Edebiyyat.az » Poeziya » Şükür Əli - Şeirlər

Şükür Əli - Şeirlər

Şükür Əli - Şeirlər
Poeziya
Nicat Heşimzade
Müəllif:
20:14, 17 mart 2019
2 458
0
Bir ata evinin yolunu azır, Bir ata evinə yol çəkir indi. Bir uşaq ilk dəfə məktəbə gedir, Sevinə-sevinə yol çəkir indi. Bir uşaq güllədən qaçıb gizlənir, Bir əsgər tətiklə oyun oynayır. Bir körpə ilk dəfə gülmək öyrənir , Bir ana beşiklə oyun oynayır.
    
                   



***


Barmaqlarımın ucundan özünü asdı dualar,
Saxladığım saç tellərindən kəndir hörərək.
Ən sevdiyi oyuncaqlarından özünü asdı uşaqlar,
Sabaha ümid qalmadı.
Bilmirəm eşitmisən , yoxsa yox,
Bu yaxınlarda gedənlərin ayağından özünü asdı uzaqlar...
 Həyat da özünü asdı kirpiyimdən ,
Gözümdə öldü həyat.
Ölüm də özünü asdı sonsuzluğunda,
Öldü ölüm..
Gedəcək yerimiz qalmadı.

                  ***


"Haradasa"
 
Haradasa bir qadın şeir oxuyur
Darıxır gecəni  bir adam indi.
 Sən isə oxucu kədərlənirsən,
Amma illər ötüb aradan indi.

Bir qoca ömrünün son çağındadır,
Bir uşaq sevinib ,gülüb oynayır.
Bu uşaq ömrünün günəşin çəkir,
O qoca günəşi görüb oyanır.

Haradasa təbriklər deyilir bir-bir,
Arzular adama elə xoş gəlir.
Haradasa bir adam köçür evindən,
Ümid həmin evə əliboş gəlir.

Əllər aralanır, yollar ayrılır,
 Hamı bir-birinə tərs düşür indi.
Bir adam toxluqdan əziyyət çəkir,
Bir adam acından büzüşür indi.

Bir ata evinin yolunu azır,
Bir ata evinə yol çəkir indi.
Bir uşaq ilk dəfə məktəbə gedir,
Sevinə-sevinə  yol çəkir indi.

 Bir uşaq güllədən qaçıb gizlənir,
Bir əsgər tətiklə oyun oynayır.
Bir körpə ilk dəfə gülmək öyrənir ,
Bir ana beşiklə oyun oynayır.

Bir məhbus divara quş şəkli çəkir,
Bir sakin qəfəsdə öldürür quşun.
Bir quş göy üzünün azadlığıydı,
Ovçu son nəfəsdə öldürür quşu.

Bir qadın kütlənin tərəfin tutur,
Kütlə daşa tutur, sözünü kəsir,
Kütlə öz-özünü məhbus eləyir,
Kütlə öz-özünün səsini kəsir.

Sonra azadlıqdan danışır heykəl,
Kütlə əl qaldırıb ,alqış eləyir,
Quşu qəfəsində öldürən sakin,
İnsan haqlarından çıxış eləyir


                   ***


O uşağın arzusu,
elə süd dişi boydadır.
Sevinci gündəlikdəki,
aldığı beşi boydadır.

Hələ bu vaxtın harası,
Qabaqdadır dərd sırası,
O uşağın diz yarası ,
Xalq dirənişi boydadır.

Yaşamaq öyrənir hələ
Sevincdir gözlərindəki,
Hə...hə bir də ki,
Sənin verdiyin ümid o
Onun günəşi boydadır.

Qırma uşağın ümidin ,
Ağrısı hər şeydən iti,
Elə batar ürəyinə
Allahın işi boydadır. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)