Edebiyyat.az » Poeziya » Həsən Kürün İkinci Qarabağ savaşında yazdığı şeir...

Həsən Kürün İkinci Qarabağ savaşında yazdığı şeir...

Həsən Kürün İkinci Qarabağ savaşında yazdığı şeir...
Poeziya
admin
Müəllif:
16:01, 21 dekabr 2020
1 476
0
Həsən Kürün İkinci Qarabağ savaşında yazdığı şeir...

 Şeirdə adları çəkilən şəxslər - İsmayılov Raqil Rafiq oğlu və Əzizov Sübhan Elşad oğlu Salyan rayon, Dayıkənd kənd orta məktəbinin məzunlarıdır. Hər ikisi könüllü olaraq yollandıqları 2-ci Qarabağ müharibəsində şəhid olublar. Hər iki qəhrəman cəbhəyə eyni gündə yollanıb, bir yerdə xidmət edib, bir yerdə şəhid olublar.

-Raqil eşidirsən? Mənə cavab ver!
-Sübhan, mən deyəsən yaralanmışam.
Tərpədə bilmirəm heç bir yerimi,
Elə bil ölmüşəm, cansız bir daşam.



-Yox , ölməyəcəksən, yaşayacaqsan
İndi harda olsa gələr uşaqlar.
Qardaş ürəyini buz kimi saxla
Onlar gəlib bizi aparacaqlar.

-Sübhan, sən necəsən? Yaran dərindi?
-Bilmirəm, amma bərk ağrıyır başım.
-Özünü qorxutma, biraz möhkəm ol
Sən sağ qalacaqsan əziz qardaşım.

-Komandir! Komandir! Yoldaş leytenant!
-Dayan Sübhan, dayan yorma özünü.
Deyəsən komandir şəhid olubdur
Həyata əbədi yumub gözünü.

-Yazıq... yetim qoydu uşaqlarını
Canını tapşırdı Ana Vətənə.
Dünən gecə yarı biraz dərdləşdik
Qızının şəklini göstərdi mənə.

-Danışma qardaşım, taqətdən düşmə
Mənim indi səndən bir istəyim var.
Götür bu məktubu, mən şəhid olsam,
Verərsən anama açıb, oxuyar.

Bilsin ki içimdən nə hisslər keçib,
Bilsin ki Vətəni necə sevirdim.
Təsəlli tapsın ki mən şəhid oldum,
Sevinə-sevinə məzara girdim.

-Sən ölməyəcəksən, belə danışma!
Anan qalmayacaq gözləri ağlar.
Bütün qohumların, bütün dostların,
Gələn il toyuna yığılacaqlar.

Birlikdə gəlmişik cəbhəyə Raqil
Kəndə də, birlikdə qayıdaydıq kaş.
Əgər yolumuzu ölüm kəsdisə
Sən ölmə yerinə mən ölüm qardaş.

-Ay Sübhan, bədənim oldu buz kimi, 
Gözüm heç bir yeri görmür elə bil...
-Dayan... bir az dayan, ölmə qardaşım
Raqil... ölmə Raqil... cavab ver Raqil...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)