinizlə
Bizim başdaşından asacaqsınız.
Biz şəhid, siz qazi olan Vətənin
Bu dünya durduqca üzü ağ olsun,
Yolumu gözləyən anama, yara
Deyin ki, deyin ki, VƏTƏN sağ olsun!

***

  Külək olub sənin qumral tellərini darayaydım,
 Günəş olub gül çöhrəni oxşayaydım,
 Bulaq təki gözlərinin xəyalını gözlərimdə saxlayaydım
 yuxu kimi...
 Əl uzadıb tuta bilsəm əllərindən
 Ürəyimdə illər boyu saxladığım
 Yazılmayan şeirləri, oxunmayan nəğmələri
 oxuyardım sənin üçün,
 Ay ömrümün səadəti!


 Keçdi qırx yaş,
iyirmi il səni görüm deyə-deyə
Bu şəhəri küçə-küçə gəzmişəm mən.
Gəzə- gəzə çox qadınlar görmüşəm ki,
Üzlərinə qırış kimi hopubdur qəm...
Bir şirin söz bir təbəssüm yetər belə
Kədər tutmuş o üzləri güldürməyə,
Sevmək nədir  yadırğamış
O qəlbləri sevdirməyə.
Aldadılmış qadınları, tərk edilmiş qadınları
Məzarlıqda unudulmuş qəbirlərə bənzədirəm.
Soyuq olur o qadınlar, qəbir kimi
Başdaşından cansız baxan
toz bağlamış şəkil kimi...
Sənsə unudulmamısan
Ürəyimdə yaşayırsan
özüm kimi, mənim kimi!
Kitablara sığışmayan xatirən var
Nə olsun ki, ürəyimi tutub qübar,
Arada bir ürəyimdən biixtiyar
Yoxluğunu belə sevmək xoşdur mənə
Vüsalına yetmədiyim
Ölənəcən dönər deyə, gələr deyə
Yollarını gözlədiyim


 
14.10.2020

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)