Aidə Adıgözəl - Zəfərə bir addım
Poeziya
Aidə Adıgözəl - Zəfərə bir addım
Yenə gecikir noyabr yağışları,
torpağın yaralarını yumağa...
Qaralır oktyabrın üzündəki qan ləkələri,
payız gecəsini başına götürmüşdü
meşənin hıçqırıqları.
Bu payız, payızın gəlişindən
saralmadı yarpaqlar,
mərmilərin alovundan,
əsgər nəfəsindən yanıb, saraldı!
Bu payız yağışlar islatmadı torpağı,
uzun saçlıların göz yaşları suvardı.
Bu payız axşamlar düşmədi,
açılmadı anaların sabahı,
hava ölən döyüşçünün
gözlərində qaraldı...
Bir qızın saçlarına ilişib qalmışdı
gəlinlik duvağı,
bir oğlan "vağzalı" rəqsini
avtomat səsində dinləyirdi...
Tank tırtıllarının qıcırtısı qulaqları deşirdi,
bütün qulaqlar,
bütün gözlər,
bütün dualar
Şuşaya doğru çevrilmişdi.
Uçqunlar altından
kiçik qızcığazın kəsilmiş əlləri
havaya ağ göyərçin uçururdu...
Deyəsən, deyəsən kimsə qışqırırdı,
ŞUŞA ALINDIIIIIII !!!
Və, və...
SAĞOL, ƏSGƏR!
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə